Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Kadr Akademiyasının rəhbərləri ilə görüşdə söhbəti - Prezident sarayı, 14 dekabr 1998-ci il


Georgi Şokin: Cənab prezident, çox hörmətli Heydər Əliyeviç!

İcazə verin, Avropa Şurasının və YUNESKO-nun akademik tanınma və mobillik üzrə milli informasiya mərkəzləri Avropa şəbəkəsinin üzvü olan Beynəlxalq Kadr Akademiyası adından Sizi, XX yüzilliyin mübaliğəsiz, görkəmli adamını, bütün dünyada tanınmış dövlət xadimini, Azərbaycanın çoxillik və şəksiz liderini salamlayım.

Beynəlxalq Kadr Akademiyası ictimai beynəlxalq təşkilatdır. Əgər onun məqsəd və vəzifələrini bir kəlmə ilə ifadə etsək, onda bu, ən əvvəl, beynəlxalq aləmdə hamılıqla qəbul olunmuş proqramlara əsaslanan beynəlxalq açıq təhsili inkişaf etdirməkdən ibarətdir. Akademiya öz fəaliyyətinin başlıca məqsədlərini əsas tutaraq, elm və təhsili inkişaf etdirdiklərinə görə müxtəlif beynəlxalq mükafatlar təsis etmişdir. «Elm və təhsilin inkişafına görə» beynəlxalq orden yüksək akademik fərqlənmə nişanıdır. Ukraynanın ilk prezidenti Leonid Kravçuk, Qırğızıstan prezidenti Əsgər Akayev, Rumıniya prezidenti Emil Konstantinesku, AFR-in sabit Kansleri Helmut Kol, YUNESKO-nun baş direktoru Federiko Mayor bu ordenlə təltif edilmiş və ya təltifə təqdim olunmuşlar. Beynəlxalq Kadr Akademiyası Rəyasət Heyətinin bu il fevralın 25-də keçirilən və dünyanın müxtəlif ölkələrinin 15 nümayəndəsinin iştirak etdiyi geniş iclasında, çox hörmətli Heydər Əliyeviç, Sizi demokratik humanitar siyasət apardığınıza görə, xalq təhsilinə, bu sahədə beynəlxalq əməkdaşlığa şəxsi töhfənizə görə bu ordenlə təltif etmək haqqında yekdilliklə qərar qəbul olunmuşdur.

Hələ 1969-cu ildə, yəni 29 il əvvəl Siz Azərbaycana rəhbərlik etməyə başlayıb, ilk 50 gənci ali təhsil almaq üçün respublikadan kənara göndərərkən nümayiş etdirdiyiniz siyasi müdrikliyə və dövlətçilik təfəkkürünün vüsətinə akademiyanın bir çox üzvləri heyran qalmışdılar. Lakin aradan çox az vaxt keçdikdən sonra o dövrün ən yaxşı ali məktəblərinə artıq hər il 800-900 gənc azərbaycanlı göndərilirdi. Həqiqətən, Siz milli zəmində prinsipcə yeni beynəlxalq universitet təşkil etməyə müvəffəq oldunuz, yəni Azərbaycan əlavə olaraq daha bir ali məktəbə - Avrasiya regionunun ən yaxşı ənənələrini özündə təcəssüm etdirən məktəbə malik oldu. Əlbəttə, Siz ən yüksək beynəlxalq mükafatlara layiqsiniz və mən qəti əminəm ki, bizim orden bu mükafatlardan yalnız biri olacaqdır. Lakin bu gün biz Beynəlxalq Kadr Akademiyasının Rəyasət Heyəti adından akademiyanın yüksək mükafatını - «Elm və təhsilin inkişafına görə» beynəlxalq ordenini Sizə məmnuniyyətlə təqdim etmək istəyirik.

Heydər Əliyev: Hörmətli qonaqlar, dostlar, mənim fəaliyyətimə göstərdiyiniz diqqətə görə, akademiyanızın ordeni ilə təltif olunmağım haqqında qəbul etdiyiniz qərara görə, bu ordeni mənə təqdim etmək üçün Azərbaycana xüsusi olaraq gəldiyinizə görə sizə təşəkkürümü bildirirəm. Mən bunu çox yüksək qiymətləndirirəm və görmüş olduğum və gördüyüm işlərə verilən qiymət hesab edirəm. Təhsil sahəsi mənim üçün həmişə çox mühüm olubdur.

Siz 1969-cu ili, mənim Azərbaycanın rəhbəri seçildiyim ili xatırlatdınız. O illərdə qarşımda çoxlu problemlər dururdu. Ancaq mən ən əvvəl təhsil və elm problemlərinə girişdim. Yeri gəlmişkən, bu sahədə mənim fəaliyyətim iki istiqamətdə gedirdi; bir tərəfdən, mən ali və orta təhsilin təmizliyi uğrunda, elmin təmizliyi uğrunda mübarizə aparırdım, yəni bu nəcib, çox yüksək, humanist sahənin ondan öz şəxsi məqsədləri, tamahkarlıq məqsədi ilə istifadə edən təsadüfi adamlardan təmizlənməsi üçün tədbirlər görürdüm. Digər tərəfdən isə, mən Azərbaycanda təhsilin, xüsusən ali təhsilin, elmin inkişafı ilə ardıcıl surətdə məşğul olurdum. Statistikadan məlumdur ki, üç ildə Azərbaycanda bir çox yeni ali məktəblər meydana gəldi və mövcud ali məktəblərdə təhsilin yeni sahələri, yeni kafedralar, yeni fakültələr açıldı, əvvəllər bunlar yox idi. Ancaq mən hesab edirdim ki, bu, kifayət deyildir. Siz doğru dediniz, buna görə də mən Sovetlər İttifaqının digər ali məktəblərinin imkanlarından istifadə etməyi qərara aldım. Mən bunu öz keçmiş fəaliyyətimin çox mühüm hissəsi hesab edirəm.

Bu yaxınlarda, bir neçə ay öncə mən 20-25 il əvvəl görüşdüyüm Sovetlər İttifaqının müxtəlif respublikalarının ali məktəblərinə, xüsusən Moskvaya, Leninqrada, Kiyevə yola saldığım adamlarla görüşdüm. O vaxt onlar 16-17 yaşlı uşaqlar idi, indi isə artıq kifayət qədər yaşa dolmuş kişilərdir. Çoxları elmlər doktoru alimlik dərəcəsinə malikdir, professor, elmlər namizədidir. Bütün bunlar məni hədsiz sevindirirdi və sevindirir.

Siz öz çıxışınızda çoxlarının sezə bilmədiyi bir məqamı qeyd etdiniz. Bununla mən Azərbaycanda daha bir universitet, beynəlxalq universitet yarada bildim. Axı, adətən, ən böyük ali məktəb hər il 700-800, bəziləri 400-500 adam qəbul edir. Əgər o vaxtlar Azərbaycanda mövcud olan 17 ali məktəbdən əlavə, biz Sovetlər İttifaqının məxtəlif ali məktəblərinə hər il 800-900 adam göndərirdiksə, deməli, biz daha bir universitetə, lakin istər ixtisaslar üzrə çoxprofilli, istərsə də, əlbəttə, səviyyəcə yüksək olan əlavə bir universitetə malik idik. Bütün bunlar nəticə etibarı ilə Azərbaycan üçün yüksək ixtisaslı kadrlar hazırlanmasına xidmət edirdi.

O vaxtlar mən bu cəhəti gözəl bilirdim, ancaq onu bilərəkdən heç vaxt açıqlamırdım. Bilirsinizmi nəyə görə? Ona görə ki, o vaxtlar Sovetlər İttifaqının müxtəlif universitetlərinə Azərbaycan üçün ayrılan normanın hər il artırılmasına Sovetlər İttifaqının Ali Təhsil Nazirliyindən icazə almaq asan deyildi. Mən 1969-cu ildə bu işə başlayanda normamız 50 nəfər idi. Sonra biz onu 100, 150, 200, 300 nəfərə çatdırdıq, 400-500 nəfərə çatanda isə Sovetlər İttifaqının Ali Təhsil Nazirliyində narahat olmağa başladılar: nə üçün bu qədər? Axı heç bir respublika belə normaya malik deyildir. Mən onları inandırdım və onlar mənimlə razılaşdılar. Beləliklə, təxminən 1977-ci, 1978-ci illərdə biz normanı 800-900 nəfərə çatdırdıq. Lakin mən buna, belə demək mümkündürsə, nail olurdum və bu, asanlıqla başa gəlmirdi. Bəzən hətta həmin məsələni Sovetlər İttifaqının ali təhsil nazirindən də yüksək səviyyədə qoymaq lazım gəldiyinə görə malik olduqlarımızın üstünü vurmamağa çalışırdım. Mənim üçün bu məsələni həll etmək, normanı artırmaq vacib idi.

Üstündən bir xeyli keçəndən sonra bunu mən özüm dedim. Ancaq mənə çox xoş və təəccüblüdür ki, siz bu məqamı sezdiniz və bunu fəaliyyətimizin mühüm bir hissəsi kimi qeyd etdiniz. Tale elə gətirdi ki, 1982-ci ilin axırlarında məni Moskvaya işə dəvət etdilər və Nazirlər Soveti sədrinin birinci müavini, Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi bir çox digər nazirliklərlə yanaşi, bütün təhsil sahəsinə, yəni Ali Təhsil Nazirliyinə, Maarif Nazirliyinə, Texniki Peşə Təhsili Komitəsinə də kuratorluq edirdim. O vaxtlar təhsil məsələləri ilə məşğul olan idarə vardı. Mən Ali Təhsil Nazirliyi Kollegiyasının böyük geniş iclaslarında dəfələrlə olur, universitetlərin rektorları qarşısında çıxış edirdim. Mən ali təhsilin problemləri ilə çox ciddi məşğul olurdum və deməliyəm ki, məhz onda bizim ümumi təşəbbüsümüzlə orta təhsil üçün yeni məktəb islahatı işlənib hazırlanmışdı. Mən məktəb islahatını hazırlayan komissiyanın sədri idim və 1984-cü ilin yayında SSRİ Ali Sovetinin sessiyasında bu məsələ barədə məruzə etdim. Yeri gəlmişkən, bu islahat o vaxt üçün çox yaxşı idi. O vaxt, 1983-cü ildə biz Sovetlər İttifaqında islahatları ilk dəfə olaraq həyata keçirməyə başladıq. Mən ali təhsilin islahatı haqqında 1984-cü ildə yekun məruzəsi etdim və biz bu məsələyə dair bir sıra qanunlar qəbul etdik. Bir sözlə, mən təhsil sahəsi ilə Azərbaycanda hələ onun rəhbəri olarkən məşğul olmuşam, sonralar, Sovetlər İttifaqının rəhbərlərindən biri kimi həmin məsələ ilə SSRİ miqyasında məşğul olmuşam. O vaxtlar mən Sovetlər İttifaqının bir çox universitetlərində olur, professor-müəllim heyəti ilə görüşürdüm. Kazanda Tatarıstan ali məktəblərinin professormüəllim heyəti ilə görüş yadımda çox yaxşı qalıbdır. Yeri gəlmişkən, orada müxtəlif profilli ali məktəblər var idi. Sonra biz ali təhsilin də islahatlarını hazırladıq. Ancaq 1987-ci ildə mən bütün vəzifələrdən istefaya getdim və bununla daha məşğul olmadım.

Bunlar tarixin bəzi epizodlarıdır. Bütün bunları ona görə xatırlayıram ki, siz öz çıxışınızda o vaxt Sovetlər İttifaqının digər ali məktəblərinin imkanları vasitəsilə Azərbaycanda kadrlar hazırlanması mövzusuna toxundunuz. Lakin indi biz başqa şəraitdə yaşayırıq. Ukrayna, digər respublikalar kimi, Azərbaycan da müstəqil dövlətdir, öz məsələlərimizi özümüz həll edirik. Ancaq biz indi də dünyanın müxtəlif ölkələrinin universitetlərindən fəal istifadə edirik. Doğrudur, bu, artıq fərdi qaydada edilir, belə imkanlar o vaxt yox idi. Bilirsiniz ki, bir çox universitetlər kommersiya əsasında işləyir. Amma deməliyəm ki, indi bir çox gənclər Avropanın, Amerika Birləşmiş Ştatlarının, habelə Rusiyanın universitetlərində təhsil alırlar. Yeri gəlmişkən, Azərbaycan gəncləri ali təhsil almaq üçün Moskva universitetlərindən bu gün də fəal istifadə edirlər. Hazırda Azərbaycanda da təhsil, xüsusən ali təhsil sistemi yenidən təşkil olunur. Son illər ərzində Azərbaycanda çoxlu özəl universitet meydana gəlmişdir. İndi onların nə qədər olduğunu bilmirəm, ancaq kifayət qədər çoxdur. Bəzən hətta belə hesab edirəm ki, lap çoxdur.

Açığını deyim, özəl, pullu təhsil almaq imkanı yarandıqda bu işlə məşğul olmaq istəyən çoxlu adamlar meydana çıxdı. Hesab edirəm ki, bu da qanunauyğun prosesdir, belə ki, hər bir yeni iş həmişə çox böyük diqqət cəlb edir və çox adamlar öz səylərini qoymağa çalışırlar. Hesab edirəm ki, vaxt hər bir universitetin həyat qabiliyyətini müəyyən dərəcədə təsdiqləyəcəkdir. Belə ki, hər bir universitet, hər bir ali təhsil, hətta kommersiya əsasında olsa belə, əsas məqsədə - yaxşı təhsil yerməyə yönəlməlidir. Qalan hər şey ikinci planda olmalıdır. Əgər kommersiya imkanlarından istifadə edən özəl universitet yüksək təhsil verirsə, bu, cəmiyyət üçün, dövlətmiz üçün, Azərbaycan üçün  çox böyük xeyirdir. Əgər kimlərsə təhsilin keyfiyyətinə zərər vurmaq hesabına bundan özünün hansısa şəxsi maliyyə və iqtisadi mənafelərini ört-basdır etmək üçün istifadə edirsə, onda təbii ki, bu, uzun müddət davam edə bilməz və yəqin ki, cəmiyyətimiz bununla razılaşmaz və biz də razılaşmarıq.

Yeri gəlmişkən, vaxtınız olsa və istəsəniz universitetlərimizlə tanış ola bilərsiniz. Mən təhsil nazirinə tapşıraram ki, sizinlə görüşsün. Siz, özəl universitetlərimizlə də tanış ola, necə deyərlər, təcrübəniz və akademiyanızın özündə cəmləşdirdikləri nəzərə alınmaqla, işlərimizin harada irəli getdiyini, harada isə səhvlərə yol verdiyimizi kənar baxışla müəyyən edə bilərsiniz. Biz həmişə özümüzə nəzarət etmək istəyirik. Lakin istəyirik ki, bizə kənardan da baxsınlar və işlərimizi daha obyektiv qiymətləndirsinlər.

Çox sağ olun. Diqqətiniz məni mütəəssir etdi. Bu, mənim üçün çox böyük şərəfdir. Hesab edirəm ki, bu, həm də sizin Akademiyanız ilə Azərbaycanın təhsil sahəsi arasında sıx, işgüzar əlaqələr üçün şərait yaradır. Ona görə də, artıq dediyim kimi, təhsil nazirinə tapşıracağam ki, sizinlə görüşsün, zəruri saydığınız məsələləri müzakirə etsin.

Georgi Şokin: Cənab prezident, vaxt ayırıb bizi qəbul etdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirik.