Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyanın xarici işlər naziri İqor İvanovlа görüşü - 24 sentyabr 2002-ci il


Moskvada işgüzar səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının xarici işlər naziri İqor İvanovu qəbul etmişdir.

Cənab İqor İvanov dövlətimizin başçısı Heydər Əliyevi səmimiyyətlə salamladı, Azərbaycan prezidentinin Moskvaya işgüzar səfərinin ölkələrimizin sürətlə inkişaf edən əlaqələrinin daha da möhkəmləndirilməsinə yeni təkan verəcəyini bildirdi.

Rusiya xarici siyasət idarəsinin başçısı sentyabrın 23-də Moskvada Xəzərin dibinin bölgüsünə, təhsil məsələlərinə dair sazişlərin və bəzi digər sənədlərin imzalanmasının Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da sıxlaşdırılması üçün əsaslı zəmin yaradacağını söylədi və bu əlaqələrin Prezident Heydər Əliyevin və Prezident Vladimir Putinin birgə səyləri sayəsində intensiv inkişaf etdiyini vurğuladı. Nazir İqor İvanov Azərbaycan Prezidenti Heydər Əliyevi Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) fəxri doktoru adı alması münasibətilə bir daha təbrik etdi.

Dövlətimizin başçısı Heydər Əliyev ona Moskva Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) fəxri doktoru adının və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 200 illiyi münasibətilə yubiley nişanının verilməsindən məmnun qaldığını bildirərək, ölkələrimiz arasında möhkəm dostluq, sıx əməkdaşlıq münasibətlərinə həmişə böyük əhəmiyyət verdiyini vurğuladı.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, regionda vəziyyət, beynəlxalq terrorizmə qarşı mübarizə və ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi apa-rıldı.

AzərTAc