Azərbaycan Prezidenti Heydər Əlyevin Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Pyer Sane cənablarına məktubu - 17 iyul 1998-ci il


Hörmətli cənab Pyer Sane,

Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində aparılan işə verdiyiniz yüksək qiymətə görə sizə öz minnətdarlığımı bildirirəm.

Müstəqillik qazandıqdan sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu özünün inkişaf yolu seçən ölkəmiz qanunvericilik aktlarını beynəlxalq aləmdə yekdilliklə qəbul edilmiş dəyərlər əsasında yaratmağa başlamışdır.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə ölkəmizdə hər bir insanın təbii və ayrılmaz hüququ olan yaşamaq hüququna əsaslı təminatlar verilmiş, insanın həyatdan məhrum edilməsi yolverilməz hesab olunmuşdur. Bununla da Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi dövlət olduğunu bir daha sübut etmişdir.

İnsan hüquqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir.

Yaxşı məlumdur ki, sülh olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Sülh elə bir şəraitdir ki, bütün insanlar zorakılıqdan, qorxudan azad yaşayırlar və onların təhlükəsiz yaşamaq hüququ təmin edilir.

Burada xüsusi qeyd etmək istərdim ki, 1988-ci ildən bəri davam edən Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində bir milyondan artıq soydaşımızın adi insan hüquqları pozulmuşdur. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası sülhsevər siyasətini davam edərək ölkədə siyasi sabitliyə, vətəndaş həmrəyliyinə nail olmuş, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi üçün ardıcıl və məqsədyönlü iş aparmışdır. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın insan haqlarına nə qədər hörmət etməsinə əyani sübutdur. Çünki insan haqları bizi insaniləşdirən mənbədir. İnsan haqları insan mövcudluğunun və birgə yaşayışının bünövrəsi olmaqla heç bir mədəniyyətə yad deyil və bütün millətlərə xasdır.

İnsan hüquqlarının qorunması gündəlik həyatımızda öz real təminatını tapmaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə reallaşmışdır.

Belə ki, Azərbaycan Respublikasında BMT-nin ümumdünya insan hüquqları Bəyannaməsinin 50 illik yubileyinin təntənəli keçirilməsi məqsədi ilə sərəncam imzalayaraq bu münasibətlə keçiriləcək tədbirlər proqramını təsdiq etmişəm. Proqramda ədliyyə, məhkəmə, prokurorluq, polis orqanlarının əməkdaşları, vəkillər və hüquq sahəsində ixtisaslaşan ali təhsil müəssisələrinin müəllimləri üçün insan hüquqlarına dair tədrisin təmin edilməsi nəzərdə tutulmuşdur. Əminəm ki, bu tədbirlərin həyata keçirilməsi hökumətimiz ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının İdarəsi arasında əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcəkdir. Həmçinin Azərbaycan Respublikasının hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə mərkəzi arasında əməkdaşlıq proqramının imzalanması barədə sərəncam vermişəm.

Daha sonra Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafisəi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə insan hüquqlarının müdafiəsinə dair dövlət proqramı təsdiq edilmişdir.

Bu gün məqsəd ondan ibarətdir ki, hər bir şəxs insan hüquqlarının həyata keçirilməsində və qorunmasında öz məsuliyyətini dərk etsin.

Hər bir şəxsin həyatında və cəmiyyətdə insan hüquqlarının reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan dövləti insan hüquqları sahəsində iyirmiyədək beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur.

Yəqin sizə məlumdur ki, bu ilin fevral ayında imzaladığım "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanla ölüm cəzasının tam ləğv edilməsinə dair öhdəlikləri nəzərdə tutan "Mülki və siyasi hüquqlar üzrə beynəlxalq paktın ikinci fakültətiv protokolu"na və insan hüquqları sahəsində mövcud olan digər beynəlxalq sazişlərə qoşulması barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə tapşırıq vermişəm.

Biz insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, o cümlədən qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı böyük məmnuniyyətlə qəbul edirik. Avropa Şurası, ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosu, Beeynəlxalq Amnistiya, İnsan Hüquqlarını müşahidə edən Helsinki Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlığımızı inkişaf etdirmək üçün bütün imkanlardan istifadə edəcəyik.

Məsuliyyətlə deyə bilərəm ki, bu gün ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində aparılan işlər, qazanılan dəyərlər beynəlxalq norma və prinsiplərdən irəli gəlir və Azərbaycan Respublikası məhz bu prinsiplər vasitəsilə insan ləyaqətini bundan sonra da təmin etmək əzmindədir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.