Azərbaycan Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının altıncı ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti - Bakı şəhəri, 23 fevral 1998-ci il


Xalqımızın tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımından altı il keçir.

Erməni silahlı qüvvələri uzun sürən mühasirədən sonra 26 fevral 1992-ci ildə xaricdəki havadarlarının hərbi yardımı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Köməksiz mülki əhali amansızlıqla qətlə yetirildi. Hətta südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Yüzlərlə adam əsir götürülərək dəhşətli işgəncələrə və görünməmiş təhqirlərə məruz qaldı. Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə tayı-bərabəri olmayan vəhşilik aktı, insanlığa qarşı tarixi bir cinayətdir.

Bir qrup erməni millətçi-separatçı qüvvələrin 1988-ci ildə Dağlıq Qarabağda başladığı avantürist hərəkat təkcə Xocalı soyqırımına deyil, eyni zamanda Azərbaycan və erməni xalqları arasında on ildən artıq davam edən qanlı münaqişəyə, Qafqaz bölgəsində etnik konfliktlərə və digər ağır nəticələrə gətirib çıxarmışdır. İndi beynəlxalq ictimaiyyət separatist hərəkətlərin təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük təhlükə olduğunu anlayır və buna qarşı ciddi etiraz səsini qaldırır. Hazırda beynəlxalq və regional tədbirlərdə bu hərəkətlər pislənir və müvafiq siyasi-hüquqi qiymətini alır.

Nahaq qan yerdə qalmır. Xocalı müsibətinin də beynəlxalq aləmdə öz qiymətini alacağı və günahkarların gec-tez öz layiqli cəzalarına çatacağı labüddür.

Soyqırımının baş verməsinə şərait yaradan əsas səbəblərdən biri respublika daxilində gedən hakimiyyət mübarizəsi idi. O zamankı rəhbərlərin siyasi səbatsızlığı, ümummilli mənafelərə zidd mövqeyi, xəyanəti, vəzifə hərisliyi, siyasi qruplar və başıpozuq silahlı qüvvələr arasında gedən çəkişmələr Azərbaycanı bir çox ağır faciələrə, o cümlədən Xocalı müsibətinə gətirib çıxartdı.

Bu gün ölkəmizin hər yerində Xocalının günahsız qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Xocalı soyqırımı qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyib, Tanrıdan onlara rəhmət diləyir və bütün xalqımıza başsağlığı verirəm.

Dünyada ən ağır müharibənin də sonu olur. Haqq-ədalət əvvəl-axır irticaya və şərə qalib gəlir. Xalqımızı əmin etmək istəyirəm ki, biz sülhsevər dövlət kimi sülh yolu ilə, beynəlxalq hüquq normaları və prinsipləri əsasında tezliklə torpaqlarımızın düşmən tapdağından tam azad edilməsinə nail olacağıq. Bütün qaçqınlar öz doğma ocaqlarına qayıdacaq, ərazi bütövlüyümüz bərpa ediləcəkdir. Azərbaycan xalqının qüdrəti və iradəsi ilə qarşımıza qoyduğumuz bütün ali məqsədlərə nail olacağıq.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - IV cild Azərnəşr, Bakı - 1998, səh.