Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın dövlət katibinin yeni müstəqil dövlətlər üzrə xüsusi köməkçisi Stiven Sestanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 21 oktyabr 1999-cu il


Heydər Əliyev: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Mən sizi salamlayıram və sizinlə yenidən görüşməyimdən çox məmnun olduğumu bildirirəm.

Sizinlə bizim görüşlərimiz Azərbaycan - Amerika Birləşmiş Ştatları əlaqələrini həmişə müzakirə etməyə imkan verir və xüsusən də, bizim üçün böyük bir problem olan Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması məsələsini müzakirə etməyə imkan verir.

Amerika-Azərbaycan əlaqələri, xüsusən iqtisadi və siyasi sahədə, hesab edirəm ki, uğurla inkişaf edir. Doğrudur, burada da həll olunmamış məsələlər vardır. Amma mən hesab edirəm ki, burada əlaqələrin inkişafı yaxşı səviyyədədir. Ancaq Azərbaycan-Ermənistan münaqişəsi, Dağlıq Qarabağ münaqişəsi barəsində Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında, - nəzərə alaraq ki, Amerika Birləşmiş Ştatları Minsk qrupunun həmsədrlərindən biridir, 1999-cu il başa çatır, - biz lazımi səviyyədə iş görə bilməmişik.

Sentyabr ayının əvvəlində cənab Kavano Azərbaycana gəlmişdi. Mən onunla görüşəndə də dedim və bir də təkrar edirəm ki, Minsk qrupu çox zəif fəaliyyət göstərir. Minsk qrupundan, onun işindən, o cümlədən Minsk qrupunun həmsədrləri olan Amerika Birləşmiş Ştatlarının işindən biz razı deyilik. Çünki bu bir il içərisində çox iş görmək olardı. Ancaq son vaxtlar mən hiss edirəm ki, Amerika Birləşmiş Ştatlarında bu məsələyə münasibət fəallaşıbdır. Xüsusən xanım Olbraytın mənə göndərdiyi məktubdan və son zaman vitse-prezident cənab Qorun mənə göndərdiyi məktubdan gördüm ki, Amerika Birləşmiş Ştatları bu məsələnin həll olunması üçün öz fəaliyyətini daha da artırır. Bu, məni sevindirir və ümid edirəm ki, bu fəallıq sonra yenə də sönməsə, biz müəyyən qədər irəliyə gedə bilərik.

Bilirsiniz ki, xanım Olbraytın vasitəçiliyi ilə aprel ayında Vaşinqtonda Ermənistan prezidenti Koçaryanla Azərbaycanın prezidenti arasında təkbətək görüş oldu. Bu görüşləri biz sonralar da davam etdirdik. Xarici işlər nazirləri arasında görüşlər oldu və xüsusən, biz Yaltada olarkən Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşdülər və hiss olundu ki, müəyyən bir irəliləmə əldə etmək olar. Sonra yenə də xanım Olbraytın təşəbbüsü və vasitəçiliyi ilə Nyu-Yorkda Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri yenidən görüşdülər. Mən bunları müsbət qiymətləndirirəm və bir də qeyd edirəm ki, bunlar onu göstərir ki, Amerika Birləşmiş Ştatlarında bu məsələnin həll olunmasına maraq artıbdır və müəyyən əməli addımlar da atılır.

Mən arzu edərdim ki, bu fəaliyyət daha da intensiv davam etsin. Xüsusən ona görə ki, gələn ayın 18-19-da İstanbulda ATƏT-in zirvə görüşü olacaqdır. Təbiidir ki, biz bu görüşə gərək müəyyən konkret nəticələrlə gedək.

Bilirəm ki, Amerika Birləşmiş Ştatlarında və başqa ölkələrdə də Ermənistan prezidenti ilə Azərbaycan prezidentinin təkbətək görüşlərinə çox böyük maraq göstərilir. Ümumiyyətlə, mən bildiyimə görə, beynəlxalq ictimaiyyət bu təkbətək görüşləri, bilavasitə görüşləri müsbət qiymətləndirir. Azərbaycanda da cəmiyyətimizin əksəriyyəti bunu müsbət qiymətləndirir. Çünki ümid edir ki, bu görüşlərin nəticəsində məsələnin həll edilməsinə yaxınlaşmaq olar, ya onu həll etmək olar.

Bu görüşdən sonra mən də və prezident Koçaryan da bəyan etmişik ki, məsələni həll etmək üçün müəyyən kompromislərə getmək lazımıdr. Bu da həqiqətdir. Əgər kompromislər olmasa məsələni həll etmək mümkün olmayacaqdır.

Azərbaycanda isə xüsusən müxalifət qüvvələri buna çox mənfi münasibət göstərirlər. Hesab edirlər ki, heç bir güzəşt ola bilməz, heç bir kompromis ola bilməz. Amma bu, onların öz işləridir. Mən hesab edirəm ki, əgər bizim bu görüşlərimiz müsbət bir nəticə versə, təbiidir ki, Azərbaycan cəmiyyətində bunlar hamısı məmnuniyyətlə qəbul olunacaqdır.

Beləliklə, indi biz elə mərhələdəyik ki, hansısa bir irəliləyiş edə bilərik. Ona görə də, əlbəttə ki, danışmaq lazımdır, məsləhətləşmək lazımdır - nə etmək olar, nə etmək olmaz. Güman edirəm, Siz də bu barədə öz fikirlərinizi söyləyə bilərsiniz. Buyurun.

Stiven Sestanoviç: Çox sağ olun, cənab prezident. Sizinlə yenidən görüşməyimə çox şadam. Mən ilk növbədə prezident Klintonun və dövlət katibi Olbraytin salamlarını Sizə çatdırmaq istərdim.

... Cənab prezident, Siz Amerika-Azərbaycan münasibətlərinin yaxşı vəziyyətdə olduğunu söylədiniz və biz Sizin fikrinizlə razıyıq. 1997-ci ildə Sizin Vaşinqtona səfərinizdən başlayaraq bu münasibətlər inkişaf etmiş, genişlənmiş və daha yüksək səviyyəyə çatmışdır. Bu münasibətlər ümumi mənafelərin ciddi təməlinə əsaslanır. Ümumi mənafelər isə ən müxtəlif sahələri əhatə edir. Burada neft hasilatından və ya diplomatiyadan da söhbət gedə bilər.

Bildiyiniz kimi, Birləşmiş Ştatlar bu regionun ölkələrinin müasir siyasi, sosial və iqtisadi təsisatlar yaratmaq, öz müstəqilliklərini möhkəmləndirmək səylərini hər vasitə ilə dəstəkləyir. İndiki dövr bizim münasibətlərimiz üçün çox əhəmiyyətlidir. Məlum olduğu kimi, bir aydan sonra İstanbulda ATƏT-in zirvə görüşü keçiriləcəkdir. Biz birlikdə işləyir və ümid edirik ki, münasibətlərimizdə əldə olunmuş nailiyyətlər zirvə görüşündə öz əksini tapacaqdır.

Enerji sektorunu götürsək, sizin kimi, biz də son dərəcə maraqlıyıq ki, Bakı-Ceyhan boru kəmərinin yaradılmasına dair iş möhkəm zəmin üzərinə keçirilsin. Bildiyimə görə, bu həftə prezident Dəmirəl ilə görüşünüz zamanı Siz demisiniz ki, bu, regionda çox böyük nailiyyətdir.

Biz də ümid edirik ki, İstanbul zirvə görüşündə Avropada adi silahlar məsələsinə dair iş başa çatdırılacaq və müqavilə imzalanacaqdır. Bu, həm Birləşmiş Ştatların, həm də Azərbaycanın mənafeyinə uyğundur.

Əlbəttə ki, biz Dağlıq Qarabağ problemi ilə bağlı diplomatik məsələ üzərində də işləyirik. Minsk qrupunun həmsədri kimi, biz çox istəyirik ki, beynəlxalq birlik bu münaqişənin həllini tapsın və onun həlli üçün sürətlə fəaliyyət göstərə bilsin. Əlbəttə, biz həmçinin şadıq ki, Siz Minsk qrupunun fəallığının artmasından məmnunsunuz. Xatirimdədir, aprel ayında dövlət katibi Olbraytla görüşünüz zamanı Siz Minsk qrupunu və Birləşmiş Ştatları öz fəaliyyətlərini gücləndirməyə çağırmışdınız. Minsk qrupunun öz fəallığnı artırmasından razı qalmağımızla yanaşı, Ermənistan rəhbərliyi ilə Sizin birbaşa dialoq yarada bilməyinizdən də məmnunluğumuzu bildirmək istəyirik.

Biz eşitdik ki, Siz bugünkü vəziyyətlə və İstanbul zirvə görüşü ilə əlaqədar "irəliləyiş" sözünü işlətdiniz. Biz Ermənistanla Azərbaycan arasında münasibətlərdə hansı ümumi nəticələr əldə olunduğu barədə Sizin fikrinizi eşitməyi səbirsizliklə gözləyirik. Çünki bu, əlbəttə, sazişin mümkün olub-olmayacağı məsələsinin özü üçün ciddi sınaqdır. Şübhəsiz ki, beynəlxalq birlik və Minsk qrupu sazişə nail olunmasına kömək göstərə bilər, ancaq sazişin özünün əldə edilməsi üçün məsuliyyət tərəflərin üzərinə düşür. Bir az əvvəl Sizin dediyiniz kimi, sazişin nəticələri, bu ölkələrin mənafeyinə nə dərəcədə uyğun gəlməsi onun üçün sınaq olacaqdır.

İcazənizlə, sözümün sonunda onu deyim ki, son iki ildə Amerika-Azərbaycan münasibətlərinin xeyli genişlənməsinə baxmayaraq, bunun daha da inkişaf etdirilməsi üçün hələ çox böyük potensial var. İndi üzərində işlədiyimiz və gələn ay da işləyəcəyimiz layihələr daha geniş əməkdaşlıq üçün zəmin yaradacaqdır.

Bizi qəbul etdiyinizə və bir çox sahələrdə əməkdaşlığımızın nəticələrini təhlil etmək imkanı verdiyinizə görə Sizə bir daha təşəkkürümüzü bildirirəm.

Heydər Əliyev: Təşəkkür edirəm. Siz Bakı-Ceyhan məsələsinə toxundunuz. Mən bildirmək istəyirəm ki, biz bu məsələ üzərində son aylar çox intensiv işləmişik. Bizim nümayəndə heyəti həm Türkiyə hökuməti ilə işləyir, həm də konsorsiumun tərkibində olan şirkətlərlə, o cümlədən Amerika şirkətləri ilə işləyir. Deyirsiniz ki, burada çox problemlər yaranmışdı. Problemlər ondan ibarət idi ki, konsorsiuma daxil olan şirkətlər o illərdə Bakı-Ceyhan boru xəttinin indi tikilməsinə meylli deyildilər, yəni onu o qədər də istəmirdilər.

Bir il bundan öncə, keçən il oktyabr ayının 29-da biz Ankarada bu kəmər barədə bəyannamə imzaladıq. O bəyannaməni Amerika Birləşmiş Ştatlarının enerji naziri cənab Riçardson da imzaladı. Ötən bir ildə biz çox intensiv işləmişik. Yəni burada Azərbaycanın mövqeyi dəyişməzdir və konsorsium, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən irəli sürülmüş bəzi maneələr ki, guya bu boru xəttinin dəyəri çoxdur və başqa şeylər, - biz çalışdıq onlara sübut edək ki, bu fikirləri doğru deyil.

Son 25 gündə bizim böyük nümayəndə heyəti Ankarada Türkiyənin hökuməti və şirkətləri ilə çox intensiv işləmişdir. Nəticədə belə fikir irəli sürülmüşdür ki, Türkiyənin ərazisindən keçən boru xəttini Türkiyənin şirkəti tikəcəkdir və orada olan müəyyən riski onlar öz üzərinə götürür. Çünki konsorsium Türkiyənin verdiyi bu məlumata inanmırdı ki, Bakı-Ceyhan xətti 2,4 milyard dollara başa gələcəkdir. Ona görə də bunlar məsələ qoyurdular ki, əgər tikinti qurtaranda xərc bundan artıq olsa, o artıq hissəsini Türkiyə öz üzərinə götürməlidir. Türkiyə əvvəl bununla razı oldu, amma sonra belə təklif irrəli sürdü ki, Türkiyənin ərazisindən keçən boru xəttinin əgər qiyməti artıq olsa, yəni riski onlar öz üzərinə götürür. Azərbaycan və Gürcüstan ərazilərindən keçən xəttin riskini isə bu konsorsium, şirkətlər öz üzərinə götürsünlər. Yəni o cümlədən Azərbaycan öz üzərinə götürməlidir. Çünki Gürcüstanın burada heç bir payı yoxdur. Amma bu konsorsiumun gəlirləri həm onların gəlirləridir, həm də Azərbaycanın gəlirləridir. Təxminən 2 milyard 400 milyon dollardan 1 milyard 400 milyonu Türkiyə tərəfinə düşür, 1 milyardı isə Azərbaycan və Gürcüstan tərəfinə düşür. Şirkətlər buna etiraz edirdilər.

Hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının və şəxsən prezident cənab Bill Klintonun bu barədə mövqeyi də şirkətlərin bu məsələyə daha ciddi yanaşmasına kömək etdi.

Bu ayın 18-də Türkiyənin prezidenti hörmətli cənab Süleyman Dəmirəl burada olarkən biz bu məsələni çox ətraflı müzakirə etdik. Nəhayət, biz prezident Süleyman Dəmirələ söz verdik və bəyan etdik ki, biz - Azərbaycan öz üzərimizə götürürük ki, şirkətlərlə danışaq və bu risklər şirkətlərin üzərinə düşsün. Bu danışıqları biz apardıq. Bu gün "Bi-Pi AMOKO" şirkətinin baçşısı cənab Con Braun mənə məktub göndərib ki, onlar bu təkliflə razıdırlar. Beləliklə, bu çətin məsələni biz həll etmişik. Təbiidir ki, İstanbulda bu barədə son müqavilə, saziş imzalana bilər.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi haqqında siz də dediniz. Şübhəsiz ki, burada da böyük ehtiyat mənbələri vardır, onlardan istifadə etmək lazımdır.

Bu günlərdə "Motorola" şirkətinin - bilirsiniz ki, Amerikada böyük şirkətdir - prezidentini mən burada qəbul etmişdim. Onların burada bizim Rabitə Nazirliyi ilə bəzi problemləri var. Mən söz verdim ki, bunları həll edəcəyəm və onlar üçün burada daha da yaxşı şərait yaradıb, öz fəaliyyətlərini genişləndirmək üçün tədbirlər görəcəyəm.

Yəni buradakı çətinlikləri nə qədər mürəkkəb də olsa aradan qaldırmaq mümkündür. Ermənistan-Azərbaycan münaqişəsində isə Minsk qrupu var, onun həmsədrləri var - böyük dövlətlər Amerika, Rusiya, Fransa. Siz isə hər dəfə deyirsiniz ki, biz sizə kömək edirik, amma özünüz razılığa gəlin. Bilirsiniz ki, razılığa gəlmək də çox çətindir. Çünki Azərbaycan torpaqlarının 20 faizi işğal olunubdur, bir milyondan artıq qaçqınlar çadırlarda yaşayırlar.

İki gün öncə burada bütün günü yağış yağdı. Biz bu otaqlarda da bir az soyuqluq hiss etdik. Amma mən düşünürdüm ki, o çadırların altında qalan insanlar necə yaşayırlar. Biz nə qədər tədbirlər görsək də, çadırın altında yaşamaq qış vaxtında da çətindir, yay vaxtında da çətindir. Ona görə bu məsələləri biz gərək ciddi müzakirə edək və mən də istəyirəm sizinlə müzakirə edək.

"Azərbaycan" qəzeti, 22 oktyabr 1999-cu il.