Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Kiyev şəhərinin Fəxri qonağı diplomunun və şəhərin rəmzi açarının təqdim edilməsi mərasimində çıxış - Kiyev Bələdiyyə İdarəsi, 25 mart 1997-ci il


Kiyev şəhərinin meri, hörmətli Aleksandr Omelçenko cənabları!

Hörmətli xanımlar və cənablar, dostlar!

İki gündür ki, mən Ukrayna torpağında, Kiyev şəhərindəyəm və hər yerdə səmimiyyət, hörmət hissləri və böyük qonaqpərvərliklə qarşılaşıram.

Mən sizin ölkənizə Ukrayna prezidenti hörmətli Leonid Daniloviç Kuçmanın dəvəti ilə rəsmi səfərə gəlmişəm və sevinirəm ki, bu səfər dostluq və qarşılıqlı anlaşma, səmimilik və mehribanlıq şəraitində keçir.

Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirmək və dərinləşdirmek üçün zəmin yaratmaqdan ötrü biz dünən və bu gün çox iş görə bildik. Dünən Ukrayna prezıdenti hörmətli Leonid Daniloviç Kuçmanın və mənim tərəfimizdən, Ukrayna və Azərbaycan nümayəndə heyətlərinın üzvləri tərəfindən imzalanmış sənədlər əməkdaşlığımızı genışləndirmək və dərinləşdirmək, dostluğumuzu möhkəmləndirmək üçün yaxşı hüquqi müqavilə əsas yaratmışdır. Biz bunu çox yüksək qiymətləndiririk.

Bu gün xatırlatmaq istəyirəm ki, Ukrayna prezidenti hörmətli Leonid Daniloviç Kuçma 1995-ci ilin iyulunda Azərbaycanda rəsmi səfərdə olmuşdur. O zaman biz, demək olar, əməkdaşlığımız üçün yaxşı əsas yaratdıq, əməkdaşlığı inkişaf etdirmək, dostluq münasibətlərini möhkəmləndirmək sahəsində xalqlarımızın, ölkələrimizin iradəsini birlikdə ifadə etdik, mühüm sənədlər imzaladıq. Bundan sonra keçən dövr əməkdaşlığımızı daha da genişləndirməyin və inkişaf etdirməyin zəruriliyini, bu sahədə böyük ehtiyatlar və imkanlar olduğunu açıq-aydın nümayiş etdirdi.

Dünən imzalanmış sənədlər, iki gün ərzində prezidentlə, parlamentdə, nazirlərlə, Kiyev şəhərinin Bələdiyyə İdarəsində aparılmış danışıqlar onu göstərir ki, biz əməkdaşlığımızın çox mühüm mərhələsindəyik və qarşımızda gözəl perspektivlər açılır. Biz bu perspektivləri görürük və elə edə bilərik ki, irəliyə doğru gedək, əməkdaşlığımızı dərinləşdirək və inkişaf etdirək.

Şübhəsiz ki, Kiyevdə olarkən biz kiyevlilərin və şəhər rəhbərliyinin xüsusi qayğısını hiss edirik və mən bu qayğıya görə hədsiz minnətdarlığımı bildirirəm. Lakin mənim üçün əlamətdar olan bu görüşdən xüsusilə sevinirəm. Kiyev şəhərinin meri hörmətli

Aleksandr Omelçenkonu, burada iştirak edən nazirləri və şəhər bələdiyyə idarəsinin rəhbər işçilərini, deputatları salamlamağıma şadam. Azərbaycan xalqını, Azərbaycanın bütün vətəndaşlarının və paytaxtımız Bakı şəhərinin sakinlərinin səmimi salamlarını və xoş arzularını sizə çatdırıram.

Ölkələrimiz arasında, Kiyevlə Bakı arasında ənənəvi dostluq əlaqələri mövcuddur. Lakin bu gün burada, sizin yanınızda olarkən xoş hisslər keçirir, əmin oluram ki, əməkdaşlıq etmək, yaranmış ənənəvi əlaqələri inkişaf etdirmək üçün xalqlarımızın, ölkələrimizin, paytaxtlarımız Kiyev və Bakının daha böyük imkanları var. Kiyev şəhərinin Fəxri qonağı diplomunu və şəhərin rəmzi açarını almaq mənə xüsusilə xoşdur. Bu, mənim həyatımda böyük hadisədir. Bunu Azərbaycan xalqına, müstəqil Azərbaycan Respublikasına və təbii ki, şəxsən mənə olan hörmət və ehtiram hisslərinin ifadəsi kimi qəbul edirəm. Sizə minnətdaram. Zəngin tarixə malik, rus dövlətinin başlanğıcı sayılan, bütün tarixi boyunca Ukraynanın milli azadlığının, dövlət müstəqilliyinin rəmzi olmuş və indi də rəmzi olaraq qalan Kiyev kimi gözəl şəhərin Fəxri qonağı statusunu almaq mənə çox xoşdur. Ona görə də Kiyev şəhərinin Fəxri qonağı olmaq, sizdən diplom və rəmzi açar almaq son dərəcə xoşdur. Bu, mənim üzərimə böyük vəzifə qoyur. Əmin ola bilərsiniz ki, mən bundan sonra da Ukrayna xalqının, Kiyev şəhərinin sadiq, etibarlı dostu olacağam və əlimdən gələni edəcəyəm ki, Ukrayna ilə Azərbaycan xalqları arasında, Kiyev ilə Bakı arasında dostluq münasibətləri müstəqil dövlətlərimizin, xalqlarımızın tərəqqisi naminə müvəffəqiyyətlə inkişaf etsin.

Sizi Azərbaycana, Bakıya dəvət edirəm. Mən də, bakılılar da Sizi qarşılamağa şad olacağıq. Sizin bu səfəriniz münasibətlərimizin daha da inkişaf etdirilməsi işində yeni addım ola bilər.

Sizə bir daha səmimi təşəkkürümü bildirirəm və Sizə, sizing şəxsinizdə bütün Ukrayna xalqına çox böyük ehtiram, qardaşlıq münasibəti hissləri yetirirəm. Çox sağ olun.

* * *

Kiyev Şəhər Bələdiyyə İdarəsinin Fəxri Qonaqlar Kitabına yazılmış ürək sözləri:

"Bu gün mən Kiyevin meri Omelçenkodan Kiyev şəhərinin Fəxri qonağı fərmanını və şəhərin rəmzi açarını böyük minnətdarlıq hissi ilə qəbul etdim. Kiyev şəhəri böyük və zəngin tarixə, gözəl əməksevərlik, humanizm, qəhrəmanlıq, yüksək mədəniyyət ən ənələrinə malikdir.

Bu gözəl şəhərin Fəxri qonağı şərəfinə kıyiq olduğuma görə son dərəcə şadam. Mən buna Azərbaycan xalqına, müstəqil Azərbaycan Respublikasına dostluq hisslərinin ifadəsi kimi baxıram. Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin yaxşı əsası, gözəl gələcəyi var.Bizim borcumuz bu imkanları reallığa çevirməkdir. Bütün kiyevlilərə sülh, firavanlıq, tərəqqi arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.