Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Qıvrıqoğluna "Şöhrət" ordeninin təqdimolunma mərasimində çıxışı - 27 iyun 2002-ci il


Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hörmətli rəisi, ordu generalı Hüseyn Qıvrıqoğlu!

Hörmətli generallar!

Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin hörmətli nümayəndələri!

Hörmətli xanımlar və cənablar!

Mən bu gün, bu dəqiqələrdə böyük bir həyəcan hissi keçirirəm. Bunun səbəbi məlumdur. Mən ilk dəfə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının binasındayam və Türkiyə Silahlı Qüvvələrinin ən yüksək generallarının, komandanlarının qarşısında nitq söyləyirəm.

Siz bilirsiniz ki, mənim də gəncliyim hərbi işdə keçibdir. Mən də əsgər olmuşam, müxtəlif pillələrdən keçmişəm, general olmuşam. Ona görə də hərb işi, bəlkə də cümhur başqanları vəzifəsində olan bəzi başqa adamlardan fərqli olaraq, mənə daha da yaxındır. Mən hərb işinin, orduda xidmətin nə olduğunu çox gözəl bilirəm. Bunu sadəcə, bir dövlət xadimi, siyasəti bilən adam kimi yox, öz həyatımda, öz gəncliyimdə keçirdiyim hissiyyatlarla bilirəm.

Bilirsiniz ki, mən Sovetlər Birliyində doğulmuş, böyümüş və həm hərb işində, həm də dövlət işində böyük vəzifələrə gəlmiş adamam. Mən 14 il Azərbaycan Cümhuriyyətinə rəhbərlik etmişəm, ondan sonra isə Moskvada, Kremldə dünyanın super dövlətlərindən olan Sovetlər Birliyi kimi dövlətin başında duran bir neçə kişidən biri olmuşam. Siyasi Bürö üzvü, Nazirlər Soveti sədrinin birinci müavini olmuşam. Sizə dost kimi bildirməliyəm ki, rus imperiyasının, məhz sovet imperiyasının tarixində ilk dəfə türk, müsəlman ölkəsindən olan bir adam kimi mən belə yüksək vəzifədə çalışmışam. Bu, tarixdir. Bu da mənə nəsib oldu. Amma rus imperiyası da dağıldı, Sovet imperiyası da dağılıbdır. Bundan sonra belə imperiyalar olmayacaq və yəqin belə bir hadisə də olmayacaqdır. Bu, tarixdə qalacaqdır.

Mən bunları özüm haqqında məlumat vermək üçün demirəm. Mən sizdən bu barədə üzr istəyirəm. Ona görə deyirəm bildirəm ki, hərbi iş mənim üçün nə qədər əziz, doğma olan bir işdir.

Sovetlər Birliyində yaşayan bizim bir çox insanların hafizəsində, beynində türk ordusu ən güclü bir ordu kimi qalmışdı. Təbiidir, vaxtilə biz Türkiyənin tarixini də yaxşı öyrəndik. Osmanlı imperatorluğunun tarixini də öyrəndik. Amma sonra, Sovetlər Birliyi zamanı Türkiyə Cümhuriyyəti var idi. Böyük öndər Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti var idi. 1920-ci illərdə Türkiyə ilə Sovetlər Birliyi arasında münasibətlər hətta dostluq münasibətləri idi. Hətta o vaxt Mustafa Kamal Atatürklə Sovetlər Birliyinin başında olan Lenin arasında əlaqələr var idi. İndi bunlar yoxdur.

Azərbaycanlı kimi, türk kökündən olan insanlar kimi bizim həmişə Türkiyəyə xüsusi münasibətimiz və xüsusi marağımız olubdur. Ona görə də Türkiyəni daha çox öyrənmək, Türkiyəni daha çox bilmək və xüsusən, türk ordusunu daha çox tanımaq istəyi olubdur. Mən isə bu sahədə böyük imkanlara malik idim. Yəni sizə dediyim kimi, həyatımın müəyyən dövrlərinə görə.

Məndə o vaxt da belə düşüncələr var idi və bu gün də var ki, türk ordusu, Mustafa Kamal Atatürk tərəfindən yaradılmış və onun yolu ilə gedən, onun vəsiyyətlərinə əməl edən, bunları yerinə yetirən türk ordusu həmişə güclü, qüdrətli bir ordu olubdur. Türk əsgəri həmişə basılmaz olubdur. Bax, bütün bunlara görə də mən sizinlə bugünkü görüşümdə həm böyük sevinc hissi keçirirəm, həm də həyəcan keçirirəm.

Mənim kimi insanı təəccübləndirmək çətindir. Sadəcə, mənim yaşıma görə. Ancaq Türkiyədə hər dəfə ordunu çox nizam-intizamlı, qanun-qaydalı, Vətənə sədaqətli, millətinə, dövlətinə sədaqətli bir ordu kimi gördükcə, mənim qəlbim həmişə qürur keçirir. Bu hissiyyatlarla mən fikrimi bu gün sizinlə bölüşürəm. Mən çox məmnunam ki, belə imkan mənə verilmişdir və bu imkandan da istifadə edirəm. Əgər düzünü desək, bəlkə də bu görüşün təşəbbüskarı mən özüməm.

Bilirsiniz ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən bəri onun yaxın dostu, qardaşı və dayağı Türkiyədir. Bu əlaqələrin 10 illik tarixi sizə məlumdur. Yəni 10 ildir ki, Azərbaycan müstəqil dövlətdir. Azərbaycanda keçmiş Sovet Ordusundan bir şey qalmamışdır. Yəni müstəqil Azərbaycan Sovet Ordusu sistemində ordusunu qura bilməzdi. Baxmayaraq ki, ilk illərdə Azərbaycan dövləti bu sistemdən istifadə etməyə məcbur idi. Ancaq bu sistemdən istifadə edərək bir, iki, üç, dörd, beş ilə yeni bir milli ordu, Azərbaycan milli ordusu yaratmaq fikri bizi düşündürmüşdür. Bunu da Türkiyə ilə, Türkiyə Cümhuriyyəti ilə bir yerdə etməyə başladıq. Türkiyə Cümhuriyyətinin bu sahədə Azərbaycana yardımının çox böyük əhəmiyyəti olmuşdur.

Bilirsiniz ki, mən 1993-cü ildə Azərbaycanda prezident seçildim. O vaxt Azərbaycandakı ağır vəziyyət - vətəndaş müharibəsi, sosial-iqtisadi böhran, hakimiyyət böhranı sizə məlumdur. Azərbaycan dağılırdı, parçalanırdı və xalq o vaxt Naxçıvanda olduğum zaman məni Bakıya dəvət etdi. Sonra da Azərbaycanın prezidenti seçildim. Bir neçə il sonra Türkiyənin böyük elçiliyindən gəlib mənə dedilər ki, Türkiyə ilə Azərbaycan arasında anlaşma var ki, Türkiyə Azərbaycanda ordu qurmaq üçün yardım etsin, biz də bunu edirik. Türkiyə ordusundan olan 60-70 nəfər artıq 6 aydır ki, gəlib, burada gözləyirlər ki, onlardan nə vaxt istifadə edəcəklər.

Bilirsiniz ki, 1992-ci ildə Əbülfəz Elçibəy və Xalq Cəbhəsi hakimiyyətə gələndə özlərini Türkiyənin ən böyük dostu kimi bəyan etmişdilər. Böyük türkçülər kimi bəyan etdilər. Ancaq Türkiyənin böyük elçisi bunu mənə söyləyəndə, təbiidir, mən təəccübləndim. Əgər Azərbaycan bunu xahiş edibsə, Azərbaycan həqiqətən Türkiyə ilə dost, qardaşdırsa, Türkiyə hökuməti öz yardımını göstərib öz ordusundan zabitlər, əsgərlər ayırıb göndəribsə niyə belə olmalıdır?

Mən ondan soruşdum ki, nə üçün belədir?

Dedi ki, sizdən əvvəl hakimiyyətdə olan Xalq Cəbhəsi hökuməti idi. Müdafiə naziri deyirdi yox, Türkiyənin yardımı lazım deyil, biz Rusiyadan yardım alacağıq, bizə Rusiya yardım edəcəkdir. Digəri deyirdi ki, yox, bizə Türkiyə lazımdır. O birisi deyirdi ki, yox, Türkiyə lazım deyil, biz İrandan yardım alacağıq. Başqası deyirdi ki, yox, ayrı yerdən yardım alacağıq. Onlar bir araya, bir fikrə gələ bilmirdilər. Biz cümhur başqanına dedik. Cümhur başqanı da bunların arasında qalmışdı. Müdafiə naziri bura çəkirdi, daxili işlər naziri ora çəkirdi, baş nazir ayrı tərəfə çəkirdi. Biz də gözləyirdik ki, bizdən nə vaxt istifadə edəcəklər.

Bunu çoxları bilmir, amma mən bilməyənlərə xatırladıram, istəyirəm, bilsinlər. O mənə dedi ki, biz onları geriyə qaytarırıq, Türkiyəyə göndəririk. Mən dərhal dedim, yox, mənə imkan verin, 10-15 gün möhlət verin, bu işləri araşdırım. Biz bu işi davam etdirməliyik və etdik. O vaxtdan indiyə qədər Azərbaycanda milli ordunun, Azərbaycan ordusunun yaranmasında Türkiyə Silahlı Qüvvələri, onların müxtəlif idarələrinin, müxtəlif hissələrinin nümayəndələri fəaliyyət göstərirlər və ordunun həm təlim məsələsində, həm də hərbi məktəblər yaradılması məsələsində, bütün başqa məsələlərdə biz bu yardımı alırıq.

Keçən ilin avqust ayında Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hörmətli rəisi, ordu general Hüseyn Qıvrıqoğlu mənim dəvətimlə Azərbaycana rəsmi səfərə gəlmişdi. Amma bu ziyarət, bu səfər adi bir şey deyildi. Onunla bərabər, Azərbaycana "Türk ulduzları" da gəldi. Biz Türkiyənin yardımı ilə yaradılmış ali hərbi məktəbin açılışında iştirak etdik. Gördük ki, gözəl bir ali hərbi məktəb yaranıbdır. Artıq oranın məzunları var. Artıq orada zabitlər hazırlanır, bir çox mütəxəssislər hazırlanır.

Ona həm texniki yardım, həm maliyyə yardımı, həm təhsil yardımı, həm də başqa yardım göstərilmişdir. Bunları burada sadalamaq fikrində deyiləm. Ancaq bu yardımların nəticəsində çox yüksək səviyyəli, yəni nümunə olan yüksək ali hərbi məktəb yaranıbdır. Biz orada olduq, hər şeyə baxdıq. Sonra orada böyük bir meydanda onlar öz fəaliyyətlərini nümayiş etdirdilər.

"Türk ulduzları" da bütün Azərbaycanı həyəcana gətirdi. Amma təkcə Azərbaycanı yox, çox ölkələrdə həyəcan yaratdı. Bəzilərində qorxu yaratdı ki, bu nədir, Türkiyənin təyyarələri gəlib Azərbaycanda oturacaqdır, Azərbaycana yardım edəcəkdir və sairə başqa şeylər edəcəkdir. Belə günlər yaşadıq. Biz bunu heç vaxt unutmuruq. Amma bu bir, iki, üç gün idi. Bizim Turkiyənin Silahlı Qüvvələri ilə əməkdaşlığımız, həmfikirililiyimiz bununla məhdudlaşmır. Dediyim kimi, 1993-cü ildə mən Azərbycanın cümhur başqanı seçiləndən bu günə qədər Türkiyə ilə bizim əməkdaşlığımız, - hansı ki, indi strateji əməkdaşlıq xarakteri alıbdır, - bütün sahələrdə, xüsusən, bizim ordu quruculuğu sahəsində davam edir.

Bu gün Azərbaycanda güclü ordu var. Bizim generallardan soruşanda, ola bilər, onlar öz işlərini tərifləmək üçün bunu daha da yüksək qiymətləndirsinlər. Amma mən bunu Türkiyənin Azərbaycandakı hərbi attaşesindən soruşuram. Hörmətli Qıvrıqoğlu oraya çox yaxşı insanlar göndərir. Onlar da çox canla-başla, sədaqətlə xidmət edirlər. Zəki paşa var idi. O, qəflətən həyatdan getdi. İndi onun yerinə digər general gəlibdir, çox gözəl xidmət edir. Mən onlarla təkbətək görüşürəm, soruşuram ki, ordumuz necədir, bizim Müdafiə Nazirliyində işlər necədir, hərbi hissələrdə işlər necədir. Mən bu məlumatları onlardan alıram. Onlardan aldığım məlumatlar və özümün məlumatlarım əsasında deyə bilərəm ki, - güman edirəm, siz də bunu təsdiq edərsiniz, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hörmətli rəisi də təsdiq edər - bu gün artıq Azərbaycan ordusu 4-5 il bundan əvvəlki ordu deyildir. Bizim güclü ordumuz var və biz ordumuzu daha da gücləndirəcəyik.

Hər bir dövlətin güclü ordusu olmalıdır. Biz gənc, müstəqil dövlətik. Bizim ən böyük problemimiz odur ki, 1989-cu ildən Ermənistanla Azərbaycan arasında savaş başlayıbdır. Ermənilər iddia edirlər ki, Azərbaycanın qədim torpağı olan Dağlıq Qarabağ guya Ermənistan torpağıdır və onu Ermənistana birləşdirmək istəyirlər. Bəzi səbəblərdən hələ 1991-ci ildə onlar Dağlıq Qarabağı işğal etdilər. Bundan sonra Azərbaycanın daxilində sabitlik olmadığına görə və Azərbaycanın daxilindəki müxtəlif qüvvələr hərəsi özünə bir silahlı dəstə düzəldib hakimiyyət uğrunda mübarizə apardığı zaman ermənilər bu fürsətdən istifadə etdilər və Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı, azərbaycanlı zorla çıxarılıbdır, başqa bölgələrdə çadırlarda yaşayırlar.

Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Azərbaycanın sərhədlərinin toxunulmazlığı pozulubdur. Beynəlxalq hüquq normaları pozulubdur. Beynəlxalq təşkilatlar - Birləşmiş Millətlər Təşkilatı qətnamələr qəbul edib ki, Ermənistan işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxsın. Amma onlar bunu yerinə yetirmirlər.

Biz danışıqlar aparırıq. Bilirsiniz ki, 1992-ci ildə ATƏT-in tərkibində Minsk qrupu yaranıbdır. Onun həmsədrləri Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa bizimlə bərabər bu məsələni sülh yolu ilə həll etmək, çözmək üçün çalışırlar. Bizə yardım etməyə çalışırlar. Amma onlar da hələ heç bir şey edə bilməyiblər. Bir sözlə, bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyondan çox vətəndaşımız çadırlarda qaçqındır. Ona görə də biz, təbiidir, işğal olunmuş torpaqları azad etməliyik, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik, təmin etməliyik. Yerindən-yurdundan didərgin düşmüş insanları öz torpağına, elinə-obasına qaytarmalıyıq. Doğrudur, ondan sonra da onların həyatı çətin olacaqdır. Çünki işğal olunmuş torpaqlarda hər şey dağıdılıbdır. Orada torpaqdan başqa heç bir şey qalmayıbdır. Yüz illərlə tikilən evlər, fabriklər, xəstəxanalar, məktəblər, kitabxanalar, mədəniyyət sarayları və sairə və sairə - hamısı ermənilər tərəfindən dağıdılıbdır. Yəni torpaqlar azad olunandan sonra da hələ neçə illər bu işlər görülməlidir.

Mən bu gün sizin qarşınızda da deyirəm. Biz sülh tərəfdarıyıq. Məsələni ancaq və ancaq sülh yolu ilə həll etmək istəyirik. Ancaq bu mümkün olmasa, təbiidir ki, bütün imkanlardan istifadə edib, torpaqlarımızı azad etməliyik. Ona görə də bizim ordumuz daha da güclü olmalıdır. Biz dövlət kimi bunun üçün öz üzərimizə düşən vəzifəni həll edirik və bunun üçün də biz Türkiyə Cümhuriyyəti ilə, Türkiyənin silahlı qüvvələri ilə çox gözəl əməkdaşlıq edirik. Bizə bu əməkdaşlığın faydası böyükdür və bu əməkdaşlıq bundan sonra da davam edəcəkdir.

Türkiyənin güclü ordusunun olması hər bir azərbaycanlıda böyük qürur hissi yaradır. Mən söylədim, Türkiyənin ordusu Türkiyənin ən böyük nailiyyətidir. Bunun da əsasını böyük öndər Mustafa Kamal Atatürk qoymuşdur. Azərbaycanda biz Atatürkün bütün türk dünyası üçün nə qədər böyük şəxsiyyət olduğunu xalqımıza bildirmişik.

Mən çox məmnunam ki, iki il bundan öncə mənə burada Mustafa Kamal Atatürk adına beynəlxalq sülh mükafatı verilmişdi. Mən bununla fəxr edirəm. Mənim medallarım, ordenlərim çoxdur. Amma Mustafa Kamal Atatürkün adına olan beynəlxalq sülh mükafatı mənim üçün çox əzizdir və çox yüksəkdir.

Mən Bakıda böyük bir mərkəz - Azərbaycanda Atatürk Mərkəzi yaratmışam. Atatürkün həyatı, onun yaratdığı Türkiyə Cümhuriyyətinin tarixi və xüsusən, Türkiyə Cümhuriyyətinin qəhrəman ordusunun tarixi böyük araşdırmaların mövzusudur. Bundan əsərlər yaradılmalıdır. Çünki bunlar təkcə sizin üçün yox, bugünkü nəsillər üçün yox, gələcək nəsillər üçün də çox dəyərlidir, çox lazımlıdır.

Biz türk ordusu ilə fəxr edirik. Azərbaycanda türk ordusuna böyük sevgi, məhəbbət həmişə yaşayır. Şəxsən mən hesab edirəm ki, Mustafa Kamal Atatürkün türk xalqı qarşısında xidmətləri əvəzsizdir. Yəni o qədər böyükdür ki, ona qiymət vermək çətindir. Amma bunların içərisində onun iki böyük xidməti var. Birincisi, Türkiyə Cümhuriyyətinin yaranması, ikincisi, türk ordusunun yaranmasıdır. Türkiyə Cümhuriyyətinin ordusu keçmiş ordulardan, keçmiş dövrdəki ordudan fərqlidir. Orduda belə bir sistemin yaranması, əlbəttə, sizin ölkənizin sərvətidir. Eyni zamanda, sizin üçün fəxrdir və Azərbaycan üçün də fəxrdir.

Təbiidir, hər bir ordunun rəhbərliyindən çox şey asılıdır. Amma türk ordusunda elə bir sistem yaranıbdır ki, burada rəhbərlər dəyişdikcə ordu zəifləsin - belə bir şey yoxdur. Ordu irəliyə gedir. Amma silahlı qüvvələrin hər bir rəhbəri də öz dövründə böyük işlər görməlidir. Əziz dostum Hüseyn Qıvrıqoğlu mənə burada baş qərargahın rəislərinin şəkillərini göstərdi və bildirdi ki, Fevzi Çakmak 20 il baş qərargah rəisi olmuşdur. Elədirmi?

Hüseyn Qıvrıqoğlu: Doğrudur.

Heydər Əliyev: Amma indi sizdə qanun var, hər kəs dюrд il xidmətini edir. Sizin ordu üçün, mən hesab edirəm ki, bu da bir müasir sistemdir. Ancaq bu dörd ildə kim nə iş görür? Dörd il o qədər böyük dövr deyil, amma az da deyildir. Dörd ilin içərisində çox şey etmək olar.

Son dörd ilin içərisində Türkiyə Cümhuriyyəti ilə, onun silahlı qüvvələri ilə əməkdaşlığımızda, iş birliyimizdə baş qərargah rəisi hörmətli Hüseyn Qıvrıqoğlu ilə daim yaxın əlaqəmiz olmuşdur. Bu əlaqələr nəticəsində görüşlərimiz də, danışıqlarımız, söhbətlərimiz də olubdur. Mən hər dəfə Türkiyəyə gələndə mütləq baş qərargah rəisi ilə görüşürəm. Onu öncə də, sonra da Azərbaycana dəvət etmişdim, gəlmişdi.

Dörd il müddətində görmüşəm ki, əziz dostum Hüseyn Qıvrıqoğlu Türkiyə ordusunun, Mustafa Kamal Atatürk ordusunun ən dəyərli yüksək generallarından biridir və baş qərargah rəisi vəzifəsini şərəflə yerinə yetirən bir insandır. Təkcə Türkiyə ordusunda gördüyü işlərdən yox, NATO sistemində və dünyanın başqa orduları ilə yaranmış iş birliyində, o cümlədən, türk dünyasına mənsub olan dövlətlərin, ölkələrin silahlı qüvvələri ilə iş birliyində və başqa sahələrdə çox gözəl örnək olubdur. Mən bunu Azərbaycanda görürəm.

Ona görə də mən hesab edirəm ki, hörmətli Hüseyn Qıvrıqoğlu Türkiyə Silahlı Qüvvələrində şərəflə, namusla, sədaqətlə, vətənə bağlı hissiyyatlarla indiyə qədər xidmət etdiyi kimi və dörd il baş qərargah rəisi vəzifəsini şərəflə yerinə yetirdiyi kimi, ömrünün sonuna qədər də bu duyğularla Türkiyə Cümhuriyyətinin yaşaması, inkişaf etməsi üçün, Türkiyə Silahlı Qüvvələrinin daha da inkişaf etməsi üçün öz xidmətlərini göstərəcəkdir.

Hörmətli Hüseyn Qıvrıqoğlu bir il bundan öncə Azərbaycanda rəsmi səfərdə olduğu zaman mən cümhur başqanı olaraq onu Azərbaycanın yüksək ordeni - "Azərbaycan bayrağı" ordeni ilə təltif etdim. İndi isə Türkiyəyə səfər edərək və düşünərək, bilərək ki, sizin qanunlara görə hörmətli baş qərargah rəisi bir müddətdən sonra öz vəzifəsindən ayrılacaqdır, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi hörmətli Hüseyn Qıvrıqoğlunu Azərbaycanın digər ordeni - "Şöhrət" ordeni ilə təltif etmişəm. Artıq burada bu barədə məlumatlar verildi.

Mən hesab edirəm ki, Azərbaycanın iki yüksək dövlət mükafatı - "Azərbaycan bayrağı" ordeni ordu generalı Hüseyn Qıvrıqoğlunun döşündə parıldayaraq, Azərbaycan və Türkiyə arasında, Azərbaycan Silahlı Qüvvələri ilə Türkiyə Silahlı Qüvvələri arasında olan dostluq-qardaşlıq əlaqələrini daim nümayiş etdirəcək və bu əlaqələrimiz sarsılmaz olacaqdır, əbədi olacaqdır.

Mən hörmətli Hüseyn Qıvrıqoğlunu vəzifədən ayrılandan sonra istədiyi zaman ailəsi ilə bərabər Azərbaycana dəvət edirəm. Azərbaycan onun doğma evidir. Azərbaycanın, Azərbaycanın cümhur başqanının çox istədiyi şəxsi qonağı olacaqdır. Güman edirəm ki, hörmətli Hüseyn Qıvrıqoğlu da mənim bu arzularımı unutmayacaq və imkan dairəsində yerinə yetirəcəkdir. Mən isə hər zaman Türkiyəyə gələrkən heç vaxt dostlarımı unutmuram. Hamısı ilə görüşürəm. Mən Türkiyədə olmayanda da, belə əlaqələri davam etdirirəm, eləcə də bizim hörmətli baş qərargah rəisi ilə.

Bəlkə də Azərbaycan cümhur başkanı kimi bu sözlərin bəzilərini burada deməyə o qədər də ixtiyarım çatmır. Çünki mən Azərbaycanın prezidentiyəm. Amma mən eyni zamanda Azərbaycanı və Türkiyəni bir-birindən ayırmıram, ona görə də bu sözləri deyirəm.

Əziz dostum, mən Sizə cansağlığı arzu edirəm. Sizin ailənizə səadət və xoşbəxtlik arzu edirəm. Ümidvaram ki, Mustafa Kamal Atatürkün əsgəri olaraq Siz Türkiyənin Silahlı Qüvvələrində daim xidmətdə olacaqsınız və bundan sonra da Türkiyə-Azərbaycan dostluq, qardaşlıq və birgə əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edəcəksiniz. Sağ olun. Sizin hamınıza təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 28 iyun 2002-ci il.