Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev London şəhərinin lord meri Maykl Oliveri və onu müşayiət edən nümayəndə heyətini qəbul etmişdir - Prezident sarayı, 14 iyun 2002-ci il


Dövlətimizin başçısı Heydər Əliyev Azərbaycana səfər etdiklərinə, ölkəmizlə tanış olduqlarına görə qonaqlara təşəkkürünü bildirərək dedi ki, sizin bu addımınızı Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələrin təzahürü, əlaqələrin inkişaf etdirilməsi üçün Böyük Britaniya hökuməti tərəfindən müsbət addım kimi qiymətləndirirəm. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Böyük Britaniya ilə əlaqələri ardıcıl surətdə inkişaf edir. Həm iqtisadi, siyasi və mədəni əlaqələr genişlənir. Böyük Britaniyanın həddindən çox şirkətləri, iş adamları Azərbaycanda uğurla fəaliyyət göstərirlər.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, Böyük Britaniyaya rəsmi səfərlərini xatırladan prezident Heydər Əliyev bildirdi ki, mən o illərdə London Sitinin qonağı da olmuş, o vaxtkı meri Azərbaycana dəvət etmişdim, nədənsə gəlmədi. Amma bu dəvətdən siz istifadə etdiniz. O vaxt meriyanın işi ilə tanış oldum və bu, məndə çox böyük təəssürat oyatdı. Güman edirəm, siz öz təcrübənizi burada bölüşürsünüz və bu da bizim üçün çox əhəmiyyətli olacaqdır.

Səmimi qəbula, xoş sözlərə və Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür edən cənab Maykl Oliver Bakının meri və iqtisadi inkişaf naziri ilə keçirdikləri görüşlərdən danışdı.

Bakıya səfərinin əsas məqsədini açıqlayan qonaq dedi ki, biz Böyük Britaniyanın Azərbaycana maliyyə baxımından nə cür yardım edə bilməsini və bu ölkəyə xarici sərmayələr qoyulması üçün daha nələri etməyi düşünürük. Biz Neft Fondunun rəhbəri Samir Şərifovla görüşdük, o, işinə çox ciddi, məsuliyyətlə yanaşan adamdır. Anlayırıq ki, əldə olunmuş vəsaitin təhlükəsizliyini indidən təmin etmək lazımdır. Biz bu sahədə öz yardımımızı əsirgəmirik və Fondun rəhbər işçiləri Londonda təcrübə keçə bilərlər. Cənab Oliver Azərbaycan prezidentinin təşəbbüsü ilə yerli və xarici biznesmenlərlə görüşlərin keçirilməsini, dövlət başçısının onları narahat edən problemlərlə şəxsən məşğul olmasını məmnunluqla vurğulayaraq dedi ki, özəl sektor dövlət büdcəsinə daha çox vəsait gətirir və əhaliyə daha yaxşı xidmət göstərir.

Qonağın fikri ilə razılaşan prezident Heydər Əliyev bildirdi ki, bizim sənayenin 50 faizi özəl sektordadır. Şəhər nəqliyyatı, demək olar, bütünlüklə, kənd təsərrüfatının 98 faizi özəl sektordadır. Biz 1995-1996-cı illərdə torpaq islahatı keçirdik, torpağı kəndlilərə payladıq. İndi Azərbaycanda kənd təsərrüfatı məhsulları bolluğudur. Amma 5-6 il bundan öncə qıtlıq idi. 1993-94-95-ci illərdə mən dövlət büdcəsindən vəsait ayırırdım ki, taxıl, un alsınlar. Bizə Avropa Birliyi də yardım edirdi ki, camaata çörək verə bilək. İndi isə Azərbaycanda biri-birindən ləzzətli çörək bişirirlər.

Siz vaxt tapıb bizim bazarlara gedin. Mən vaxtilə Parisin bazarını görmüşdüm, çox gözəl mənzərə idi. Bizim bazara gedin, Parisin bazarından pis olmayacaq, çünki hər şey var.

Dövlətimizin başçısı dedi ki, o, vaxtilə London metrosunu görüb, Bakı metropoliteni ondan daha da yaxşıdır və gediş haqqı Moskva metropolitenindəkindən beş dəfə ucuzdur.

Prezident Heydər Əliyev merdən Böyük Britaniyanın baş naziri cənab Toni Bleyerə salam söyləməyi xahiş etdi.

Cənab Maykl Oliver görüşdən xatirə olaraq prezident Heydər Əliyevə hədiyyə təqdim etdi.

" Azərbaycan" qəzeti, 15 iyun 2002-ci il.