"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Koreya Respublikasının Prezidenti zati-aliləri No Mu Hyuna məktubu" (Bakı şəhəri, 4 avqust 2003-cü il) sənədinə tarixi arayış


Azərbaycanla Koreya arasında diplomatik münasibətlər 1992-ci ilin martında qurulub. 2006-cı il martında Koreyanın Azərbaycandakı, 2007-ci ilin fevralında isə Azərbaycanın Koreyadakı səfirliyi fəaliyyətə başlayıb. Koreya Cənubi Qafqaz regionunda Azərbaycana böyük əhəmiyyət verdiyini dəfələrlə qeyd edib və təsadüfi deyil ki, bu ölkənin Cənubi Qafqaz regionunda ilk səfirliyi məhz Azərbaycanda açılıb. İki ölkə bir sıra beynəlxalq təşkilatlarda, xüsusən BMT çərçivəsində fəal əməkdaşlıq edir.

Müxtəlif illərdə Koreya işgüzar dairələrinin nümayəndələrindən ibarət heyət Azərbaycanda səfərdə olub. İki ölkə arasında həmçinin, mədəni, elmi-texniki və humanitar əlaqələr də mövcuddur. Belə ki, 2006-cı il iyunun 26-30-da Azərbaycanda Koreya mədəniyyəti günləri keçirilib. Bundan əlavə, 2007-ci ilin yanvarında SEBA Assosiasiyası Koreya Kyunq He Universitetinin Şərq-Qərb Neo Tibbi Mərkəzi ilə birgə Qəbələ və Yevlax rayonlarında məcburi köçkün və aztəminatlı ailələrə tibbi yardım göstəriblər. (http://www.mfa.gov.az/)

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2003-cü il avqustun 23-də Koreya Prezidenti No Mu Hyuna Koreyanın milli bayramı - Dirçəliş günü münasibətilə təbrik məktubu göndərib. Azərbaycan prezidenti məktubunda Azərbaycan və Koreya arasında əlaqələrin iki xalqın rifahına, sabitliyə xidmət edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan və Koreya arasında əlaqələri daha da möhkəmləndirmək üçün hər iki ölkə prezidenti qarşılıqlı səfərlər edib. 2006-cı il mayın 10-da Koreya Respublikasının Prezidenti Roh Mu Hyun rəsmi səfərlə Azərbaycana gəlib. İki ölkə prezidentinin görüşündə Azərbaycan-Koreya əlaqələrinin inkişafı üçün potensial imkanların olduğu ifadə edilib. Səfər çərçivəsində İlham Əliyev və Roh Mu Hyun əməkdaşlıq və qarşılıqlı əlaqələrin prinsipləri haqqında bəyannamə imzalayıblar.(news.trendaz.com)

Koreya Respublikası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Prezidentlər arasında imzalanan birgə bəyannamədə o da qeyd edilib ki, hər iki tərəf BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in Lissabon sammitinin üç prinsipinə diqqət yetirərək, münaqişənin sülh yolu ilə, suverenlik və ərazi bütövlüyünə hörmət əsasında həllini vacib hesab edir. (http://www.azadliq.org/)

Koreya prezidentinin Azərbaycana səfərinə cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il aprelin 23-də rəsmi səfərlə Koreyaya gedib. Bu həm də Azərbaycan prezidentinin Koreyaya ilk rəsmi səfəri olub. Seulda iki dövlət başçısının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. Hazırda rabitə, nəqliyyat, energetika, şəhərsalma, kənd təsərrüfatı, habelə mədəniyyət, təhsil və digər sahələrdə iri layihələr üzərində iş getdiyini məmnunluqla vurğulayan dövlət başçıları xüsusən qeyri-neft sahələrinin inkişafı istiqamətində əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Prezidentlər İlham Əliyev və Ro Mu Hyun Azərbaycan Respublikası və Koreya Respublikası arasında birgə bəyannamə imzalayıblar.

Bu səfərdən sonra Azərbaycan və Koreya arasında əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirən İlham Əliyev Azərbaycanın ikitərəfli münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib.

Koreyaya səfəri çərçivəsində həmçinin, İlham Əliyevə Kyunq He Universitetinin fəxri doktoru adı verilib (http://www.respublica.news.az/).

2008-ci il mayın 18-də Koreyanın Baş naziri Han Sın Su Azərbaycana rəsmi səfərə gəlib. Səfəri zamanı o, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Prezident İlham Əliyev son illər Azərbaycanla Cənubi Koreya arasında səmərəli əməkdaşlığa nail olunduğunu qeyd edib. Koreyanın Baş naziri öz növbəsində İlham Əliyevin rəhbərliyi ilə ölkədə sürətli iqtisadi inkişafın getdiyinin şahidi olduğunu vurğulayıb. O, həmçinin, ticarət sahəsində əlaqələrin son bir neçə ildə sürətlə genişləndiyini və bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Səfər çərçivəsində Azərbaycan və Koreya baş nazirlərinin iştirakı ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib. Han Sın Sun bir daha onun dövlətinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini bildirib (http://www.azerbaijan.news.az/). Hökumət başçılarının görüşünün sonunda iki respublika arasında iqtisadiyyat, sənaye, ekologiya və bir sıra mühüm sahələrə aid saziş və memorandumlar imzalanıb.

Tarixi arayış 22 may 2008-ci ildə yeniləşdirilib.