Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Bill Klinton ilə görüşü - Nyu-York, 2 fevral 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev hazırda Nyu-York-da yaşayan ABŞ-ın keçmiş prezidenti Bill Klinton ilə görüşmüşdür.

Cənab Klinton Dünya İqtisadi Forumunun Nyu-Yorkda keçirilən illik iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyevi dostcasına və səmimiyyətlə salamladı.

Amerikanın prezidenti olarkən Azərbaycan Prezidenti Heydər Əliyev ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırladığını bildirən cənab Bill Klinton həmin dövrdə ölkələrimiz arasında yaranmış dostluq, sıx əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdi.

Söhbət zamanı cənab Bill Klinton Azərbaycanda gedən proseslərə, aparılan islahatlara, respublikamızın ən ağrılı problemi olan Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması sahəsində görülən işlərə böyük maraq göstərdiyini bildirdi.

Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsi və nəqli məsələsinə ABŞ hökumətinin dəstəyindən söhbət açan cənab Bill Klinton ATƏT-in İstanbul sammiti zamanı özünün iştirakı ilə imzalanmış Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri layihəsinin həyata keçirilməsinin böyük əhəmiyyətini vurğuladı.

Prezident Heydər Əliyev cənab Bill Klinton ilə görüşündən şad olduğunu, Amerika Birləşmiş Ştatlarına səfərləri, müxtəlif beynəlxalq tədbirlər zamanı onunla görüşlərini məmnuniyyətlə xatırladığını bildirdi.

Ölkəmizdə baş verən proseslərdən danışan Prezident Heydər Əliyev Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın ərazisinin 20 faizinin hələ də Ermənistan silahlı birləşmələrinin işğalı altında qaldığını, doğma yurd-yuvasından didərgin düşmüş bir milyondan çox soydaşımızın əksəriyyətinin çadırlarda ağır, dözülməz şəraitdə yaşadığını vurğuladı, münaqişənin aradan qaldırılması sahəsində aparılan danışıqlardan bəhs etdi.

Dostluq və səmimilik şəraitində keçən söhbət zamanı bir sıra digər beynəlxalq və regional məsələlər barəsində də fikir mübadiləsi aparıldı.