Yeni Azərbaycan Partiyasının II qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 22 noyabr 2001-ci il


Hörmətli xanımlar və cənablar!

Sizi, Yeni Azərbaycan Partiyasının bütün üzvlərini, Yeni Azərbaycan Partiyasının yaradılmasının 9-cu ildönümü və partiyamızın ikinci qurultayının açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün bu salonda hökm sürən əhval-ruhiyyə, qurultaydakı məruzə və çıxışlar əyani şəkildə sübut edir ki, Yeni Azərbaycan Partiyası ötən 9 il ərzində sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus aparıcı yol tutmuş bir partiyadır.

Hesabat məruzəsində və çıxışlarda partiyamızın birinci qurultayından sonra görülən işlər haqqında müfəssəl məlumat verildi. Hesab edirəm ki, həm məruzədə, həm də çıxışlarda bu iki il müddətində partiyamızın keçdiyi yolu və əldə etdiyi nailiyyətləri təhlil olundu, bir çox təkliflər irəli sürüldü. Beləliklə, partiyamızın II qurultayının çağırılması və bu gün keçirilməsi qəbul etdiyimiz qərarın tam əhəmiyyətli və doğru olduğunu sübut edir.

Qurultay ərəfəsində Azərbaycanın bütün bölgələrində, bütün şəhərlərdə, rayonlarda Yeni Azərbaycan Partiyasının konfransları keçirilibdir. Bu konfranslarda bir çox məsələlər müzakirə edilib və lazımi qərarlar qəbul olunubdur. Ancaq son aylarda bu konfransların və onların nəticəsi olaraq indi partiyanın II qurultayının keçirilməsi Yeni Azərbaycan Partiyasının nə qüdrətə malik olduğunu, nə qədər yüksək ideallara xidmət etdiyini və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasındakı xidmətlərini Azərbaycan cəmiyyətinə, Azərbaycan xalqına, bütün ölkəyə bir daha nümayiş etdirdi.

Məruzədə və çıxışlarda çox gözəl, məzmunlu və partiyamız üçün, onun daha da sıx birləşməsi üçün, gələcək fəaliyyəti üçün dəyərli sözlər deyildi, ifadələr işlədildi, fikirlər irəli sürüldü. Mən hesab edirəm ki, partiyamızın qurultayı tam işgüzar şəraitdə keçərək, eyni zamanda partiyada mövcud olan əhvali-rihiyyəni, ruh yüksəkliyini və partiya üzvlərinin partiyaya daha da sədaqətlə xidmət etməsini bir daha göstərdi.

Mən hesab edirəm ki, partiyamız, onun yerli təşkilatları və Siyasi Şura, idarə heyəti ötən iki il ərzində böyük işlər görmüşdür. Ona görə buradakı təkliflərə mən də qoşulmuşam, deyirəm ki, partiyanın işini, partiyanın rəhbər orqanlarının işini tam qənaətbəxş hesab etmək olar.

Bizim partiya 1993-cü ildən iqtidar partiyasıdır. 1992-ci ildə Naxçıvanda ağır bir şəraitdə, böyük təzyiqlər altında biz partiyanın yaranması ilə əlaqədar xeyli işlər gördük və ilk konfrans keçirdik. O vaxt, əlbəttə ki, partiyanın yaranması yalnız ayrı-ayrı şəxslərin, bu partiyanın yaranmasında çox təşəbbüs göstərmiş insanların, o cümlədən təkcə mənim xidmətim deyildir. Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zəruriyyətdən yaranmış bir partiyadır. Biz partiyanı yaradarkən heç də düşünmürdük ki, qısa bir müddətdən sonra hakimiyyətə gələcəyik. Baxmayaraq ki, ölkəmizdəki vəziyyət - sizin hamınıza məlum olan vəziyyət bizim hamımızı düşündürürdü. Ona görə də, bir tərəfdən, biz hesab edirik ki, partiyanı yaradaraq biz xalqımıza müəyyən bir xidmət göstərə bilərik. İkinci tərəfdən də, sadəcə, ölkənin belə ağır vəziyyətində bir çox insanların ümidi, istəyi, nəhayət, bu partiyanın yaranmasına gətirib çıxardı.

Biz işə başladıq. Qısa bir zamanda, demək olar ki, Azərbaycanın əksər guşələrində partiyanın özəkləri, təşkilatları yarandı. Sizə deyim ki, mən Naxçıvanda olduğum zaman heç o qədər də bilmirdim ki, harada hansı təşkilat yaranıbdır, kimlər bu təşkilatı yaradıbdır. Yəni partiyanın yaranması o vaxt bizim əhalinin ölkəmizin düşdüyü vəziyyətdən çıxmasına olan istək və arzuları ilə əlaqədar olmuşdur. Ona görə də qısa bir zamanda bizim partiya böyüdü və genişləndi.

Amma qısa bir zamandan sonra, mənim Azərbaycanın rəhbərliyinə dəvət olunmağımla əlaqədar, parlamentə sədr seçilməyimlə və prezident seçilməyimlə əlaqədar bizim partiya iqtidar partiyası statusunu aldı. Bu gün tam cəsarətlə və böyük iftixar hissi ilə demək olar ki, 8 il iqtidar partiyası adı daşıyaraq partiyamız Azərbaycan xalqına hədsiz xidmətlər göstərmiş və xalqımızı, millətimizi, ölkəmizi o ağır günlərdən çıxarıb bugünkü vəziyyətə çıxarmışdır. Burada məruzədə, çıxışlarda partiyamızın keçdiyi yol haqqında danışıldı və 1990-1991-ci illərdən 1993-cü ilə qədər Azərbaycanın ağır vəziyyəti haqqında çox ətraflı söhbət getdi. Biz bunları unutmamalıyıq. Nəinki biz, bütün Azərbaycan xalqı, gələcək nəsillər bu dövrü unutmamalıdırlar.

Biz bu günlərdə Azərbaycanın istiqlaliyyətinin, dövlət müstəqilliyinin 10-cu ildönümünü böyük qürur hissi ilə, təntənə ilə keçirdik. Azərbaycanın bu 10 illik müstəqillik dövrünün səkkiz ili, bir az da dəqiq desək, səkkiz il yarımı indiki iqtidarın zəhməti ilə, Yeni Azərbaycan Partiyasının xidməti ilə bağlı olan bir dövrdür.

Mən dəfələrlə demişəm, bizim xalqımızda azadlıq, müstəqillik əhval-ruhiyyəsi həmişə yaşamışdır. Ancaq bizim yaşadığımız Sovet dövləti və 70 il hökm sürən kommunist ideologiyası, o dövlətin yaratdığı sistem bu istəklərin, arzuların yerinə yetirilməsi üçün heç bir imkan verməmişdir. Burada natiqlərdən biri, mənə elə gəlir ki, son çıxış edən natiq bir çox əhəmiyyətli hadisələri yada saldı və mən indi sizə danışarkən görəcəksiniz ki, biz o illər nə vəziyyətdə yaşayırdıq.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olundu. 1978-ci ildə müttəfiq respublikaların konstitusiyaları qəbul edildi. Biz iki-üç ay idi ki, öz Konstitusiyamızın layihəsini hazırlayırdıq. Orada bir maddə yazdıq ki, Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir. Ancaq nə ilə rastlaşdıq? Moskva buna etiraz etdi və bildirdi ki, bu, ola bilməz. SSRİ-də yeganə dövlət dili var və hamı bu dövlət dilindən istifadə etməlidir. Biz isə çox inadkarlıq etdik. Böyük müqavimətlərin qarşısını aldıq. Hətta mən sizə deyim ki, Moskvada bu məsələ müzakirə olunarkən bəzi müttəfiq respublikaların başçıları bizim bu fikrimizi qəbul etmirdilər. Çünki bütün müttəfiq respublikaların başçıları konstitusiya komissiyasının üzvü idilər, orada iştirak edirdilər. Onlar bu fikri dəstəkləmirdilər, qəbul etmirdilər.

Ancaq buna baxmayaraq, biz buna nail olduq və 1978-ci ildə bizim Konstitusiyamızda Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi həkk olundu. Ancaq bilməlisiniz, demək olmaz ki, Konstitusiyada qəbul etdirəndən sonra biz həqiqətən bunu dövlət dili kimi işlədə bildik. Çünki o vaxtlar, bu, sadəcə, o dövlətin sisteminə görə mümkün deyildi. Amma eyni zamanda, biz insanlarda milli şüur, milli əhval-ruhiyyə, öz dilimizə münasibət, sevgi hissiyyatları yaratdıq. Əgər çox vaxt rus dilindən istifadə olunurdusa, - burada oturanların çoxu bilir, - məsələn, mən Bakıdan çıxıb kənd rayonlarında olarkən biz bütün toplantıları Azərbaycan dilində aparırdıq. Yəni dilimizdən istifadə edirdik, amma yarımçıq istifadə edirdik. Bununla mən bir də onu təsdiq etmək istəyirəm ki, bizim xalqımızda bu arzu müstəqillik arzusu, istiqlaliyyət arzusu, azadlıq arzusu yaşayıbdır. Birində çox, birində az. Amma əksəriyyətində yaşayıbdır. Ancaq o dövrdə buna nail olmaq mümkün deyildi.

Məhz 1991-ci ildə Sovetlər İttifaqında, dünyada gedən ictimai-siyasi proseslərin nəticəsində artıq SSRİ kimi super dövlət dağılmağa məhkum oldu. O dağılan kimi, dərhal bütün müttəfiq respublikalar, biri tez, biri gec öz dövlət müstəqilliyini bəyan etdi. Azərbaycan o birilərdən gec elan etdi. Azərbaycanda bəziləri deyirlər ki, biz milli azadlıq hərəkatı təşkil etmişik, canımızı qurban vermişik. Azərbaycanın müstəqilliyinə nail olmuşuq. Birincisi, o, xalq hərəkatı idi. Kimlərsə, özləri üçün sərfəli olduğuna görə, ona milli azadlıq hərəkatı deyirlər. O, xalq hərəkatı idi. Xalq hərəkatı da Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Moskvanın və xüsusən Qorbaçovun Azərbaycana qarşı ədalətsizliyindən meydana gəlmişdi. O meydanda toplaşan adamların əksəriyyəti, oraya ancaq və ancaq Dağlıq Qarabağ məsələsinin ədalətli həll olunması üçün gəlirdilər. Ona görə bu, ümumxalq hərəkatı idi.

O da təbiidir ki, bu, bizim tariximizdə çox gözəl səhifələrdən biridir. Demək, hətta o dövrdə xalqımızın lazım olanda öz hüquqlarını, ölkəsinin hüquqlarını qorumaq üçün ayağa qalxmaq imkanı varmış. Ancaq nə qədər də o mitinqlər, filanlar olsaydı, SSRİ kimi böyük, qüdrətli dövlət, böyük hərbi potensiala malik olan dövlət heç bir müttəfiq respublikaya müstəqillik əldə etmək imkanı verməzdi. Təsəvvür edin, 20 Yanvar 1990-cı il. Ondan qabaq Azərbaycanda bir neçə dəfə fövqəladə vəziyyət tətbiq edilmişdi. 20 Ynavarda Azərbaycan dövləti tərəfindən, yəni SSRİ dövləti tərəfindən misli görünməmiş hərbi təcavüz edildi və buraya böyük qoşun kontingenti yeridildi. Günahsız insanları şəhid etdilər. Faciə baş verdi. Onda SSRİ-yə, onun rəhbərliyinə xalqın nifrəti daha da artdı. Amma xatırlayın, həmin o gün, onun sabahısı günü Azərbaycanda hökumət, dövlət bir qərar qəbul etmək əvəzinə, parlamenti - Ali Soveti toplamaq əvəzinə, sadəcə, təslim oldu. Bilirsiniz ki, yanvarın 21-22-də yalnız bir çox vətənpərvər insanların təşəbbüsü ilə Ali Sovetin sessiyası keçirildi. Qəribə hadisə idi ki, Ali Sovetin rəhbərliyi orada yox idi. Amma Ali Sovetin iclasına bizim hörmətli şairimiz Bəxtiyar Vahabzadə rəhbərlik edirdi. Niyə? Çünki qorxurdular? Çünki hesab edirdilər ki, bundan bir şey çıxmaz, özünü qorumaq lazımdır.

Bu fakt da mənim xatirimdədir. Həmin o günlər Bakıda tonqallar qalanmışdı. Təkcə Bakıda yox. Mən Moskvada idim, amma bunu bilirdim. Çoxları gətirib partiya biletlərini o tonqallara atırdı. Elədir, yoxsa yox? Mən burada yox idim. Amma Azərbaycan iqtidarı bu fürsətdən istifadə etmək əvəzinə, bir müddətdən sonra müəyyən təbliğat işi apardı, həmin o partiya biletlərini atan adamlar getdilər, partiya biletlərini götürdülər. Yəni mən sizə demək istəyirəm ki, o proseslər bax, bu cür gedibdir. Əgər SSRİ 1991-ci ilin sentyabr ayında dağılmasaydı, Azərbaycan öz dövlət müstəqilliyini əldə edə bilməzdi.

Bu, bizim üçün, necə deyərlər, Allah vergisi idi. Talenin bizim xalqımıza bəxş etdiyi bir şeydi. Biz bunu qiymətləndiririk. Bu, tarixi hadisədir. Oktyabrın 18-də Ali Sovetdə Konstitusiya aktının qəbul olunması, Azərbaycanın istiqlaliyyətinin bəyan edilməsi ölkəmizin tarixində çox böyük əhəmiyyətə malik olan hadisədir. Ancaq o zaman dağılmaqda olan SSRİ hələ ki, gücünü burada saxlayırdı. Ordu da burada idi, başqası da burada idi. Ona görə də müstəqilliyi qoruyub saxlamaq, - mən dəfələrlə demişəm, onu bəyan etməkdən çox çətin olmuşdur. Bəli, 1991-ci ilin sonundan 1993-cü ilin iyununa qədər müstəqilliyi o vaxt hakimiyyətdə olanlar yaşatdılar. Amma nə qədər faciələr, nə qədər özbaşınalıqlar oldu.

Bəziləri indi deyirlər ki, müstəqilliyi biz əldə etmişik. Əgər siz həqiqətən bu müstəqilliyi almışsınızsa, bəs bunu nə üçün qoruyub saxlaya bilmirdiniz? Nə üçün? Təxminən 1 il 6-7 ay yaşı olan müstəqil Azərbaycan dövləti artıq dağılırdı, vətəndaş müharibəsi başlamışdı. Təbiidir ki, Azərbaycanın müstəqilliyi böyük təhlükə altında idi. Sizə bunları deyərək onu bildirmək istəyirəm ki, həqiqi müstəqillik ancaq bizim partiyanın 8 il ərzində iqtidarda olaraq həyata keçirdiyi tədbirlər nəticəsində mümkün olubdur. Ona görə də biz müstəqilliyin 10-cu ildönümünü artıq dünyada tanınmış, daxildə ictimai-siyasi vəziyyəti sabitləşdirmiş, ölkəni iqtisadi, sosial, siyasi böhrandan çıxarmış və nəhayət, 1995-ci ildən başlayaraq bütün sahələrdə inkişafı təmin etmiş bir müstəqil Azərbaycan dövləti olaraq qeyd etdik. Bunlara görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası, bizim hamımız və təbiidir ki, Azərbaycanın prezidenti və partiyanın sədri müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi ağır şəraitdə inkişaf etməsinin təminatçısıdır.

Bu illər ərzində bizim partiyamız inkişaf edib, genişlənib, möhkəmlənibdir. Onun ideya səviyyəsi çox artmışdır. Buradakı yekdillik, həmrəylik, buradakı ruh yüksəkliyi buna əyani sübutdur.

Biz partiyanın birinci qurultayını iki il bundan öncə keçirdik. Birinci qurultay tarixi hadisə idi. Bəzən soruşurlar ki, nə üçün biz birinci qurultayı belə gec keçirdik? Bu, çox aydın məsələdir. Biz o partiyalardan deyilik ki, ildə üç qurultay keçirsinlər, heç bilməsinlər ki, bu qurultayları nədən ötrü keçirdilər və nə nəticə əldə etdilər. Biz partiyanı inkişaf etdirdik. Biz partiyanı genişləndirdik. Biz Azərbaycanın məsələlərinin həll olunmasında partiyanın iştirakını təmin edirdik. Ona görə də, məsələn 1995-1996-cı illərdə, ondan sonra da, YAP-ın qurultayının keçirilməsi o qədər də məqsədəuyğun deyildi.

Amma o vaxt ki, biz çox məsələləri həll etdik və partiyamız gücləndi, biz birinci qurultayı keçirdik. Onun gözəl nəticələri indi məlumdur. Partiyanın rəhbər orqanlarını seçdik. Bu gün də ikinci qurultaya gəlmişik. Məhz bütün bu görülən işlərin nəticəsidir ki, birinci qurultayla ikinci qurultay arasındakı iki il müddətində partiya böyük sürətlə inkişaf edibdir.

Burada bəyan edildi ki, partiyanın 230 min üzvü var. Ancaq mən təkcə sayı demirəm. Mən partiyanın keyfiyyətcə yüksəlməsini ən əsas nəticə hesab edirəm. Yəni, biz həm kəmiyyət haqqında, həm də keyfiyyət haqqında düşünməliyik. Keyfiyyətsiz kəmiyyət bizə lazım deyildir. Ona görə də bu 230 min üzv partiyanın böyük gücə malik olduğunu göstərir.

Burada deyildi ki, bu dövrdə bəzi adamlar partiyadan xaric oldular, bəziləri ayrı-ayrı təşkilatlarda sədrlik işini apara bilmədilər, onlar dəyişdirildilər. Bunlar hamısı təbiidir.

Partiya canlı orqanizmdir, heç kəs heç vaxt fikirləşməsin ki, bu partiyada hamı eynidir. Ola bilər, kimsə partiyaya öz şəxsi məqsədləri üçün, partiyadan istifadə etmək üçün gəlibdir. Ona görə partiya həmişə baxır, süzgəcdən keçirir, ələyir. O şəxslər ki, partiyanın tələblərinə cavab vermir, onlar bir bəhanə ilə ya özləri uzaqlaşır, yaxud da ki, partiya onlardan imtina edir. Bu barədə danışarkən mən bildirmək istəyirəm ki, bizim partiyamıza qəbul, partiyanın inkişafı çox sağlam təməllər əsasında qurulmuşdur.

Burada kimsə dedi ki, bu müddətdə partiyaya filan qədər adam cəlb edibdir. Mən bu fikirlə razı deyiləm. Biz heç kəsi partiyaya cəlb etmirik və etməyəcəyik. Bizim partiyaya üzv olan adamlar, bizim partiyaya qoşulmaq istəyənlər, bizim partiyaya gələn adamlar ancaq və ancaq öz qəlbinin, öz zehninin hökmü ilə gəlməlidir, öz könlü ilə gəlməlidir. Bilməlidir ki, bu partiya onun bütün arzu və istəklərinə cavab verən partiyadır.

Biz partiyaya yeni-yeni üzvlər qəbul edirik, ancaq partiyaya gələnləri. Partiyaya heç kəsi cəlb etmirik. Bu, bizə lazım deyil, qətiyyən lazım deyildir. Xahiş edirəm, mənim bu fikirlərimi həm partiyanın idarə heyəti, həm də partiyanın bütün yerli təşkilatları nəzərə alsınlar. Mən əminəm ki, bizim partiya getdikcə inkişaf etdiyinə görə və iqtidarın fəaliyyətindəki uğurlara görə insanlar bu partiyanın nə olduğunu daha da yaxşı anlaya bilirlər və belələri öz talelərini Yeni Azərbaycan Partiyası ilə bağlayırlar. Bizə belə sədaqətli, saf niyyətlə və saf duyğularla gələn partiya üzvləri lazımdır.

Partiyamız, onun yerli təşkilatları çox iş görüblər. Ancaq hesab etməyin ki, həm yerli təşkilatların işərisində, həm partiyanın rəhbərliyində nöqsanlar, çatışmazlıqlar, bəzən səhvlər də yoxdur. Bunlar var. Bir yerdə çox, bir yerdə az. Biz heç vaxt "Hər şey yaxşıdır", "Hər şey - urra" - belə fikirdə olmamalıyıq. Partiyada gərək elə mühit yaransın ki, yaxşı ilə pis seçilə bilsin. Fəal və passiv partiya üzvləri bir-birindən seçilə bilsin.

Kimsə, haradasa bizim partiyaya mənsubiyyətindən sui-istifadə edirsə, yaxud da ki, partiya üzvü olaraq kimsə müəyyən dövlət orqanlarında vəzifədədirsə, onların səhvlərini heç vaxt bağışlamaq olmaz. Ona görə də partiyadaxili demokratiya, fikir azadlığı mütləq təmin olunmalıdır. Heç kəs heç nədən qorxmamalıdır. İndi keçmişdəki vaxt deyildir ki, Kommunist Partiyasından kim çıxırdısa, hesab edirdilər, o, artıq ölüb getdi. Yox. Yenə də deyirəm, bu partiya könüllülər partiyasıdır. YAP qəlbən ona bağlı olanların partiyasıdır. Ona görə də gərək partiyada, yenə də deyirəm, hər bir təşkilatda partiyadaxili demokratiya bərqərar olsun. Fikir mübadiləsi olsun, fikir azadlığı olsun. Yalnız bu yolla biz partiyamızı həmişə sağlamlaşdıra, daha da mətinləşdirə, daha da gücləndirə bilərik.

Partiyamız gərək təbliğat işləri ilə də çox ciddi məşğul olsun. Azərbaycanda biz hakimiyyətə gələndən insanlar üçün tam azadlıq, sərbəstlik, o cümlədən söz azadlığı Konstitusiya ilə təmin olunubdur. Biz də bunu əməli surətdə yerinə yetiririk. Azərbaycan cəmiyyətində müxtəlif qüvvələr vardır. Bizim partiyaya, bizim iqtidara müxalifətdə olan partiyalar, yaxud qüvvələr var. Buna da təəccüb etmək lazım deyildir. Demokratik dövlətdə hamı bu cür ola bilməz. Hamı eyni fikirdə ola bilməz. Demokratiyanın əsas prinsiplərindən biri budur ki, siyasi plüralizm hökm sürsün. Biz də bunu edirik və etməyə çalışırıq.

Ona görə də Azərbaycanda bizim partiyamıza, bugünkü iqtidara müxalifətin mövcudluğu heç kəsi narahat etməməlidir. Bu, tamamilə təbii haldır. Əgər müxalifət olmasa, demokratiya da olmaz. Ancaq bunun ikinci tərəfi də var. Bizim iqtidarda çox yüksək vəzifələrdəki bəzi adamlar partiya üzvü deyillər. Təəssüflər olsun ki, onlar bu partiyanın kölgəsində, Azərbaycan prezidentinin, - bağışlayın, mən bu sözü deməyə məcburam, - kölgəsində oturublar, işləyirlər, işlərini görürlər, ancaq siyasi mübarizəyə qoşulmurlar.

Biz böyük partiyayıq. Amma bizimlə mübarizə edənlər var. Əgər ayrı-ayrı adamlar, məsələn bizim siyasi işlərdə çalışanlar bizimlə mübarizə edənlərlə məşğul olmasalar, partiyanın hər bir üzvü bunu özünün vəzifəsi kimi anlaya bilməsə, bu, əlbəttə ki, həm partiyamızı, həm də iqtidarı zəiflədəcəkdir. Ona görə də bizim partiyamızın üzvlərinin hər biri, partiya təşkilatları daim partiyamızın və iqtidarın qorunması üçün, möhkəmlənməsi üçün öz payını verməlidir, öz xidmətini göstərməlidir.

Düşünməməlidir ki, onsuz da biz iqtidardayıq, müxalifət nə edirsə-etsin. Bu, düz deyildir. Müxalifət haqqında mən bir neçə kəlmə deyəcəyəm. Bunu deyərək mən onu da nəzərə alıram ki, bizim müxalifət, - burada artıq çox deyildi, - normal müxalifət deyildir. Bizim müxalifət çox radikal, düşməncəsinə mövqelərdə duran müxalifətdir. Onlar və onlara havadarlıq edənlər çoxsaylı qəzetlər, jurnallar buraxırlar. Bu qəzetlərdə də, təbii ki, onlar özlərini təbliğ edirlər. Amma ondan da çox iqtidarı tənqid edirlər, iqtidarı təhqir edirlər, şayiələr, yalanlar, uydurmalar yazırlar və beləliklə də bizim hamımızı ləkələmək istəyirlər. Ona görə də bunlar ifşa olunmalıdır.

Müxalifət müxalifətliyini etsin, amma ona cavab verilməlidir. Özü də tutarlı cavab verilməlidir. Ancaq tək-tək adamlar yox, bizim bir neçə qəzetimiz var, təkcə onlar yox, hər kəs öz yerində cavab verməlidir.

Çünki ümumiyyətlə, bu, iqtidar-müxalifətin prinsipidir. Ancaq mən sizə deyə bilərəm ki, bizim müxalifət mənfi nöqteyi-nəzərdən dünyada bütün müxalifətlərdən fərqlidir. Heç bir ölkədə belə müxalifət yoxdur. Bunlar, üzr istəyirəm, hər bir, hətta çirkin, tərbiyəsiz yollara gedirlər, qəzetlərində təhqir edirlər. Hamıdan çox kimi? Prezidenti.

Mən bu müxalifət qəzetlərini heç oxumuram. Amma mənim işçilərim var, bəzən oxuyurlar, hərdənbir soruşuram ki, burada nə var, nə yox? Bir də görürsən ki, "Yeni Müsavat" qəzetinin bir nömrəsində on məqalə Heydər Əliyevə həsr olunubdur. Yəni Heydər Əliyevi tərifləmirlər ki? Heydər Əliyevə yaxşı adam demirlər ki? Yalanlar, uydurmalar, təhqirlər, filanlar. İndi də İlham Əliyevi hallandırmağa başlayıblar. Amma bunu elə bizim partiyanın üzvləri də oxuyurlar. Bizim iqtidarda, mənim yanımda böyük vəzifədə olan adamlar da oxuyurlar, sakit otururlar. Ancaq əgər bizim iqtidarda olan adamlardan kimsə haqqında hansısa bir uydurma, yalan yazırlarsa, o, artıq partlayır, gecə yata bilmir, nə bilim, özündən çıxır ki, niyə onun haqqında yazıblar. Təəssüflər olsun ki, bəziləri də, məsələn, yazırlar ki, filankəs prezident olacaq, filankəs Milli Məclisin sədri olacaq, filankəs filankəs olacaqdır. Əlbəttə, mən heç narahat deyiləm. Mən prezidentəm və uzun müddət prezident olacağam, narahat olmayın.

Ancaq başqa vəzifəli şəxslərin bəziləri fikirləşməyə başlayır ki, yəqin onları işdən çıxaracaqlar. Bəziləri fikirləşməyə başlayır ki, bəlkə prezidentin mənə münasibəti dəyişibdir. Bəziləri deyirlər, yox, bu, bizi təhqir etdi, filan etdi. Bilirsiniz, mən ümumiyyətlə, o qəzetlərdə dərc olunan təhqirləri, yalan şayiələri, uydurmaları və bu kimi məqalələri - mənəviyyatsız, tərbiyəsiz insanlar tərəfindən yaradılan məqalələri mənəviyyatsız, tərbiyəsiz məqalələr kimi qəbul edirəm.

Dünən "Müsavat" qəzetində yazıblar ki, Heydər Əliyevin səhhətində problemlər var, qurultayda iştirak etməyəcək, çıxış etməyəcək, filan. Ay vicdansızlar. Heydər Əliyev 18 oktyabrda, Azərbaycanın müstəqilliyinin 10-cu ilində burada, bu kürsüdən iki saat nitq söyləyibdir. Ondan bir as sonra, noyabr ayının 9-da dünya azərbaycanlılarının iki gün keçən qurultayında iştirak etmişəm və bir saat yarım nitq söyləmişəm. Bu gün də sizin qarşınızdayam. Qoy bunu görsünlər, eşitsinlər. Mən bunları deyərək, əsas fikri bir də izah etmək istəyirəm ki, bax, belə bir qeyri-normal müxalifət və müxalifət qəzetləri olduğu halda, belə dağıdıcı, yalançı, böhtançı yazılar getdiyi halda, gərək hamımız mübarizədə olaq. Mən mübarizədəyəm. Hamısının cavabını necə lazımdır, verirəm. Amma o yazıların da heç birinə fikir vermirəm. Çünki hamısı yalandır, nəyinə fikir verəcəyəm? Əgər məni bir şey narahat edərdisə, izahat verərdim, bəli, məni narahat edir. Amma neçə ildir ki, bu yalanları yazırlar, yazırlar, yazırlar. Mənə belə gəlir ki, elə ömürlərinin axırlarına qədər yazacaqlar və bəlkə o dünyada da yazacaqlar.

Mən sizin hamınızı - həm burada oturanları, həm orada oturanları, həm də bizim bütün partiyanı siyasi mübarizədə iştirak etməyə, onlara tutarlı cavablar verməyə, onların çirkin hərəkətlərini ifşa etməyə dəvət edirəm. Bunlar sizin hamınızın borcudur.

Siyasi məsələ haqqında danışarkən bir məsələyə toxunmaq istəyirəm. Bizim partiyamızda əsasən çox yüksək səviyyəli insanlar vardır. Burada deyildi, alimlər-professorlar, akademiklər, sadəcə, çox ağıllı adamlar, mütəxəssislər vardır. Ona görə ümumiyyətlə, bizim partiyanın say tərkibi, yəni ümumi tərkibi intellektual nöqteyi-nəzərdən çox yüksəkdir və heç bir partiya bununla müqayisəyə gələ bilməz.

O biri partiyalarda 3-4 adam var. Guya onların başçılarıdır. Onlar da siz bilirsiniz də... Bu barədə danışmaq istəmirəm. Amma qalan kim var, heç bilinmir. Azərbaycan cəmiyyətinin qaymağı bizim partiyadadır. Ancaq bu, o demək deyil ki, biz elə durduğumuz yerdə durmalıyıq. Bizim partiyada gərək partiya üzvlərinin siyasi, iqtisadi və bütün beynəlxalq məsələlərlə əlaqədar, başqa məsələlərlə əlaqədar bilikləri, səviyyələri get-gedə artsın. Heç kəs yerində donub dura bilməz. Kim ki, donur, o, artıq cəmiyyət üçün o qədər də lazım deyildir. Hər kəs inkişafda olmalıdır. Bizim partiyanın üzvləri də daim inkişafda olmalıdırlar. Əgər o, bu gün böyük bir işi bilən adamdırsa, alimdirsə, gərək sabah ondan da yüksək alim olsun, yaxud ondan da yüksək mühəndis olsun, ondan da yüksək aqronom olsun, ondan da yüksək ticarətçi, biznesmen olsun və sair. Ona görə də mən hesab edirəm ki, bu qurultaydan sonra bizim partiyanın konkret iş planında bu məsələləri mütləq qeyd etmək lazımdır.

Burada məruzədə və çıxışlarda Yeni Azərbaycan Partiyasında gənclərin tutduğu yer haqqında məlumatlar verildi. Bu, təbii bir şeydir. Həyat inkişaf edir, nəsillər nəsilləri əvəz edir. Naxçıvanda bizim partiyanı yaradanlar, - mən bunu demişəm, indi də deyirəm, - partiyanın veteranlarıdır, partiyanın qızıl fondudur. Bizim partiyada bunlara həmişə hörmət olmalıdır və onların xidmətləri həmişə yüksək qiymətləndirilməlidir. Əgər partiyaya sonra gələnlər olmasaydı, bizim partiyanın 230 min üzvü olmazdı. Əlbəttə ki, kim qəlbinin hökmü ilə, könüldən bizim partiyaya gəlibdir, onların hamısı qiymətlidir. Amma eyni zamanda, gərək partiyada gənclərin sayı daha da artıq olsun. Çünki gənclər bu partiyada bişməlidirlər.

Məsələn, burada universitetdən çıxış edən tələbə dedi ki, 1992-1993-cü illərdə mənim 10 yaşım var idi. Doğrudan da belədir. Bu gün 20 yaşı olan adamın, yaxud 18 yaşı olan adamın 1991-1993-cü illərdə 10 yaşı var idi. O vaxtkı ictimai-siyasi vəziyyəti bizim kimi bilməzdi. Mən bəzən tarixin çox şeylərindən gördüklərimi deyirəm. Ona görə ki, mən bu illəri yaşamışam, çox şey görmüşəm, çox məsələlərlə rastlaşmışam. Əlbəttə, bu qədər həyat sürərək mən hər şeyi görmüşəm və hər şeyi də qiymətləndirə bilirəm. Amma bu gənc, hansı ki, SSRİ dağılanda onun 10 yaşı var idi, indi 20 yaşı var, onun keçmiş dövr haqqında məlumatı yoxdur. Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövrdən keçməsindən onun məlumatı yoxdur. Ona görə mənə belə gəlir ki, birincisi, gənclər bizim partiyanın sıralarında xüsusi qayğıya malik olmalıdırlar. Onlara qayğı göstərmək lazımdır. İkincisi, gənclər arasında geniş işlər apararkən onlara partiyanın nizamnaməsini, onun vəzifələrini və partiyanın apardığı işi izah etmək lazımdır. Bu halda, əlbəttə ki, gənclər bizim partiyamızı daha yaxşı tanıyacaq. Və doğrudan da, partiyamızı yaxşı tanısalar, sevsələr, ona doğru can atsalar, onda onlar bizim sıralarımıza qatılacaqlar.

Hesab edirəm ki, bizim partiyamızın yaxşı gələcəyi var. Çünki indi partiyamızda üzv olan, həm də gələcəkdə üzv olacaq gənclərin hamısı bizim gələcək nəsillərimizdir. Onlar Naxçıvanda əsası qoyulan işlərin davamçıları və 1993–cü ildən hakimiyətdə olan partiyamızın həyata keçirdiyi işin davamçıları olmalıdırlar. Hesab edirəm ki, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanı fəlakətlərdən qorusunlar. Onlar düzgün, doğru yolla milli hisslər yolu ilə getməli və partiyamıza sadiq olmalıdırlar.

Sevindirici haldır ki, qadınlar partiyamızda əhəmiyyətli yer tuturlar. Qadınlar cəmiyyətdə mühüm, həlledici amil təşkil edirlər. Deyirlər ki, çox insanlar, kişilər qadınlardan qorxurlar. Yəqin ki, burada iştirak edənlər arasında da belələri var. Niyə, nə üçün qorxurlar? Qadınlar hər zaman ailənin sağlam olmasının qayğısına qalırlar. Qadınların çoxu ailələrinin mənəvi dəyərlərini qoruyurlar. Lakin elələri də var ki, bunu etmirlər. Qadın ailənin dayağı, ocağın qoruyucusudur. Buna görə də bütün qadınlar cəmiyyətdə çox mühüm rol oynayırlar. Nəinki dövlət işlərində, biznesdə, ya da başqa işlərdə. Qadın öz ailəsini qoruyur, ailəsi ilə məşğul olur. Onun vəzifəsi odur ki, uşaqları sağlam böyüsünlər, əri spirtli içkilərə qurşanmasın, pis yola düşməsin. Bütün bunlar qadının ailədə rolu haqqında xəbər verir.

Bunları deyərkən, mən bir daha da qadınların bizim üçün necə də əziz olduqlarını qeyd etmək istəyirəm. Bununla yanaşı, öz istəyi ilə bizim partiyamızın sıralarında olan qadınlarımız bizə çox əzizdir. Çünki siyasi işlərlə bizdə əsasən kişilər məşğul olur. Başqa partiyaların tərkibində də həmişə belə olmuşdur. Lakin bizim partiyamızda qeyd edilən tərkibdə qadınların olması ondan xəbər verir ki, bizim partiya cəmiyyətin müxtəlif təbəqələrini təmsil edir.

Partiyamızda, yerli təşkilatlarda qadınlara xüsusi qayğı göstərilməlidir. Onların problemləri ola bilər, biz onları mütləq həll etməliyik. Onlara kömək etmək lazımdır. Təbiidir ki, bütün bunlar ona kömək edəcək ki, qadınlar - partiyamızın üzvləri - partiyamıza daha da sadiq xidmət edəcəklər.

Beləliklə, bizim partiyanın mənzərəsini bu gün həm məruzədə, çıxışlarda dedilər, həm də mən öz nitqimdə bildirdim və qarşımızda duran vəzifələr haqqında da danışdım. Biz ötən səkkiz ildə Azərbaycanda böyük sınaqlardan, - bilirsiniz, 1993-cü, 1994-cü, 1995-ci illərdə dövlət çevrilişinə cəhd, ondan sonra mənə qarşı terror, raketlə təyyarənin vurulması, körpünün partladılması cəhdləri, başqa şeylər keçdik və dövlətimiz möhkəmləndi. Bizim dövlətimiz, həm iqtidar, həm də partiyamız məhz bu cür şər, cinayətkar qüvvələrlə, xalqımıza qarşı xəyanətkar olan qüvvələrlə mübarizədə möhkəmləndi. Ancaq bizim əsas məqsədimiz ondan ibarət olubdur ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirək və inkişaf etdirək. Biz bunu etmişik və artıq Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir. Ancaq bunun üçün çox işlər görmək lazım idi. Təkcə elə deyəsən ki, biz dövlət müstəqilliyini möhkəmləndiririk... Nə cür möhkəmləndirirsən? Nə edirsən? Biz iftixar hissi ilə deyə bilərik ki, 1993-cü ilin o ağır böhran dövründən ölkəmizi çıxardıq və böhran vəziyyətini ləğv etdik, ictimai-siyasi sabitlik yaratdıq və onu qoruyuruq. Baxmayaraq ki, daxilimizdə olan guya bəzi siyasi partiyalar, qruplar, filanlar demokratiya pərdəsi altında ictimai-siyasi sabitliyi pozmaq istəyirlər, amma bu, onlara müyəssər olmayacaqdır. Heç kim bunu poza bilməyəcək, Azərbaycanda ictimai-siyasi sabitlik, insanların rahat yaşaması, insanların əmin-amanlığı daimi olacaqdır.

Ancaq bunlar hamısı vasitədir. Əsas vəzifəmiz isə Azərbaycanın dövlət quruculuğudur. Azərbaycanda keçirilən islahatlardır - siyasi, iqtisadi, sosial və başqa islahatlardır. Yəni Azərbaycanı tutduğu yol ilə, demokratiya yolu ilə, bazar iqtisadiyyatı yolu ilə ardıcıl surətdə inkişaf etdirməkdən ibarətdir. Biz burada da çox şeylərə nail olmuşuq.

Biz bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıbdır. Dünya standartlarına yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıbdır. Budur bizim nailiyyətimiz. Bu, nə təhər deyərlər, təkcə bir çərçivədə olan məfhum deyildir. Bu, bütün sahələrdə özünü göstərir. Bizim Konstitusiyamız, qəbul etdiyimiz qanunlar, onların icrası, cəmiyyətə bütün sahələrdə verilən azadlıq, sərbəstlik - bunlar hamısı bizim dövlətçilik anlayışımızın tərkib hissələridir.

Mən dedim ki, bir çox sahələrdə, yəni bütün sahələrdə islahatlar apardıq və bunlar öz nəticəsini verir. Bu onu göstərir ki, Azərbaycanın müstəqilliyini elan edəndən sonra bəyan etdiyi demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat, dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya prinsiplərinə biz həm başlamışıq, həm də böyük nailiyyətlər əldə etmişik və elə yola çıxmışıq ki, artıq bundan sonra daha da sürətlə irəliləyəcəyik.

Azərbaycanda müxalifətdə olan partiyalar daim demokratiya haqqında danışırlar. İndi hamısı, hərə özünə bir demkonqres yaradıbdır. Burada bir demkonqres, orada o biri demkonqres, sabah üçüncü demkonqres də yaranacaqdır. Sən hələ Azərbaycan üçün bir iş görməmisən. Azərbaycanda demokratiyanı yaradan, inkişaf etdirən biz, Azərbaycanda islahatları həyata keçirən biz, Azərbaycanı dünyada tanıdan biz, bütün azadlıqları verən biz, indi necə oldu ki, siz demokrat oldunuz, iqtidar və Yeni Azərbaycan Partiyası antidemokrat oldu? Mən deyirdim ki, mübarizə apararaq, bax, bunları ifşa etmək lazımdır.

Bilirsiniz, adam özünə istədiyi adı qoya bilər - Həsən də, Hüseyn də, Məmməd də, Şirməmməd də, Aslan da. Bu, insana xas olan şeydir. Ancaq təbiidir, siyasi partiya özünə ad qoyur, amma ondan savayı, özünü hansısa bir mütərəqqi işin aparıcısı hesab edir.

Bizdə isə bu, ona bənzəyir ki, heç bir şey etməyəsən, amma deyəsən, bunu da mən etdim, onu da mən etdim, başqasını da mən etdim. Azərbaycanda həqiqi demokratiya yaranıbdır, onu yaradan da Azərbaycanın iqtidarıdır, onun prezidentidir, Yeni Azərbaycan Partiyasıdır və biz heç bir demkonqres tanımırıq.

Demokratiyanın prinsipləri nədən ibarətdir? Siyasi plüralizm, söz azadlığı, vicdan azadlığı, sərbəst iqtisadiyyat, hər bir insanın azad olması, demokratik seçkilərin keçirilməsi, demokratiya prinsipləri əsasında dövlət təsisatlarının yaranması və müxtəlif islahatların həyata keçirilməsi. Demokratiya mücərrəd anlayış deyildir, bunlardan ibarətdir. Biz bunları etmişik və edirik. Əgər biz bunları etməsəydik, Azərbaycan ötən dövrdə ağır vəziyyətdən çıxıb indi bu səviyyəyə qalxa bilərdimi? Ona görə həqiqi demokratiya iqtidarın yaratdığı demokratiyadır. Həqiqi demokratiya Yeni Azərbaycan Partiyasına mənsubdur.

Müxalifətdəkilər indi demokratiya pərdəsi altında nə edirlər? Dedim, qəzetlərdə yazırlar, çalışırlar özlərinə tərəfdarlar toplasınlar. Bu da mümkün deyildir. Burada Qusar rayonundan çıxış edən nümayəndə çox gözəl sözlər danışdı. Mən çox faktlar deyə bilərəm. Amma mən 1993-cü ildə buraya gələndə - bizim o nümayəndə yəqin ki, onların şahidi olubdur - Qusarda nə vəziyyət var idi. Oraya bir icra hakimiyyəti başçısı qoymuşdular. O, gah Rəhim Qaziyevə xidmət edirdi, gah o birilərinə xidmət edirdi və eyni zamanda orada qeyri-sağlam əhval-ruhiyyə getdikcə güclənirdi. Orada çox gərgin vəziyyət yaranmışdı. 1993-cü ildə, cəmi bir ay idi ki, mən buraya gəlmişdim. Zuxul və Piral kəndlərində böyük bir hadisə baş verdi. Əlbəttə ki, hadisə Azərbaycanı parçalamaq, separatçılıq əhval-ruhiyyələri ilə bağlı idi.

Mən Qusardan gələn bizim nümayəndə ilə yüz faiz razıyam, onların ən böyük səhvlərindən biri o oldu ki, Azərbaycan millətini, yüz illərlə formalaşmış Azərbaycan millətini parçalamağa başladılar - bunlar türklərdir, o birisilər kürdlərdir, ləzgilərdir, avarlardır, talışlardır, filandır, filandır, filandır. Amma, demək, Azərbaycanın nə təhər deyərlər, böyük elitası bunlardır. Bundan da dəhşətli şey yoxdur və bu, Azərbaycanın parçalanma vəziyyətinə düşməsinin əsas səbəblərindən biri olmuşdur. Biz bunları aradan götürdük.

Mən bu gün deyirəm ki, Azərbaycan xalqı vahid xalqdır. Azərbaycanın dövlət siyasəti azərbaycançılıq əsasında qurulubdur. Biz hamımız, hansı bölgədən olmağımızdan asılı olmayaraq, azərbaycançı kimi onillərlə, yüzillərlə belə böyümüşük. Heç vaxt deməmişik ki, bunun kökü nədir, onun kökü nədir. Azərbaycanda yaşayan insanların hamısı - mən xristisanları demirəm - həmişə özünü azərbaycanlı hesab ediblər. Onlar həqiqətən, azərbaycanlıdırlar və hamımız birlikdə ən əsas məqsədimiz - azərbaycançılığı möhkəmləndirmək, qorumaq və bütün Azərbaycan xalqını, Azərbaycan əhalisini bunun ətrafında birləşdirməkdir.

Mən dedim, müxalifətin fəaliyyəti bir qəzetlərdədir, bir də mitinqlər keçirmək istəyirlər. Keçirirlər bəzən 500 adam yığırlar, bəzən nə bilim, neçə adam yığırlar.

Xatirimdədir, 1993-cü ildə siz məni buraya dəvət etdiniz, xalq da dəvət etdi. Amma həqiqətən, o vaxtkı mərhum prezident mənə dörd gün telefon açdı, məni dəvət etdi. Parlamentin sədri, baş nazir məni dəvət etdilər. Amma mən gəlmək istəmirdim. Bu hadisələr məlumdur, gəldim, parlamentin sədri seçildim. Bir gün prezidentin, mərhum Əbülfəz Elçibəyin yanında idim. Azərbaycanda ağır vəziyyət idi, Surət Hüseynov da oradan ordusu ilə artıq Bakıya gəlirdi.

Onlar Prezident sarayının qarşısında mitinq keçirmək istəyirdilər. Mən bunu bilmirdim, prezidentin yanında oturmuşdum. Gəldilər, dedilər ki, bəy, mitinqə toplaşıblar, sizi gözləyirlər. Mən onun otağında, kabinetində idim, pəncərədən baxdım, gördüm, orada cəmi 200-300-400 adam var, hamısı da hərbi formada. Nə mitinq var, nə vətəndaşlar var. Bax, onların mitinqi bu idi. İndi döşlərinə çox döyürlər ki, Azadlıq meydanında bir milyon adam yığılırdı. Bəli, yığılırdı, amma sizə görə yox. Siz Azərbaycanda böhran yaradanda heç kəs sizi dəstəkləmədi, heç kəs gəlmədi.

Biz də mitinq keçirmişik. Nə vaxt? 1994-cü ilin oktyabr ayında Surət Hüseynov və OMON-un başçısı gedib bizim prokurorluğu zəbt etmişdilər. Onlar bir yerdə hərəkət edirdilər. Surət Hüseynov da hakimiyyəti ələ keçirmək istəyirdi. Gəncədə bir çox şeyləri almışdı. Mən indi həqiqəti sizə deyirəm, o vaxt mənim əlimdə ordunun böyük hissəsi yox idi, ayrı-ayrı adamların əlində, o cümlədən Surət Hüseynovun əlində idi. Mən çox vasitələrdən istifadə elədim. Surət Hüseynovu çağırdım, dedi, mən bilirəm. Sonra ikinci dəfə çağıranda yox oldu, onu beş-altı saat tapa bilmədim. Amma artıq Gəncədə çox şeyi əllərinə keçirmişdilər. Mən axşam saat 10.00-da camaata müraciət etdim. İki saatın içində Prezident sarayının qarşısında yüz minlərlə insan toplaşdı. Mən baxırdım, bəzi qoca qadınlar, gənc qadınlar qucağında südəmər uşaqla gəlmişdilər. Hətta mən bir uşağı alıb öpdüm, yadımdadır. Orada kimlər yox idi. Mən mitinq etmədim, sadəcə, xalqa müraciət etdim. Dedim ki, dövlətçilik təhlükə altındadır, xahiş edirəm, Prezident sarayının ətrafına toplaşasınız. Bununla da onların qarşısını aldıq.

Xatirimdədir, sabahısı gün Azadlıq meydanında təkcə Bakıdan yox, başqa yerlərdən bir milyondan artıq insan toplaşdı. Bəli, biz orada mitinq etdik. Amma başqa mitinqə ehtiyacımız yoxdur. İndi siz, müxalifət gedib 500-600, 1000-2000 adam yığıb mitinq etməklə nə istəyirsiniz, nə deyirsiniz? Şüarlar nədir: çörək, xalq səfalət içindədir, bir az da Qarabağ məsələsini çox hallandırırlar. Onların tələbləri bunlardır.

Yaxşı xatirinizdə deyilmi ki, həmin 1992-1993-cü illərdə burada çörək yox idi? Bunu unutmusunuz? İndi Azərbaycanda çörək doludur, o yer yoxdur ki, çörək olmasın. Əlbəttə, bəzi adamlar var ki, kasıbdırlar, çox şeyləri ala bilmirlər. Amma hamısı çörəyi alır.

Müxalifət deyir ki, bu iqtidar heç bir iş görməyibdir. Mən dövlətçilik barəsində gördüyümüz işlər haqqında danışdım. Ancaq mən sizə iqtisadiyyat sahəsində əldə olunan nailiyyətlər haqqında bir neçə məlumat verirəm ki, həm özünüz biləsiniz, həm də siz bunlardan siyasi mübarizədə istifadə edə biləsiniz. Təəssüf ki, bizim adamların çoxu bu konkret rəqəmləri bilmir və onlardan istifadə etmir.

1991-1995-ci illərdə ümumi daxili məhsul 58 faiz, sənaye məhsulu 67 faiz, kənd təsərrüfatı məhsulu 48 faiz azalmışdı. Təsəvvür edin. Ancaq 1996-2001-ci illərdə ümumi daxili məhsul üzrə artım 55 faiz olubdur. Təsəvvür edin, ondan qabaqkı beş il ərzində 58 faiz azalmış, amma sonrakı beş il ərzində 55 faiz artmışdır. Sənaye məhsulu təxminən 20 faiz artıbdır. Kənd təsərrüfatı məhsulu üzrə, demək olar ki, 40 faiz artım var. Əmtəə dövriyyəsi 2 dəfə artıbdır. Bizim gördüyümüz işlər, budur. Hamısı statistikadadır, həm bizim dövlət statistikasında, həm də bütün dünyada maliyyə mərkəzlərində olan rəqəmlərdir.

Kapital qoyuluşunun həcmi 1991-1995-ci illərdə 43 faiz azalmışdır. 1996-2001-ci illərdə isə 4 dəfə artmışdır. Təsəvvür edin. Əgər 1991-1995-ci illərdə inflyasiyanın səviyyəsi ildə 14-18 dəfə, yəni 1800 faiz artırdısa, 1996-2001-ci illərdə, yəni beş ildə artım cəmi 16 faiz olmuşdur. Yəni, demək olar ki, inflyasiya yoxdur və bu 16 faiz də tamamilə təbiidir. Bu, maliyyə sistemində olan təbii bir şeydir. Azərbaycan MDB ölkələri içərisində, demək olar, yeganə ölkədir ki, artıq 5-6 ildir biz inflyasiyanın qarşısını almışıq.

İnflyasiya nə deməkdir? İnflyasiya artanda pul qiymətdən düşür, alıcılıq qabiliyyəti azalır. Məsələn, indi biz çox böyük ürək ağrısı ilə müşahidə edirik ki, Türkiyədə böyük inflyasiya oldu və bu, dərhal iqtisadiyyata böyük təsir göstərdi. Amma bizdə inflyasiya yoxdur.

Biz konkret olaraq hansı sahədə nələr əldə etmişik? Məsələn, kənd təsərrüfatında biz 1995-1996-cı illərdən torpaq islahatı keçirdik. O vaxt bu, bizim üçün cəsarətli addım idi. Çünki MDB ölkələrinin heç birində torpaq islahatı keçirilməmişdir və çoxunda bu günə qədər də aparılmamışdır. Bəzilərində kolxozlar, sovxozlar var, bəzilərində torpağı 20, 30 illiyə icarəyə verirlər. Amma biz nə etdik? Biz bu islahatla torpağı kəndlilərə verdik. Çünki biz inanırıq ki, kənd təsərrüfatını ancaq bu yol ilə inkişaf etdirə bilərik və etdiririk.

İndi təsəvvür edin, 1995-2001-ci illərdə taxıl yığımı 2 dəfə artmışdır. Bu il 2 milyon tondan çox taxıl yığılmışdır ki, bu da rekord göstəricidir. Kartof istehsalı 3,9 dəfə artmış, 605 min ton olmuşdur. Mən keçmişdə burada işləyən adam kimi deyə bilərəm ki, biz 1970-ci illərdə cəmi 100 min ton kartof istehsal edə bilirdik və qalanını xaricdən alırdıq. İndi isə, dediyim kimi, 600 min tondan çox kartof istehsal edilib və bu da 1995-ci ilə nisbətən 3,9 dəfə artım deməkdir.

Tərəvəz istehsalı 2,1 dəfə artmış, 880 min ton olmuşdur. Bu da rekord göstəricidir. Kartof istehsalı da rekord göstəricidir. Bostan məhsulları 6,9 dəfə artmışdır. Təsəvvür edin, 6,9 dəfə artmışdır. Bu da rekord göstəricidir. Meyvə-giləmeyvə 1,5 dəfə artmışdır. Ət istehsalı 40 faiz, süd istehsalı 1,3 dəfə artmışdır. Bunlar da rekord göstəricilərdir. Heç biri indiyə qədər olmamışdır. Beləliklə, biz kənd təsərrüfatında nə qədər böyük nailiyyətlər əldə etmişik. Çörək, ərzaq dediyimiz şeylər, bunlardır.

Burada iki böyük nəticə var. Birincisi, kəndli torpağının sahibidir, işləyir, məhsul istehsal edir, satır, qazanır. İkincisi, respublikamız lazım olan ərzaq malları ilə təchiz olunur. Biz indi xaricdən ət, kartof, başqa şeylər gətirmirik. Daxili məhsul hesabına yaşayırıq. Məhz buna görədir ki, kənd yerlərində - burada kənd yerlərindən gələnlər var, onlar mənim dediyimi təsdiq edərlər - böyük tikinti işləri gedir, evlər tikilir, abadlıq işləri gedir.

Məsələn, Qarabağda Daş karxanası var, mənə deyirlər ki, oradan 400 kilometr məsafəyə mişar daşı aparırlar ki, ev tiksinlər. Birincisi, baxın, bu daşın qiyməti, ikincisi, onun nəqliyyat xərci. Üçüncüsü də, təkcə daş deyil ki, başqa şeylər də var. Demək, bunlar hamısı kəndlinin rifah halının yaxşılaşmasını göstərir. Doğrudur, ola bilər, rayon mərkəzlərində, torpaqla əlaqədar olmayan sahələrdə belə deyildir. Ancaq bu da bizim günahımız deyil, bazar iqtisadiyyatı belədir ki, kim çalışır, iş görür, qazanır və təbii ki, nəticəsini də götürür.

Heyvandarlıq məhsulları istehsalının həcmi 1996-cı ildən başlayaraq ildə orta hesabla 4-5 faiz artmışdır. Məsələn, mən sizə bir problem barədə deyim. Biz 1970-ci illərdə maldarlıqla məşğul olurduq. Nə qədər çalışırdıq ki, - kənd yerindən olan adamlar yəqin məni daha yaxşı başa düşərlər, - qaramalda inəklərin sayını 25 faizə çatdıraq. Çünki inək süd verir, inək doğur, bala verir. Demək, qaramalın sayını artırır. Amma 25 faizə çatdıra bilmirdik. 23-24 faiz ən yüksək göstərici olurdu.

İndi qaramalın sayı 2 milyon başı keçibdir və onun tərkibində məhsuldar heyvanların, yəni inəklərin xüsusi çəkisi, demək olar ki, 50 faiz təşkil edir. Biz o vaxt 25 faizə çatdıra bilmirdik, indi 50 faiz təşkil edir. Çünki o vaxt kolxozda biri yeyirdi, biri oğurlayırdı, digəri yaxşı baxmırdı. Çünki onun şəxsi malı deyildi. Amma indi onun şəxsi malıdır. Ona görə də çalışır, həmin məhsuldarlığa da nail olur.

Bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biri investisiya qoyuluşudur. Həm xarici investisiya, həm də daxili imkanlardan investisiya qoyuluşudur. 1995-2001-ci illərdə iqtisadiyyata 37 trilyon manatdan çox, yəni 9 milyard dollar investisiya qoyulmuşdur. Bunun 27 milyon manatı və ya 6 milyard dollardan çoxu, yəni 70 faizi xarici investisiyanın, qalanı isə daxili investisiyanın payına düşür.

Bilirsiniz, nə edirsən, müxalifətin xoşuna gəlmir. Nəinki xoşuna gəlmir, pisləyir. Biz neft müqavilələrini imzalamağa başlayanda onlar deyirdilər ki, "ay, bizim sərvətlər dağıdılacaqdır". Bəziləri də, - sizə məlum bir şəxs var, indi Amerikada cürbəcür çirkin işlərlə məşğul olur, - buna mane olurdular.

Neft müqavilələrini bağladıq. Onların nəticəsini görürük. Burada artıq deyildi ki, biz iki kəmərlə nefti ixrac edirik. Neçə illərdir Bakı-Tbilisi-Ceyhan kəməri üzərində işləyirdik. Onu da reallaşdırdıq. İndi qaz hasil edib Türkiyəyə ixrac edəcəyik. Bunlar reallıqdır, göz qabağındadır. Bunları inkar etmək mümkün deyildir. İndi nə deyirlər? Deyirlər ki, bilirsinizmi, hər şeyi neft sektoru ilə bağlamaq lazım deyil, başqa sektorlara da baxmaq lazımdır. Bunu deyənlər heç bilmirlər ki, iqtisadiyyat nədir? Sektor nə deməkdir? Yaxşı, mən ömrümün 50 ilini bu işə həsr etmiş adam, bilmirəm ki, hansı sektor nədən ibarətdir və nə etmək lazımdır? Deyə bilərəm, həmin dövrdə - 1991-2001-ci illərdə neft sənayesində 3,5 milyard dollar xarici investisiya qoyulubdur. Digər sahələrə isə 2,5 milyard dollar investisiya yönəldilibdir. Deməli, neft sənayesinə qoyulan investisiya 58 faiz, digər sahələr isə 42 faiz təşkil edir. Yaxşı, neft sənayesi ilə heç bir şey müqayisə oluna bilməz. Amma görün, biz qeyri-neft sektoruna 42 faiz investisiya qoymuşuq. Bu da getdikcə artacaqdır, hələ inkişaf edəcəkdir.

Bizim iqtisadiyyatımızın çox ümumiləşdirilmiş göstəriciləri var. Biz bazar iqtisadiyyatına keçdiyimizə görə özəl sektoru inkişaf etdiririk. Bunun da əsasında özəlləşdirmə proqramının, torpaq islahatının, maliyyə sahəsində islahatların həyata keçirilməsi durur. Bunun nəticəsində ümumi daxili məhsulun 68 faizi iqtisadiyyatımızın özəl sektorunun payına düşür. Təsəvvür edin, sənayedə istehsalın 44 faizi, kənd təsərrüfatında istehsalın 99 faizi özəl sektora mənsubdur. Ticarətdə özəl sektorun payı 98 faiz, tikintidə isə 64 faizdir. Yükdaşımaların 54 faizi özəl sektora aiddir. Sərnişin daşımalarında özəl sektorun payı 83 faiz, rabitədə isə 61 faizdir. Bizim əldə etdiyimiz nəticələr, iqtisadi siyasətimizin bəhrələri bunlardır.

Bizim dövlətimizin siyasəti iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, birinci növbədə sosial problemləri həll etməkdən ibarətdir.

1996-2001-ci illərdə işləyənlərin orta aylıq əmək haqqı 4,3 dəfə, pensiyaların orta aylıq məbləği 4 dəfə artmışdır. İndi bir işçinin orta aylıq nominal əmək haqqı 257 min manatdır. Bu da 55 Amerika dolları təşkil edir. Amma 5-6 il bundan əvvəl bu rəqəm heç 10 dollar da təşkil etmirdi.

2001-ci ilin on ayında isə əhalinin pul gəlirləri 10,7 faiz artmışdır. Əgər 1990-cı illərin birinci yarısında əhalinin real pul gəlirləri, inflyasiyanı nəzərə almadan, 3 dəfə azalmışdısa, sonrakı beşilliyin əvvəlindən bu günədək 3 dəfə artmışdır. Əli Həsənov burada dedi, məcburi köçkünlərə yemək xərci təkcə 2000-ci ildə, bir ilin içərisində 3 dəfə artırılmışdır. Bir göstərici də var, bunu bir dəfə demişəm, amma bir də deyəcəyəm. Bunların hamısı ondan ötrüdür ki, insan normal yaşasın, əhali artsın, insanın ömrü uzansın. İndi deyə bilərəm ki, bu müddətdə əhalinin orta ömür müddəti 2,5 il artmışdır. Orta hesabla ömür 2,5 il uzanmışdır. Məsələn, əgər biri 60 yaşında ölürdüsə, indi 62-63 il ömür sürür. Bunu bir qədər loru dildə deyirəm ki, hamı başa düşsün. Kişilərin ömrü qadınlara nisbətən bir qədər çox uzanmışdır.

Ən vacib göstəricilərdən biri, hesab edirəm ki, uşaq ölümü əmsalının 2 dəfəyə yaxın azalmasıdır. Hər bir ölkədə uşaq ölümü, körpə uşaqların ölümü həmişə çox böyük narahatlıq törədir. Biz SSRİ vaxtında da həmişə bu göstəriciyə baxırdıq və bəzi respublikalarla müqayisə edirdik. İndi ölkəmizin bu ağır, çətin dövründə, - bunu həqiqətən demək lazımdır, - əgər uşaq ölümü əmsalı 2 dəfəyə yaxın azalmışsa, bu, çox gözəl göstəricidir.

Xarici ticarət… Biz 120 ölkə ilə ticarət aparırıq. 1995-2000-ci illərdə xarici ticarət dövriyyəmiz 2,2 dəfə artmışdır. İndi 2,9 milyard ABŞ dolları təşkil edir. O cümlədən ixrac 2,8 dəfə, idxal 1,7 dəfə artmışdır. Bu nə deməkdir? Əgər əvvəlki illərdə biz daha çox idxal və daha az ixrac edirdiksə, indi idxal azalıb, ixrac çoxalıbdır. Bu, ümumiyyətlə, ticarət dövriyyəsində ən əsas göstəricilərdən biridir. Daxili istehsalın inkişafı nəticəsində idxalın strukturunda ərzaq məhsullarının payı azalır, investisiya yönümlü malların, maşın və avadanlığın payı isə artır. Təsəvvür edin, bizim xaricdən ərzaq almağa ehtiyacımız get-gedə azalır. Eyni zamanda idxalın içərisində maşın və avadanlığın həcmi artır. Deməli, bu da onu göstərir ki, bizdə istehsal yaranacaqdır, ölkəmizdə insanlar üçün iş yerləri açılacaqdır.

Nəhayət, iqtisadiyyatın son göstəriciləri dövlətin büdcəsidir. 1993-1994-cü illərdə dövlət büdcəsinin kəsiri 7-10 faizə çatmışdı. Hazırda göstərici 1-1,2 faizdir. Bu da təbii bir haldır. 1994-2000-ci illərdə dövlət büdcəsinin gəlirləri 13 dəfə artmışdır. Dövlət büdcəsinin ümumi məbləği 277 milyard manatdan 3,6 trilyon manata çatmışdır. Biz büdcəni təsdiq etmişik. Başqa qanunlar da təsdiq olunur. Gələn il üçün nəzərdə tutulubdur ki, büdcənin həcmi, gəlirləri daha da artsın. Beləliklə, indi bizim büdcə 900 milyon ABŞ dolları təşkil edir.

Bunlar bizim iqtisadi göstəricilərimizdir və göz qabağındadır. Mən bu gün bunları sizə deyirəm ki, özünüz də yaxşı biləsiniz və hamı inansın ki, doğrudan da Azərbaycanda iqtisadiyyat inkişaf edir. Eyni zamanda, mən həmin o bədxahlara, mitinqlərə çıxıb "çörək", nə bilim filan, filan deyənlərin hamısına cavab verirəm. Ümumi sözlərlə hər şeyi demək olar. Amma bunlar konkret rəqəmlər, konkret göstəricilərdir. Bunları göstərməklə mən heç də demək istəmirəm və demək istəməmişəm ki, biz əhalimizin bütün təbəqələrinin rifah halını yaxşılaşdırmışıq. Yox. Çünki, əvvəla, bir sistemdən digər sistemə keçmək, bir də ki, 1990-1993-cü illərdəki dağıntı, təbiidir ki, bizi çox ağır vəziyyətə saldı. Biz 1975-ci ildə kondisionerlər zavodunu tikmişdik. Orada 8 min adam işləyirdi. İldə 400 min kondisioner istehsal olunurdu. O vaxt SSRİ-nin heç bir yerində belə bir zavod yox idi. SSRİ-nin bütün yerlərinə, xüsusən Orta Asiyaya, iqlimi isti olan başqa yerlərə biz kondisionerlər satırdıq. Bundan böyük gəlir götürürdük. Təbiidir ki, bunların hamısı dövlətin, SSRİ-nin ümumi büdcəsinə gedirdi. Amma 8 min adam işləyirdi. Lakin indi bu zavod ildə cəmi 2,5-3 min kondisioner istehsal edir. Təbiidir ki, indi burada ya min, ya da min beş yüz adam işləyir.

Mən bunu niyə deyirəm? Azərbaycanda mənim yaratdığım fabriklər, zavodlar, körpülər, metro, nə bilim, yaşayış evləri və sair çoxdur. Amma SSRİ-də ilk dəfə kondisionerlər zavodunun Azərbaycanda tikilməsi üçün mən iki il mübarizə apardım. Onu Azərbaycana vermirdilər. Bu zavodu Ukraynaya, Zaporojye vilayətinə vermişdilər. Mən onu oradan çıxartdım, - yəni özüm əlimlə çıxartmadım, - mərkəzin, Siyasi Büronun qərarı ilə Azərbaycana gətirdim. Ancaq həmin zavodu mənə verəndə də şərt qoydular: Bu obyekti nə qədər müddətə tikəcəksən? Soruşdum, orada neçə müddətə tikəcəklər? Mənə dedilər ki, dörd ilə. Mən dedim ki, iki ilə tikəcəklər? Mənə dedilər ki, dörd ilə. Mən dedim ki, iki ilə tikəcəyik. İki ilə də tikdik. O vaxt SSRİ büdcəsindən 120 milyon dollar ayrıldı, Yaponiyadan avadanlıq alındı. Bizim o zavodda işləyəcək 400-500 nəfəri Yaponiyaya göndərdik. Orada bu işləri öyrənib gəldilər. O vaxt Moskvadan Azərbaycana gələn böyük-böyük adamlar birinci növbədə deyirdilər ki, kondisionerlər zavoduna gedək. Çünki o qədər nümunəvi zavod idi, o qədər müasir texnikaya malik olan bir müəssisə idi ki, hamı ona heyran qalırdı. Amma indi… Başqa ölkələr, xüsusən Yaponiya kondisionerlərin bir çox yeni nəslini buraxır, ucuz qiymətə satır. Ona görə də bizim bu zavodumuz istənilən səviyyədə işləyə bilmir.

İkincisi, o vaxt biz o kondisionerləri istehsal etmək üçün materialların əksəriyyətini SSRİ-nin müxtəlif zavodlarından alırdıq, burada yığırdıq. Amma bir qismini də Yaponiyadan alırdıq. Hər il SSRİ büdcəsindən 10 milyon dollar ayrılırdı ki, biz həmin o şeyləri alaq. İndi ondan da məhrumuq. İndi bəziləri deyirlər ki, zavod işləmir, fabrik işləmir, nə bilim filan işləmir. Niyə işləmir? Bu adam nə zavodda işləyib, nə fabrikdə işləyib, nə onun qoxusunu görüb, nə də o istehsalın nədən ibarət olduğunu bilir. Amma belə danışır. Əgər Bakıdakı bütün zavod və fabriklərin çoxu şəxsən mənim təşəbbüsümlə yaranıbdırsa, onların hər biri mənim üçün əzizdir. Çünki mən onlara nə qədər zəhmət çəkmişəm. Onların işləməsi, yaxud da ki, az güclə işləməsi məni incidir. Amma mən bunu edə bilmirəmsə, sən necə edəcəksən? Deyir: məni seçin, 15 gündə hər şeyi edəcəyəm. Bilirsiniz, bu, sirkdə göstərilən möcüzəyə bənzəyir: illüziyaçı bu cibindən yumurta çıxarır, o birisindən başqa şey çıxarır… Çoxları da məəttəl qalır ki, bu yumurtaları, başqa şeyləri nə cür çıxarır. İndi bunlara da demək olar ki, bunlar sirk artistləridir, yaxud illüziyaçıdırlar, nə bilim nədirlər…

Yaxud prezident seçkilərində namizədlər neçə dəfə demişdilər: siz məni seçin, biz bir aya hər yerə işıq verəcəyik, bir aya hər yerə qaz verəcəyik. Bu qədər ağılsız, məsuliyyətsiz sözlər demək olarmı? Xalqı bu qədər aldatmaq olarmı? Azərbaycanda elektrik stansiyalarının əksəriyyəti burada işlədiyim zaman mənim təşəbbüsümlə tikilmişdi. Mingəçevir Su Elektrik Stansiyası 1955-ci ildə tikilmişdi. Amma ondan sonra Kürün üzərində "Kür" Su Elektrik Stansiyası tikdik. Onun gücü Mingəçevir stansiyasının gücündən çoxdur. Yenikənd Su Elektrik Stansiyasını tikməyə başladım. Çatdıra bilmədim. Getdim, neçə ildən sonra qayıtdım. Gəlib gördüm ki, eləcə də qalıbdır. Pulumuz yox idi, Avropa Bankından kredit aldıq, onu da tikib başa çatdırdıq. İndi elektrik enerjisi verir. O illərdə biz Mingəçevirdə 9 blokdan ibarət elektrik stansiyası tikdik.

Bunların hər birini Moskvadan zorla alırdıq. Nə üçün? Çünki o vaxt, mən sizə açıq deyim, iqtisadi siyasət belə idi: istəyirdilər bütün bölgələri, xüsusən bizim kimi respublikaları, Orta Asiya respublikalarını Rusiyanın bir çox yerləri ilə bağlasınlar ki, əgər bu əlaqə qırılsa, onda burada işlər pozulsun. Hər dəfə elektrik stansiyası tikməsi haqqında məsələ qoyarkən mənə deyirdilər ki, sənə nəyə lazımdır. Bizdə - SSRİ-də vahid elektrik enerjisi sistemi var. Ora da var, bura da var, atom elektrik stansiyası var… bütün SSRİ-ni əhatə edən şəbəkə var. Azərbaycana nə qədər elektrik enerjisi istəyirsinizsə, sizə verək. Mən deyirdim ki, yox, istəyirəm bizim özümüzünkü olsun. Niyə özümüzünkü olsun? İndi məni düzgün başa düşün. Mən istəyirəm ki, müəyyən sahələrdə biz asılı olmayaq. Bu gün mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir. Özü həmin elektrik stansiyalarında elektrik enerjisi istehsal edir.

"Siz məni seçin, mən bir aydan sonra sizə qaz verəcəyəm". Bunu deyən heç bilirmi ki, qaz haradan hasil olunur? Bilmir axı. Axı bunu mən bilirəm. Təbiidir, təkcə mən yox, neftçilər, neft-qaz sənayesi işçiləri bunu bilirlər. Amma 1970-ci ildə biz Azərbaycanda həm qaz hasilatını artırmışdıq, həm də SSRİ-dən, təxminən 3 milyard kilometr qaz alırdıq. Azərbaycanın bütün ucqar kəndlərinə qədər hamısını qazlaşdırmışdıq. Belədir, yoxsa yox? Belədir. Ancaq məsələ təkcə qazın miqdarında deyildi. Biz burada 16 milyard kubmetr qaz alırdıq, 3 milyard kubmetr də SSRİ-dən, cəmi olurdu 19 milyard kubmetr. Amma bir bununla iş bitmirdi. Hər bir yerə gərək qaz şəbəkəsi çəkiləydi. Bu da çox çətin məsələ idi. Bunun özü böyük xərc tələb edirdi və bu da yenə Moskvanın əlində idi. Bəli, mən iradəmlə, təkidimlə bütün bu qaz şəbəkələrini çəkdirdim və ən ucqar kəndlərə qaz verildi.

Xatirimdədir, 1990-cı ilin yayında mən Bakıya gəldim, sonra burada yaşamaq mümkün olmadı, getdim Naxçıvana. Orada Şahbuz rayonu var, dağ rayonudur. Onun ən ucqar dağ kəndi var, adına Keçili deyirlər. Çox uzaqda, dağın üstündə olan yerdir. Kəndlilər, yaşlı adamlar, çoxları yığışdılar. Əlbəttə ki, başladılar mənə minnətdarlıq etməyə, məni qucaqladılar. Orada biri dedi ki, bilirsiniz, səhər ki, dururam, kibriti yandırıram, qazı alışdırıram, bu, dünyada mənim üçün hər şeydən artıqdır. Çünki indiyə qədər biz təzək yandırmışıq. Bilirsiz də, təzək nədir? Kərmə yandırmışıq. Heç odunumuz da o qədər olmayıbdır. İndi görün, qaz xətləri haralara çəkilmişdi. Bütün Naxçıvan Muxtar Respublikası qazlaşdırılmışdı. Bütün başqa yerlər qazla təchiz olunmuşdu.

Amma indi Azərbaycan cəmi 6 milyard kubmetr, hələ ondan da az qaz çıxarır. Bu, təbiidir ki, Bakını, başqa yerləri təmin edir. O vaxtkı şəbəkələr müəyyən qədər sıradan çıxıbdır. İndi burada İlham Əliyev dedi ki, Rusiyadan 4 milyard kubmetr qaz alınır, burada müəyyən iş görürük. Biz əvvəllər yandırılan mazutun hesabına həm böyük vəsait əldə edirik, həm də ki, artıq 20-dən çox rayona, şəhərə qaz vermişik. Amma bunun üçün biz bir neçə ildir işləyirik. Bunu bir ayda etmək olardımı? Olmazdı.

Bunları sizə deyərək, birincisi, mən istəyirəm ki, bizim partiyamız, bütün cəmiyyət real vəziyyəti yaxşı bilsin. Biz çox iş görmüşük, yaxşı nailiyyətlər əldə etmişik. Beynəlxalq maliyyə mərkəzləri bizim iqtisadi, maliyyə məsələlərimizə daim nəzarət edir. Hamısı da müsbət qiymət verir.

Elektrik enerjisindən danışarkən bir şey yadımdan çıxdı. Xətai rayonunda hələ qədimdən, əsrin əvvəllərində tikilmiş bir istilik elektrik stansiyası vardı. Keçmişdə onu Nobellər tikmişdi. O vaxtdan işləyirdi, sonralar isə dağılmışdı. Biz 100 milyon dollar kredit götürdük, orada iki böyük blok tikdik. İndi o stansiya həm elektrik enerjisi, həm də buxar verir. Buxar neftayırma zavoduna lazımdır, elektrik enerjisi şəhərə lazımdır. Mən dünən Abutalıbovdan soruşurdum. O dedi ki, Əhmədli qəsəbəsində 15 min ailənin həm elektriklə, həm də istiliklə təmin olunması həll edilibdir. Bu, bizim işlərimizdir. Amma daşı daş üstünə qoymayan, vaxtını ancaq yalanlara, şayiələrə həsr edən, yaxud da ki, gedib orada-burada mitinq keçirərək boş-boş danışan adamlar bu xalqa heç nə verməyəcəklər.

Mən müəyyən qədər əvvəlki fikrimə qayıdıram ki, biz partiyada siyasi mübarizəni gücləndirməliyik. Bu baxımdan mən sizi müəyyən qədər silahlandırdım. Siz artıq həqiqəti bilirsiniz. Rəqəmlər var, bunlar dərc olunacaq, götürəcəksiniz. Amma eyni zamanda təkcə bunlar deyildir. Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır. O statistika məlumatı hər ay, hər altı aydan bir çıxır. Oradan götürün. Bizim partiyanın icra aparatı götürsün, paylasın. Götürün və həmin o yalan danışanlara sübut edin ki, həqiqət bundan ibarətdir.

Əziz dostlar!

Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının ikinci qurultayı bizim həyatımızda tarixi hadisədir. Mən bu gün səhərdən indiyə qədər qurultayın gedişini təhlil edərək, bir daha o qənaətə gəldim ki, biz qurultayın indi keçirilməsi haqqında olduqca doğru, düzgün və çox əhəmiyyətli qərar qəbul etmişdik. İkinci qurultayın partiyanın 9-cu ildönümündə keçirilməsi onu göstərir ki, bir tərəfdən, biz ildönümünü sadəcə, bayram etmirik. İldönümünü qurultayımızla bir yerdə keçiririk. Qurultayımızda partiyanın əldə etdiyi nailiyyətləri, Azərbaycan iqtidarının əldə etdiyi nailiyyətləri təhlil edirik və bütün xalqa, millətə, cəmiyyətə nümayiş etdiririk. Əmin ola bilərsiniz ki, partiyanın sədri kimi mən Yeni Azərbaycan Partiyasının bundan sonra da möhkəmlənməsi, inkişaf etməsi üçün öz üzərimə düşən vəzifələri daim yerinə yetirəcəyəm. Əmin ola bilərsiniz ki, bu səkkiz ildə Azərbaycan prezidenti kimi həyata keçirdiyim daxili və xarici siyasəti bundan sonra da ardıcıl surətdə davam etdirəcəyəm və ölkəmiz inkişaf edəcəkdir. Dünya miqyasında Azərbaycanın hörməti, nüfuzu artacaqdır.

Biz hər sahədə nailiyyət əldə etmişik. Ancaq bir sahədə, ən ağır sahədə biz hələ istədiyimizə nail olmamışıq. O da Ermənistan-Azərbaycan münaqişəsidir. Dağlıq Qarabağ münaqişəsidir, bunun nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması və bir milyondan artıq köçkünlərin ağır vəziyyətdə, çoxlarının çadırlarda yaşamasıdır. Bu, mənim qəlbimi daim incidir. Burada kimsə dedi, mən nə qədər görüşlər keçirmişəm. Əgər mənim köməkçim Dilarə Seyidzadədən soruşsanız, o, tam dəqiq məlumat verə bilər. Səkkiz ildir mən bu məsələni həll etməyə çalışıram.

Bir müddət müharibə apardıq.

Mən 1993-cü ilin noyabr ayında xalqa müraciət etdim. Xalq ayağa qalxdı. Ondan sonra biz erməniləri sıxışdırdıq, bir çox yerləri aldıq. Ancaq o vaxt biz irəliyə gedəndə Moskvadan mənə zəng edirdilər ki, atəşi dayandırın. Ondan qabaq biz demişdik ki, atəşi dayandıraq, ermənilər dayandırmadılar. Mən 1993-cü ilin dekabrında Parisdə idim, rəsmi səfərə getmişdim, Rusiyanın səfiri orada məni axtardı. O da keçmişdən mənim tanıdığım adam idi. Xahiş etdi ki, görüşək. Baxmayaraq ki, imkanım yox idi, gecə saat 11-də mənim yanıma gəldi. Gördüm ki, ona əmr veriblər. Oxudu: Heydər Əliyevdən çox xahiş edin ki, atəş dayandırılsın.

Dedim ki, mən bunu edə bilməyəcəyəm. Çünki biz irəliyə gedirdik. Ancaq o vaxt da yenə satqınlıq oldu. Biz Kəlbəcər rayonunun yarısını artıq almışdıq. Füzuli rayonunda nə qədər irəli getmişdik. Ağdam rayonunda nə qədər irəliləmişdik. O vaxt da satqınlıq etdilər. Harada, kim, nə cür etdi - mən bilirəm. Gördüm ki, bizim o irəliləməyimiz daha mümkün deyil, 1994-cü ilin mayında atəşkəsə razı olduq.

İndi o vaxtdan 7 il keçir. Mən gecə-gündüz bu barədə düşünürəm. Təkcə düşünmürəm, müxtəlif tədbirlər həyata keçirirəm. Müxtəlif görüşlər keçirirəm. Aparıcı böyük dövlətlər ki var, onların başçıları ilə mən dəfələrlə görüşmüşəm. 1992-ci ildə yaranmış ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq edirəm. Ən nəhayət, həmin o Minsk qrupunun həmsədrlərinin - ABŞ, Fransa və Rusiyanın xahişi ilə mən Ermənistan prezidenti ilə bilavasitə görüşürəm. Ancaq məsələ həll olunmur. Bununla belə, məsələnin sülh yolu ilə həll olunmasına hələ ümidlər çoxdur. Bu ayın axırında biz Moskvaya gedəcəyik, orada da yəqin görüşlər olacaqdır, danışıqlar aparacağıq. Ümidlər daha çoxdur.

Doğrudur, bizim bu çətin vəziyyətimiz hər kəsi ağrıdır. Amma Ermənistan bundan daha da çox zərər çəkir. Yəqin ki, onu da bilirsiniz. Biz belə şəraitdə bu cür nailiyyətlər əldə etmişik. İndi təsəvvür edin, bu olmasaydı, bütün torpaqlarımız əlimizdə olsaydı, nə qədər böyük işlər görə bilərdik. Mən bunu ona görə bildirirəm ki, bu, mənim qarşımda duran əsas, bir nömrəli vəzifədir. Bunu həyata keçirmək üçün mən çalışmışam, bundan sonra da çalışacağam. Nəyin bahasına olursa-olsun, bizim torpaqlarımız işğaldan azad ediləcəkdir, qaçqınlar öz yerlərinə qayıdacaqlar və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü təmin olunacaqdır.

Əziz nümayəndələr!

Bizim qurultayımız işini sona çatdırır. Bir də bildirirəm ki, qurultay çox yüksək səviyyədə keçdi və bizim partiyamızın gələcəyi üçün çox böyük bir mərhələ oldu.

Qarşımızda duran vəzifələr də çoxdur və hesab edirəm ki, hər bir nümayəndə bu qurultayda bir daha silahlanaraq, - yəni iş təcrübəsi nöqteyi-nəzərindən başqa bizdə silah ola bilməz, - yerlərdə partiyanın daha da inkişaf etməsinə ciddi fikir verəcəkdir. Bizim bu qurultayın qərarlarını və nəticələrini, təbiidir ki, yerlərdə müzakirə etmək lazımdır. Hər bir rayonda, hər biri təşkilatda müəyyən bir iş planı qurmaq, işi irəli aparmaq lazımdır. Bu, bizim borcumuzdur. Yəni müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də yaşaması bizim üzərimizdə, mənim üzərimdə olan əsas vəzifədir. Sizi əmin edirəm ki, Azərbaycanın prezidenti kimi, Yeni Azərbaycan Partiyasının sədri kimi mən bu vəzifəmi şərəflə yerinə yetirəcəyəm.

Yaşasın Yeni Azərbaycan Partiyası!

Yaşasın və əsrlər boyu, əbədi olaraq yaşasın müstəqil, əyilməz, yenilməz Azərbaycan dövləti!

Sağ olun!

"Azərbaycan" qəzeti, 23 noyabr 2001-ci il