ABŞ-ın Dövlət katibi Madlen Olbraytın sədrliyi ilə Azərbaycan, Gürcüstan, Ermənistan prezidentlərinin görüşündən - 25 aprel 1999-cu il


Madlen Olbrayt: Mən müstəqil inkişaf yoluna qədəm qoymuş Cənubi Qafqaz respublikalarının prezidentlərini səmimiyyətlə salamlayaraq bildirirəm ki, bu ölkələrin inkişafı regionda sülh və sabitlikdən asılıdır.

Dünya Birliyinin Cənubi Qafqaza böyük diqqət yetirdiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətindən narahat olduğunu bildirirəm. ATƏT-in Minsk qrupunun və onun həmsədrlərindən biri olan ABŞ-ın bu münaqişənin sülh yolu ilə nizamlanması sahəsində apardığı işdən söhbət açaraq vurğulayıram ki, həmin regionda sülhün və sabitliyin bərqərar edilməsində ölkəmizin böyük marağı var.

Eduard Şevardnadze: Qafqaz ölkələri liderlərinin görüşünü təşkil etdiyinizə görə, xanım Olbrayt, Sizə səmimi minnətdarlığımı bildirirəm və görüş iştirakçılarını salamlayıram. Bir-biri ilə qırılmaz tarixi əlaqələri olan Qafqaz xalqlarının və region ölkələrinin əməkdaşlığı vacibdir. Gürcüstanın Azərbaycan ilə xüsusi dostluq və qardaşlıq münasibətlərini, "Dinc Qafqaz uğrunda" təşəbbüsü çərçivəsində əməkdaşlıq etdiyini nəzərinizə çarpdırmaq istəyirəm. Regionda uğurlu əməkdaşlıq üçün iri iqtisadi layihələr böyük əhəmiyyət daşıyır. Neft və qaz kəmərlərinin çəkilişində, böyük ipək yolunun bərpasında, Traseka proqramı çərçivəsində, Transqafqaz magistralından birgə istifadə sahəsində əməkdaşlığı yüksək qiymətləndirirəm.

Regionda sabitlik, əmin-amanlıq və əməkdaşlıq üçün tezliklə münaqişələrin sülh yolu ilə aradan qaldırılması vacibdir. Xanım Olbraytın sədrliyi ilə Cənubi Qafqaz dövlətləri başçılarının hazırkı görüşünə böyük əhəmiyyət verirəm. Bu cür görüşlərin gələcəkdə davam etdirilməsini son dərəcə məqsədə uyğun hesab edərək növbəti görüşün Gürcüstanda keçirilməsini təklif edirəm.

Heydər Əliyev: Cənubi Qafqaz ölkələri başçılarının görüşünü təşkil etdiyinizə, regionun problemlərinə ABŞ-ın göstərdiyi maraq və diqqətə görə Sizə səmimi təşəkkürlərimi bildirərək, bu tərkibdə keçirilən ilk görüşün gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğumu bildirirəm.

Müstəqil inkişaf yoluna qədəm qoymuş Azərbaycanda ictimai-siyasi həyatın demokratikləşməsi, bazar iqtisadiyyatı quruculuğu yolunda böyük uğurlar qazanılmışdır.

Xəzər dənizinin enerji ehtiyatlarından ölkəmizin və xalqımızın rifahı naminə istifadə edildiyini xatırladıram. Xəzərin neft yataqlarının istismarına dair bağlanmış müqavilə üzrə hasil olunan neftin Bakı-Novorossiysk və bu ilin aprelində işə salınmış Bakı-Supsa kəmərləri ilə dünya bazarlarına çıxardıldığını görüş iştirakçılarının nəzərinə məmnuniyyət hissi ilə çarpdırıram.

Qeyd edim ki, Xəzər dənizinin enerji ehtiyatlarından istifadəyə dair həyata keçirilən layihələr, 1998-ci ilin sentyabrında Bakıda böyük İpək yolunun bərpası üzrə beynəlxalq konfransının keçirilməsi və onun mühüm qərarları Transqafqaz magistralının inkişafı və Azərbaycanın Dünya Birliyi ilə sıx inteqrasiyası üçün geniş imkanlar açmışdır.

Müstəqillik yolu ilə irəliləyən Azərbaycanın inkişafı üçün böyük çətinliklər doğuran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 10 ildən çox davam etdiyini, 5 ildən bəri atəşkəsin qüvvədə olduğunu nəzərinizə çarpdırıram.

Qeyd edim ki, Xəzər dənizinin enerji ehtiyatlarından istifadəyə dair həyata keçirilən layihələr, 1998-ci ilin sentyabrında Bakıda böyük İpək yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi və onun mühüm qərarları Transqafqaz magistralının inkişafı və Azərbaycanın dünya Birliyi ilə sıx inteqrasiyası üçün geniş imkanlar açmışdır.

Müstəqillik yolu ilə irəliləyən Azərbaycanın inkişafı üçün böyük çətinliklər doğuran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli böyük zərurət kəsb edir. Münaqişənin 10 ildən çox davam etdiyini, 5 ildən bəri atəşkəsin qüvvədə olduğunu nəzərinizə çarpdırıram. Münaqişənin tezliklə aradan qaldırılmasının, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma yurdlarına qaytarılmasının zəruriliyini xüsusi vurğulayıram.

Diqqətinizə çatdırıram ki, münaqişənin sülh yolu ilə tezliklə aradan qaldırılması üçün ATƏT-in Minsk prosesinin canlandırılması, Cənubi Qafqaz regionunda sülhün bərqərar edilməsi üçün səylərin artırılması çox vacibdir.

Biz üç il bundan əvvəl Gürcüstan prezidenti Şevardnadze ilə "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqqında bəyannamə imzaladıq. Regionda sülhün və təhlükəsizliyin təmin olunmasının və bu təşəbbüsə başqa ölkələrin də qoşulmasının vacibliyini qeyd edərək bildirirəm ki, bu, bizim istəyimizdir və biz bunu reallığa çevirmək niyyətindəyik.

Robert Koçaryan: Mən də Cənubi Qafqaz ölkələri başçılarının görüşünü təşkil etdiyinə görə xanım Olbrayta minnətdarlığımı bildirir və görüş iştirakçılarını salamlayıram. Regionda vəziyyət və əməkdaşlıq perspektivləri barədə öz mülahizələrimizi söyləyərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi probleminin ATƏT-in Minsk qrupu çərçivəsində aradan qaldırılmasının tərəfdarı olduğumu bildirirəm.

Yuber Vedrin (Fransanın xarici işlər naziri): Görüş iştirakçılarını salamlayaraq Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün səyləri artırmağın vacibliyini nəzərə çarpdırıram. Sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərini dəstəklədiyi və münaqişənin həlli üçün Minsk qrupunun bu istiqamətdə fəaliyyətinin gücləndirilməsini zəruri hesab edirəm.

Knut Vollebek ( Norveçin xarici işlər naziri, ATƏT-in hazırkı sədri): Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməsini və atəşkəs rejiminə əməl olunmasını mühüm amillər hesab edərək, bu münaqişənin heç bir ölkənin mənafeyinə uyğun gəlmədiyini nəzərə çarpdırıram. Atəşkəs rejimini yüksək qiymətləndirirəm və münaqişənin tezliklə tam aradan qaldırılması lüzumunu qeyd edirəm.

Robin Kuk (Böyük Britaniyanın xarici işlər naziri): Dünya Birliyinin region ölkələri ilə hərtərəfli əməkdaşlığının böyük perspektivləri olduğunu diqqətinizi cəlb edirəm. Mühüm coğrafi-strateji mövqeyə malik regiondakı Dağlıq Qarabağ münaqişəsinin hələ də aradan qaldırılmadığından narahatlığımı bildirirəm və məndən əvvəl çıxış etmiş natiqlərin atəşkəs rejiminin saxlanılması barədə mülahizələrini dəstəklədiyimi, bundan istifadə edərək münaqişənin sülh yolu ilə həlli üçün yeni-yeni yollar axtarılmasının zəruri olduğunu söyləyirəm.

Yoşka Fişer (Almaniya Federativ Respublikasının xarici işlər naziri): Cənubi Qafqaz regionunun istər siyasi, istərsə də iqtisadi baxımdan Avropa ilə Asiya arasında mühüm mövqe tutduğunu xüsusi vurğulayaraq bildirirəm ki, regionun inkişafı üçün sülh və sabitlik gərəkdir.

Avropa Birliyinin münaqişələrin aradan qaldırılmasında regiona kömək etməyə hazır olduğunu bildirir və atəşkəs rejimini dəstəklədiyini, lakin bununla yanaşı, daha irəli edərək münaqişənin sülh yolu ilə tamamilə nizamlanmasına nail olmağı zəruri hesab etdiyini bildirirəm.

İsmayıl Cəm (Türkiyənin xarici işlər naziri): Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə aradan qaldırılmasının zəruriliyini nəzərə çarpdıraraq, Qafqaz üçün sülh və sabitliyin vacibliyini, bu məqsədlə bütün mexanizmlərdən istifadə etmək lüzumunu vurğulayıram.

Madlen Olbrayt: Görüşə yekun vuraraq, maraqlı fikir mübadiləsinə görə iştirakçılara təşəkkürümü bildirir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün beynəlxalq birliyin, ATƏT-in səylərinin artırılması zəruriliyinə diqqəti bir daha xüsusi cəlb edirəm.