Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Xarici İşlər Naziri İsmayıl Cemlə görüşdə söhbəti - Prezident sarayı. 29 may 2000 - ci il.


Heydər Əliyev: Hörmətli nazir!

Hörmətli səfir!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz! Mən sizi səmimi-qəlbdən salamlayıram və sizin bu ziyarətinizdən çox məmnun olduğumu bildirmək istəyirəm. Türkiyə Azərbaycan dostluğu, qardaşlığı, əməkdaşlığı çox dərin köklərə malikdir və dəmir təməl üzərində qurulubdur. Ona görə bu, ildən-ilə, on illərlə, əsrlərlə davam edəcəkdir. Ancaq eyni zamanda, müasir dünya çox dinamik dəyişikliklər keçirir və bizim dost, qardaş Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri, münasibətləri həmişə daha da gücləndirməliyik, inkişaf etdirməliyik. Bu baxımdan, belə görüşlər çox əhəmiyyətlidir. Buna görə də, Hörmətli nazir, sizin bu ziyarətinizi həm Azərbaycan üçün, həm də Türkiyə Azərbaycan əlaqələri üçün çox əhəmiyyətli hesab edirəm. Xoş gəlmisiniz!

İsmayıl Cem: Sağ olun, var olun! Hörmətli Prezident, bu ziyarətimiz vəsiləsi ilə lütf göstərərək bizi qəbul etdiyiniz üçün çox minnətdarıq. Azərbaycanda çox faydalı, konstruktiv və konkret görüşlər keçiririk. Sizin sərrast şəkildə dediyiniz kimi, “Biz bir millət, iki dövlətik”. Biz ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin bugünkü səviyyəsindən məmnunuq. Amma bununla da kifayətlənməməliyik. Bu münasibətləri daha da irəlilətmək, möhkəmləndirmək üçün real şəkildə nələr edə bilərik? Görüşlərimizi bu istiqamətdə keçirmişik. Dəyərli həmkarım Quliyevlə birlikdə bu məsələ ətrafında xeyli söhbət etdik. Zənn edirəm ki, gələcəyə istiqamətlənmiş daha təsirli, daha planlı məsləhətləşmələr apara biləcəyik. Hörmətli cənab Prezident, Türkiyədən ayrılmazdan əvvəl mənim həm Hörmətli dövlət başçımızla, həm də keçmiş prezidentimiz, Sizin çox yaxın dostunuz cənab Dəmirəl ilə görüşüm oldu. Hörmətli dövlət başçımız Sizə öz dərin ehtiram və salamlarını yetirməyi məndən xahiş etdi. Hörmətli keçmiş prezidentimiz də sizə olan dərin məhəbbətini bir daha dilə gətirdi, hörmət və sevgilərini Sizə çatdırmağı məndən rica etdi. Mən onları Sizə yetirirəm.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Mən bu salamlara görə çox məmnunam. Süleyman Dəmirəl mənim dostumdur, qardaşımdır. O, yeddi il cumhurbaşkanı kimi Türkiyə dövlətinə çox sədaqətlə xidmət etdi. Amma ondan əvvəl də, Siz məndən də yaxşı bilirsiniz  o, uzun illər Türkiyə dövlətinə, türk xalqına xidmət edibdir. Bildiyimi görə, onun dövlət başçısı səlahiyyətləri başa çatanda, siz hamınız onu təntənə ilə yola salmısınız və hörmət edirsiniz. Güman edirəm ki, bu da təbiidir. Azərbaycanda da həmişə olduğu kimi, o, Hörmətli bir insan, siyasi və dövlət xadimi kimi, Azərbaycanın böyük dostu kimi, xalqımızın qəlbindədir. İndi bizim münasibətlərimiz belədir ki, təbiidir ki, insanlar bu gün bir vəzifədə, sabah isə başqa vəzifədə ola bilərlər, bunlar insanlığa olan münasibətləri qətiyyən dəyişmir. Ona görə də çox məmnunam ki, siz mənə Hörmətli Süleyman Dəmirəldən salam gətirmisiniz. O, Çankaya köşkündən gedəndən sonra mən onunla bir neçə dəfə telefonla danışmışam. Sizin gətirdiyiniz salamlar da mənim üçün çox əzizdir. Türkiyənin yeni prezidentini, cumhur başkanını mən artıq təbrik etmişəm. Əmin olduğumu bildirmək istəyirəm ki, əlaqələrimizin inkişafında gələcəkdə o da özündən əvvəlki dövlət başçısı kimi, yəni Suleyman Dəmirəl kimi, hətta ondan da əvvəlki prezident Turqut Özal kimi mən artıq Türkiyənin üçüncü prezidenti ilə görüşürəm, Azərbaycanla münasibətlərdə öz dostluğunu və qardaşlığını göstərəcəkdir. Çünki, yenə də deyirəm, bu, xalqlarımızın, millətimizin qəlbindən gələn tələbatdır. Ona görə də kim dövlət, hökümət işində bu yolla gedirsə, o, həm öz ölkəsində, həm də başqa ölkələrdə uğur qazanacaqdır. Hesab edirəm ki, sizin hamınızın yekdilliklə, birsəslə seçdiyiniz Hörmətli dövlət başçısı Əhməd Necdət Sezər də Azərbaycana  əvvəlki münasibəti davam etdirəcəkdir. Biz Azərbaycanda bu seçkini böyük ruh yüksəkliyi ilə qarşıladıq. Çünki mən bilirəm ki, Türkiyə Böyük Millət Məclisində məsələlər çox asanlıqla həll olunmur.

Sizin Böyük Millət Məclisinin xüsusiyyətləri var. Bunları bilirəm. Prezidentliyə namizədlər də çox idi. Amma sizin bütün partiyaların bu məsələdə bir mövqedə olması, hamısının bir fikrə gəlməsi və eyni rəyə görə də dövlət başçısı seçilməsi Türkiyənin həyatında nadir hadisədir. Ona görə də mən sizi təbrik edirəm. Çünki sizin Böyük Millət Məclisində bəzi məsələlərdə tam birlik, yekdillik də ola bilər. Siz bunu qiymətləndirirsiniz, biz də kənardan buna diqqət yetiririk ki, siz doğru yol tutdunuz və bir nəfərin namizədliyi üzərində dayandınız. Sizin Böyük Millət Məclisində bir neçə partiya təmsil olunduğuna görə, həm müxalifət, həm də iqtidar  hökümətiniz isə koalisyon olduğuna görə, prezidentiniz nə qədər bitərəf şəxs olsa, bu sizin üçün bir o qədər yaxşıdır. Ona görə də belə bitərəf şəxsin, yenə də deyirəm, əvvəllər heç bir partiyaya daxil olmaması bir adamın prezident seçilməsi, düşünürəm ki, Türkiyənin hazırkı vəziyyətində çox əhəmiyyətlidir.

Bu münasibətlə mən Böyük Millət Məclisini də təbrik edirəm, belə yekdilliklə dövlət başçısı seçdiyi üçün təşəkkür edirəm. Ümidvaram ki, biz onunla görüşəcəyik. Fürsətdən istifadə edərək, mən Hörmətli prezident, dövlət başçısı Əhməd Necdət Sezəri Azərbaycana rəsmi səfərə dəvət edirəm.Hesab edirəm ki, o, xarici ölkələrə ilk səfərini Azərbaycandan başlasa, bu çox doğru olardı, Türkiyədə və dünyada hamı tərəfindən yaxşı qarşılanardı. Mənim bu sözlərimi Hörmətli prezidentə çatdırmağı Sizdən xahiş edirəm. Eyni zamanda, mənim salam və ehtiramımı Hörmətli Baş nazir Bülənd Ecevitə də yetirərsiniz. Mən onu bir neçə dəfə Azərbaycana dəvət etmişəm. Hər dəfə də söz verib ki, Azərbaycana gələcəkdir. Lakin bu vədi yerinə yetirməyibdir. Ona görə də mən sizin vasitənizlə bu dəvətimi bir daha təkrar edirəm. Hesab edirəm ki, Türkiyənin daxilindəki məsələləri siz artıq tənzimləmisiniz, qaydaya salmısınız. Biz sizinlə, Hörmətli Bülənd Ecevitlə də Davosda görüşdük. Orada da mən onu Azərbaycana dəvət etdiyimi təkrarən bildirdim. Güman edirəm ki, o da bizim bu dəvətimizi yerinə yetirməlidir. Hər halda, biz bunu gözləyəcəyik. Ona görə də qarşıda bizim çox görüşlərimiz olacaqdır. Siz bu cığırı açdınız yəni Türkiyədə yeni prezident seçiləndən sonra ölkəmizə ilk səfər edən siz oldunuz. İndi bu cığır genişlənməli, ondan prezident də, Baş nazir də, digər şəxslər də keçməlidir. Mən bunları sizdən rica edirəm.

İsmayıl Cem: Baş üstə. Mən bunların hamısını onlara çatdıracağam.

Hörmətli Prezident, bu gün mənim həyatımda önəmli və çox da gözəl bir hadisə oldu. Sizin də məzunu olduğunuz Bakı Dövlət Universitetində - biz orada hansı fənlərdən hansı qiymətlər aldığınızı da gördük, mənə fəxri doktor adı verdilər. Fövqəladə gözəl, həyəcanlandırıcı və təsirləndirici, səmimi bir mərasim oldu. Həm hörmətli rektor, həm də hörmətli xarici işlər naziri- iki Hörmətli müəllim çox gözəl sözlər dedilər. Həqiqətən mənim üçün çox duyğulu, düşündürücü və faydalı bir hadisə oldu. Bunun üçün Siz zati-alilərinizə təkrarən öz təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Çox məmnunam, mən sizi təbrik edirəm. Bilirsiniz ki, Bakı Dövlət Universiteti 1919-cu ildə yaranıbdır. O vaxt hakimiyyətə gəlmiş, Azərbaycanın dövlət müstəqilliyini ilk dəfə elan etmiş xalq cümhuriyyətinin ilk addımlarından biri Bakı Dövlət Universitetinin yaradılması olmuşdur. Onu da bilirsiniz ki, bu, şərq ölkələrində ilk universitetdir. Biz bu günlərdə onun yubileyini də keçirdik. Bu universitet Azərbaycana çox xidmətlər edibdir. Azərbaycanın ali təhsil almış insanlarının çoxu bu universiteti bitiribdir. Ölkəmizdə sonralar yaradılmış universitetlər biz bunlara çox vaxt ali məktəblər deyirik, həmin Bakı Universitetindən törəmişdir. Ona görə universitet Azərbaycan ali təhsilinin anasıdır.  Bu sahədə böyük işlər görülübdür. İndi Azərbaycanda az adam taparsınız ki, oranın məzunu olmasın. Sağımda, solumda oturanlar da oranı bitiriblər.

Mən çox məmnunam, sizi bir daha təbrik edirəm. Çox şadam ki, bu hadisə baş veribdir. Bilirsiniz ki, Bakı Ceyhan boru xətti məsələsini biz başa çatdırdıq. Bununla bağlı beş illik işimiz sona yetdi. Siz bilirsiniz ki, İstanbulda ATƏT-in zirvə toplantısı zamanı imzaladığımız müqavilələrdən və bəyanatdan sonra bir neçə problem yaranmışdı. Xüsusən Gürcüstan bir neçə yeni şərt irəli sürmüşdü. Bu bizi çox təəccübləndirdi. Çünki hazırlıq dövründə bu şərtlərin heç biri qoyulmamışdı. Bu da bizim işimizi dayandırdı. Biz- Türkiyə və Azərbaycan Gürcüstanla bir neçə dəfə danışıqlar apardıq ki, bu şərtlər aradan qaldırılsın. Bu şərtlərin hamısını aradan qaldırdılar. Yalnız bircə şərt qaldı: tranzit üçün alınacaq tariflər Gürcüstanı qane etmirdi. Mən nə etdim? Bunu siz bilirsiniz. Mən Gürcüstana, Tiblisiyə getdim və dünyaya bəyan etdim ki, bu məsələnin həll edilməsi, çözülməsi üçün Azərbaycanın tariflərini Gürcüstana bağışlayıram. İndi, düzdür, burada məni tənqid edənlər, günahlandıranlar var. Bəziləri deyirlər ki, Azərbaycanın sərvətləri Heydər Əliyevin şəxsi malı, mülkü deyildir, hansı hüquqla, hansı səbəblərə görə o, Azərbaycanın tariflərini Gürcüstana bağışlayıbdır?

Kim nə deyir, qoy desin. Bu mənim üçün əhəmiyyətli deyil. Mən gördüyüm işi bilirəm. Bilirəm ki, Bakı-Ceyhan layihəsini sona çatdırmaq üçün hansısa bir qurban vermək lazımdır. Bakı-Ceyhan layihəsinin yaranması Azərbaycanla bağlıdır. Əgər Azərbaycanın nefti olmasaydı, nə Gürcüstan, nə də Türkiyə bu marşurutun tarifini ala bilərdi. Demək, bunun təməlini, əsasını biz qoymuşuq. Bakı-Ceyhan xətti Azərbaycanda, Xəzər dənizində olan neftin dünya bazarlarına ixrac edilməsi üçündür. Türkiyə və Gürcüstan isə sadəcə, tranzit ölkələrdir. Ona görə də burada bizim haqqımız da çoxdur. Bu boru xətti ilə biz Gürcüstana çoxlu gəlir gətiririk. Bakı-Supsa neft kəmərindən Gürcüstan xeyli gəlir götürür, Bakı-Ceyhan xəttindən də götürəcəkdir. Amma onlar istədilər ki, daha da çox gəlir əldə etsinlər.Biz də ölçüb-biçdik, fikirləşdik və bu addımı atdıq.

Bu ayın 9-da İstanbulda son protokollar imzalandı. Ondan sonra mən dərhal bu anlaşmaların hamısını bizim parlamentə - Milli Məclisə göndərdim və Azərbaycanın istiqlaliyyət bayramından iki gün öncə, mayın 26-da Milli Məclis bunu müzakirə edərək qanun qəbul etdi. Mayın 27-də mən bu qanunu imzaladım və mətbuata verdim. Qəzetlərin hamısında bu vardır, dərc olunubdur, götürüb baxa bilərsiniz. İndi söz sizindir - Türkiyənin və Gürcüstanındır. Mən həmişə Türkiyəyə gələndə jurnalistlər, qəzetçilər məni sorğu-suala tuturdular ki, Bakı-Ceyhan nə vaxt olacaqdır? Birinci sual bu idi. Beş ildir mən bu suallara cavab verirəm. İndi isə tamam cavab vermişəm. Siz də Böyük Millət Məclisində bu layihəni təsdiq edin, Gürcüstan da təsdiq etsin. Bizim şirkətlər bunu həyata keçirməyə hazırdırlar.

İsmayıl Cem: Hörmətli Prezident, Gürcüstanda Sizin apardığınız danışıqlar bu layihənin son mərhələsinə ən böyük töhfə olmuşdur. Sağ olun, var olun! Biz də Türkiyə olaraq əlimizdən gələn hər şeyi etməyə çalışırıq. Xüsusilə iqtisadi məsuliyyəti öz boynumuza götürmək sahəsində əlimizdən gələni etdik. Ümidvaram ki, bu layihə həm bizim ölkələrimizin, həm Gürcüstanın, həm də Orta Asiyadakı qardaş ölkələrimizin mənafelərinə böyük fayda verəcəkdir. Buna inanıram. Hörmətli cənab Prezident, bu məsələ ilə bağlı sənədlər, səhv etmirəmsə, mayın 25-də bizim nazirlikdən Türkiyə Böyük Millət Məclisinə təqdim etmək üçün Baş nazirə göndərilibdir. Baş nazir öz növbəsində bu sənədləri nəzərdən keçiribdir. Sənədlər ötən cümə günü, ya da bu gün Böyük Millət Məclisinə göndərilməli idi.

Biz bu məsələnin əhəmiyyətini başa düşürük. Bildiyimə görə, gələn ayın 10-na qədər Gürcüstan parlamenti bu məsələyə baxacaqdır. Ola bilər ki, Türkiyə həmin məsələyə bir qədər də tez baxsın. Bu, prosedur məsələdir, məclisin gündəliyindən və müzakirələrdən asılıdır. Tezliklə Türkiyə tərəfi həmin sənədi ratifikasiya edəcəkdir. Şirkətlər məsələsinə gəlincə, deməliyəm ki, dünən “BP/AMOKO” şirkətinin rəhbərləri mənimlə görüşərkən öz fəaliyyətləri barədə geniş və faydalı məlumat verdilər. Bu gün də ARDNŞ-in rəhbərliyi böyük nəzakət göstərərək məni öz toplantılarına dəvət etdilər və ilk sözü mənə verdilər. Qısa bir çıxış etdim. ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyevlə söhbətimiz zamanı Bakı-Ceyhan kəməri barədə Türkiyənin qərarlı olduğunu, ölkəmizin dəstəyini və öhdəliklərini bir daha dilə gətirdim. Bu kəmərin bizim üçün, eləcə də bütün bölgə ölkələri üçün müstəsna rolu olduğunu, iqtisadiyyatımızın başqa sahələri üçün də əhəmiyyətli digər layihələrə də təməl yaradacağını vurğuladım. Bu, Cənubi Qafqaz ölkələri üçün də eyni dərəcədə əhəmiyyətlidir. Mən bunları anlatdım və Türkiyənin bundan sonra da bütün imkanları səfərbər edəcəyini, layihəyə dəstək verəcəyini söylədim.

Bu fikirləri şirkətlərin hər ikisinə çatdırdım və ayrıca olaraq bunu da dedim ki, bir zamanlar neft ehtiyatları barədə şübhə doğuran söhbətlər gəzirdi. Deyirdilər ki, Bakı-Ceyhan neft kəmərinin tam gücü ilə işləməsi üçün guya kifayət qədər neft yoxdur. Lakin mötəbər mənbələrdən bizə daxil olan məlumatlardan bilirdik ki, bütün bunlar boş söz-söhbətdir. Əksinə, bir çox yerlərdə yeni neft yataqları da tapılmışdır. Aldığımız digər bir məlumata görə, Qazaxıstanda da yeni neft yataqları aşkar edilmişdir. Bu barədə dəqiq məlumat gələn ayın sonunda bizə veriləcəkdir. şirkətlərlə görüşlərim zamanı mən bunlardan da bəhs etdim. Həqiqətən, şəxsən sizin, Hörmətli Süleyman Dəmirəlin böyük dəstəyiniz və köməyinizlə bu layihə özünün müsbət həllini tapdı.

Heydər Əliyev: Mən Hörmətli dostum Süleyman Dəmirəlin bu sahədəki xidmətlərini xüsusi qeyd edirəm. Çünki Türkiyə tərəfindən bu işdə onun qədər çalışan ikinci bir adam olmayıbdır. Layihənin lap başlanğıcından o bu işlə məşğul olub, daim onunla maraqlanıbdır. O, cumhurbaşkanlığından gedəndən sonra da yenə Bakı-Ceyhan layihəsi ilə maraqlanır. Çünki bu onun doğma işidir, bu yolda neçə illər zəhmət çəkibdir. Siz “BP/AMOKO” şirkətinin rəhbərləri ilə görüşdünüz. Onlar sizə qaz haqqında nəsə dedilərmi? 

İsmayıl Cem: Bəli, dedilər. “BP/AMOKO” bizə çoxlu məlumat verdi. Dedilər ki, bizim apardığımız tədqiqatlardan aydın oldu ki, 2002-ci ildə 2 milyard kubmetr təbii qaz hasil edə biləcəyik. Bu qədər qazı iki quyudan - yəni hər quyudan bir milyard kubmetr hasil etmək mümkün olacaqdır. Şirkət bu sahədə tədqiqatlarını davam etdirir. Məndən Türkiyənin bu məsələyə münasibətini soruşdular. Mən də bildirdim ki, Türkiyə bu məsələ ilə ciddi maraqlanır və onu öyrənir. Aramızda belə bir söhbət oldu.

Heydər Əliyev: Çox gözəl. 2002-ci ildə 2 milyard kubmetr, ondan sonra isə daha çox qaz çıxacaqdır. 

İsmayıl Cem: Onlar da bizə bu cür dedilər.

Heydər Əliyev: Bir neçə il ərzində 25-30 milyard kubmetrə çatdırıla bilər. Çünki sizin qaza ehtiyacınız var. Biz sizinlə birlikdə Transxəzər qaz kəməri, Türkmənistan qazının Türkiyəyə nəql edilməsi üzərində çalışdıq. İstanbulda həmin o bəyannaməyə hamımız imza atdıq. ABŞ prezidenti Bill Klinton da, Türkmənistan prezidenti Saparmurad Niyazov da imza atdı. Amma bu iş deyəsən, o qədər irəliyə getmir. Bilmirəm niyə. Biz bu işdə tranzit rolu oynayırıq. Qazı satan Türkmənistandır, qazı alan isə Türkiyədir. Biz demişik və bu gün də deyirik: biz bu boru xəttinin yaranmasının tərəfdarıyıq və Azərbaycanda, Xəzər dənizində olan bütün imkanlardan istifadə etməyə hazırıq.

İsmayıl Cem: Sağ olun, cənab Prezident. Bu məsələ Sizin konstruktiv münasibətiniz sayəsində mümkün oldu. Hazırda bizim Türkmənistan ilə bir müqavilimiz var. Bu müqaviləyə görə, 2002-ci ildə Türkmənistan Türkiyənin sərhədinə qədər həmin xətt vasitəsilə 16 milyard kubmetr qaz verməlidir. Bu rəqəm getdikcə artacaqdır.

Heydər Əliyev: Çox gözəl. Bizim münasibətlərimizdə əsas yer tutan məsələlərdən biri Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemidir. Bu barədə sonra, ola bilər, geniş danışaq. Amma siz bilərsiniz, mən son dövrdə Davosda sizinlə bu barədə danışmışam. Biz indiyə qədər bu məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq. Bilirsiniz, indi ATƏT də hərəkətə gəlibdir. Minsk qrupunun Rusiya, ABŞ, Fransa tərəfindən olan həmsədrləri Cenevrədə toplaşıblar, orada danışıqlar aparıblar. Bunlar haqqında sizin məlumatınız var. İşğal altında olan torpaqlar azad edildikdən sonra bərpa işlərinin görülməsi, bununla bağlı maliyyə məsələlərinə baxıblar. Biz onların bölgəyə gəlməsini gözləyirik. Ermənistan prezidenti Koçaryanla mənim danışıqlarımdan da sizin xəbəriniz var, bunu bilirsiniz. Təəssüf ki, ötən ilin oktyabr ayında orada baş vermiş terror hadisəsi bu danışıqları müəyyən qədər dayandırdı. Ancaq bu danışıqlar da davam etməlidir.

Türkiyə həm o danışıqların, həm də bu danışıqların iştirakçısıdır. Türkiyəsiz heç bir şey ola bilməz. Çünki Türkiyə Minsk qrupunun üzvüdür. Türkiyə bu danışıqların içərisindədir, daim də içərisində olmalıdır. Onsuz bu məsələ həll oluna bilməz. Mən ümid edirəm ki, iyun ayının 20-21-də Moskvada Müstəqil Dövlətlər Birliyi başçılarının toplantısı olacaqdır. Orada görüşlər keçiriləcəkdir. Ondan sonra isə Minsk qrupunun həmsədrləri bölgəyə gələcəklər, danışıqları davam etdirəcəyik. Bilirəm ki, siz bunun üçün hərtərəfli çalışırsınız, öz xidmətlərinizi göstərirsiniz. 

Vəziyyət belədir. Yəni qaçqınlarımız yenə də çadırlarda yaşayırlar, heç bir şey dəyişməyibdir. Əksinə, humanitar təşkilatlardan, ayrı-ayrı ölkələrdən qaçqınlara gələn yardımlar azaldılır. Bir neçə gün bundan öncə Birləşmiş Millətlər Təşkilatının humanitar məsələlər və qaçqınlar üzrə nümayəndəliklərinin, başqalarının iştirakı ilə Bakıda BMT-nin himayəsi altında beynəlxalq konfrans keçirdik. Bizə izah edirlər ki, dünyada münaqişələr, qaçqınlar, köçkünlər çoxalıbdır, ona görə də yardımlar azalır. Amma Azərbaycandakı qaçqınlar 7-8 ildir ki, çadırlarda yaşayırlar. Ona görə də biz bu problemi həll etməliyik.

Birincisi, Azərbaycanın torpaqları bu qədər işğal altında qala bilməz, ikincisi, bir milyondan artıq Azərbaycan vətəndaşı öz yerinə-yurduna qayıtmalıdır. Sonra bərpa işləri getməlidir. Qarşımızda hələ uzun illər, çox işlər vardır.

İndi əsas məsələ budur ki, danışıqlar aparaq, razılığa gələk, ondan sonra sülh haqqında saziş imzalayaq. Bunu da biz daim sizinlə birlikdə edirik.

İsmayıl Cem: Hörmətli Prezident, əlbəttə, müzakirə etdiyimiz məsələlərin, heç şübhəsiz ki, ən  əhəmiyyətlisi elə budur. Biz Türkiyə olaraq bu məsələdə sizi hər zaman dəstəkləyirik və dəstəkləməkdə də davam edəcəyik. Sizin qəbul edəcəyiniz, razı olacağınız, oldu deyəcəyiniz hər bir həll variantını biz ürəkdən dəstəkləyəcəyik. Münaqişənin həlli prosesində də, ondan sonra da biz Sizinlə olacağıq. Bu məsələ ilə bağlı hadisələrin gedişini biz diqqətlə izləyirik. Bu məsələ ilə bağlı müzakirələrdə mən də bir neçə dəfə iştirak etmişəm. Bu barədə Sizin geniş məlumatınız vardır. 

Heydər Əliyev: Başqa məsələlərlə bağlı müzakirələri bəlkə biz mətbuat nümayəndələrinin iştirakı olmadan keçirək. Görürəm, siz bunu intizarla gözləyirsiniz.