Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyanın milli bayramı – Respublika Günü münasibətilə İtaliyanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - "Hyatt-Recensi-Naxçıvan" mehmanxanası, 8 iyun 1998-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi İtaliya Respublikasının elan olunmasının 52-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, İtaliya xalqına sülh, əmin-amanlıq və səadət arzulayıram.

Biz müstəqil Azərbaycan ilə İtaliya Respublikası arasında əlaqələrə xüsusi əhəmiyyət veririk. Son zamanlar bu əlaqələrin bütün sahələrdə inkişaf etməsi bizdə böyük razılıq hissi doğurur. Məmnuniyyət hissi ilə demək istəyirəm ki, Azərbaycanda İtaliyanın səfirliyinin açılması və onun fəaliyyəti İtaliya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində mühüm hadisə olmuşdur.

Keçən ilin sentyabr ayında mənim İtaliyaya rəsmi səfərim zamanı İtaliya Respublikasının prezidenti cənab Skalfaro, Baş nazir cənab Prodi və başqa dövlət xadimləri ilə apardığımız danışıqlar və imzalanmış çox əhəmiyyətli sənədlər İtaliya-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük bir mərhələ açmışdır. İmzaladığımız sənədlər İtaliya-Azərbaycan əlaqələrinin hüquqi-normativ bazasının yaranmasının əsasını qoymuşdur və əminəm ki, əməkdaşlığımız nəticəsində bundan sonra da ölkələrimiz arasında müxtəlif sənədlər imzalanacaq və onlar əlaqələrimizin genişlənməsinə kömək edəcəkdir. Keçən il İtaliyada olduğum günləri, Romada, Neapolda, Kapridə keçirdiyim saatları və çox mehriban görüşləri böyük məmnuniyyət hissi ilə xatırlayıram. Azərbaycan nümayəndə heyətinə İtaliyada çox böyük qonaqpərvərlik, diqqət və qayğı göstərilmiş və bizim səfərimiz, görüşlərimiz, danışıqlarımız dostluq və mehribanlıq şəraitində keçmişdir.

Şübhə yoxdur ki, bizim əlaqələrimiz, yəni dövlət rəhbərlərinin və hökumətə daxil olan şəxslərin İtaliyadan Azərbaycana, Azərbaycandan İtaliyaya səfərləri davam edəcəkdir və bu da əməkdaşlığımız üçün çox gözəl imkanlar yaradacaqdır. Bu baxımdan İtaliyanın sənaye nazirinin iyun ayının əvvəlində Azərbaycana səfəri, bizim görüşlərimiz, danışıqlarımız da böyük əhəmiyyət kəsb edir.

Hesab edirəm ki, iqtisadi sahədə əməkdaşlığımız müvəffəqiyyətlə irəliləyir. Xəzər dənizinin Azərbaycan sektorunda olan "Kürdaşı" yatağının müştərək işlənilməsi barəsində iyun ayının 2-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə İtaliyanın "Eni/ACİP" şirkəti arasında böyük müqavilə imzalandı. Məlumdur ki, İtaliyanın "ACİP" şirkəti Azərbaycana ilk dəfə 1995-ci ilin noyabr ayında gəlmişdir və o zaman bir çox şirkətlərlə, xüsusən Rusiyanın "LUKoyl" şirkəti ilə birlikdə "Qarabağ" neft yatağında iş görmək üçün müqavilənin iştirakçısı olmuşdur. İndi "Eni/ACİP" şirkəti Azərbaycanda fəaliyyətini həddindən artıq genişləndirir. Hesab edirəm ki, bu əməkdaşlıq Azərbaycan ilə İtaliya arasında bütün başqa sahələrdə olan əməkdaşlığa da öz təsirini göstərəcəkdir.

Şübhə yoxdur ki, İtaliyanın başqa şirkətləri üçün də Azərbaycanda yer var. Mən keçən ilin sentyabr ayında İtaliyada olarkən bu barədə öz fikirlərimizi bəyan etmişəm və bu gün də bəyan edirəm ki, İtaliyanın xüsusən orta və kiçik şirkətləri Azərbaycanda müştərək çox iş görə bilərlər və biz də bunu arzu edirik.

İtaliya Avropanın böyük dövlətlərindən biridir, Avropa Birliyində və ümumiyyətlə dünya birliyində özünəməxsus, xüsusi yer tutur. İtaliya iqtisadi cəhətdən inkişaf etmiş ölkədir. İtaliya xalqı zəngin, qədim tarixə malik olan xalqdır. Bunları nəzərə alaraq, Azərbaycan İtaliya ilə bütün sahələrdə əməkdaşlıq etmək arzusundadır.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün 1992-ci ildə ATƏT-in Minsk qrupu yaranandan sonra İtaliya 1992-1993-cü illərdə ATƏT-in Minsk qrupunun sədri vəzifəsini həyata keçirmişdir. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədi ilə 1993-cü ilin ikinci yarısında mən Minsk qrupunun sədri, İtaliyanın nümayəndələri ilə dəfələrlə görüşüb danışıqlar aparmışam. Hesab edirəm ki, onların burada gördükləri iş, bizim danışıqlarımız çox əhəmiyyətli olmuşdur.

İtaliya indi də ATƏT-in Minsk qrupunun üzvüdür və bizimlə əməkdaşlıq edir. 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün prinsiplərin müəyyən edilməsi və qəbul olunmasında İtaliyanın da səsi əhəmiyyət kəsb etmişdir. Məmnuniyyətlə qeyd edirəm ki, Minsk qrupunun üzvü kimi İtaliya Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasında həmişə ədalətli və prinsipial mövqe tutmuşdur. Bu gün də İtaliya ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsipləri Ermənistan -Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün yeganə əsas kimi qəbul edir və əsas hesab edir.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu sahədə, yəni Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tam həll olunması istiqamətində Minsk qrupunun üzvü kimi İtaliya Azərbaycanla əməkdaşlığını davam etdirəcək və öz səylərini bundan sonra da əsirgəməyəcəkdir. İtaliya ilə Azərbaycan arasında əlaqələrin bir cəhəti də ondan ibarətdir ki, ümumiyyətlə İtaliya insanları çox cəlb edən ölkədir. İtaliyanın görməli yerləri ilə tanış olmaq üçün, yaxud ticarət məqsədi ilə Azərbaycandan İtaliyaya çox insanlar gedirlər. Bu da İtaliya-Azərbaycan əlaqələrinin genişlənməsinə kömək edir. Bir sözlə, müstəqil Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında çox gözəl əlaqələr yaranmışdır və biz bunların sürətlə inkişaf etməsi üçün tələb olunan tədbirlərin hamısını öz tərəfimizdən həyata keçirəcəyik.

İtaliya Respublikasının və hökumətinin qarşısında da çox mühüm vəzifələr var. İtaliya Respublikası Avropa Birliyində, Dünya Birliyində fəal iştirak edərək, eyni zamanda öz ölkəsinin iqtisadiyyatının inkişafı və vətəndaşlarının rifahının daha da yaxşılaşdırılması sahəsində lazımi tədbirlər görür. Mən İtaliya Respublikasına və İtaliya xalqına gələcək bütün işlərdə müvəffəqiyyət arzu edirəm. İtaliyanın bütün vətəndaşlarına sülh, əmin-amanlıq və rifah arzulayıram. Bayramınız mübarək olsun.