Azərbaycanda Bələdiyyə seçkilərində iştirak etmiş türkiyəli müşahidəçilərlə gorüşdə söhbət - Prezident sarayı, 13 dekabr 1999-cu il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Sizin gəlişinizin mərami da cox gözəldir. Çünki Azərbaycan öz müstəgil dövlətini qurur. Bunlardan biri də bələdiyyələrdir. İndiyə gədər Azərbaycanda bələdiyyələr yaranmayıbdır. Ancaq indi onları yaradırıq. Yaratmaq üçün də seçkilər keçirmək lazımdır. Seçkilər də dünən keçdi və siz də cox sag olun ki, zəhmət çəkmisiniz, gəlmisiniz, bu seşkilərdə müşahidəçilik etmisiniz.

Bizim Milli Mclisin sədri mənə söyləmişdi ki,sizi dəvət edibdir, siz burada seckilərdə müşahidəçilik edəcəksiniz. Ancaq sonra eşitdim ki, elə bu gün Türkiyəyə qayıdırsınız. Düşündüm ki, əgər görüşmək olmaz. Mənə dedilər, siz də mənimlə görüşmək istəyirsiniz . Təşəkkür edirəm.

Əli Kamal Başaran (Türkiyəninn Ana Vətən Partiyasindan Trabzon millət vəkili): Bizi gəbul etməyiniz bizim üçün böyük şərəfdir. Sizə son dərəcə hörmət və etirazimızı bildiririk. Biz beş partiyani təmsil edirik. Sizinlə son dərəcə fəxr edirik və sizləri çox sevirik. Biz buraya öz torpagına, vətəninə gələn insan kimi gəldik. Sizlərin də bizə gəlişinizi belə gəbul edirik, azəri qardaşlarımızın Türkiyəyə gələndə də eyni qürurları daşıyırıq. Çox razı galdıq. Demokratiyanın körpəlik dövrünü yaşayan bir ölkədə ilk dəfə keçirilən bələdiyə seçkilərini izlədik. Hər şeyi yaxşı gördük. Seçkilərin yaxşı nəticəli olacagı qənaətindəyəm. Bu çox normal şəraitdə keçən bir seçki oldu.

Qayəmiz Azərbaycanı çox yüksəkliklərdə görmək istəyidir. İnanırıq ki, Sizin keçmişdən gələn təcrübəniz Azərbaycani çox gözəl yerlərə çatdıracqdır. Böyük bir rus dövlətindən sonra kiçik, amma böyük imkanlara malik Azərbaycana inanırıq ki, Sizin sayənizdə iqtisadi cəhətdən rahatlıg icərisində olacqdır. Mən elə uzun bir zaman görmürəm -Azərbaycanin 15-20 illik çətin dövrü ola bilər. Biz millət olaraq, türk parlamentçiləri olaraq ürəyimizlə, hər şeyimizlə hər zaman Azərbaycanin yanında olacagimizi söyləyirik. Təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Əgər sizin də sözünüz varsa, buyurun.

Əli Günər (Fəzilət Partiyasının nümayəndəsi İqdir millət vəkili): Hörmətli prezident, Türkiyə Cümhuriyyəti adından məclis başqanımız və bütün partiyalar adından Sizə salamımızı, hörmətlərimizi ehtiramımızı ərz edirəm. Biz Sizi gördükcə xoşbəxtlik duyuruq.

Mən İqdır millət vəkiliyəm. Siz Naxçıvanda olan zaman mən də orada olmuşam. Siz iki dövlət arasında dövlət qurdunuz.

Hamımızın dediyi kimi, biz iki dövlət, bir millətik. İnşallah, bu, əbədiyyətə qədər davam edəcəkdir. Biz bununla qürur duyuruq.

Türkiyə Cümhuriyyəti hər şeyi ilə, yəni uşağı, böyüyü , kiçiyi, kişisi, əsgəri ilə qəlbən, fikrən, zikrən Sizin yanınızdadır. Biz Sizi dəstəkləyirik. İnşallah, bu dəstək Sizin atdığınız demokratik addımlarla Avropaya qədər gedəcəkdir. Bizim getdiyimiz yerlərə qardaş Azərbaycanın da yer alacağına inanırıq. Biz bir adım atdıq. İnşallah, bu addım özəlliklə bütün türk cümhuriyyətləri üçün xeyirli olacaqdır.

Sizin bu demokratik addımlarınız digər ölkələr üçün də xeyirli olacaqdır. Hətta mənim çox sevindiyim bir-iki hal oldu. Yaşlı bir qadına və gənc bir vətəndaşa "Siz səsinizi kimə verdiniz?" sualını verdim. Dedilər ki, "Biz Azərbaycan vətəndaşı kimi, lazım olan kəsə səsimizi verdik". Biz bundan çox məmnun olduq. İnşallah, bunlar davam edəcəkdir. Biz Azərbaycandan çox məmnunuq. Sizin hər şeyiniz çox yaxşıdır.

Bizim allahdan təmənnamız, niyazımız odur ki, qısa bir zamanda çətinlikləri keçin. Daha güclü Azərbaycan Türkiyə üçün də güclü olmaq deməkdir. Türkiyənin gücü Azərbaycanın gücü deməkdir. Sizin rəhbərliyiniz altında iki gücün birləşməsi dünya dövlətləri arasında öz yerini alacaqdır. Biz bundan məmnunuq. Çünki biz iqdırlılar Sizi çox yüksəklikdə gördük. Allah ömrünüzü uzatsın, deyərək dua edirik.

Qonşu olan vilayətlər - Naxçıvan və İqdır arasında bir körpü vardır. Naxçıvanda 400 minə yaxın əhali yaşayır. Bir o qədər də İqdırın varıdır. Siz və cənab Süleyman Dəmirəl birlikdə "Həsrət körpüsü"nün təməlini qoydunuz. Orada ticarət fəaliyyətinə başlandı. Həm Azərbaycan xalqı, Naxçıvan üçün, həm də bizim xalqımız üçün həqiqətən, çox faydalı işlər oldu. Sizin xalqınızın zənginliyin bizim xalqın, bizim zənginliyimiz isə Sizin xalqin zənginliyidir.

Sizdən bir xahişim vardır. Süleyman bəylə Siz qardaşsınız. Biz belə görürük. Bizə ayda 25 min ton mazut verirlər. Bu da ildə 300 min ton edir. Yarısını naxçıvanlılar gətirir, yarısını da iqdırlılar gətirirlər. Bu da tələbatı ödəmir. Biz Sizdən göndərilən mazutu İrandan alıb Türkiyəyə gətiririk.

Böyüyümüz olaraq Sizdən arzumuz, istəyimiz budur ki, bu barədə Süleyman bəydən xahiş edin,- bunu artırmaq lazımdır ki, oradakı əhalinin zənginliyi, gücü artsın. Allah Sizə yardımçı olsun. Sizə hörmət və ehtiramımı bildirirəm.

Nurəddin Atik (Doğru Yol Partiyasından Diyarbəkir millət vəkil): Hörmətli prezident, biz Milli Məclis başqanımızın dəvəti ilə müşahidəçi kimi Azərbaycana gəldik. Burada özümüzü evimizdəki kimi çox rahat hiss edirik. Bələdiyyə seçkilərimizi izlədik və hər şey çox gözəl oldu. Konstittusiya çərçivəsində çox demokratik bir seçki oldu. Elə bir problemlə üzləşmədik.

Seçkilər zamanı səs verməyə yaşlı bir qadın gəlmişdi. O dedi ki, vətəndaşlar xəstə olsalar da evlərdə, xəstəxanalarda onların yanına gedirlər və onlar da səs verirlər. Bu çox gözəldir. Hər şey deyilənlərdən də yaxşı oldu. Bir qardaş, dost olaraq çox sevindik. Bu bələdiyyə seçkiləri həm Azərbaycana həm də onun xalqına xeyirli, uğurlu olsun. Allah üstümüzdə olsun. Sağ olun, var olun.

Həsən Hüseyn Balak (Milliyətçi Hərəkət Partiyasının təmsilçisi Tokat millət vəkili): Hörmətli prezident, Sizə genel başqanımız, dövlət nazirimiz və Baş nazirin müavini Dövlət Baxçalının salamlarını çatdırıram və bundan qürur duyuram.

Həmkarlarımın dedikləri kimi, həqiqətən, buraya, qardaşlarımızın vətəni olan Azərbaycana öz məmləkətimiz kimi gəldik. Buraya gəldiyimiz zaman biz İsveçrədə, İngiltərədə, Fransada duyduğumuz yabançılığı duymadıq. Bizə qucaqlarını açdılar. Zati-alilərinizin vermiş olduğu təlimatla bizi müşayiət edən, qonaqpərvərlilik göstərən insanlar bizi çox gözəl qarşıladılar, çox duyğulandırdılar.

Biz burada müşahidəçi kimi seçki məntəqələrini gəzdik və hər şeyi gördük. Sizin himayəniz altında demokratik nizama qovuşmaq üçün çox böyük addım atılır və xalq bundan xeyli məmnundur. Biz də məmnunuq. Bununla bərabər, demokratiyaya keçid zamanı çox böyük həmlələri dəf etdiniz. Əlbəttə, biz türk insanı olaraq bundan çox sevinirik. Azərbaycan xalqının yüksəlişini güneydəki qonşunuzla və digərləri ilə müqayisə etdiyimiz zaman görürük ki, qısa zamanda Sizin himayənizlə çox böyük işlər görüşmüşdür və əzəmətinizlə digər işləri də uğurla başa vuracağınızı zənn edirəm. Mənim inancım budur. Onun üçün də dua edəcəyəm. Sağ olun.

Həsən Gülay (Demokratik Sol Partiyasından Manisa millət vəkili): Hörmətli cumur başqanım. Bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Həmkarlarımın söylədiyi kimi, biz Azərbaycana Milli Məclis sədrinin dəvəti ilə gəlmişik. Sizin vaxtınızın az olduğunu bilirik. Bizə lütf etdiniz. Biz buraya sevinclə gəldik və sevinclə dönəcəyik. Hər şey demokratik və gözəl oldu. İndi biz sizdən ayrılacağıq.

Cənab prezident, mən Sizin sağlam, rahat olmağınızı ancaq televiziya vasitəsi ilə görürdüm. İndi də çox sağlamsınız, gümrahsınız və qoy həmişə belə olsun.

Vaxtınızı çox almaq istəmirəm. Mən hörmətli Ecevitin partiyasındanam və Manisadan millət vəkili seçilmişəm Onun Sizə olan hörmət və ehtiramını çatdırmağı özümə borc bilirəm. Allah Sizə ömür versin. Təşəkkür edirəm.

Heydər Əliyev: Hörmətli dostlar, əvvəla, sağ olun ki, zəhmət çəkib Azərbaycana gəlmisiniz və bizim ilk bələdiyyə seçkilərində müşahidəçi olmusunuz, beləliklə də Azərbaycana yardım etmisiniz.

Mən bunu bir neçə dəfə demişəm. Dünən səs verməyə getmişdim, orada xeyli mətbuat nümayəndələri var idi. Onlarla 35-40 dəqiqə söhbət etdim, danışdım. Ondan iki gün əvvəl mən televiziya və radio vasitəsilə Azərbaycan vətəndaşlarına müraciət etmişdim. Mənim sözlərimin əsas məzmunu odur ki, Azərbaycan demokratiya yolu ilə gedir, demokratik, hüquqi, dünyəvi, yəni layiq dövlət qurur. Bilirsiniz ki, bu, böyük bir prosesdir, onu 1-2-3 ildə etmək mümkün deyildir. Amma biz bu yolla tam inamla gedirik. Bizim başqa yolumuz yoxdur. Yəni yollar çoxdur, amma bizim yolumuz budur və bizi bu yoldan heç kəs döndərə bilməz. Çünki Azərbaycan öz müstəqilliyini tam təmin etmək, saxlamaq və qorumaq üçün mütləq demokratik və hüquqi dövlət olmalıdır, dünyanın demokratik, hüquqi cəmiyyətində özünə yer almalıdır. Bu da Azərbaycanın müstəqilliyinin təminatı olmalıdır.

Biz ötən illərdə bir çox işlər görmüşük. Amma gördüyümüz hər bir iş yeni bir addımdır. Yəni biz 1995-ci ildə müstəqillik Konstitusiyası, Ana yasası əsasında Milli Məclisimizə ilk dəfə seçkilər keçirdik. Məsələn, Azərbaycanda 2-3 dəfə prezident seçkiləri keçirilibdir. Amma bunlar hamısı yeni hadisələrdir. Bələdiyyə seçkiləri isə bizim üçün tamamilə çətin bir prosesdir.

Mən bilirəm ki, Türkiyədə bələdiyyə sistemi böyük tarixə malikdir və bu sahədə çox işlər görülür, bələdiyyələrin geniş səlahiyyətləri vardır.

Mən Türkiyənin daxili işləri ilə təxminən 1992-ci ildə tanış olarkən - mən əvvəllər də Türkiyə barədə oxuyurdum, öyrənirdim, amma bunları bilavasitə şəxsən görmürdüm - gördüm ki, bəli, orada bələdiyyələr çox gözəl qurulub, yaradılıbdır və xalqın, vətəndaşların özlərinin idarə etdiyi bir orqandır, heç kimə tabe, heç kimdən asılı deyil. Onlar öz bölgəsində, şəhərində, kəndində bələdiyyə çərçivəsində çox böyük işlər görürlər.

Mən dəfələrlə demişəm, biz bütün dünya təcrübəsindən istifadə etməliyik. Amma bizim üçün ən yaxın, doğma təcrübə Türkiyənin təcrübəsidir. Türkiyə bələdiyyəsini səviyyəsinə gəlib çatmaq üçün hələ çox vaxt lazımdır. Bu, bizim ilk addımımızdır. Siz doğru dediniz ki, bu, körpə bir addımdır. Biz bu addımı ataraq bir daha sübut edirik ki, bu yolla gedirik.

Bu seçkilərdə hər şeyin istənilən kimi olmaması mümkündür. Mən çox məmnunam ki, sizin müşahidələrinizin hamısı müsbət xarakter daşıyır. Ancaq eyni zamanda, mən belə düşünürəm, ola bilər ki, bəzi yerlərdə, məsələn, bir rayonda icra hakimiyyəti başçısı bu işlərə müdaxilə edibdir. Mən bu məsələyə baxacağam, həmin icra hakimiyyəti başçısı haqqında bəlkə də çox ciddi bir qərar qəbul edəcəyəm. Çünki bələdiyyə seçkisinə heç kim müdaxilə etməməlidir, qarışmamalıdır. İnsanlar, vətəndaşlar sərbəst, azad surətdə özləri gəlib istədikləri adama səs verməli, kimi istəsələr onu da seçməlidirlər. Ancaq bu, asan iş deyildir.

Bizim Səbail rayonu Bakının mərkəzi rayonudur. Mən dünən ora getdim, həmin rayondan 17 adam seçilməlidir. Ancaq oradakı siyahıda 82 namizədin adı vardır. Mən bunların çoxunu tanımıram, bilmirəm. Siyahıda 3 - 4 adam olanda tanıyıram, bilirəm ki, kimə səs vermək lazımdır. Amma əgər bu, mənim üçün asan deyilsə, başqaları üçün daha da çətindir. Biz bu yolu keçirik. Çox sağ olun ki, siz də gəlib müşahidə etdiniz və bizə yardım göstərdiniz. Buna görə mən sizə bir daha təşəkkür edirəm.

Türkiyə Azərbaycan münasibətlərinə gəlincə isə - ölkəmizin dövlət müstəqilliyini əldə edəndən sonra altı ildir ki, mən respublikamızın prezidentiyəm - bu əlaqələr çox sürətlə inkişaf edir. Bu sözlər ilk dəfə mənim dilimdən çıxıbdır ki, biz bir millət, iki dövlətik. Bu sözləri indi Türkiyədə, Azərbaycanda da deyirlər. Bu, həqiqətən də belədir. Ona görə də Türkiyə Azərbaycan əlaqələri, dostluğu dünyada heç bir ölkənin əlaqələrinə bənzəmir, yəni beləsi yoxdur. Birincisi, bunlar səmimidir, ikincisi, bizim dərin milli köklərimizin, dilimizin, adət - ənənələrimizin üzərində qurulubdur. Ona görə də bunlar tarixi əhəmiyyətə malikdir.

 Hər şey insanlardan asılıdır - bunu daha yaxşı qurmaq da, pozmaq da olar. İnsanın əqidəsindən, fikrindən, ağlından, daxili mənəviyyatından çox şeyasılıdır. Allaha şükürlər olsun, indi Türkiyədə, Azərbaycanda da başçılıq edənlər anlayırlar ki, bu iki dövlət bir - birinə daha da yaxın, dost olmalıdır.

Mən keçən ay - noyabr ayında üç dəfə Türkiyədə oldum. Ayın əvvəlində gedib zəlzələ baş vermiş yerlərdə oldum, Ankaraya getdim, Beynəlxalq Atatürk Sülh Mükafatını aldım. Sonra İstanbulda ATƏT -in zirvə görüşündə iştirak etdim. Ayın 28 də isə İspartaya getdim, əziz dostum, qardaşım Süleyman Dəmirəllə orada bir sıra açılışlarda, tədbirlərdə iştirak etdim. Bu, nəyi göstərir? Bu bizim nə qədər dost olduğumuzu göstərir. Türkiyə mənim üçün doğmadır. Mən Türkiyənin hansı şəhərinə gedirəmsə, özümü məmləkətimdəki, şəhərimdəki kimi hiss edirəm. Eləcə də siz Azərbaycana gələndə özünüzü belə hiss edirsiniz.

Xalqımız, millətimiz görür ki, Azərbaycan prezidentinə, cümhur başqanına bizim üçün ən əziz, qiymətli olan Mustafa Kamal Atatürk adına Beynəlxalq Sülh Mükafatı veribdir. Azərbaycanda, Türkiyədə məlumdur ki, bu mükafat nadir adamlara verilir. Bu mükafatı indiyə qədər 4 nəfər alıbdır, beşinci isə Azərbaycanın prezidentidir. Bu, sülh, barış, beynəlxalq mükafatdır. Bu, Mustafa Kamal Atatürkün yaratdığı mükafatdır.

Bu mükafat mənə təqdim edilərkən hörmətli dostum Süleyman Dəmirələ dedim ki, mən həyatımda çox mükafatlar almışam. Keçmiş Sovetlər İttifaqının - fövqəldövlətin ən yüksək dövlət nişanlarının hamısından almışam. Yəni mənim sinəm bu mükafatlarla doludur. O dövrdə mən başqa dövlətlərin də orderini - siz ona nişan deyirsiniz - almışam. Amma mənim üçün onların hamısından əziz Beynəlxalq Atatürk Sülh Mükafatıdır. Bu, təkcə mənim üçün yox, bütün Azərbaycan xalqı üçün əzizdir. Azərbaycanın hər yerində indiyə qədər bu barədə danışıqlar gedir, insanlar öz fikirlərini söyləyirlər.

 Dünən YUNİSEF tərəfindən elan edilmiş uşaqların beynəlxalq televiziya və radio günü idi. Mən də onların bu gününü təbrik etməyə getdim. Oradakıların əksəriyyəti balaca uşaqlar idi. Mən onların bu gününü təbrik etməyə getdim. Orada da böyük iftixar, qürur hissi ilə danışırdılar ki, Azərbaycanın dövlət başçısı, cümhur başkanı Beynəlxalq Atatürk Sülh mükafatı alıbdır. Bu da bizim dostluq əlaqələrimizin böyük bir əlamətidir.

Mən sizin dediyiniz məsələyə mütləq fikir verəcəm. Çünki 1991 - 1992- ci illərdə mən Naxçıvana rəhbərlik edərkən əziz dostum Süleyman Dəmirəllə bizim o körpünü yaratmağımız tarixi hadisədir. Həmin körpüyə "Həsrət Körpüsü" deyirdilər. Bu körpü Naxçıvanın həyatını xilas etdi. Çünki Naxçıvan hər tərəfdən blokadaya alınmışdı. O vaxt Türkiyədən Naxçıvana elektrik xətti gətirildi, insanlar bu körpüdən gedib - gəldilər, ticarət etdilər.

Həmin illərdə mən İqdıra bir neçə dəfə getmişdim. Deyirlər, indi, son beş - altı ildə İqdır tamamilə dəyişibdir. Əziz dostum, prezident Süleyman Dəmirəl bu yaxınlarda İqdıra getmişdi, oradan qayıdanda mənə telefon etdi ki, mən İqdırı tanımadım. İqdıra vilayət adı verilməsi ilə əlaqədar keçirilən tədbirdə mən iştirak etmişdim. Həmin tədbirə Süleyman Dəmirəl və mən gəlmişdik. Çox gözəl bir tədbir keçdi. Bundan əvvəl İqdır Qars vilayətinin tərkibində idi. İqdır müstəqil vilayət olması onun inkişafına böyük imkanlar yaratdı.

Sən indi mazutdan söhbət açdın. Təkcə mazut yox, benzin, digər yanacaq növlərinin də Azərbaycandan gəlib Naxçıvana, oradan Türkiyəyə keçməsi, yaxud İrandan Naxçıvana keçməsi - bunlar hər iki tərəf üçün - həm Naxçıvan, həm də İqdır, Ərzurum üçün çox faydalıdır. Güman edirəm ki, bu məsələlər həll edilməlidir. Bilirəm ki, orada problemlər var.

Əli Günər: Cənab prezident, mən bu məsələyə ona görə toxundum ki, əvvəl yayda 150 min ton, sonra isə ayda 25 min ton yanacaq gəldi. Bu da müəyyən problemlər yaratdı.

Heydər Əliyev: Siz bilirsiniz ki, bu məsələyə Türkiyə tərəfi baxır. Yəni Türkiyə tərəfi orada gömrüyü bağlayıbdır. Hörmətli Süleyman Dəmirəl İqdıra gedəndə mən ona dedim ki, sən orada gömrük məsələləri barədə göstəriş ver. O da İqdırdan qayıdanda mənə dedi ki, mən oranın valisinə lazımi göstərişlər vermişəm. Türkiyə Baş bakanlığının gömrük müstəşarı bu günlərdə buraya gəlmişdi. Mən onunla görüşəndə də dedim ki, sən keçid məntəqəsində gömrük işlərini qaydaya sal.

 Əli Günər: Cənab prezident, orada hər bir iş qaydasına düşəcəkdir.

Heydər Əliyev: Mən öz tərəfimdən nə lazımsa edəcəyəm. Hörmətli Süleyman Dəmirəllə danışanda sizin bu sözlərinizi də ona çatdıracağam. Amma siz də öz tərəfinizdən lazımi işlər görün.

Əli Günər: Bilirsiniz, hörmətli Süleyman Dəmirələ yanlış məlumat veriblər: Guya bizim şəhərlərin birindən mazut alınır. Lakin 6-7 aydır ki, bu yanacaq gəlmir. Yanacaq sadəcə, İrandan və Bakıdan gəlir. İnşallah, bu məsələlər həll ediləcəkdir.

Heydər Əliyev: Demək yanlış məlumat verilib, ona görə də belə qərarlar qəbul olunur. İnşallah, bu məsələlər həll ediləcəkdir.

Mən sizə təşəkkür edirəm. Partiya rəhbərlərimizin hər birinə mənim salamımı, hörmət və ehtiramımı, sayğılarımı çatdırın. Türkiyənin demokratiyada ən böyük nailiyyəti odur ki, hər bir işi demokratik yolla aparır. Türkiyədə güclü partiyalar var. Bu partiyalar seçkidə iştirak edirlər. Hansı partiya daha çox səs toplayırsa hökumətdə onun əsasında qurulur. Hökumətə daxil olmayan partiya daha da çalışır, itirmir. İndi Fəzilət Partiyası hökumətə daxil deyil.Amma İstanbulun bələdiyyə başqanı Fəzilət başqanı Fəzilət Partiyasının nümayəndəsidir.Bu, elə demokratiyanın ən böyük göstəricisidir. Fəzilət Partiyası hökumətin tərkibinə daxil ola bilməyibdir,amma İstanbul kimi şəhərin bələdiyyə başqanı Fəzilət Partiyasındandır.Mən sizin hamınıza cansağlığı,işlərinizdə uğurlar arzulayıram.Türk xalqına,qardaşlarıma məndən salamlar söyləyin.Sizə yaxşı yol diləyirəm.