Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl ilə görüşdəki söhbətindən - Astana, 9 iyun 1998-ci il


Heydər Əliyev: Qardaş Türkiyə dövlətinin başçısı, əziz dostum Süleyman Dəmirəl!

Sizi Qazaxıstanın yeni paytaxtı Astana şəhərində zirvə görüşündə dostcasına və mehribanlıqla salamlayıram. Bu yeni görüşməyimizdən şərəf duyduğumu bildirirəm və bizim bu görüşümüz də dostluğumuz, əməkdaşlığımız üçün bir daha əhəmiyyətli olacağına əminəm. Türkdilli dövlətlərin, xalqların rifahının yüksəlməsinə yönəldilmiş, böyük əhəmiyyətə malik bu görüşün ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf etməsinə yeni təkan verəcəkdir.

Süleyman Dəmirəl: Mən də, əziz dostum, qardaşım Heydər bəy, sizi səmimi-qəlbdən salamlayıram. Türkdilli ölkələrin dövlət başçılarının Astana zirvə toplantısında görüşlərimiz və orada qəbul olunmuş sənədlər dövlətlərimiz arasında əməkdaşlığın dərinləşməsinə geniş şərait yaradır və mühüm imkanlar açır. Hesab edirəm ki, çoxtərəfli iqtisadi əməkdaşlığımızda əldə olunmuş xeyli irəliləyiş sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcəkdir.

Heydər Əliyev: Türkiyə ilə Azərbaycan arasındakı tarixi dostluq, qardaşlıq əlaqələri daim inkişaf edir. Bu əlaqələrin bütün xətlər, istiqamətlər üzrə gündən-günə inkişaf etməsini yüksək qiymətləndirirəm. Bu, bizi çox sevindirir və Azərbaycan tərəfindən məmnuniyyətlə, böyük sevinclə qarşılanır. Bizim müstəqilliyimiz əldə olunan kimi, Türkiyə Cümhuriyyəti dünya dövlətləri içərisində birinci olaraq dərhal Azərbaycan Respublikasının müstəqilliyini tanıdı. Bu dövrdə sizin daim qayğınız, diqqətiniz, Azərbaycanın müstəqilliyi üçün fəaliyyətiniz unudulmazdır, bizim üçün xüsusilə əhəmiyyətlidir. Ancaq Türkiyə-Azərbaycan dostluğuna qısqananlar, mane olmaq istəyənlər də var. Xoşbəxtlikdən bunların heç biri mane ola bilmir və bilməyəcəkdir. Bizim dostluğumuz, qardaşlığımız əbədidir, nə vaxtsa heç kəs bu dostluğu poza bilməz.

Süleyman Dəmirəl: Bu gün siz müstəqil Azərbaycan respublikasının müdrik rəhbəri, bütün dünyada böyük nüfuza və hörmətə malik olduğunuzu bir daha sübut etdiniz. Azərbaycan Respublikasında son illər əldə olunmuş uğurları, apardığınız sülh siyasətini böyük iftixar hissi ilə vurğulamaq istəyirəm. Siz həqiqətən çox böyük işlər görmüsünüz. Azərbaycanın müstəqilliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsində sizin xidmətləriniz çox böyükdür. Bütün bunlar təkcə Türkiyədə deyil, bütün dünyada izlənilir. İndi Azərbaycan dünya birliyində nüfuzlu yer tutur və biz onun müstəqilliyinin əbədi olmasını istəyirik. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığı ardıcıl surətdə inkişaf etdirməliyik, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə olunmasını vacib hesab edirəm. Heç bir qüvvə iki qardaş ölkənin dostluğuna, qardaşlığına və əməkdaşlığına zərər vura bilməz.

Heydər Əliyev: Məlum olduğu kimi, Ermənistanın Azərbaycana ərazi iddiaları və təcavüzü nəticəsində yaranmış 10 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsi həll edilməmiş qalıb, bu günə kimi davam edir. Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına səy göstərir. Biz bu münaqişənin ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər və həmsədrlərin irəli sürdükləri təkliflər əsasında tezliklə aradan qaldırılmasına çalışırıq.

Süleyman Dəmirəl: Bu münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılması üçün Minsk qrupu çərçivəsində aparılan danışıqlar Türkiyədə də diqqətlə izlənilir. Türkiyə qardaş Azərbaycanın ədalətli işini həmişə müdafiə etmiş və bu problemin Lissabon zirvə görüşündə müəyyənləşdirilmiş prinsiplər əsasında həll olunması sahəsində öz səylərini bundan sonra da davam etdirəcəkdir. Türkiyə bir daha Ermənistan silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının və yurd-yuvalarından didərgin düşmüş insanların öz yerlərinə qaytarılmasının, ölkələrimiz arasında mədəni və iqtisadi ədaqələrin daha da genişləndirilməsinin labüdlüyünü vurğulayır.

Heydər Əliyev: Hörmətli Süleyman bəy, artıq sizə məlumdur ki, Xəzər bölgəsi olduqca böyük neft və qaz ehtiyatlarına malikdir. 1994-cü il sentyabrm 20-də biz xarici ölkələrin neft şirkətləri konsorsiumu ilə "Əsrin müqaviləsi"ni imzaladıq. Həmin kontraktın bağlanması Azərbaycanın suveren hüquqlarının bərqərar edildiyinin, tam müstəqil dövlət kimi öz sərvətlərinin sahibi olduğunun, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qoşulması üçün zəmin yaradıldığının, Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə getmək əzmində olduğunun, ictimai-siyasi həyatımızda hökm sürən sabitliyin ifadəsi idi. "Əsrin müqaviləsi"nin, onun ardınca digər neft kontraktlarının bağlanması Azərbaycanın iqtisadi yüksəlişinin başlanması üçün çox zəngin potensial yaratdı. Bilirsiniz ki, Xəzər dənizinin Azərbaycan sektorundan neftin ixracı üzrə müxtəlif marşrutlar irəli sürülmüşdür. Bu barədə dəfələrlə danışıqlar, müzakirələr aparılmış, marşrutlar nəzərdən keçirilmişdir. Müzakirələr zamanı mən hər dəfə eyni fikri demişəm ki, Azərbaycanda hasil edilən neftin dünya bazarına çatdırılıması üçün Bakı-Ceyhan neft kəmərini yaratmaq lazımdır. Bu əsas məsələlərdən biridir. Bu gün də mən bir daha bəyan etdim ki, Xəzər dənizi hövzəsindən enerji ehtiyatlarının Bakı-Ceyhan marşrutu üzrə dünya bazarına çıxarılmasını məqbul sayırıq və onu həyata keçirəcəyik. Bu barədə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə 1998-ci il sentyabrın 7-8-də Bakda keçirilicək beynəlxalq konfransda qəti qərar qəbul ediləcəkdir. Bu, bir daha Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etdiyini, genişləndiyini bildirir.