Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sankt-Peterburqa səfəri – 8 iyun 2002


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 8-də günortadan sonra Sankt-Peterburq şəhərinə gəldi.

Rusiyanın şimal paytaxtının Pulkovo hava limanı Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət bayraqları ilə bəzədilmişdi.

Prezident Heydər Əliyevi Rusiya Federasiyasının Xarici İşlər naziri İqor İvanov və Sankt-Peterburq şəhərinin yüksək vəzifəli şəxsləri səmimiyyətlə və mehribanlıqla qarşıladılar. Şəhərdə yaşayan azərbaycanlıların uşaqları – milli geyimli qız və oğlan dövlətimizin başçısına gül dəstəsi təqdim etdilər.

Sankt-Peterburqda yaşayan həmyerlilərimizin nümayəndələri də Azərbaycan rəhbərini qarşılamaq üçün hava limanına gəlmişdilər. Onların əllərində Azərbaycan bayraqları, «Hörmətli Prezident, azərbaycanlı gənclər Sizi salamlayırlar» sözləri yazılmış transparant var idi.

Prezident Heydər Əliyev soydaşlarımıza yaxınlaşaraq onları salamladı, hal-əhval tutdu. Həmvətənlərimiz dövlətimizin başçısını hərarətlə salamladılar, onun Sankt-Peterburqa səfərə gəlməsindən məmnun olduqlarını bildirdilər.

Azərbaycan Prezidenti Heydər Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha – «Astoriya» mehmanxanasına gəldi.

Mehmanxananın qarşısına toplanmış xarici turistlər, Sankt-Peterburqda yaşayan soydaşlarımız və şəhər sakinləri Azərbaycan prezidentini mehribanlıqla salamladılar.

Prezident Heydər Əliyev burada maşından düşərək bir müddət şəhəri piyada gəzdi. Şəhər sakinləri hər yerdə dövlətimizin başçısını hərarətlə qarşılayırdılar. Peterburqun sakini Prezident Heydər Əliyevə müraciətlə dedi: Cənab Prezident, Siz bizim günəşimizsiniz. Siz Peterburqa gəldiniz, günəş çıxdı. Bəli, Siz həqiqətən bizim günəşimizsiniz.

Respublikamızın rəhbəri Qoroxovo küçəsindəki 6 nömrəli binanın qarşısına gəldi. Vaxtilə həmin binada SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbi yerləşirdi. Prezident Heydər Əliyev gənclik illərində həmin məktəbdə oxumuşdu. Dövlətimizin başçısı binanın birinci mərtəbəsinə daxil oldu, burada təhsil aldığı dövrü xatırladı, sonra isə xatirə şəkli çəkdirdi.

Peterburqlular təklif etdilər ki, Azərbaycan Prezidenti Heydər Əliyevin vaxtilə burada ali təhsil alması barədə bu binaya xatirə lövhəsi vurulsun.

Prezident Heydər Əliyev şəhəri bir qədər də piyada gəzdikdən sonra «Astoriya» mehmanxanasına gəldi.

Axşam Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Neva çayı sahilindəki «Mednıy Vsadnik» limanına gəldi. Dövlətimizin başçısı və onu müşayiət edən şəxslər xüsusi katerlə Neva çayında gəzintiyə çıxdılar. Rusiyanın şimal paytaxtının əsrarəngiz gözəlliyini maraqla seyr etdilər.

Azərbaycan Prezidenti Heydər Əliyevi katerlə gəzinti zamanı Rusiyanın Xarici İşlər naziri İqor İvanov, Mədəniyyət naziri Mixail Şvidkoy, Sankt-Peterburqun qubernatoru Vladimir Yakovlev və digər rəsmi şəxslər müşayiət edirdilər.