Azərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin Türkiyə Rеspublikаsının Prezidenti Əhməd Necdət Sezər ilə görüşü – İstаnbul, 14 оktyаbr 2002-ci il


İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının İstanbulda keçirilən VII zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin oktyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər ilə görüşü oldu.

Dövlətimizin başçısını mehribanlıqla və səmimiyyətlə salamlayan Prezident Əhməd Necdət Sezər onun dəvətini qəbul edib Zirvə görüşünə gəldiyinə görə, Prezident Heydər Əliyevə təşəkkürünü bildirdi.

Qardaş Türkiyə torpağında özünə və başçılıq etdiyi nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə, sammitin keçirilməsi üçün yaradılan yaxşı şəraitə görə Prezident Əhməd Necdət Sezərə minnətdarlığını bildirən Prezident Heydər Əliyev İƏT-in Zirvə görüşündə iştirakından məmnun olduğunu söylədi. Görüş zamanı dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişlənməkdə və dərinləşməkdə olduğunu vurğulayan prezidentlər həyata keçirilən irimiqyaslı regional layihələrdə Azərbaycanın və Türkiyənin birgə fəal iştirakından razılıq hissi ilə danışdılar.

Dövlət başçıları Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarının işlənilməsi və karbohidrogen ehtiyatlarının Avropa bazarlarına nəqli üçün bu yaxınlarda təməli qoyulmuş Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin tikin-tisi, Bakı–Tbilisi–Ərzurum qaz kəməri layihəsinin reallaşması yolunda qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi apardılar.

Prezident Heydər Əliyev Türkiyənin iş adamlarının ölkəmizdə daha geniş fəaliyyət göstərməsinin, Azərbaycanın iqtisadiyyatına sərmayə qoymalarının qarşılıqlı əhəmiyyətini vurğulayaraq, bunun üçün respublikamızda əlverişli şərait yaradıldığını söylədi.

Dövlətimizin başçısı ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə aradan qaldırılması məqsədi ilə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar, Azərbaycan və Ermə-nistan prezidentlərinin birbaşa görüşləri barədə söhbət açdı. Prezident Əhməd Necdət Sezər münaqişənin nizamlanması prosesində Türkiyənin Azərbaycanı həmişə dəstəkləyəcəyini bir daha vurğuladı.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc