Ruminiya prezidenti İon İliyesku ilə Bakıdakı 10 saylı texniki peşə məktəbinin yataqxanasında müvəqqəti məskunlaşmış Füzuli, Ağdam, Zəngilan, Xocalı sakinlərinin görüşündə çıxış - 28 mart 1996-cı il


Bilirsiniz ki, Rumıniyanın prezidenti, mənim dostum, cənab İliyesku iki gündür Azərbaycanda rəsmi səfərdədir. İndi artıq səfər başa çatır və qonağımız öz vətəninə qayıdır. Aparılan danışıqlardan, imzalanmış müqavilələrdən, şəhərlə tanışlıqdan sonra qonağımız ölkəmizin bu ağır vəziyyəti ilə daha yaxından tanış olmaq üçün Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızdan didərgin düşmüş Azərbaycan vətəndaşları ilə də görüşmək istədi. Mən ona ətraflı məlumatlar vermişəm ki, torpaqlarımızın 20 faizi işğal olunub. İşğal olunmuş torpaqlardan bir milyondan çox Azərbaycan vətəndaşı yerindən-yurdundan zorla qovulubdur. Onların evi-eşiyi dağıdılıb, viran edilibdir. Didərgin düşmüş vətəndaşlarımız Azərbaycanın müxtəlif bölgələrində yaşayırlar. O cümlədən, onların böyük bir hissəsi Bakı şəhərində yaşayır. Ancaq bizim hazırkı vəziyyətimiz onların hər birinə lazımi yaşayış şəraiti yaratmağa imkan vermir. Ona görə də, siz belə ağır vəziyyətdə yaşayırsınız. Mən bunu qonağımıza da bildirmişəm. Mən bu gün sizin yanınıza qonağımızla birlikdə gəlmişəm. Bilirsiniz ki, sizin vəziyyətiniz Azərbaycan xalqının, prezident kimi şəxsən mənim ən böyük dərdimdir və bizim ən böyük problemimizdir. Biz bu problemlərlə məşğul oluruq, məsələnin sülh yolu və həll edilməsinə, torpaqlarımızın azad olunmasına çalışırıq. İşğal olunmuş torpaqlardan Ermənistan silahlı qüvvələrinin sülh yolu ilə çıxarılmasına çalışırıq ki, siz öz yerinizə, yurdunuza qayıdasınız. Qonağımıza və onunla bərabər gələn Rumıniya nümayəndə heyətinin üzvlərinə bu məsələlər barədə çox ətratlı məlumatlar vermişik və xahiş etmişik ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalından azad olunması, məsələnin sülh yolu ilə həll edilməsi üçün beynəlxalq təşkilatlarda öz nüfuzundan, imkanından istifadə etsin, səylər göstərsin. Cənab prezident İon İliyesku bu məsələlərlə bu günlərdə dərindən tanış olubdur. Ümidvar olduğumu bildirmək istəyirəm ki, o, sizinlə şəxsən görüşəndən, Azərbaycanın sizin kimi bir milyon vətəndaşının ağır vəziyyətini görəndən sonra şübhəsiz ki, bu məsələlərə biganə qalmayacaq, münaqişənin həll olunması, yəni Azərbaycan xalqının ədalətli işinin başa çatması, işğal edilmiş torpaqların azad olunması üçün beynəlxalq təşkilatlarda öz dövlətinin mövqeyini daha dəqiq, kəskin bildirəcəkdir. Rumıniya ilə Azərbaycan arasındakı əlaqələr dostluq əlaqələridir. Biz dünən bir çox sazişlər, müqavilələr imzaladıq. Ən böyük müqaviləni - Rumıniya ilə Azərbaycan arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında müqaviləni prezident cənab İon İliyesku və mən imzaladıq. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu görüşlərdən, imzalanan bu müqavilələrdən sonar Rumıniya-Azərbaycan əlaqələri daha sürətlə inkişaf edəcək və bunlar da hamısı həm Rumıniya xalqının, həm də Azərbaycan xalqının bu ağır keçid dövründən tezliklə, müvəffəqiyyətlə çıxmasına kömək edəcəkdir. Bu əməkdaşlıq bizim üçün bir də ona görə vacib və əhəmiyyətlidir ki, bu böyük, ağır problemin həllində dünya dövlətlərinin köməyinə möhtacıq. Ona görə də Azərbaycanın bu ağır vəziyyətini hər bir dövlətin daha dəqiq bilməsi, bu məsələnin sülh yolu ilə həll olunmasında iştirak etməsi bizim üçün çox vacib, çox zəruridir.

Əziz bacılar və qardaşlar, mən sizi ürəkdən salamlayıram. Bilin ki, sizin dərdinizi xalq da, bildiyiniz kimi, mən də hər gün, hər dəqiqə çəkirəm. Mən yaxşı bilirəm ki, belə bir yataqxanada bu qədər ailənin, adamın yaşaması çətindir, ağırdır. Ancaq mən dəfələrlə demişəm, sizə bir daha deyirəm: qara günün ömrü çox gödək olur. Haqq-ədalət, Ulu Tanrı heç vaxt yol verməyəcəkdir ki, siz də, ölkəmiz də belə vəziyyətdə qalsın. Bizim özümüz də dövlətimizin, hökumətimizin, xalqımızın iradəsi ilə yol verməyəcəyik ki, ölkəmiz və xalqımız, cümlədən yerindən, yurdundan didərgin düşmüş vətəndaşlarımız bu vəziyyətdə qalsınlar. Şübhəsiz ki, biz bu vəziyyətdən çıxacağıq. Şübhəsiz ki, işğal olunmuş torpaqlarımızın azad edilməsinə nail olacağıq. Şübhəsiz ki, işğal olunmuş torpaqlardan Ermənistan silahlı qüvvələrinin çıxarılmasına nail olacağıq. Şübhəsiz ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsinə nail olacağıq. Şübhəsiz ki, biz sərhədlərimizin toxunulmazlığına nail olacağıq. Biz bunlara nail olacağıq. Müstəqil Azərbaycan özünün bütün ərazisinin sahibi olacaq. Müstəqil Azərbaycan Respublikası öz taleyinin sahibi olacaqdır. Bizim böyük potensial imkanlarımız var. Biz onların hamısını hərəkətə gətirəcəyik. Onlar hərəkətə gətiriləndən sonra, müstəqil Azərbaycanın təbii sərvətlərindən istifadə edərək xalqımız bu vəziyyətdən çıxacaq və şad, xoşbəxt, firavan həyata qovuşacaqdır. Mən buna əminəm. Biz bu ümidlərlə yaşayırıq, siz də bu ümidlərlə yaşamalısınız. Biz buna nail olacağıq. Mən isə sizdən dözümlülük, mətanət, dəyanət gözləyirəm. Ümidvaram ki, biz hamımız dözümlülüyümüz, mətanətimiz, eyni zamanda iradəmiz, gücümüz, gələcəyə ümidimiz ilə bu məsələlərin hamısını həll edəcəyik, sülh yolu ilə həll edəcəyik. Əgər sülh yolu ilə həll etməyə imkan olmasa, bütün başqa vasitələrdən istifadə edib bu məsələləri həll edəcəyik. İşğal edilmiş torpaqlarımız azad olunacaq, siz öz yerinizə, yurdunuza qayıdacaqsınız. Müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunacaqdır. Sizin hamınıza cansağlığı, dözümlülük arzu edirəm. Sizin hamınıza xoşbəxt gələcək arzulayıram. Sağ olun.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Əlavə sənədlər

Azərbaycan - Avropa