Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Baş naziri Məsud Yılmaz ilə görüşdə söhbətindən - Strasburq, Avropa sarayı, 11 oktyabr 1997-ci il


Məsud Yilmaz: Qardaş Azərbaycan Respublikasının Prezidenti, hörmətli cənab Heydər Əliyev! Sizi Strasburq zirvə görüşündə dostcasına salamlayaraq bu görüşdən məmnun qaldığımı bildirirəm və eyni zamanda Prezident Süleyman Dəmirəlin səmimi salamlarını Sizə yetirirəm.

Heydər Əliyev: Təşəkkürümü bildirirəm və xahiş edirəm ki, mənim də salamımı və xoş arzularımı Türkiyə dövlətinin basçısı, dostum və qardaşım Süleyman Dəmirələ çatdırasınız.

Yenidən vurğulayıram ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrini daha da genişləndirmək və möhkəmləndirmək vacibdir. Biz bu əlaqələri çox yüksək qiymətləndirir, qardaş Türkiyə ilə əməkdaşlığı xarici siyasətımızin əsas istiqamətlərindən biri sayırıq və bu baxımdan öz tərəfımızdən hər şeyi edirik. Azərbaycanla Türkiyə arasında sıx münasibətlərə heç nə mane ola bilməz və olmamalıdır.

Məlum olduğu kimi, Ermənistanın Azərbaycana ərazi iddiaları və təcavüzü nəticəsində yaranmış və bu günə qədər davam edən Ermənistan-Azərbaycan münaqişəsi ölkəmizə böyük maddi və mənəvi ziyan vurmuşdur. Ərazımızin iyirmi faizi işğal olunmuş, bir milyondan çox vətəndaşımız çadırlarda qaçqın vəziyyətində yaşamağa məcbur olmuşlar. Bütün bunlara baxmayaraq Azərbaycan münaqişənin sülh yolu ilə aradan qaldırılmasına səy göstərir, 1994-cü ilin mayında əldə olunmuş atəşkəsə dönmədən əməl edir. Qeyd edim ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişəni sülh yolu ilə aradan qaldırmaq sahəsində fəallığı artırmışdır. Həmsədrlərin münaqişənin mərhələlərlə aradan qaldırılması barədə son təklifləri sülh əldə edilməsinə olan ümidləri artırmışdır. Problemin Lissabon prinsipləri əsasında həlli üçün danışıqların intensivləşdirilməsi baxımından biz bu təklifləri qəbul etmişik. Hesab edirik ki, bizə dost və qardaş ölkə olan Türkiyə də Minsk qrupunun üzvlərindən biri kimi, bu münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılması üçün səylərini artırmalıdır.

Biz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq məsələlərinə də çox əhəmiyyət veririk. Xatırladıram ki, Xəzərin Azərbaycan sektorundakı yataqlardan çıxarılacaq neftin ixracı üçün əsas boru kəmərinin marşrutunun müəyyənləşdirilməsi ilə bağlı iş davam edir.