Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin "Mərmərə qrupu" vəqfinin sədri ilə görüşdə söhbəti - Prezident sarayı, 11 aprel 2000-ci il


Heydər Əliyev: Mən sizi salamlayıram. Bir daha təşəkkür edirəm ki, siz gəldiniz. Hamımızın ulu babası Dədə Qorqudun yubileyində iştirak etdiniz. Mən gördüm ki, doğrudan daxildən gələn qərarla iştirak etdiniz. Yenidən Azərbaycandasınız, Azərbaycanın bu günü ilə tanış olursunuz. Mən bundan çox məmnunam. Bir daha təşəkkür edirəm.

Akkan Suver: Sayın cümhur başkanı, Siz bizim vəqfin fəxri sədri seçilmisiniz. Mən hər zaman görürəm ki, çiynimdə iki böyük yük var: biri bizim cümhur başkanımız Süleyman Dəmirəlin qarşısında, digəri isə Azərbaycanın böyük övladı, zati-aliləri Heydər Əliyevin qarşısında məsuliyyətimdir. Bunu nəzərə alaraq əgər izn verirsinizsə, fəaliyyətimiz barədə zati-alinizə məlumat vermək istəyirəm.

Biz ötən il bir Baş nazirin, doqquz nazirin və 17 ölkənin nümayəndələrinin iştirakı ilə 2-ci Avrasiya iqtisadi zirvəsini böyük uğurla keçirdik. Azərbaycan bu toplantıya 20 nəfərlik bir heyətlə qatıldı. Nümayəndə heyətinə o zaman ticarət naziri işləyən cənab Fərhad Əliyev və respublika Prezidentinin İcra Aparatından hörmətli Əli Həsənov başçılıq edirdilər. Siz bu toplantıya çox gözəl bir təbrik göndərdiniz. İqtisadi zirvəyə həsr etdiyimiz kitabda həmin təbriki və Sizin şəklinizi bizim cümhur başkanının təbriki ilə birlikdə dərc etmişik. İzn versəniz, mən əvvəlcə bu kitabı zati-alinizə təqdim etmək istərdim.

Heydər Əliyev: Sağ olun. Çox gözəl kitabdır.

Akkan Suver: Neft şirkətindən də İlham bəyin tapşırığı ilə Valeh Ələsgərov gəlmişdi. Bizim Böyük Millət Məclisinin sədri Yıldırım Akbulutun, enerji və təbii qaynaqlar naziri Cümhur Ərsümərin də iştirak etdikləri toplantıda Valeh Ələsgərov gözəl çıxış etdi.

Osmanlı imperatorluğunun 700 illiyi ilə bağlı tədbirimizi biz zəlzələdən əvvəl keçirdik. Həmin toplantıya Yunanıstandan, ABŞ-dan, İsraildən, Fransadan və Vatikandan tarixçilər çağırdıq. Türkiyənin qocaman, 97 yaşlı tarixçisi Camal Qutay və professor İldar Ortaylı da dəvət olunmuşdular. Camal Qutay Atatürkü görmüş bir insandır. Toplantıda Türkiyə ermənilərinin patriarxı Mutafyan da vardı. Həmin toplantıda bir qərar qəbul etdik, günümüzün ən tolerant şəxsiyyəti kimi zati-aliləri Heydər Əliyevi seçdik. Mutafyan da heç bir söz demədi, ona da imza etdirdik. Bu, 1999-cu il iyulun 10-da olmuşdur. Həmin qərarı zati-alinizə təqdim edəcəyəm.

Bu qış bir iftar məclisi təşkil etdik. Oraya bir çox dinlərin rəhbər xadimləri dəvət olunmuşdular. Onlara da iftar açdırdıq. Sizin də şərəfləndirdiyiniz ATƏT-in zirvə görüşündən bir gün əvvəl toplantı keçirilmişdi. Orada çıxış edərək 16 yaşından aşağı uşaqların zorla əsgərliyə çağırılmasını pislədim. "Mərmərə qrupu"nu təmsil edən xanımlarımız yanvar ayında Sürixdə dünya qadınlar konfransında iştirak etmişlər. Orada bizim cümhur başkanımızla bərabər, sizin adınızı da vurğulayıblar. Sizə hörmət və sayqı ilə xəbər vermək istəyirəm ki, ötən həftə BMTnin iqtisadi və sosial komissiyası "Mərmərə qrupu" Vəqfini üzvlüyə qəbul etmişdir. Bu barədə rəsmi xəbəri alanda sizə məlumat verəcəyik.

Azərbaycandakı 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə əlaqədar konfrans keçirdik. Konfransa İstanbul Universitetindən alimlər, mətbuat nümayəndələri gəlmişdilər. Anadolunun şərqindən birinci sinifdə oxuyan uşaqların bir qrupunu hərbçilərimiz tətil günlərində İstanbula gətirmişdilər. Biz də onları bir günlüyə götürüb yedirtdik, paltar verdik, söhbət etdik. Söhbətdə bizim generallarımız da vardı. Mən onlara bildirdim ki, bizim vəqfin iki başkanı var - sayın Süleyman Dəmirəl və zati-aliləri Heydər Əliyev. Dünən sizin gənclər və idman naziri Əbülfəz Qarayevlə görüşərkən mənə təklif etdi ki, türk olimpiadası keçirək. Mən bunu bizim idman işlərinə baxan dövlət nazirimizə bildirəcəyəm.

Heydər Əliyev: Yaxşı olar.

Akkan Suver: Bu gün mən cənab İlham Əliyevi ziyarət etdim. Əgər izn versəniz, iyun ayında onu "Mərmərə qrupu" Vəqfinə qonaq dəvət etmək istəyirik. Gəlsin və bizə neft haqqında, Bakı - Ceyhan haqqında məlumat versin. "Mərmərə qrupu" Vəqfində "Heydər Əliyev" salonu yaratmışıq. İstərdik ki, İlham bəy həmin salonun açılış lentini kəssin. Bu gün Bədən Tərbiyəsi və İdman Akademiyasında çıxış edib "Mərmərə qrupu" Vəqfi haqqında məlumat verdim. Sizin barənizdə, bizə göstərdiyiniz yüksək diqqət barədə bacardığım qədər danışdım.

Sayın cümhur başkanım, səmimi sözlərimdir, siz türklərin qədirbilənlik, insansevərlik, dostluq, qardaşlıq keyfiyyətlərini bazar günü misilsiz şəkildə göstərdiniz. Mən ağladım. Bu gün səhər bizim böyük elçimizin yanında idim, dedi ki, mən ağladım. Çox narahat oldum ki, Süleyman bəy də ağlayacaq. Siz misilsiz nitq söylədiniz. Bizi çox məmnun etdiniz. Zati-alinizdən tutmuş Azərbaycanın ən kiçik övladına qədər hamınıza minnətdaram. Dostluğu çox gözəl şəkildə göstərdiniz. İnanın, biz haqlıyıq ki, Sizə "başkanımız" dedik. Bir müddət sonra tarix həqiqi başkanımızı niyə seçdiyimizi bizə göstərdi.

Sizə minnətdarıq. İzn versəniz, builki kitabımızı da Sizə təqdim edərdim. Burada da zati-alinizin "Mərmərə qrupu" haqqında dediyi sözlər, fotoşəkilləriniz var. Türkiyədə pensiyaçı generalların bir dərnəyi var - Mustafa Kamal dərnəyi. 1947-ci ildə yaradılıbdır. Dərnək zati-alinizə bir məktub və Atatürkün qeyri-adi şəkli olan hədiyyə göndəribdir. Lütfən qəbul edin. Mən 1974-cü ildə "Köylü baş bakan Dəmirəl" adlı bir kitab yazmışdım. Onu Sizə təqdim etmək istəyirəm. Bundan əlavə, 2-ci Avrasiya iqtisadi zirvəsi adından bir çini vaza təqdim etmək istəyirəm. O, Sultan Əbdülhəmid dövründən bəri işləyən zavodda hazırlanmışdır.

Heydər Əliyev: Çox gözəl. Süleyman Dəmirəl 1968-ci ildə, Baş nazir olanda Sovetlər Birliyinə, Azərbaycana da gəlmişdi. O vaxt biz burada onunla dost olduq.

Əziz dostum, siz "Mərmərə qrupu"nun son vaxtlar gördüyü işlər haqqında mənə çox geniş məlumatlar verdiniz. Bunlar həqiqətən müstəsna əhəmiyyətə malik olan işlərdir. Sizin vəqflə tanış olduğum ilk gündən mən hiss etdim ki, təşkilatınız nə qədər mötəbər, geniş fəaliyyət göstərən bir təşkilatdır, faydalı işlər görən təşkilatdır. Yəni gördüyünüz hər bir işin faydası var. Siz Türkiyə Cümhuriyyəti üçün, Türkiyə ilə digər ölkələr arasında dostluq əlaqələrinin yaranması üçün, xüsusən Türkiyə - Azərbaycan əlaqələrinin inkişafı üçün çox iş görürsünüz. Ona görə çox məmnunam ki, vaxtilə məni İstanbulda "Mərmərə qrupu"nuza dəvət etdiniz. Mən o günü xatırlayıram. Məni öz sıralarınıza aldınız və seçdiniz. Son dəfə keçirdiyiniz tədbirdə, təbiidir ki, imkanım olmadı iştirak edim. Ancaq mən məktub göndərdim, mənim məsul işçim Əli Həsənov da gəlmişdi. Məmnunam ki, siz artıq ikinci kitabı da buraxmısınız. Çox sağ olun. Hesab edirəm ki, indiyə qədər sürətlə inkişaf edən əlaqələrimiz bundan sonra səmimiliklə, etibarlılıqla davam edəcəkdir. Mən "Mərmərə qrupu" Vəqfinin bütün üzvlərinə təşəkkür edirəm, hörmət və ehtiramımı hamısına yetirin.

Hesab edirəm ki, siz Türkiyə - Azərbaycan dostluğunun, qardaşlığının daha da möhkəm olması üçün çox işlər görürsünüz. Bu, çox vacibdir. Təbiidir ki, Azərbaycan üçün Türkiyə dost, qardaş ölkədir. Ancaq dövlətlərarası, xalqlararası, millətlərarası əlaqələr elədir ki, bunu gərək daim və daim inkişaf etdirəsən. Əgər az müddət fasilə versən, nə isə unudula bilər. Yəni bu, elə bir işdir ki, daim inkişafda olmalıdır. Təbiidir ki, bu da bir yolla, iki yolla olmur, çox yollar var. Məsələn, Türkiyə Cümhuriyyətinin prezidenti, mənim əziz dostum, qardaşım Süleyman Dəmirəllə şəxsi əlaqələrim, - bir var ki, rəsmi olaraq iki prezidentin əlaqəsi var, bir də var ki, şəxsi dostluq əlaqələri, - bax, bu şəxsi dostluq əlaqələri prezidentlər kimi bizim əlaqələrimizin çox səmimi olmasına, eyni zamanda cümhuriyyətlərimizin, xalqlarımızın daha da səmimi olmasına çox böyük imkanlar yaradır. Siz həm mənim dostum, çox əziz dostum Süleyman Dəmirəli çox sevirsiniz, - o sizin vəqfin yaradıcısı, başçısıdır, - sonra da məni özümüzə yaxınlaşdırmısınız, öz sıralarınıza almısınız. Mən çox məmnunam.

Verdiyiniz kitablara görə təşəkkür edirəm. Vaza doğrudan da nadir bir şeydir. Çox təşəkkür edirəm ki, zəhmət çəkib bunu mənim üçün yaratmısınız. Ancaq mənim üçün hamısından əziz, təbiidir ki, Atatürklə bağlı hədiyyədir. Bunun adını da bilmirəm. Bir var ki, heykəl deyirlər, barelyef deyirlər, amma bunu içəridən ediblər. Xüsusi ustalıqla ediblər. Doğrudan da, elə bil, hər tərəfdən sənə baxır. Çox orijinaldır. Birincisi, ona görə ki, hamımızın ən böyük atamız, ən böyük insan saydığımız şəxsiyyətin, türk dünyasının öndəri olan Mustafa Kamal Atatürkün surətidir. İkincisi də, onu yaradanlar bu işi çox böyük sevgi-məhəbbətlə görüblər və bu cür orijinal bir formada hazırlayıblar. Bu, asan bir iş deyildir, bunu hər adam edə bilməz. Deyirsən ki, bunu pensiyaçı generallar ediblər - bu, daha da mühümdür.

Akkan Suver: Bütün hərbi qışlalarda bu var. Bizim cümhur başkanının sarayında da bunu görə biləcəksiniz, yenicə verilmişdir. Buraya ziyarətim ərəfəsində generallardan belə bir şey istəmək ağlıma gəlməmişdi. Onlar özləri məndən soruşdular ki, aprelin ilk həftəsi keçiriləcək toplantıya gedəcəksənmi? Dedim ki, Azərbaycana "Dədə Qorqud"un 1300 illiyinə gedəcəyəm. Dedilər ki, sayın cümhur başkanını görmək şansın varmı? Dedim ki, həm var, həm yox. İş olar, tədbirləri olar, görə bilmərəm. Amma çalışacağam. Dedilər ki, sənə bir əmanət verəcəyik, cümhur başkanına verdiyimiz hədiyyədən birini apararsanmı? Dedim ki, şərəflə götürərəm.

Heydər Əliyev: Çox sağ olun. Mən bir daha qeyd edirəm ki, siz Türkiyə - Azərbaycan dostluğu və qardaşlığının inkişafında, möhkəmlənməsində çox böyük xidmətlər göstərirsiniz. Ona görə bir daha təşəkkür edirəm. Mən bu dostluğa sadiqəm və sadiq olacağam, sizin mənə göstərdiyiniz bu hörmət-ehtirama görə həmişə "Mərmərə qrupu" ilə bir yerdəyəm.

Akkan Suver: Allah qismət edərsə, bu ilin oktyabrında 3-cü Avrasiya iqtisadi zirvəsini keçirəcəyik. Oraya yenə yüksək səviyyədə bir heyət göndərilməsinə izn versəniz, bizi bəri başdan sevindirərsiniz. Keçən toplantıda Sizin hörmətli böyük elçiniz əvvəldən axıra qədər bizimlə bir yerdə oldu. Bir məsələ barədə də təşəkkürümü bildirirəm. Siz məni ilk dəfə tanıdığınız vaxt, toplantıya getməzdən əvvəl, "Homo" otelində Vaqif bəyi gördünüz. Dediniz ki, haradan tapdınız? Dedim ki, əgər izn versəniz, bizim Avrasiya katibliyinə Vaqif bəy başçılıq etsin. Sizə minnətdaram ki, hörmətli və mükəmməl bir yoldaş qazandıq.

Heydər Əliyev: Doğrudur, Azərbaycanın çox dəyərli adamlarından biridir.

Akkan Suver: Sayın cümhur başkanım, mənim boksla da bir az əlaqəm var, doqquz ildir Türkiyə Boks Federasiyasının vitseprezidentiyəm. Sizin İdman Akademiyasının rektoru da Azərbaycanın Boks Federasiyasının rəhbəridir. Bu gün oradakı çıxışımı da o təşkil etdi. Dünyanın hər yerində idmançılara bir hədiyyə verirlər, adətdir. Mənim 58 yaşım var, çox hədiyyələr almışam. Amma bugünkü kimi hədiyyəni həyatım boyu almamışdım. Mənə üzərində zati-alinizin portreti olan xalça verdilər. Mən bunu vəqfimizin ən gözəl yerində asacağam. Ağacan bəy onu mənə hədiyyə etdi. Sizinlə bugünkü görüşümdən çox təsirləndim. Siz hər zaman bizi sevindirirsiniz. Mən də deyirəm ki, cənabi Allah da Azərbaycanı və onun böyük övladı Heydər Əliyevi hər zaman sevindirsin.

Heydər Əliyev: Çox sağ olun. Bilirsiniz ki, İlham Əliyev də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. Boksçulara, başqa idmançılara da çox yardımlar edir.

Akkan Suver: Bizdə yeni cümhur başkanı seçildikdən sonra İlham bəyin gəlməsini gözləyirik.

Heydər Əliyev: Mən bunu mütləq təmin edəcəyəm. Sağ olun.