Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyənin Bakıdakı səfiri Qədri Ecvet Tezcan ilə söhbətindən - 12 fevral 2001-ci il


Qədri Ecvet Tezcan: Cənab prezident, çox sağ olun, Sizə minnətdaram. Bu qədər gərgin işləməyinizə baxmayaraq, vaxt tapıb məni qəbul etdiyinizə görə Sizə öz razılığımı bildirmək istəyirəm.

Sizinlə çoxdandır ki, görüşmürəm. Mən həmişə Türkiyədən nümayəndə heyətləri gələrkən Sizinlə görüşürəm. Vaxt olmadığına görə indiyə qədər Sizinlə görüşə bilməmişəm. Əvvəla, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması münasibətilə Sizi təbrik etmək istəyirəm. Mən həmçinin bu münasibətlə Milli Məclisin deputatlarına, Azərbaycanın ziyalılarına, siyasi partiyalarına, Azərbaycan haqqında düşünən və bunun üçün öz səylərini əsirgəməyən hər bir insana təbriklərimi çatdırmaq istəyirəm. Təbiidir ki, bu, Sizin başçılıq etdiyiniz insanların səylərinin nəticəsidir.

Məndən soruşsanız, deyərdim ki, əslində, Azərbaycan Avropanın həmişə ayrılmaz bir hissəsi olmuşdur. Bu, yeni bir şey deyildir. Bu, reallıqdır və həmin reallıq təsdiqləndi.

Həyatımda Sizin kimi güclü yaddaşa malik ikinci bir şəxsiyyət görməmişəm. Yəqin ki, yadınızdadır, Ramazan bayramı münasibətilə Siz bizi - müsəlman ölkələrinin səfirlərini qəbul edərkən də mən demişdim ki, başa vurduğumuz əsrdən də əvvəl bu məmləkətdə ilk teatr olmuş, ilk qəzet çıxmışdır, ilk dəfə latın əlifbasını biz azərbaycanlılardan götürmüşük. Cümhuriyyət fikri, cümhuriyyət, demokratiya nədir - türk və islam dünyasında ilk dəfə bunları biz Azərbaycandan götürmüşük. İslam dünyasında ölüm hökmü ilk dəfə sizin başçılıq etdiyiniz ölkədə ləğv edilmişdir.

Cənab prezident, daha bir məsələ haqqında danışmaq istəyirəm. Azərbaycanda başqa dinlərə və dillərə mənsub olan insanlara xoş münasibət onu göstərir ki, Azərbaycan Avropa ailəsinə mənsub və ondan da artıq bir ölkədir. Ona görə də mən ölkənizin Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasını təbii hesab edirəm.

Mən Türkiyə prezidenti Əhməd Necdət Sezərin adından, Türkiyə hökuməti adından zati-alinizə minnətdarlığımızı bildirmək istəyirəm ki, son vaxtlar ermənilərin yenidən qaldırdıqları "soyqırımı" məsələsinə Siz həmişə kəskin münasibətinizi bildirirsiniz. Son dəfə Parisdə olarkən, orada Jak Şirakla görüşərkən bu məsələni tam kəskinliyi ilə qaldırdığınızı bilirik. Təbiidir ki, təkcə bu deyildir. Bu barədə Azərbaycan Respublikası Milli Məclisi qərar qəbul edib, Xarici İşlər Nazirliyi, siyasi partiyalar, buradakı cəmiyyətlər, - istər Qadınlar Cəmiyyəti olsun, istərsə Yazıçılar Birliyi olsun, - münasibətlərini bildiriblər. Azərbaycanın şəhərlərindən, kəndlərindən, qəsəbələrindən səfirliyimizə hər gün müxtəlif məktublar, Azərbaycan xalqının həmişə türk xalqının yanında olduğunu bildirən bəyanatlar gəlir. İcazənizlə, bununla əlaqədar mən Sizə - Azərbaycanın dövlət başçısına təşəkkürümü bildirərdim. Türk milləti, Anadolu Türkiyəsinin insanları bilirlər ki, onların ən yaxın dostları azəri qardaşlarıdır. Bu, təbiidir.

Cənab prezident, zati-alinizə deyəcəyim başqa bir söz Türkiyə Cümhuriyyətinin başçısı hörmətli Əhməd Necdət Sezərin önümüzdəki ayda Sizi Türkiyədə görmək məqsədilə göndərdiyi dəvəti bir daha çatdırmaqdır. Türkiyə Sizin üçün darıxmışdır. Mən bir-iki dəfə demişdim ki, Türkiyədə Sizi gözləyirlər, xalqımız Sizi gözləyir. Ona görə, Allah qoysa, bu ziyarəti də yaxın vaxtlarda gerçəkləşdirəcəyik.

Cənab prezident, bu barədə Sizin tapşırıqlarınızı dinləməkdən öncə, zati-alinizə bir təklifimi bildirmək istəyirəm. Təbiidir ki, uydurma "soyqırımı" ilə bağlı Siz müntəzəm olaraq, bundan üç, dörd, beş ay əvvəl də bizim diqqətimizi çəkmişdiniz. Buraya gələn bütün nümayəndə heyətlərinə - nazirlərə, onların müavinlərinə söyləmişdiniz ki, bu təhlükəli işdir, onun qarşısını almaq lazımdır.

Bu uydurmaya Türkiyədə də, Azərbaycanda da insanlar öz münasibətlərini bildirirlər. Hay-küy qaldırılır, səfirliklər qarşısında etiraz mitinqləri keçirilir. Bunlar olmalıdır, bu öz yerində. Amma digər tərəfdən də, tarixçilər həqiqi mənada bu məsələyə münasibətlərini bildirməlidir. Mən güman edirəm ki, Azərbaycanda da kifayət qədər tarixçi var, Türkiyədə də. Lakin bu məsələyə yalnız Azərbaycan və Türkiyə tarixçilərinin öz münasibətlərini bildirməsi kifayət deyildir. Biz Gürcüstandan da, Rusiyadan da, İrandan da, başqa yerlərdən də tarixçiləri dəvət etməliyik. Qarşıdakı aylarda onları İstanbulda, yaxud da başqa bir yerdə cəm edib, bu barədəki fikirlərini, mülahizələrini öyrənək, bu günə qədər apardıqları araşdırmaları, əsərlərini çap edərək həqiqətləri bütün dünyaya yayaq. Tarixçi alimlər öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirsinlər.

Mən bunu Ankara ilə də razılaşdırmışam. Əgər məsləhət bilsəniz, bu barədə bir iş görmək olar.

Daha iki məsələyə toxunmaq, Sizin məsləhətlərinizi öyrənmək və tapşırıqlarınızı almaq istərdim.

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsindən sonra yəqin ki, deputatlarımız arasında da əməkdaşlıq artacaqdır. Əslində bu əlaqələr var, lakin bundan sonra daha da genişlənəcəkdir. Əgər Siz məsləhət görürsünüzsə, Azərbaycan parlamentinin Avropa Şurasına gedən nümayəndə heyətini öz başçısı ilə birlikdə Türkiyəyə dəvət edək. Onlar bizim parlament nümayəndə heyəti ilə sıx əlaqələr yaratsınlar, təcrübə mübadiləsi etsinlər. Düşünürəm ki, belə birgə iş üçün şərait yaratmaq lazımdır.

Hörmətli cənab prezident, Sizin və bizim parlamentlərdəki xarici işlər komissiyaları dörd ildir ki, görüşmürlər. Bu da çox vacibdir.

Heydər Əliyev: Milli Məclisdə Beynəlxalq münasibətlər komissiyası var.

Qədri Ecvet Tezcan: Bizdə də eyni komissiya vardır. Bu komissiyalar da bir araya gəlib əməkdaşlıq etsələr, düşünürəm ki, bundan da yaxşı nəticə əldə edə bilərik. Bir-iki məsələ də var ki, bu barədə sonra danışacağıq. Çox sağ olun.

Heydər Əliyev: Hörmətli səfir, əvvəla, Azərbaycanın Avropa Şurasına qəbul olunması münasibətilə təbriklərinizə görə sizə təşəkkür edirəm. Hörmətli prezident Əhməd Necdət Sezərin, hörmətli baş nazir Bülənd Ecevitin, hörmətli xarici işlər naziri İsmayıl Cəmin təbriklərini almışam, bizim qəzetlərdə dərc olunubdur. Siz tərəfdən daim təbriklər alırıq. Ən çox təbrikləri Türkiyədən alırıq. Burada da təəccüblü bir şey yoxdur, bu, təbiidir. Çunki bizim Avropa Şurasına daxil olmaq prosesimiz o qədər də asan olmamışdır. Türkiyə daim çalışırdı ki, biz bu qanuni haqqımızı alaq. Bildirmək istəyirəm ki, bütün bu prosesdə, - yəni keçən ilin yayında Avropa Şurası Parlament Assambleyası qərar qəbul etdi, ondan sonra Nazirlər Komitəsində gedən proses bir neçə ay çəkdi, - bütün bu dövrdə Turkiyənin Strasburqdakı səfiri və ölkənizin xarici işlər naziri hörmətli İsmayıl Cəm bu barədə çox böyük fəaliyyət göstərdilər.

Mən bir neçə dəfə hörmətli İsmayıl Cəmlə telefonla danışdım. O da orada Şvimmerlə və başqaları ilə əlaqəyə girmişdi. Yəni burada bizə konkret praktik köməklər olmuşdur. Bunların hamısına görə təşəkkür edirəm. Yəni mən sizin təkcə təbrikinizə görə yox, Türkiyə hökumətinin, dövlətinin Azərbaycana göstərdiyi yeni bir qardaşlıq yardımına görə təşəkkür edirəm.

Siz doğru deyirsiniz ki, Azərbaycan Avropanın bir hissəsidir, bəlkə də Avropada olan ölkələrdən də çox Avropaya aid bir dövlətdir. Ancaq təəssüf ki, ədaləti sübut etmək çox çətindir. "Soyqırımı" məsələsinə mən indi toxunacağam. Soyqırımı olmadığı halda, meydana belə bir məsələ atıblar və böyük ölkələr də buna uyublar. Eləcə də Azərbaycan haqqında, Azərbaycan haqqında belə bir qeyri-obyektiv, ədalətsiz fikirlər yayırdılar ki, Azərbaycan Avropa Şurasına layiq deyildir. Mən bunu dəfələrlə demişəm.

Bilirsiniz ki, Avropa Şurasından buraya çoxlu nümayəndə heyətləri gəldi. Mən onların hamısına demişəm ki, siz bu ikili standartlardan əl çəkin. Siz Azərbaycana qarşı ikili standart tətbiq edirsiniz. Cənubi Qafqazın başqa ölkələri ilə müqayisədə Azərbaycanın avropalılıqda, demokratiyada fərqi yoxdur. Bəlkə də bəzi şeylərdə biz onlardan üstünük. Necə olur ki, onlar Avropa Şurasına asanlıqla qəbul edilir, amma Azərbaycanın qarşısında çoxlu şərtlər qoyursunuz? Hər dəfə yeni bir şərt qoyursunuz. Mən o qədər boğaza yığıldım ki, Avropa Şurasından bir dəfə də nümayəndələr gələndə dedim ki, biz Avropa Şurasına üzv olmaq istəmirik. Siz bunu da bilirsiniz. Dedim ki, istəmirik, çıxıb gedin. İndiyə qədər Avropa Şurasına üzv olmadan yaşamışıq, bundan sonra da yaşayacağıq.

Dünyada 200-ə qədər dövlət Birləşmiş Millətlər Təşkilatında təmsil olunmuşdur. Bunlardan 41 dövlət Avropa Şurasının üzvü idi, ikisi də qəbul edildi, oldu 43 üzv. Qalanları dövlət deyilmi, yaşamırmı? Yaşayırlar. Hətta, bax, bu dərəcəyə qədər mən onlara kəskin sözlər deməyə məcbur oldum.

Avropa Şurasına qəbul olunduq. Əlbəttə ki, bu, böyük nailiyyətdir və bizim üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz çalışdıq ki, ədaləti sübut edək, ədaləti nümayiş etdirək. Yenə də deyirəm, biz Avropa Şurasında təmsil olunmadan da yaşaya bilərik. Müstəqil dövlət kimi on ildir ki, Avropa Şurasında olmadan yaşamışıq. Bundan sonra da yaşayarıq.

İş bundadır ki, indi dünyada ədalət çox hallarda pozulur. Ədalətsizlik var. Elə ona görə də mən indi "soyqırımı" haqqında danışacağam. Bilirsiniz ki, son illərdə ermənilər "soyqırımı" məsələsini Türkiyəyə qarşı vaxtaşırı qaldırıblar. Bu məsələ hər dəfə qalxanda Azərbaycan bununla əlaqədar bəyanat veribdir. Şəxsən mən bəyanat vermişəm. Bizim Milli Məclis hələ iki il bundan öncə bəyanat verdi, qərar qəbul etdi. Xarici İşlər Nazirliyimiz bəyanat verdi.

Bu dəfə Fransada bu proses başlayanda, mən bir neçə dəfə rəsmi bəyan etmişəm ki, heç bir soyqırımı olmayıbdır. Bu, Türkiyəyə qarşı ədalətsizlikdir və biz buna etiraz edirik. Yəni bu barədə Azərbaycanın mövqeyi dəyişməzdir. Həqiqətən siz düz deyirsiniz, bu məsələdə dövlət də, xalq da və cəmiyyətin bütün təbəqələri də eyni fikirdədir. Burada həmrəylik tamamdır. Nə üçün? Çünki bu, birincisi, tarixin təhrif olunmasıdır, ədalətsizlikdir.

Dünyada ədalətsizlik çoxdur. Avropanın bir hissəsi, NATO-nun üzvü, iqtisadi cəhətdən inkişaf etmiş, böyük hərbi poetnsiala malik olan Türkiyə kimi bir dövlətə, Avropada çox mühüm bir yer tutan Türkiyə kimi bir dövlətə erməni diasporuna, Ermənistana görə bu cür ədalətsiz qərar qəbul etmək, təbiidir ki, bizim hamımızı incidir.

Bəziləri bunu anlamırlar. Bəlkə də indi bəziləri deyirlər ki, türk dünyası buna etiraz etməlidir. Amma bilmirəm, Orta Asiyada olan türkdilli dövlətlərdəki insanlar bunu anlayırlarmı? Məni bağışlasınlar, heç nə demək istəmirəm. Ancaq bunu biz bilirik. Çünki biz də bunu görmüşük. Ermənilər həm Türkiyəyə, həm də Azərbaycana qarşı soyqırımı ediblər. Bir də ki, indi türk dünyası böyükdür, amma türk dünyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın, bir-birinə dost və taleyi bir-birinə bağlı başqa bir ölkə yoxdur. Bunların hamısına görə mən bir dəfə dedim ki, Türkiyəyə dəyən daş, bizə dəyən daşdır. Bizə dəyən daş Türkiyəyə dəyən daşdır.

Mən yanvar ayının 24-də Parisdə olarkən, - bu ölkəyə rəsmi səfərə getmişdim, - prezident Jak Şirakla çox geniş söhbətim oldu. Əsas məsələləri, bizim özümüzə aid olan məsələləri müzakirə etdik, Ermənistan - Azərbaycan münaqişəsi, onun sülh yolu ilə həll olunması barədə, - onlar Minsk qrupunun həmsədridir, - müzakirələr apardıq. Ondan sonra mən ona dedim ki, siz nə üçün belə bir qərarın qəbul olunmasına yol verirsiniz? Fransa kimi böyük bir ölkədə belə qərarın qəbul edilməsi, birincisi, ədalətsizlikdir, tarixi təhrif etməkdir.

Bir də ki, sizin Türkiyə ilə, Ermənistanla nə işiniz var? O, mənimlə çox səmimi danışdı. Dedi ki, mən bunun əleyhinəyəm. Mən 20 il bundan öncə Türkiyənin dostu olmuşam, bu gün də Türkiyənin dostuyam. O, mənə dedi ki, baş nazir də bunun əleyhinədir. Biz bunun əleyhinəyik. Amma bu, bizim daxili siyasətimizlə bağlı olan bir məsələdir. Mən ona dedim, yaxşı, - onda o qərar hələ imzalanmamışdı, - bunu imzalamamağa sizin imkanınız var. O, mənə baxdı və heç nə demədi. Ancaq mən ona dedim ki, biz indi mətbuat nümayəndələri ilə görüşəcəyik. Mətbuat nümayəndələri ilə görüşəndə dedi ki, prezident Heydər Əliyev bu məsələni qaldırıbdır. Onun narazılığını, narahatçılığını mən bilirəm. Azərbaycan vətəndaşlarının, bu xalqın narahatçılığını bilirəm. Bu məsələ bizim siyasi həyatımızla bağlıdır və sair. Bunların hamısı mətbuatda yazılıbdır.

Sonra isə, bilirsiniz ki, Strasburqda biz Avropa Şurasına qəbul olunandan sonra, yanvarın 25-də orada böyük bir mətbuat konfransı keçirildi. Konfransda yenə də bu məsələ qalxdı. Bu məsələ qaldırılanda mən dedim ki, "erməni soyqırımı" uydurma bir şeydir, yalandır, heç bir əsası yoxdur. Fransa və Türkiyə böyük dövlətlərdir. Amma Fransanın Türkiyənin daxili işinə qarışmağa haqqı yoxdur. Mən bunu Strasburqda dedim. Bunun cavabı olaraq Koçaryan dedi ki, indi bizim hamımız vahid Avropadayıq, demokratiya var, ona görə də məsələni belə qoymaq olmaz. Mən yenə də bunu cavabsız qoymadım. Dedim, bilirsiniz, əgər sizin dediyinizə görə bu hadisə 85 il öncə olubsa da, onda nə demokratiya vardı, nə də Avropa Şurası. Bu məsələyə o vaxtın qanunları ilə baxmaq lazımdır, indiki qanunlarla yox.

Yəni bundan artıq, kəskin sözlər demək mümkün deyildir. Mən bunların hamısını demişəm. Bu gün də yenə bəyan edirəm ki, bizim xalqımız, millətimiz, Azərbaycan dövləti Fransanın bu hərəkətinə etiraz edir, Fransanın bu mövqeyini qəbul etmir. Guman edirəm, Fransa özü də anlayacaqdır ki, o, birincisi, bununla heç nəyə nail olmayacaqdır. İkincisi, bu barədə səhv etdiyini özü anlayacaqdır.

Ancaq siz bilirsiniz ki, erməni diasporu Avropa ölkələrində, Amerikada çox güclüdür. Məsələn, mən Şirakla bu barədə danışarkən o, mənə dedi ki, bilirsinizmi, Fransada 600-700 min erməni yaşayır. Onların da siyasətə, seçkilərə təsiri vardır. Hətta o mənə dedi ki, erməni diasporunun böyük bir qrupu Fransa Senatının binası qarşısında çadır qurubdur. Çadırda gecə-gündüz otururlar, gələn deputatları oraya dartırlar, onlarla danışırlar. Ya onlara söz verirlər, ya də məcbur edirlər ki, qərara səs verin. O, mənə dedi ki, burada çoxlu türk də yaşayır, - nə qədər yaşadığını demədi və mən də bunu bilmirəm, - amma nədənsə, türklər bu cür hərəkət etmirlər. Bu da həqiqətdir, biz bunu da bilməliyik.

İndi arada belə bir söhbət gəzir ki, guya Almaniyada da bu məsələyə baxacaqlar. Bilmirəm və inanmıram ki, Almaniya bu işə baxsın. Amma Almaniyada erməni çox deyildir. Lakin Almaniyada 3 milyon türk var. İndi əgər Almaniya bundestaqı bu məsələyə baxsa və 3 milyon türk də orada səsini çıxarmasa, onda gəlin özümüz özümüzü günahlandıraq. Başa düşürsünüzmü?

Bu barədə bizim mövqeyimiz aydındır. Bundan sonra da əlimizdən gələni edəcəyik, heç narahat olmayın. Biz sizinlə bir yerdəyik və bir yerdə də olacağıq.

Mən Türkiyəyə dəvət olunduğuma görə təşəkkür edirəm. Bu dəvəti doğrudan da çoxdan, hörmətli cənab prezident Sezər burada, Azərbaycanda olanda almışdım. Amma sonra bunun vaxtını müəyyən etməmişdik. Nəhayət, sizinlə birlikdə vaxtını müəyyən etdik.

Martın 12-də mən Türkiyədə, Ankarada olacağam. Sizə də telefonda bir neçə dəfə demişəm ki, mənim oraya getməyə böyük ehtiyacım var. Siz dediniz ki, ölkənizdə bunu istəyirlər, amma mən bəlkə də daha çox istəyirəm. Çünki birincisi, Türkiyə üçün darıxmışam, ikincisi isə, bir çox məsələlər var ki, orada müzakirə etməliyik. Elə birincisi, "soyqırımı" haqqında, ikincisi, Ermənistan-Azərbaycan münaqişəsi haqqında. Görürsünüz, ermənilər axır zamanlar müxtəlif hərəkətlər edir, işlər görürlər. Bu barədə biz birlikdə nə edə bilərik? Bakı-Ceyhan layihəsi haqqında - bunu artıq gecikdirmək olmaz. Azərbaycandan təbii qazın Türkiyəyə ixrac olunması - bunu da gecikdirmək olmaz. Mən deyərdim ki, Türkiyənin müəyyən dairələrinin bu işə münasibətləri bir az soyuqdur.

Bakı-Ceyhan kəməri haqqında qərar olmayanda iki gündən bir Bakı-Ceyhan deyirdilər. İndi qərar da var, hər bir şey də var. Amma elə bil ki, Türkiyədə bunu yaddan çıxarıblar. Ona görə də mənim konkret fikirlərim var. Bu barədə biz orada nəinki danışmalıyıq, eyni zamanda bəzi layihələr hazırlanıbdır, bunları orada həll edəcəyəm.

Bakı-Ceyhan xəttinə maraq da artır. Çünki məsələn, ABŞ-ın "Şevron" şirkəti Qazaxıstanda çoxlu neft hasil edir və Xəzər dənizinin Qazaxıstan sektorundakı "Kaşaqan" yatağındakı əsas işin görülməsi bu şirkətə həvalə olunubdur. Həmin şirkət mənə məktub yazıbdır ki, Bakı - Tbilisi - Ceyhan neft kəmərinin tikintisinə qoşulmaq istəyir. Həmin məsələni müzakirə etmək üçün bu yaxınlarda onların nümayəndəsi mənim yanıma gələcəkdir. Bunun özü çox yaxşı haldır. Çünki bəziləri belə hesab edirdilər ki, Qazaxıstan bu işə qoşulmasa, Bakı-Ceyhan neft kəməri rentabelli olmayacaq və sair. Amma heç biz demədən "Şevron", - düzdür, ABŞ-ın "Ekson" şirkətinin burada mövqeyi bir qədər doğru deyil, - amma "Şevron" şirkəti kənardan gələrək bu işə qoşulur.

Doğrudur, "Şevron"un burada da, həm neft, həm də qaz yataqlarında böyük perspektivləri vardır. Xüsusən indi "Abşeron" yatağında iş aparırlar və yaxşı göstəricilər əldə edirlər. Güman edirəm ki, biz orada çox yaxşı, böyük bir yataq açacağıq. Ona görə də bu məsələlərin hamısını biz gərək konkretləşdirək, vaxtı itirməyək. Yoxsa, 2001-ci il başlayıb, bir qədər də keçəcək, görəcəksən ki, il bitdi.

Tarixçilərin əməkdaşlığı yaxşı fikirdir. Bu işlə məşğul olan Azərbaycan tarixçiləri var. Mən mütləq göstəriş verərəm, bizim tarixçiləri toplayarlar, onların içərisindən gərək bu işi yaxşı bilən adamları tapsınlar. Gürcüstan tarixçilərini də cəlb etmək lazımdır. Çünki Gürcüstan tarixçiləri Qafqazı daha yaxşı bilirlər. Ola bilər Rusiyadan da bəzi tarixçilər cəlb olunsun. Ancaq bilirsinizmi, bəzən onlarda da obyektiv münasibət olmur. Bunu biz Sovetlər İttifaqı vaxtında görmüşük. Hətta sovetlər ittifaqı vaxtında Cənubi Qafqazın tarixini yazmaq istəyirdik, Moskvada üç respublikanın tarixini yazmaq istəyirdilər. Orada tarixçilər bir-biri ilə o qədər mübahisə etdilər ki, bunu edə bilmədilər. Çünki biri bir konsepsiyaya, digəri isə başqa konsepsiyaya tərəfdar idi. Çoxları da Ermənistanın tərəfində idi. Amma Gürcüstanda bu barədə həm yaxşı arxiv sənədləri var və eyni zamanda yaxşı tarixçilər də vardır. Ona görə də mən bu barədə prezident Şevardnadze ilə də danışaram, bizim tarixçilərə göstəriş verərəm, sizin tarixçilərlə də siz danışarsınız, bir qrup hazırlayarıq ki, oturub bu barədə bir fikrə gəlsinlər. Biri var danışmaq, söz demək, fikrə gəlmək - bunlar öz yerində. Amma ortaya tarixi sənədlər qoymaq lazımdır.

Parlamentlərarası komissiyaların əlaqələrini yaratmaq düzgün məsələdir. Mən heç bilmirdim ki, bu komissiyaların üzvləri dörd ildir ki, görüşmürlər. Hesab edirəm ki, indi, Avropa Şurasına tam üzv olduğumuz halda gərək Türkiyə və Azərbaycanın deputatları orada sıx əlaqədə işləsinlər. Mən dedim və bir də təkrar edirəm ki, Türkiyənin oradakı səfiri bu dörd il içərisində daim bizə çox böyük dəstək veribdir, çox kömək edibdir. Biz ondan razıyıq Amma indi bir yerdə işləməliyik. Ona görə də bunu təşkil etmək, bir yerdə toplaşmaq lazımdır. Düşünmək lazımdır, mən bizim Milli Məclisdən xahiş edərəm, siz də onlarla danışarsınız görək, bunu necə təşkil edək, harada görüşsünlər. Ola bilər, Türkiyəyə getsinlər, orada görüşsünlər və ətraflı danışsınlar. Bu, həm də Beynəlxalq münasibətlər komissiyasının Türkiyə Böyük Millət Məclisinə bir ziyarəti olar. Eyni zamanda, bu barədə bir proqram hazırlayarlar. Bu da çox yaxşı fikirdir, bunu həyata keçirmək lazımdır.

"Azərbaycan" qəzeti, 13 fevral 2001-ci il.