Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Maddi-Texniki Təminat rəisi, korpus generalı Hurşit Tolon ilə görüşdə söhbəti - Prezident saryı, 30 aprel 2001-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Mən iki gün bundan öncə Türkiyədə idim. Bilirsiniz ki, orada türkdilli ölkələrin dövlət başçılarının VII zirvə görüşü keçirilirdi. Mən bunu artıq dəfələrlə demişəm, bir də bildirmək istəyirəm ki, görüş çox yüksək səviyyədə keçdi, çox faydalı oldu. Türkiyə Cümhuriyyəti, Türkiyə Cümhur başqanı, Türkiyə hökuməti və bütün dövlət adamları bu görüşün hazırlanmasında və çox yaxşı keçirilməsində böyük işlər görmüşlər. Mən onlara təşəkkürlərimi bildirdim. Təbiidir ki, bu görüşlər hər dəfə türkdilli dövlətlərin bir-birinə inamını daha da artırır.

Biz uzun illər, əsrlər boyu bir-birimizdən ayrı düşmüşük. Indi yaxınlaşırıq. Türkdilli dövlətlər birliyinin əsası 1992-ci ildə Ankarada qoyulubdur, doqquz il keçibdir. Bəzən düşünmək olar ki, doqquz il keçib, nə üçün bu yaxınlaşma tam baş verməyibdir? Ancaq əgər əsrlər boyu bir-birlərindən ayrı düşürlərsə, doqquz il o qədər də böyük zaman deyildir. Amma başlıcası ondan ibarətdir ki, biz yaxınlaşırıq, bir-birimizlə daha da çox işbirliyi yaratmaq istəyirik. Biz biri-birimizin mədəniyyətini, tarixi köklərini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini daha çox öyrənirik və onların nə qədər oxşar olduğunu, hamısının bir kökdən gəldiyini bir daha görürük. Yəni bu bizim üçün də lazımdır, amma gələcək nəsillər üçün daha çox lazımdır. Ona görə mən hesab edirəm ki, İstanbul zirvə görüşü çox uğurlu oldu.

Hurşit Tolon: Məni qəbul etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Hörmətli Cümhur başqanım, bütün türk dünyasında əzbərlənmiş, çox yaxşı bilinən və çox sevilən bir sözünüzü qarşınızda ərz etmək istəyirəm. Siz hər zaman «bir millət, iki dövlətik» deyirsiniz.

Heydər Əliyev: Elədir.

Hurşit Tolon: Bu, uzun əsrlərdir bir-biri ilə görüşməyi gözləyən, bunu arzulayan toplumların vahid millət halına gəlməsi üçün çox önəmli müdrik kəlamdır. Biz bunu yüksək dəyərləndiririk və bu sözüsöylədiyiniz üçün çox sağ olun.

Heydər Əliyev: Sağ olun. Mən çox məmnunam ki, siz Azərbaycana gəlmisiniz. Mənə Müdafiə naziri məlumat veribdir ki, bir yerdə işləmisiniz və güman edirəm, bu işlər öz nəticəsini verəcəkdir.

Hurşit Tolon: Cənab Prezident, hörmətli nazirin zati-alinizə ərz etdiyi kimi, illərdən bəri gəlməyi, görməyi gözlədiyim bu çox gözəl ölkənizdə olmağımdan duyduğum məmnunluq sonsuzdur. Bunu hüzurunuzda ərz etmək istəyirəm. Xüsusilə vacib dövlət işlərindən vaxt ayıraraq məni və dostlarımı qəbul etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Baş Qərargah rəisimiz, ordu generalı Hüseyn Kıvrıkoğlu zati-alinizə öz dərin hörmət və ehtiramını çatdırmağı məndən xahiş etmişdir. Bunu söyləməkdən, ifadə etməkdən məmnunam. Mən buraya səfərimin səbəbi barədə məlumat vermək istəyirəm. Neçə illərdən bəri silahlı qüvvələrimiz arasında davam edən hərbi təhsil və işbirliyi proqramı vardır. Hökumətimiz tərəfindən həmin proqramın gerçəkləşməsi üçün bu il də müəyyən ehtiyat ayrılmışdır. Türkiyə və Azərbaycan silahlı qüvvələrinin həmin ehtiyatdan müştərək şəkildə istifadə etməsi barədə hörmətli nazirinizlə birlikdə şənbə günü burada protokol tərtib etdik. Tezliklə bunun həyata keçirilməsinə başlayacağıq. Mən dördüncü gündür ki, Azərbaycandayam və buraya ilk dəfədir gəlirəm.

Heydər Əliyev: İlk dəfə?

Hurşit Tolon: Hörmətli Cümhur başqanım, bəli, ilk dəfədir. Burada gördüklərimi hüzurunuzda səmimiyyətlə ərz etmək istəyirəm. Təbii ki, gəlmədən, getmədən, görmədən, yaşamadan, xəyalən insanın təsəvvür etdiyi ilə əsl gerçəyin fərqini bilmək çətindir. Mən burada əsl reallığı bir daha canlı şəkildə gördüm. Xüsusilə Azərbaycan Silahlı Qüvvələrinin son 4-5 il ərzində qazandığı uğurları - bunu təqdir etmək zatidövlətinizə aiddir - yüksək qiymətləndirirəm. Üç gün içərisində korpus qərargahına getdim, orada bilgi aldım. Onun tərkib hissəsi olan diviziyanı gördüm, oradakı çalışmaları izlədim və məlumat aldım. Bir də yeni təşkil edilən sinifləri ziyarət etdim. Qarşıdan gələn il son dərəcə mühüm olan müxtəlif ixtisaslar üzrə zabitlər oradan məzun olacaqdır. Bu il məzun olacaq hərbi məktəbin müdavimləri, hərbçilər orduya gedəcəklər və təbii, bu da çox böyük əhəmiyyət daşıyacaqdır.

Hörmətli Cümhur başqanı, mən bu gün hərbi məktəbdə oldum. Sonra Hərbi Akademiyaya gedəcəyəm. Inanıram ki, möhkəm təməl üzərində hərbi məktəbin yaradılması, üstəlik, yeni siniflərin təhsilə başlaması Azərbaycan Silahlı Qüvvələrinin gələcəyi üçün çox önəmli olacaqdır. Bu, bir, beş, on diviziya yaratmaqdan daha önəmli bir məsələdir. Gənc müdavimləri gördüm, təhsillərini izlədim, çalışmaları haqqında məlumat aldım. Mən bir türk övladı kimi, qürur duydum.

Heydər Əliyev: Çox sağ olun. Təşəkkür edirəm. Əvvəlcə hörmətli Baş qərargah rəisi Hüseyn Kıvrıkoğluna məndən salamlar, sayqılar. Onun mənə çatdırdığınız salamına görə təşəkkür edirəm.

Mən son dəfə, mart ayında Türkiyədə rəsmi səfərdə olarkən hörmətli Hüseyn Kıvrıkoğlu ilə bizim çox ətraflı söhbətimiz, danışıqlarımız oldu. Ümumiyyətlə, mənim Türkiyənin dövlət başçıları ilə, hökumət başçıları ilə - hamısı ilə çox sıx əlaqəm var. O cümlədən Baş Qərargah rəisi ilə dostluq əlaqələrim xüsusi xarakter daşıyır. Ona görə də mənim salamlarımı ona çatdırarsınız. Hörmət, ehtiramımı çatdırarsınız. Sizin ordunuza uğurlar arzumu çatdırarsınız.

Hurşit Tolon: Baş üstə.

Heydər Əliyev: Mən hər dəfə demişəm. Türkiyənin ən böyük sərvəti onun silahlı qüvvələridir, ordusudur. Dəfələrlə demişəm ki, Atatürk gedəndən sonra xalqa iki böyük irs qoyubdur. Birincisi, yaratdığı Türkiyə Cümhuriyyəti, ikincisi, yaratdığı silahlı qüvvələr. Təbiidir, çox irslər qoyubdur. Amma bu ikisi Türkiyəni yaşadan, Türkiyəni inkişaf etdirən və Türkiyənin bu gün dünyanın bütün dövlətləri içərisində böyük yer tutmasına səbəb olan amilləridir. Bizim silahlı qüvvələrimiz gəncdir və siz də ilk dəfə Azərbaycandasınız. Ona görə də sizin aldığınız təəssüratlar, dediyiniz fikirlər mənim üçün çox əhəmiyyətlidir. Çünki mən daim düşünürəm ki, bizim silahlı qüvvələrimiz daha da güclənsin. Ancaq qəlbimdə bəzən belə duyğular yaşayır ki, hələ bəlkə istədiyim qədər güclənməyibdir. Ona görə hər bir addım, təbiidir ki, məni sevindirir.

Təbiidir, bu barədə danışarkən Azərbaycanda olan zabitlərinizin, sizi təmsil edən insanların burada təhsil işini aparmasının çox əhəmiyyətli olduğunu bilirəm. Çox yüksək səviyyədədirlər. Elə bunun özü bizim silahlı qüvvələrin indiki səviyyəyə gəlməsində xüsusi rol oynayır. Sizin nümayəndələriniz – indi Zəki paşadır, ondan öncə Əngin paşa idi - hamısı burada, qardaş ölkədə hesab edirəm ki, səmimi çalışırlar. Bəlkə də buranı öz ölkələri kimi qəbul edirlər, səmimi çalışırlar. Mənim də onlarla bilavasitə təmaslarım var. Ona görə də mən bu işləri izləyirəm, bilirəm. Ancaq siz ilk dəfə gəlmisiniz. Sizin təəssüratlarınız, təbiidir ki, mənim üçün çox əhəmiyyətlidir və olan fikirləri daha da çox təsdiq edir.

Hurşit Tolon: Hörmətli Cümhur başqanı, sağ olun. Əvvəlcə, türk silahlı qüvvələrinin burada çalışan təmsilçiləri barədə lütf etdiyiniz xoş sözlər üçün onların adından Sizə təşəkkürümü bildirirəm. Mən bu gözəl, dost və qardaş ölkəyə ilk dəfə gəldim. Əslində, üzgünəm, çünki çox gecikmişəm. Amma proqramlar belə idi. Mən 1990-cı ildən indiyə qədər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında müxtəlif vəzifələrdə çalışaraq Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsi, güclənməsi, yenidən qurulması sahəsində atılan addımları yaxından izləyənlərdənəm. Bir az öncə hüzurunuzda ərz etdiyim kimi, yerində görmədən, yerində tam izləmədən inkişafın dərinliyini və düzgünlüyünü anlamaq asan olmur. Amma hüzurunuzda bir daha ərz edə bilərəm ki, 1996-2001-ci illər arasındakı vaxtda yeni bir sistem əsasında çox işlər görülmüş, çox önəmli bir məsafə qət edilmişdir. Bunu təqdir etmək zati-dövlətinizə aiddir. Bu, sadəcə, bir məktəb qurmaq deyil, bir sistem yaratmaq baxımdan çox önəmlidir. Çünki bu sistem əski sistemi bütünlüklə dəyişir. NATO-ya inteqrasiya olunmaq üçün bu sistem faydalıdır. Bütün bunlar müəyyən zaman içərisində edilmişdir. Mən burada bunu izlədim. İnşallah, bu ilin avqustunda gənc müdavimlər hər yerdə zati-dövlətinizin sözlərinə hazır olan hərbçilər, zabit olacaq, onlar topçu, tankçı və s. kimi ixtisaslara yiyələnəcəklər və gələcəkdə çox güclü, dinamik ordu formalaşacaqdır. Mən bunu yüksək dəyərləndirirəm. Bunların hamısı zati-dövlətinizin sayəsində olacaqdır.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm.