Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin Azərbаycаn Həmkаrlаr İttifаqlаrı Kоnfеdеrаsiyаsının II qurultаyındа iştirаk еdən хаrici Həmkаrlаr İttifаqı təşkilаtlаrının nümаyəndələri ilə görüşü - Prеzidеnt sаrаyı, 6 fеvrаl 2003-cü il


Hеydər Əliyеv: Hörmətli qоnаqlаr, Sizi səmimi-qəlbdən sаlаmlаyırаm. Аzərbаycаnın ictimai-siyasi həyatında həmkarlar ittifaqları böyük gücə malikdir, ölkəmizin bir milyon yarım vətəndaşı bu təşkilatda birləşmişdir. Bu da təbiidir.

Həmkarlar ittifaqları elə bir təşkilatdır ki, o, bütün formasiyalarda – kapitalizm formasiyasında da, sosializm formasiyasında da, digər formasiyalarda da mövcud olmuşdur.

Doğrudur, onlar müxtəlif ölkələrdə, hər halda, müxtəlif imkanlara və hüquqlara malik idi. Məsələn, keçmiş Sovetlər İttifaqında həmkarlar ittifaqları güclü təşkilat idi, Kommunist Partiyasından sonra onun böyük səlahiyyəti vardı. Lakin bəzi kapitalist ölkələrində də onlar elə güclü idilər ki, bunu istənilən hökumətə nümayiş etdirirdilər. Biz həmkarlar ittifaqı hərəkatının bütün inkişaf mərhələlərini keçmişik. Məsələn, mən çox şey görmüşəm. İndi bu təşkilatlar, demək olar, bütün ölkələrdə mövcuddur, eyni prinsiplər əsasında fəaliyyət göstərirlər, bunlar sizə yaxşı məlumdur. Mən onları sizə izah etməyəcəyəm, əksinə, bu barədə, xüsusən də, son illər baş verən hadisələr barədə siz məni məlumatlandıra bilərsiniz.

Deyə bilərəm ki, Azərbaycanda həmkarlar ittifaqı hərəkatı, həmkarlar ittifaqı təşkilatları və Həmkarlar İttifaqı Konfederasiyası böyük nüfuza və dəstəyə, geniş şəbəkəyə malikdir.

Ona görə də indi heç kim həmkarlar ittifaqları kimi belə geniş miqyaslı qurultay keçirə bilməz.

Kommunist Partiyası daha yoxdur, ölkədə isə 40-50 partiya mövcuddur, lakin onların üzvlərinin sayı azdır, buna görə də onlar öz qurultaylarının kəmiyyəti və miqyası baxımından həmkarlar ittifaqları ilə müqayisə edilə bilməzlər.

Nəhayət, əmək adamının mənafelərinin qorunması baxımından dünyada həmkarlar ittifaqlarının eyni prinsipləri və vəzifələri təşəkkül tapmışdır və bütün bunlar onlara böyük qüc verir. Bununla yanaşı, müxtəlif ölkələrdə bu təşkilatların təcrübəsi bir-birindən fərqlənir. Odur ki, istər konfranslarda, istərsə də qurultaylarda olsun, fərqi yoxdur, bir çox ölkələrin həmkarlar ittifaqı hərəkatı nümayəndələrinin görüşməsi faydalıdır.

Mən bunu alqışlayıram. Hesab edirəm ki, Azərbaycan həmkarlar ittifaqlarının qurultayı bizim üçün, yəni ictimaiyyətimiz üçün böyük hadisədir.

Mən qurultay çərçivəsində görülmüş işi yüksək qiymətləndirirəm və ümidvarаm ki, qonaqların hər biri özü ilə xoş təəssürat aparacaqdır. Mən əmək fəaliyyətimə başladığım vaxtdan həmkarlar ittifaqının üzvü idim, doğrudur, bu çox çəkmədi. Ona görə ki, sonralar uzun müddət hərbi xidmətdə oldum, orada isə həmkarlar ittifaqı yoxdur. Sonra mən partiya, dövlət işinə keçirildim və o vaxtdan bəri həmkarlar ittifaqının səliqəli üzvüyəm, üzvlük haqqını ödəyirəm, borcum yoxdur.

Joze Oliveyra (Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası Baş katibinin müavini): Cənаb Prеzidеnt, dünya həmkarlar ittifaqı hərəkatında Azərbaycanın rolunu vurğulamаq istəyirəm. Bu qurultayda iştirak etmək mənim üçün böyük şərəf və böyük sevincdir. Burada mən dünyanın müxtəlif ölkələrini təmsil edən dostlarımın və qardaşlarımın arasındayam. Biz öz təşkilatımızda Azərbaycanda həmkarlar ittifaqı hərəkatına çox böyük əhəmiyyət veririk və buraya da məhz buna görə gəlmişik. Nümayəndələri qurultaya gələn həmkarlar ittifaqı təşkilatlarının 25-i Şərqi Avropaya aiddir.

Azərbaycanda həmkarlar ittifaqlarına öz işini bilən bir insan – Səttar Mehbalıyev başçılıq edir. Deməliyəm ki, qloballaşma dövründə həmkarlar ittifaqlarının rolu xüsusilə artır, çünki sosial dialoq indi bizim üçün çox vacibdir. Sosial dialoq bu region üçün də tərəqqi və sülh qədər vacibdir. Buna nail olmaq üçün isə sosial dialoq gərəkdir. Şadıq ki, bu məsələlərlə yenidən konfederasiyanın sədri, həmkarlar ittifaqı hərəkatının lideri seçilən Səttar Mehbalıyev məşğul olacaqdır. Biz ona etimad edirik, inanırıq. Düşünürəm ki, ölkənizin müdrik rəhbəri kimi, Siz də sosial dialoqun rolunu yüksək qiymətləndirirsiniz.

Mixail Şmakov (Rusiya Azad Həmkarlar İttifaqları Federasiyasının prezidenti): Cənаb Prеzidеnt, mən Rusiyаnın həmkarlar ittifaqları adından Sizi böyük hörmət və еhtirаmlа salamlayırаm. Qurultayda Səttar Mehbalıyevin yekdilliklə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilməsi Azərbaycanda çox möhkəm həmkarlar ittifaqı təşkilatı olduğunu göstərir. Biz bunu böyük məmnunluqla qeyd etdik və sözün yaxşı mənasında həsəd aparırıq ki, burada həmkarlar ittifaqı hərəkatında ziddiyyətlər regionumuzun digər ölkələrindəkinə nisbətən çox azdır.

Bu gün daha bir əlamətdar hadisə baş verdi. Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan həmkarlar ittifaqları və həmkarlar ittifaqı birlikləri özünün bugünkü müşavirəsində MDB və Mərkəzi Avropa ölkələri həmkarlar ittifaqlarının informasiya-məşvərət şəbəkəsini yaratmağı qərara aldılar və Səttar Mehbalıyevi onun ilk sədri seçdilər. Bu da beynəlxalq həmkarlar ittifaqı hərəkatı çərçivəsində AHİK-in fəaliyyətinin böyük rol oynadığını göstərir.

Azərbaycan Prezidenti Heydər Əliyevə və Azərbaycan həmkarlar ittifaqlarının rəhbərinə uğurlu birgə iş arzulayırаm. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Sizin, ölkə prezidentinin arasında qarşılıqlı münasibətlərin bu cür qurulduğuna sözün yaxşı mənasında həsəd aparırıq.

Sizin rəhbərliyinizlə respublikanın ildən-ilə necə inkişaf etdiyini, iqtisadiyyatının möhkəmləndiyini bilir və görürük.

Biz bunu istəyirik və arzu edirik ki, bütün bunlar daha dinamik və səmərəli olsun. Heydər Əliyeviç, icazə verin, respublikanın yüksəlişdə olması münasibətilə Sizi və Səttar Mehbalıyevi bir daha təbrik edim. Allah eləsin, həmişə belə olsun.

İrakli Tuquşi (Gürcüstan Həmkarlar İttifaqları Birliyinin sədri): Cənаb Prеzidеnt, mən də Sizi ölkəmizin həmkarlar ittifaqları adından salamlayırаm, Azərbaycan həmkarlar ittifaqlarının dünyada rolunun artdığını nəzərə çatdırmаq istəyirəm, Bakı haqqında, Аzərbаycаnın iqtisadi və ictimai-siyasi həyatında gedən dinamik prosesləri çох yüksək qiymətləndirirəm. Bir neçə il əvvəl mən Sizin qəbulunuzda olmuşdum, onda biz sayca çox az idik. İndiki qurultayda qonaqlar daha çoxdur, bir çox beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Əlbəttə, bu, həmkarlar ittifaqlarının və sosial xidmət qurumlarının beynəlxalq rolunun artdığına sübutdur.

Əgər 5-6 il əvvəl burada gördüklərimi indi ilə müqayisə etsək, ötən dövr ərzində insanların həyatında nə qədər böyük müsbət dəyişikliklər baş verdiyini görərik. Həmkarlar ittifaqı təşkilatlarımız arasında, həqiqətən, gözəl münasibətlər var, müxtəlif beynəlxalq konfranslarda, forumlarda tez-tez görüşərək ünsiyyətdə oluruq, bir-birimizlə məsləhətləşirik.

Mən Sizə, Azərbaycan prezidentinə uzun ömür, xalqınıza tərəqqi və Azərbaycan–Gürcüstan qardaşlıq münasibətlərinin daha da genişlənməsini arzulayırаm.

Yusif Engin (Türkiyənin «Haqq-İş» Həmkarlar İttifaqları Konfederasiyası Baş katibinin müavini): Hörmətli Cümhur başqanım! Bizi qəbul etdiyinizə görə Sizə çox təşəkkür edirəm. Sözümün əvvəlində Sizə uzun ömür, cansağlığı diləyirəm. Çünki Azərbaycanın inkişaf etməsində, dünyada daha böyük nüfuza sahib olmasında Sizin gördüyünüz və görəcəyiniz işlərin çox böyük önəmi vardır.

İcazənizlə, Türkiyəni təmsil edən nümayəndələri Sizə təqdim edərdim. Mən Yusif Engin Türkiyə «Haqq-İş» Həmkarlar İttifaqları Konfederasiyası Baş katibinin müaviniyəm.

Həmkarım Tebrul Kablak Türkiyə Metal İşçiləri Həmkarlar İttifaqları Federasiyasının Baş katibidır, Yücel Top isə Türkiyə Həmkarlar İttifaqlarının Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasındakı nümayəndəsidir və Brüsseldə çalışır.

Biz iki gündür ki, Bakıdayıq. Buraya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak etmək üçün gəlmişik. Doğrusu, biz Azərbaycanı öz ölkəmizdən ayırmırıq. Sadəcə, rəsmi bir ayrılıq var, amma qəlbimiz birdir.

Bu, davam edir və edəcəkdir. Azərbaycanın inkişaf etməsində, sosial, siyasi və iqtisadi sahələrdə güclənməsində zati-alinizin çox böyük əməyini, çalışmalarınızı bilirik və bunu yüksək qiymətləndiririk.

Sizin Konfederasiyanın dünyaya açılmasından, BAHİK-in üzvü olmasından, bölgə ölkələrindəki dialoq və işbirliyi çərçivəsində Azərbaycanın çox böyük rolu olmasından məlumatımız var. Xüsusilə, Azərbaycanın sosial, siyasi və iqtisadi inkişafında Səttar Mehbalıyevin rəhbərlik etdiyi Həmkarlar İttifaqları Konfederasiyasının böyük əməyini, qazandığı uğurları məmnuniyyətlə izləyirik.

Bilirəm və ümid edirəm ki, sivilizasiyaya, insan azadlıqlarına və əməyinə yüksək qiymət verən AHİK önümüzdəki illərdə qazanacağı imkanlar, demokratiya sayəsində əldə edəcəyi uğurlara birlikdə sevinəcəyik. Bu günə qədər olan planlarınız bunu bizə sübut edir. Biz dialoqun daha da artırılmasını və davam etdirilməsini, işbirliyinin daha sıxlaşdırılmasını arzu edirik.

Təbii, sözümü çox uzada bilmirəm. Sizinlə birlikdə olmaq bizim üçün böyük bir məmnunluq və şərəfdir. Sözümü tamamlayaraq, həmkarlarım adından, konfederasiyalarımız adından qardaşlıq duyğusu ilə Sizi bir daha hörmətlə salamlayıram.

Sizə sağlam ömür diləyir, Azərbaycanın güclənmiş, sabit, əmin-amanlıq içində olmasını və inkişafını arzulayır, hörmət və ehtiramımı bildirirəm.

Vanço Muratovski (Makedoniya Həmkarlar İttifaqları Federasiyasının prezidenti): Hörmətli Hеydər Əliyеviç, Makedoniya kiçik, keçmiş Yuqoslaviyanın ərazisində olan bir ölkədir. Həmkarlar ittifaqlarını təmsil edənlər, adətən, çox uzun danışmağa meyllidirlər. Mən isə çalışacağam qısa danışım. Mən birinci dəfədir burada, Sizin ölkənizdəyəm. Ölkəniz olduqca xoşuma gəlir, çox gözəl bir ölkədir. Buraya gəlməmişdən əvvəl ölkəniz haqqında çox eşitmişdim və hamısı da müsbət idi. Buraya gəldikdən sonra bunların hamısının reallıq olduğuna əmin ola bildim. Sizin ölkənizin nə dərəcədə inkişaf etdiyini, tərəqqi əldə etdiyini öz gözlərimlə görə bildim.

Mənim yeganə istəyim odur ki, Sizin səhhətiniz möhkəm olsun. Sizə arzu edirəm, imkanınız olsun ki, bu ölkəni uzun illər tərəqqi yolu ilə irəli aparasınız.

Hеydər Əliyеv: Çox sağ olun. Sizin keçmiş prezident Qliqorov ilə mənim dostluğum var idi. Çox illərdən, İosif Titonun vaxtından. İndi bunların hamısı dağıldı. Ona görə sizin ölkəni yaxşı tanıyıram.

Yuri Lebedev (Həmkarlar İttifaqları Ümumi Konfederasiyası sədrinin müavini): Həmkarlar ittifaqı hərəkatına göstərdiyiniz diqqətə, səmimi qəbula görə Sizə, cənаb Prеzidеnt, səmimi minnətdarlığımı bildirirəm. Biz, Həmkarlar İttifaqları Ümumi Konfederasiyasında işləyərək, Azərbaycanda Sizin rəhbərliyinizlə qazanılmış uğurlar barədə çox eşitmişdik.

Mən 5 ildir burada olmamışam, bu illər ərzində nə qədər yeni binalar tikildiyini öz gözlərimlə gördükdə, buna heyran qaldım.

Əlbəttə, biz Azərbaycan həmkarlar ittifaqlarının əla keçirilmiş qurultayının təsiri altındayıq. Biz buraya gəlməli olan nümayəndə heyətinin tərkibini təsdiq edərkən, oraya əslən bir bakılını da daxil etdik.

Yuri Koritin (Mənzil-Kommunal Təsərrüfatı, Yerli Sənaye və Xidmət Sahələri İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Birliyi sədrinin müavini): Cənаb Prezident, vaxtilə məni yüksək vəzifəyə Siz irəli çəkmişdiniz. Siz məni, frezerçi fəhləni, Azərbaycan Ali Sovetinin deputatı Yuri Vladimiroviç Koritini Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Aparatına – tikinti və şəhər təsərrüfatı şöbəsinə işə qəbul etdiniz. Bu, 1975-ci ilin mayında olmuşdur, mən MK-nın təlimatçısı, sonra Ramiz Ənvəroviç Mehdiyevin yanında ikinci katib, Oktyabr Rayon İcraiyyə Komitəsinin sədri olmuşam.

Siz Bakıdan Moskvaya gedərkən Nazirlər Sovetində bizimlə sağollaşdınız. Sonra, Sovetlər İttifaqının mövcudluğu dövründə məni Azərbaycandan ÜİHİMŞ-ə seçdilər. İndi mən Mənzil-Kommunal Təsərrüfatı, Yerli Sənaye və Xidmət Sahələri İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Birliyinin rəhbərlərindən biriyəm.

Hеydər Əliyеv: O vaxt ÜİHİMŞ-in sədri kim idi?

Yuri Koritin: Şalayev idi. İndi o pensiyadadır.

Hеydər Əliyеv: Görürsünüz, artıq 28 il keçmişdir. O bizim kadrdır.

Yuri Koritin: Heydər Əliyeviç, mən Sizə çox minnətdaram.

Hеydər Əliyеv: Deməli, mən səni düzgün olaraq irəli çəkmişdim, yanılmamışdım. Hərçənd, mən də səhv edirdim.

Lev Yakovlev (Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Birliyinin sədri): Mən də bir vaxtlar Prezident Heydər Əliyev ilə işləmişdim.

Sovet dövründə mən Nəqliyyat İşçiləri Həmkarlar İttifaqları Mərkəzi Komitəsinin sədri işləyirdim, Siz isə Nazirlər Soveti sədrinin birinci müavini idiniz. Sizin apardığınız heç bir müşavirə bizim iştirakımız olmadan keçmirdi. Siz həmkarlar ittifaqlarına həmişə böyük diqqət yetirirdiniz. Biz buraya gələrkən keçmiş əməkdaşlarınız – Sizin köməkçiniz və Nazirlər Sovetində şöbə müdiri olmuş Yevgeni Zarbayev və Nəqliyyat Tikintisi Nazirliyinə başçılıq etmiş Vladimir Arkadyeviç Brejnev Sizə salam yetirməyi xahiş etdilər. Mən Sizin keçirdiyiniz ilk kollegiya iclasını xatırlayıram. O vaxt çoxları narahat idi, düşünürdülər, görəsən, bu təzə adam bizi haraya aparıb çıxaracaqdır. Əslində isə, hər şey yüksək səviyyədə oldu. Siz böyük təhlil apararaq, qarşımızda duran vəzifələri dəqiq şəkildə, təmkinlə və düzgün izah etdiniz. Sağ olun, xoşbəxt olun.

Hеydər Əliyеv: Mənim adımdan onlara böyük salam yetirin. O vaxt Nazirlər Sovetində sədrin birinci müavini və Siyasi Büronun üzvü kimi, mənim vəzifəm bir çox sahələrə kuratorluq etməkdən ibarət idi. Ancaq nəqliyyat – həm dəmir yol, həm dəniz, həm çay, həm avtomobil nəqliyyatı, həm də nəqliyyat tikintisi mənə daha yaxın idi. Brejnevi də bu vəzifəyə mən təyin etmişdim.

Lev Yakovlev: O vaxtlar, 12-ci beşillik dövründə sahədə yüksəliş müşahidə olunurdu, ancaq biz Sizə beşilliyin zərbəçisi adını təqdim etməyə macal tapmadıq.

Hеydər Əliyеv: Mən Brejnevi tövsiyə etdim, o, Sosnovun birinci müavini idi və MK-da biz onun həmin vəzifəyə təyin olunması haqqında qərar qəbul etdik. Sonra mən onu kollegiyada təqdim etdim. Biz onunla çox fəal işlədik, o çox işgüzar adamdır.

Lev Yakovlev: İndi o, korporasiyaya başçılıq edir. Bir sözlə, Sizin yetirməniz doğru yoldadır.

Hеydər Əliyеv: Çox yaxşı. Bunları xatırlamaq mənim üçün xoş oldu. Burada Azərbaycanın, xalqımızın, dövlətimizin ünvanına və mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə sizin hamınıza bir daha təşəkkür edirəm. Mən bu görüşə şadam. Görüşün əvvəlində mən həmkarlar ittifaqlarına münasibətimdən danışdım, indi onlara diqqətim daha da gücləndi.

Mehbalıyevi ona bir daha etimad göstərilməsi və sədr seçilməsi, habelə yeni bir vəzifəyə seçilməsi münasibətilə təbrik edirəm. Zənnimcə, nümayəndələr səhv etmədilər, düz iş gördülər. Onun işi barədə mənim də rəyim belədir, nümayəndələrin rəyi ilə üst-üstə düşür.