Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İranın Bakıdakı səfiri Əhəd Qəzai ilə görüşdə söhbəti - Prezident sarayı 5 dekabr 2001-ci il


Heydər Əliyev: Keçən dəfə biz sizinlə İran-Azərbaycan əlaqələri haqqında çox geniş söhbət etdik. İndi yenidən görüşürük. Mən bir daha bəyan edirəm, necə ki, Azərbaycan dövləti, şəxsən mən də İran-Azərbaycan əlaqələrinin genişlənməsinin, inkişaf etməsinin nəinki tərəfdarıyam, bunun üçün çalışıram və çalışacağam. Hesab edirəm ki, bizim ölkələrimiz arasında olan dostluq, qardaşlıq əlaqələri daha da möhkəmlənməlidir, daha da inkişaf etməlidir. Mən həmişə demişəm, indi də deyirəm, biz müstəqil dövlətik, Azərbaycan müstəqil dövlətdir. İran ömür boyu müstəqil dövlətdir. Biz müstəqilliyimizi on il bundan öncə almışıq. Amma İran elə nə qədər var, o qədər də müstəqil dövlətdir. Böyük dövlətdir, qüdrətli dövlətdir. Biz vahid İranı tanıyırıq. Burada bəzi başqa fikirlər meydana çıxır, onları mən sənə keçən dəfə də demişəm, indi də deyirəm ki, o, ayrı-ayrı insanların fikridir. Vahid İran, böyük, güclü İran və bizimlə dost, qonşu, qardaş İran. Ona görə də bir səfir kimi, sizin də borcunuz ondan ibarətdir ki, çalışasınız sizin də dövlətin siyasəti, Azərbaycan dövlətinin də siyasəti, bax, bu istiqamətdə inkişaf etsin, irəli getsin.

Əhəd Qəzai: Cənab Prezident, çox sağ olun. Əvvəlcə mən ramazan ayı münasibətilə Sizi və Azərbaycan müsəlmanlarını təbrik edirəm. Cənab prezident Xatəminin ramazan ayının əvvəlində Sizə ünvanladığı təbrikini göndərmişəm, yəqin ki, almısınız.

Mən oktyabrın 22-də Sizinlə görüşdən sonra iki dəfə İrana getdim. Sizinlə olan danışıqlarımız barədə İranda geniş söhbətlər apardıq. Şükür olsun ki, İran tərəfi həm müqaviləni hazırlamışdır - o dəfə Siz soruşurdunuz ki, müqavilə nə səbəbə hazır deyildir – həm də bizim tərəfdən bəyanatlar hazırdır. Gözləyirik, inşallah, Siz rəvac verəsiniz. Sizin nümayəndə heyətiniz gərək İrana gedə və müqaviləni tamamlaya.

Cənab Xatəmi ilə söhbət zamanı dedi ki, - baxmayaraq ki, orucluq ayında biz qonaqları qəbul etmirik - əgər hazırlıq olarsa, biz cənab prezidenti orucluq ayında da qəbul edə bilərik. Ona görə də İran tərəfindən sənədlər hazırlanıbdır. Siz nə vaxt istəsəniz, buradan yüksək səviyyəli nümayəndə heyəti İrana gedə bilər, hər hansı fikir ayrılığı olarsa, onu da yoluna qoyaq və beləliklə, Sizin səfəriniz üçün hər şey hazır olar. Biz orada Sizi gözləyirik.

Heydər Əliyev: Çox sağ olun, çox məmnunam. Mən mütləq göstəriş verərəm, yüksək səviyyəli bir nümayəndə heyəti gedər. Burada da müəyyən layihələr var. Bilirsiniz, o vaxtlar bizim tərəf də layihə hazırlamışdı. Gedərlər, orada birlikdə müqavilələri, layihələri birləşdirərlər, hər şeyi hazırlayarlar. Ondan sonra, bunlar hazır olan kimi, orucluq olmasına baxmayaraq, mən də İrana getməyə hazıram.

Əhəd Qəzai: Ağayi Səfəri də Xəzərin statusu üzrə danışıqlarda İranın xüsusi nümayəndəsi təyin edilmişdir. MDB ölkələri üzrə əlaqələrə görə o, məsuliyyət daşıyır. İnşaallah, dekabrın 11-də o, Bakıya gələcəkdir. Yəqin ki, inşaallah, görüşünüz olar və söhbət edərsiniz. O, uzun müddət Moskvada, Avropa ölkələrində səfir işləmişdir. Nüfuzlu bir diplomatdır ki, Xəzər üzrə danışıqlarda İranın nümayəndəsi təyin edilmiəşdir.

Sizin dediyiniz kimi, əsas mətləb Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasıdır. İran həmişə Azərbaycanın ərazi bütövlüyünə və Dağlıq Qarabağın onun ayrılmaz hissəsi olmasına səs veribdir, yenə də bunun tərəfdarıdır. Bunun özü göstərir ki, İran hələ də Azərbaycanın müstəqilliyini də, ərazi bütövlüyünü də tanıyıbdır. Bir qonşu və qardaş ölkə kimi, bundan sonra da tanıyacaqdır.

Heydər Əliyev: Hələ də yox, həmişə

Əhəd Qəzai: Bəli, həmişə tanıyıbdır və bundan sonra da tanıyacaqdır.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Bəli, bu çox əhəmiyyətlidir və mən inanıram ki, İran Birləşmiş Millətlər Təşkilatında bu barədə bizə səs verəcəkdir.

Ağayi Səfərinin buraya gələcəyi barədə mənim məlumatım var. Hesab edirəm ki, bu çox düzgün qərardır. Gəlsin, söhbət edək. Elə bir məsələ yoxdur ki, insan onu həll edə bilməsin. Hər şeyi həll etmək mümkündür - əgər hər iki tərəfdən buna, doğrudan da, səmimi münasibət olsa. Hesab edirəm ki, biz məsələlərin hamısını həll edəcəyik. Ağayi Səfəri ilə də mən görüşəcəyəm.

Ramazan ayı ilə əlaqədar ağayi Xatəminin təbrikinə görə təşəkkür edirəm. Bu münasibətlə mən də ona təbrikimi göndərmişəm. Xahiş edirəm, mənim salamımı, hörmət və ehtiramımı ona çatdırasınız. Hesab edirəm ki, bizim işlərimiz yaxşı gedir. Sağ olun.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya