Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB Parlamentlərarası Assambleyası Sosial Siyasət və İnsan Hüquqları Daimi Komissiyasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşdə söhbəti və çıxışı - Prezident sarayı, 24 oktyabr 1997-ci il


Hörmətli cənablar!

Bildirirəm ki, MDB Parlamentlərarası Assambleyası nümayəndə heyətinin ölkəmizə səfərini faydalı hesab edirəm, çünki bu, onun üzvlərinə respublikamzın həyatı, uğurları və problemləri ilə bilavasitə tanış olmağa imkan verəcəkdir.

Səfiyar Musayev (MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri): Möhtərəm cənab Prezident! Məlumat verirəm ki, iclas iştirakçıları Bakıda xeyli iş görmüş, Azərbaycan qaçqınları, respublika Milli Məslisinin sədri ilə görüşlər keçirmişlər.

Rusiya nümayəndələrinin fikrincə, Parlamentlərarası Assambleya MDB ölkələrinin inteqrasiyasının ən mühüm vəsilələrindən biridir. Onlar ümidvar olduqlarını bildirmişlər ki, Azərbaycan prezidenti Heydər Əliyev bu proseslərə, ilk növbədə təhsil, mədəni, iqtisadi, humanitar əlaqələr sahəsində maksimum kömək göstərəcəkdir. Onlar həmçinin qeyd etmişlər ki, müstəqil dövlət quruculuğunda Azərbaycan şəksiz demokratik addımlar atmış, habelə hakimiyyət qollarının qarşılıqlı əlaqəsində müsbət təcrübə əldə etmişdir. Belarus, Tacikistan və Moldova nümayəndələri rusiyalı həmkarlarının dediklərinə şərik çıxaraq bildirmişlər ki, iclasın iştirakçıları Azərbaycanın kəskin problemlərinin, - bunların ən başlıcası Ermənistan - Azərbaycan münaqişəsi, habelə qaçqınlar problemidir, - həllinə imkan daxilində kömək göstərəcəklər. Ölkəmizə səfərdən aldıqları təəssüratı bölüşən deputatlar Bakıda, respublikada vəziyyətin sakit olduğunu xüsusi vurğulayaraq demişlər ki, bütün bunlar Azərbaycan Prezidenti Heydər Əliyevin sayəsində əldə edilmişdir. Onlar dövlətimizin basçısına möhkəm cansağlığı, uğurlar arzulayaraq əmin olduqlarını bildirmişlər ki, Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz bütün çətinlikləri aradan qaldıracaq və yaxın gələcəkdə böyük tərəqqiyə nail olacaqdır.

Heydər Əliyev: Hörmətli nümayəndələr, əziz qonaqlar! Respublikamzın, xalqımızın, şəxsən mənim ünvanıma deyilən səmimi sözlərə, xoş xatirələrə görə sizə təşəkkür edirəm.

Bildirirəm ki, müstəqillik yolu ilə inamla irəliləyən ölkəmiz bir sıra çətinliklərlə də qarşılaşmışdır. Bunlardan ən başlıcası Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın hərbi təcavüzü, ərazimizin 20 faizinin işğal olunması, 1 milyondan artıq vətəndaşımızın öz yurdlarını məcburən tərk edərək çadırlarda qaçqın vəziyyətində yaşaması ilə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmiz üçün ağır problemlər yaratmasına baxmayaraq, respublikamız sülhə nail olmaq üçün ciddi səy göstərmişdir. Vurğulayıram ki, bu səylər nəticəsində münaqişənin həllində nikbinlik doğuran müəyyən irəliləyiş vardır. Nəzərinizə çatdırıram ki, Azərbaycanda cəmiyyətin demokratikləşməsi, iqtisadiyyatda islahatların aparılması, xarıcı sərmayələrin cəlb edilməsi sahələrində də böyük işlər görülmüşdür. Bütün bunlar barədə səmimi təəssüratlarımız üçün də təşəkkür edirəm.

MDB-nin fəaliyyətinə toxunarkən MDB dövlət başçılarının Kişinyovda keçirilmiş zirvə görüşündən də söhbət açmaq istərdim. Rusiyanın Ermənistanda və Gürcüstanda yerləşən, regionda vəziyyəti mürəkkəbləşdirən hərbi bazaları ilə əlaqədar həmin görüşdə açıqladığım mövqe barədə məlumatı bir daha nəzərinizə çatdırıram. Mənim fikrimcə, MDB-nin daxilində dövlətlər arasında ittifaqlar yaradılması da birlikdə vəziyyəti mürəkkəbləşdirir, etimadsızlıq mühiti doğurur. Belə hesab edirəm ki, birliyin yaşamaq qabiliyyətli olması üçün onun üzvlərinin hüquq bərabərliyi, qarşılıqlı anlasma, milli mənafelərin nəzərə alınması vacibdir, hər hansı imperiya ambisiyalarının, hansısa dövlətin hegemonluğunun istisna edilməsi zəruridir.

Bununla əlaqədar, bəyan edirəm ki, MDB dövlətləri arasında münasibətlər möhkəmləndirilməklə yanaşı, birliyə daxil olan hər bir dövlətin müstəqilliyi möhkəmlənməli, bu dövlətlər arasında inteqrasiya əlaqələri bərpa olunmalıdır. Azərbaycanın yaxından iştirak etdiyi MDB Parlamentlərarası Assambleyasının fəaliyyətini mühüm sayıram və iclasın bütün iştirakçılarına uğurlar, xoş həyat arzulayıram.