Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə təşkil edilmiş mərasimdə nitqi - Bakı Əyləncə mərkəzi, 30 avqust 2000-ci il


Hörmətli cənab səfir!

Hörmətli generallar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

Bu gün türk xalqının, cümhuriyyətinin, dost, qardaş Türkiyənin tarixində çox əlamətdar və tarixi gündür.

Birinci dünya müharibəsindən sonra Osmanlı imperatorluğu dağıldı və Türkiyənin düşmənləri nəinki imperatorluğu, eyni zamanda Türkiyəni hər tərəfdən dağıtmağa, parçalamağa çalışdılar. Ancaq türk xalqı bunların hamısına sinə gərdi, öz qəhrəmanlığını göstərdi və türk əsgəri nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.

Bütün bunların təşkilatçısı, bu böyük qələbələrin ilhamçısı böyük Mustafa Kamal Atatürk olmuşdur. Böyük Atatürkün rəhbərliyi altında türk xalqı öz gücünü topladı, birliyini təmin etdi və öz torpaqlarının qorunması, qədim türk torpağında Türkiyə dövlətinin yaranması uğrunda mübarizəyə qalxdı. Bu mübarizədə tarixi günlərdən biri də 30 avqust Zəfər günüdür. Ona görə də Türkiyə Cümhuriyyəti, dövləti, qardaş türk xalqı bu günü Türkiyə tarixində böyük qələbə günü, zəfər günü kimi bayram edir. Azərbaycan xalqı da, müstəqil Azərbaycan dövləti də qardaş türk xalqı, cümhuriyyəti ilə bərabər bu günü böyük iftixar hissi ilə bayram edir.

Mən bu bayram münasibətilə sizi, qardaş türk xalqını, Türkiyə Cümhuriyyətini, Türkiyənin qəhrəman əsgərlərini, ordusunu, bütün Silahlı Qüvvələrinin şəxsi heyətini səmimi qəlbdən təbrik edirəm və qardaş türk xalqına, türk əsgərinə yeni-yeni uğurlar arzulayıram.

İndi Türkiyə Cümhuriyyəti dünyanın böyük, qüdrətli, iqtisadi cəhətdən inkişaf etmiş və çox güclü orduya malik olan bir ölkəsidir və dünya birliyində özünə layiq olan yeri tutubdur, dünya siyasətində öz sözünü deyib, öz fəaliyyətini göstəribdir. Ancaq türkiyənin bu gün bu səviyyəyə qalxmasının tarixi böyükdür, çox şanlıdır və çox çətinliklərdən keçibdir. Tarixi heç vaxt unutmaq olmaz. Osmanlı imperatorluğu dağıldıqdan sonra 1920-ci ildə imzalanmış bir müqavilə ilə Türkiyəni tamamilə parçalamaq, ayrı-ayrı ölkələrə vermək və Türkiyə üçün Ankara çevrəsində bir az torpaq saxlamaq haqqında beynəlxalq təşkilatın və bir çox dövlətlərin qərarı çıxarılmışdı. Belə bir qərardan, belə bir ədalətsizlikdən sonra böyük iradə, qəhrəmanlıq lazım idi ki, öz gücünü, türklüyünü, türk xalqının, dövlətinin böyük tarixinə, ənənələrinə sədaqətini göstərəsən və güc toplayıb bütün bunların  qarşısını alasan.

Bunların hamısının yaradıcısı, banisi, böyük rəhbəri türk xalqının və bütün türk dünyasının, Azərbaycan xalqının sevimli şəxsiyyəti böyük Mustafa Kamal Atatürk olmuşdur. O, öz silahdaşları, məsləkdaşları ilə türk xalqının daxilində olan böyük mənəvi potensialı, türk xalqının qəhrəmanlıq nümunələrini yenidən birləşdirib düşmənlərə qarşı savaşa qalxdı, müharibə apardı. Böyük döyüşlər getdi, türk xalqı çoxlu şəhidlər verdi, qanlar töküldü. Ancaq türk xalqı zəfər çaldı, qələbə əldə etdi. Məhz bunun nəticəsində də, 1920-ci ildə Türkiyə haqqında qərar qəbul etmiş dövlətlər qəbul etdikləri qərarlardan 1922-ci ildə imtina etdilər və böyük Mustafa Kamal Atatürkün başçılığı ilə Türkiyə Cümhuriyyəti və Türkiyənin Silahlı Qüvvələri yarandı.

Biz Türkiyə Cümhuriyyətinin 75 illiyini təntənə ilə birlikdə qeyd etdik. Türkiyə Cümhuriyyətinin yaradılmasından 77 il keçir. Türk xalqı böyük mərhələlərdən keçib, nailiyyətlər əldə edibdir. Həm Türkiyə üçün, həm də bizim üçün bunların hamısından əziz olan odur ki, Türkiyə güclənib, qüvvətlənib və onun torpağına göz dikən hər bir düşmənə cavab verməyə qadir olubdur. Burada da Türkiyənin Silahlı Qüvvələrinin çox böyük rolu vardır.

Türkiyə ordusunu, Silahlı Qüvvələrini böyük Mustafa Kamal Atatürk yaratmışdır və ordu quruculuğu ömrünün sonuna qədər onun üçün ən əziz, önəmli işlərdən biri olmuşdur. O, elə bir ordu qurmuş, elə bir Silahlı Qüvvələr yaratmışdır ki, Mustafa Kamal Atatürkün yoluna, öz vətəninə, millətinə sadiqdir və onlar öz torpaqlarını şərəflə qorumağa həmişə hazırdırlar.

Biz fəxr edirik ki, Türkiyənin ordusu indi Avropada ən böyük, güclü ordulardan biridir, müasir silahlarla təmin olunmuş, yüksək hərbi peşəyə sahib olmuş əsgərlərdir. Bunu bütün dünya etiraf edir. Ancaq türk ordusunun ən böyük xüsusiyyəti ondan ibarətdir ki, hər bir əsgər öz torpağına, millətinə, Türkiyə Cümhuriyyətinə, Atatürk ideyalarına daim sadiq olmuşdur. Bu, Türkiyə Silahlı Qüvvələrinin bu qədər güclü, qüdrətli olmasının əsas səbəbidir. Bu, eyni zamanda bizim üçün, yeni müstəqillik əldə etmiş, ordu quruculuğu prosesi aparan Azərbaycan üçün də böyük bir örnək, təcrübə məktəbidir. Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri, müxtəlif sahələrdə bizim əməkdaşlığımız Azərbaycan və Türkiyə ordularının əməkdaşlığı ilə sıx bağlıdır. Azərbaycanın gənc övladları Türkiyənin hərbi məktəblərində yüksək təhsil alırlar, həm bilik toplayır, həm də türk ordusunun, əsgərinin mənəvi keyfiyyətlərindən, vətənə, millətə, dövlətə sadiq olmaq keyfiyyətlərindən bəhrələnirlər. Hesab edirəm ki, bizim bu əməkdaşlığımız Azərbaycan üçün indiyə qədər faydalı olubdur, bundan sonra da faydalı olacaqdır.

Bu gün bu Zəfər bayramında, təbiidir ki, biz təkcə ordu sahəsində əməkdaşlığımızdan yox, Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq və əməkdaşlıqdan da danışmalıyıq. Bu barədə onu deyə bilərəm ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra indiyə qədər bizim dostluq, qardaşlıq əlaqələrimiz aybaay, günbəgün möhkəmlənir, inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir. Buna heç kəs mane ola bilməz. Türkiyənin həm dövlət, hökumət rəhbərləri, həm də Silahlı Qüvvələrin başçıları ilə çox sıx dostluq, işgüzar əlaqələrimiz vardır. Hörmətli Əhməd Necdət Sezərin Türkiyə prezidenti seçiləndən sonra xarici ölkəyə ilk səfərini Azərbaycana etməsi Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin nə qədər yüksək səviyyədə olduğunu və Türkiyənin Azərbaycana nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Türkiyənin generalları və zabitləri Azərbaycanda çox uğurlu fəaliyyət göstərir, ordu quruculuğunda ölkəmizə faydalı yardımlar edirlər. Mən bütün bunlara görə Türkiyə Cümhuriyyətinə, Türkiyənin Silahlı Qüvvələrinə və qardaş türk xalqına bu əziz bayram günü dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hamımız əminik ki, Türkiyə ordusu daha da güclənəcək və Türkiyə Cümhuriyyətinin torpaqlarının qorunması, onun suverenliyinin təmin olunması yolunda bundan sonra da böyük işlər görəcəkdir.

Türkiyənin Azərbaycandakı hərbi attaşesi, hörmətli general - biz general deyirik - Sadıq paşa buradakı nitqində eyni zamanda, Azərbaycanla vidalaşması haqqında məlumat verdi. Sadıq paşa Türkiyə Cümhuriyyətinin Azərbaycanda hərbi attaşesi kimi iki ildir ki, fəaliyyət göstərir, Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlıq edir və fəaliyyətini uğurla başa çatdırır. Bu, özü-özlüyündə Türkiyə-Azərbaycan əməkdaşlığının, dostluq və qardaşlıq əlaqələrinin parlaq təzahürüdür. Ancaq Türkiyə Cümhuriyyətinin əsgərləri, generalları üçün Azərbaycan çox xoşbəxt bir yerdir. Bu, indiyə qədər də belə olubdur, indi də belədir. Hörmətli Sadıq paşa Azərbaycanda öz fəaliyyətini başa çatdıraraq, gördüyü işlərə, göstərdiyi xidmətlərə görə türk ordusunun tüm-general, yəni general-leytenant rütbəsini alıbdır. Mən bu münasibətlə hörmətli Sadıq paşanı ürəkdən təbrik edirəm. Ümidvaram ki, o, bundan sonra da öz xalqına, millətinə, dövlətinə, şərəfli əsgər borcuna sədaqətlə xidmət edəcəkdir. Əgər o, gəlib Azərbaycanda yenə xidmət etsə, yenə də bir ulduz alacaqdır. İnsan üçün hər peşə şərəflidir. Hər bir insanın həyatda müəyyən peşəyə ya istedadı, ya da istəyi vardır, yaxud sadəcə, o sahədə çalışmaq istəyir. Hər bir dövlətdə, cəmiyyətdə iş görən adamlar, təbiidir ki, cəmiyyətinə, xalqına fayda verirlər. Amma bütün bu peşələrin içərisində ən şərəfli peşə vətəni, dövləti qorumaq, əsgərlik peşəsidir. Bu, bütün peşələrin içərisində şərəflidir və həmişə xalq tərəfindən sevilib, sevilir və seviləcəkdir. Məhz buna görə də Türkiyədə orduya bu qədər məhəbbət vardır. Məhz buna görə də Türkiyənin Silahlı Qüvvələri ölkənin həyatında xüsusi rol oynayır və onların xüsusi statusu vardır. Məhz buna görə də türk əsgəri bütün keyfiyyətləri ilə başqa ölkələrin əsgərindən müsbət nöqteyi-nəzərdən fərqlənir. Güman edirəm ki, müstəqil Azərbaycanın əsgəri də bu peşəni türk əsgəri kimi yüksək qiymətləndirəcək, Azərbaycan dövlətçiliyi, onun bu günü və gələcəyi üçün bu peşənin nə qədər əhəmiyyətli, şərəfli olduğunu dərk edəcəkdir. Türkiyədə olduğu kimi, Azərbaycan əsgəri də ölkəmizdə bu gün də sevilir, gələcəkdə də seviləcək və böyük hörmətə malik olacaqdır.

Mən hörmətli Sadıq paşaya ölkəmizdə uğurlu fəaliyyət göstərdiyinə görə Azərbaycan dövləti adından təşəkkür edirəm, ona cansağlığı, gələcək işlərində uğurlar arzulayıram. Əminəm ki, o, bu yolda hələ bir çox mərtəbələrə qalxacaqdır. Eyni zamanda, hörmətli Sadıq paşanın arzusu ilə mən burada, buraya toplaşanların qarşısında onun ikinci ulduzunu ona təqdim etmək istəyirəm.

* * *

Əziz dostlar, bu bayram münasibətilə sizi bir daha təbrik edirəm, buradan - Azərbaycanın paytaxtı Bakıdan türk xalqına hörmət və ehtiramımızı, sevgi, məhəbbətimizi çatdırmaq istəyirəm. Türk xalqını, Türkiyə Cümhuriyyətini bu Zəfər bayramı günü münasibətilə bir daha təbrik edirəm. Sağ olun.