Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-ın energetika naziri Spenser Abrahamı qəbul edərkən söhbətindən - 17 sentyabr 2002-ci il


Heydər Əliyev: Hörmətli cənab nazir!

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram və sizə xoş gəlmisiniz deyirəm.

Biz bu günlərdə Azərbaycanda böyük bir hadisəni qeyd edirik. Bu hadisə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməl daşının qoyulmasıdır. Yəni onun inşasına başlayacağıq. Bu münasibətlə sizin də Azərbaycana gəlməyiniz və bu tədbirdə iştirak etməyiniz bizim üçün çox xoşdur və eyni zamanda, çox əsaslıdır. Çünki Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri dünyanın böyük layihələrindən biridir. Xüsusən bizim Qafqaz bölgəsində çox mühüm bir layihədir. Biz bunun həyata keçirilməsi üçün 8 ildir ki, çalışırıq, vuruşuruq. Minnətdarlıq hissi ilə qeyd edirəm ki, bu layihənin həyata keçirilməsində Amerika Birləşmiş Ştatlarının, onun hökumətinin, prezidentinin çox böyük dəstəyi olubdur və bu da bizə bu məsələlərin həll edilməsində kömək edibdir.

1999-cu ilin noyabr ayında ATƏT-in İstanbulda keçirilən zirvə görüşündə Bakı-Tbilisi-Ceyhan layihəsi haqqında son sənədin imzalanmasında ABŞ-ın prezidenti də iştirak edib və öz imzasını qoyubdur. Ona görə sizin bu tədbirdə iştirak etməyiniz çox lazımdır və vacibdir. Gərək siz də, bizim kimi, apardığınız işlərin nəticəsini görəsiniz. Ona görə də mən sizə təşəkkür edirəm. Buyurun.

Spenser Abraham: Cənab prezident, icazə verin, bu uğurlu layihənin həyata keçirilməsi münasibətilə Amerika Birləşmiş Ştatları hökumətinin və prezident Buşun adından Sizə təbrikləri çatdırım. Prezident Buş şəxsən xahiş edib ki, bu cür müvəffəqiyyətli səylərin müsbət nəticələrlə başa çatması münasibətilə onun təbriklərini Sizə çatdıraq.

Bildiyiniz kimi, prezident Buş, Amerika Birləşmiş Ştatlarının hökuməti və xalqı Azərbaycanla olan münasibətləri yüksək qiymətləndirirlər. Bu, həm bizim vətəndaşlarımız, həm də ölkəmiz üçün xüsusi və vacib münasibətlərdir.

Prezident Buş həmçinin qlobal terrorizmə qarşı aparılan mübarizədə Sizin göstərdiyiniz, Azərbaycanın göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirir.

Bir neçə gün bundan əvvəl prezident Buşun Sizə ünvanladığı məktubda deyildiyi kimi, bizə göstərdiyiniz dəstəyə görə biz Sizə səmimi təşəkkürümüzü bildiririk. Mənə və rəhbərlik etdiyim nümayəndə heyətinə ölkənizə bu səfər zamanı göstərdiyiniz qonaqpərvərliyə görə də öz minnətdarlığımızı bildirmək istəyirik.

Biz sentyabrın 18-də həyata keçiriləcək mühüm tədbirlərdə iştirak edəcəyimizə görə çox həyəcanlıyıq. Xüsusən ona görə ki, Xəzər dənizində enerji ehtiyatlarının istismarı, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikilməsi bizim üçün, xalqımız üçün çox mühüm hadisədir. ABŞ-ın hər iki hökuməti - həm demokratlar, həm də respublikaçılar bu layihəyə böyük əhəmiyyət veriblər. Bu çox mühüm bir hadisədir.

Corc Buş prezident seçildiyi ilk gündən mənə və vitse-prezident Dik Çeyniyə qarşıdakı iyirmi il üçün Amerika Birləşmiş Ştatlarının yeni neft strategiyasını hazırlamağı tapşırmışdı. Vitse-prezident Dik Çeyninin rəhbərliyi altında 2001-ci ilin mart ayında biz həmin neft strategiyası proqramını hazırladıq və prezidentin diqqətinə çatdırdıq. Bu proqramın əsas bir hissəsində Bakı-Tbilisi-Ceyhan layihəsinin Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənməsi və həyata keçirilən layihənin Amerika Birləşmiş Ştatları üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur. Biz yeni neft strategiyası ilə əlaqədar proqramımız elan ediləndən sonra da bu regionda həyata keçirilən işləri, əldə olunan müvəffəqiyyətləri çox böyük həvəslə, həyəcanla izləmişik.

Sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri tikintisinin təməlinin qoyulması Azərbaycan xalqı üçün, bütün region üçün inkişafa doğru güclü bir amildir. Bu, həmçinin Amerika Birləşmiş Ştatları hökumətinin Sizin hökumətlə ardıcıl əməkdaşlığının müsbət nəticələrini nümayiş etdirir. Bu layihənin müvəffəqiyyətlə həyata keçirilməsi, eyni zamanda, lider kimi Sizin uzaqgörənliyinizi və bir çox çətin hallarda göstərdiyiniz yüksək təşkilatçılıq qabiliyyətinizi nümayiş etdirir.

Yenə deyirəm, prezident Buş məndən bir daha xahiş etdi ki, bu mühüm hadisə ilə əlaqədar Sizi təbrik edim. Çünki əldə olunmuş irəliləyişlər ölkənizdə sabitliyin daha da artmasına və firavanlığın təmin olunmasına xidmət edəcəkdir. Amerika Birləşmiş Ştatlarının hökuməti bu sahədə də Sizinlə birgə işləmək və nailiyyətlər əldə etmək arzusundadır. Bu gün bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm.

Heydər Əliyev: Hörmətli cənab nazir, təşəkkür edirəm. Prezident Corc Buşun göndərdiyi salamları və xoş arzuları mənə çatdırdığınıza görə sizə təşəkkür edirəm. Xahiş edirəm mənim təşəkkürümü və minnətdarlığımı prezident cənab Buşa çatdırasınız. Amerika Birləşmiş Ştatları-Azərbaycan əlaqələri sizin üçün olduğu kimi, bizim üçün də çox əhəmiyyətlidir. Biz buna xüsusi diqqət yetirir, bütün sahələrdə bu əlaqələri inkişaf etdirməyə çalışırıq.

Bakı-Tbilisi-Ceyhan layihəsi haqqında sizin fikirləriniz, bu barədə Amerika hökumətinin və prezident cənab Buşun fikirləri, onun münasibəti və bu haqda söylədiyiniz bütün başqa fikirlər çox dəyərlidir və bizim fikirlərimizlə üst-üstə düşür.

Bakı-Tbilisi-Ceyhan layihəsinin bu mərhələyə çatdırılması 8 il vaxt tələb edibdir. Bu 8 il də çox çətin, çox böyük mübarizədə keçibdir. Mən çox məmnunam ki, siz və prezident Buş bu barədə hər şeyi düzgün qiymətləndirirsiniz. Şəxsən mənim bu işdə fəaliyyətim haqqında dediyiniz sözlərə görə təşəkkürümü çatdırmağı sizdən xahiş edirəm.

Siz bilirsiniz ki, Azərbaycan 11 sentyabr hadisələrindən sonra Amerika Birləşmiş Ştatlarının elan etdiyi antiterror koalisiyasına dərhal qoşulmuşdur. O vaxtdan indiyə qədər bu sahədə Amerika Birləşmiş Ştatları ilə, antiterror koalisiyasındakı bütün ölkələrlə çox sıx əməkdaşlıq edirik və öz üzərimizə düşən vəzifələri yerinə yetiririk. Biz bu koalisiyada varıq və bundan sonra da olacağıq. Beynəlxalq terrorizmin ta kökü kəsilənə qədər bu koalisiyada olacağıq.

Antiterror əməliyyatında Azərbaycanın iştirakı ilə əlaqədar bu günlərdə prezident Buşun mənə göndərdiyi məktuba və orada mənə, Azərbaycan Respublikasına, xalqımıza etdiyi minnətdarlığa görə mən də çox təşəkkür edirəm. Bu məktub məni çox ruhlandırdı. Eyni zamanda göstərdi ki, həqiqətən biz koalisiyadayıq və bu koalisiyada da olacağıq.

Mən çox məmnuniyyətlə dinlədim ki, Amerika Birləşmiş Ştatları prezident Buşun göstərişi ilə öz neft strategiyasını hazırlayıbdır, həyata keçirir. Başa düşdüm ki, bu işin də başında vitse-prezident cənab Çeyni durur. Mən şübhə etmirəm ki, bu strategiyada Xəzər dənizi özünə layiq yerini tutur və tutmalıdır. Vitse-prezident Çeyni burada olub, Xəzər dənizi ilə tanışdır, buradakı işləri görübdür. Ona görə bu məsələlər onun üçün daha da yaxın ola bilər.

Amma demək istəyirəm ki, siz bir az gecikmisiniz. Azərbaycan hələ 1994-cü ildə öz neft strategiyasını hazırlayıb və o vaxtdan ardıcıl surətdə onu həyata keçirir. Təbiidir ki, bu neft strategiyasını Azərbaycan bir çox Qərb ölkələri ilə, xüsusən Amerika Birləşmiş Ştatları ilə birlikdə və ABŞ-ın dəstəyi ilə həyata keçirir. Ancaq mən istəyirəm bilim ki, Azərbaycan müstəqil dövlətdir, onun çox uzaqgörən və uzun illəri əhatə edən neft strategiyası var. Biz bu strategiyanı həyata keçiririk. Müsbət nəticələr göz qabağındadır və gələcəkdə də çox gözəl nəticələr alacağıq.

Bakı-Tbilisi-Ceyhan məhz Azərbaycanın neft strategiyasının bir hissəsidir. Siz buyurdunuz, mən də təsdiq edirəm ki, bu layihənin çox böyük əhəmiyyəti var. Bu kəmər Gürcüstan ərazisindən, Türkiyədən keçməklə Azərbaycanı Aralıq dənizi ilə birləşdirəcəkdir. Birinci növbədə bunun iqtisadi əhəmiyyəti var və bu işə qoşulan şirkətlər, təbiidir ki, öz şəxsi mənfəətlərini, gəlirlərini gözləyirlər və onları da alacaqlar. Ancaq bizim üçün Bakı-Tbilisi-Ceyhan, eyni zamanda, böyük siyasi məna, strateji xarakter daşıyır. Bu, Azərbaycan, Gürcüstan və Türkiyəni Cənubi Qafqazda bir-biri ilə çox sıx bağlayan bir xətdir. Bununla yanaşı, biz Azərbaycan qazının, "Şahdəniz" yatağındakı qazın Bakı-Tbilisi-Ərzurum xətti ilə Türkiyəyə çatdırılması haqqında layihə üzərində işləyirik. Bizim bölgə üçün sülhün, təhlükəsizliyin, əmin-amanlığın çox böyük əhəmiyyəti var. Biz buna nail olmaq istəyirik. Bilirəm ki, Amerika Birləşmiş Ştatları da məhz bu bölgədə, çox böyük coğrafi-strateji vəziyyəti olan Azərbaycanda məhz sülhün, təhlükəsizliyin, əmin-amanlığın olmasını istəyir. Bu barədə biz çox işlər görürük. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının bu barədə dəstəyinə, yardımına ehtiyacımız var.

Mən xahiş edirəm ki, 907-ci maddənin dayandırılması üçün qəbul etdiyi qərara görə prezident Buşa mənim təşəkkürümü çatdırasınız. 1992-ci ildən Azərbaycana tətbiq edilmiş 907-ci maddə, demək olar ki, on il Azərbaycan üçün çox ağır bir siyasi hadisə olubdur. Biz bunu ədalətsiz hesab edirdik və həmişə də bunu bildirmişdik. Çünki bunu qəbul edənlər bizi, Azərbaycanı onda günahlandırmışdılar ki, guya Azərbaycan Ermənistanı blokadaya alıbdır. Bu, doğru deyildir. Biz nə qədər çalışdıq ki, Amerika Birləşmiş Ştatlarının Konqresində o ermənipərəst konqresmenləri inandıraq ki, onlar ədalətsizlik edirlər, amma buna nail ola bilmədik. Hər şey göz qabağındadır. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaşımız zorla çıxarılıb, onların əksəriyyəti çadırlarda yaşayır. Belə bir halda 907-ci maddəni Azərbaycana tətbiq etmək həddindən artıq ədalətsiz bir aktdır.

Ancaq nəhayət, prezident cənab Buş bu barədə xüsusi qərar qəbul etdi və 907-ci maddənin qüvvəsi dayandırıldı. Biz hesab edirik ki, 907-ci maddənin dayandırılması yaxşıdır. Amma o, tamamilə ləğv olunmalıdır. Bu, siyasi məsələdir. Mən sizə deyirəm, biz on ildir ki, 907-ci maddə ilə yaşamışıq və bundan sonra da yaşaya bilərik. Ancaq 907-ci maddənin Azərbaycana tətbiq olunması və onun davam etməsi, əlbəttə ki, bizim üçün çox böyük siyasi xarakter daşıyan məsələdir. Bunlara baxmayaraq, biz Amerika Birləşmiş Ştatları ilə bütün sahələrdə öz əməkdaşlığımızı inkişaf etdiririk və inkişaf etdirəcəyik.

Amerika Birləşmiş Ştatları bizim strateji tərəfdaşımızdır və bizim bu Xəzər dənizində birgə gördüyümüz işlər də bunu çox aydın surətdə təsdiq edir.

Siz sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin özülünün qoyulması mərasimini görəcəksiniz. Həqiqətən Azərbaycan neft strategiyasını yerinə yetirir və Amerika Birləşmiş Ştatları ilə bu sahədə çox sıx əməkdaşlıq edir. Təşəkkür edirəm.

Spenser Abraham: Cənab prezident, Sizin prezident Buşa göndərdiyinin salamlarınızı və təşəkkürlərinizi mən şəxsən ona çatdıracağam.

Hesab edirəm ki, ötən illər ərzində ölkələrimiz arasında əsası qoyulmuş güclü münasibətlər, 907-ci maddənin tətbiqinin dayandırılması və sentyabrın 18-də həyata keçirilən mərasim aramızda olan münasibətləri bir daha təsdiq edir. Mən inanıram ki, prezident Buş ölkələrimiz arasında yaranmış bu münasibətlərin yeni mərhələsinin davamını gözləyir. Sentyabrın 18-də keçiriləcək tədbirlə əlaqədar mən Sizə bir daha öz təbriklərimi çatdırmaq istəyirəm.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Mən sizi daha saxlamaq istəmirəm. Biz görüşəcəyik.