Azərbaycan Respublikasının televiziya və radio işçilərinə - Bakı şəhəri, 6 noyabr 1997-ci il


Hörmətli televiziya və radio işçiləri!

Sizi peşə bayramınız - Azərbaycan televiziyası və radiosu günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan televiziya və radiosu zəngin və şərəfli inkişaf yolu keçərək xalqımızın yüksək əxlaqi dəyərlərinin, ictimai-siyasi ideallarının, mədəniyyətinin, arzu və istəklərinin ifadəçisinə çevrilmişdir. Bu gün milli televiziya və radiomuz sözün əsl mənasında xalqın tribunasıdır. Müstəqilliyimizin əbədiliyinin və milli dövlət quruculuğu prosesinin dönməzliyinin təbliğində, müstəqil Azərbaycan dövlətinin indiki dirçəliş mərhələsində televiziya və radionun fəaliyyəti əvəzolunmazdır. Azərbaycan həqiqətlərinin, xüsusən də Ermənistanın ölkəmizə təcavüzkar müharibəsinin, qaçqınların ağır sosial-iqtisadi vəziyyətinin obyektiv şəkildə yayılmasında və beynəlxalq ictimaiyyətə çatdırılmasında efir işçilərimiz öz vəzifələrini layiqincə yerinə yetirirlər.

Dövlətimiz televiziya və radionun təkmilləşməsınə həmişə qayğı göstərir, ictimai-siyasi, iqtisadi həyatın mürəkkəb vaxtlarında da bu sahənin problemlərinə həssaslıqla yanaşır, onların həlli üçün təxirəsalınmaz tədbirlər görür. Bu gün yeni inkişaf və yüksəlişə qədəm qoymuş televiziya və radiomuz səfərbəredici rolunu əsaslı şəkildə həyata keçirmək üçün daha əzmlə çalışmalıdır. İnaniram ki, siz bundan sonra da səylərinizi Azərbaycanın çiçəklənmsi, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsi kimi müqəddəs vəzifələrin həyata keçirilməsinə həsr edəcəksiniz.

Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MEDİA