Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru, səfir Jerar Ştudman ilə görüşdəki söhbətindən - Prezident sarayı, 1 sentyabr 1999-cu il


Heydər Əliyev: Hörmətli cənab Ştudman! Sizi ürəkdən salamlayıram. Sizin Azərbaycana səfərinizdən məmnun qaldığımı bildirirəm. Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə Azərbaycan arasındakı əməkdaşlığa böyük əhəmiyyət veririk və bu əməkdaşlığın çox faydalı olduğunu nəzərə çarpdırıram.

Ştudman: Çox hörmətli cənab prezident! Mənə göstərdiyiniz səmimi münasibətə, qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm, Sizi tam sağalmağınız münasibətilə təbrik edirəm. Azərbaycana səfərimin məqsədindən danışaraq məlumat verim ki, ATƏT-in indiki sədri cənab Vollobekin sentyabr ayında Bakıya səfəri gözlənilir.

Qeyd edim ki, mən Azərbaycan ilə ATƏT arasında imzalanmış memorandumu yüksək qiymətləndirirəm və ikitərəfli əlaqələrin tənzimlənməsi üçün bir qrup yaradılmasını zəruri hesab edirəm. Azərbaycanda prezident seçkiləri ərəfəsində biz sizin ölkə ilə sıx əməkdaşlıq etdik, respublikanızda seçkilər haqqında qanunun işlənib hazırlanması zamanı öz tövsiyələrimizi verdik. Azərbaycanda qarşıdakı Bələdiyyə seçkilərində də sizinlə sıx əlaqələr qurmaq niyyətindəyik.

İlk dəfə keçiriləcək bələdiyyə seçkiləri münasibətilə Sizi qabaqcadan təbrik edirəm. Bu seçkilər zamanı ATƏT-in nümayəndəsi ölkənizə gələcək. Azərbaycan inkişaf etməkdə olan bir dövlətdir və ölkənizdə daim yeni qanunlar qəbul edilir. Bizim vəzifəmiz öz məsləhətlərimizlə bu qanunların beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına kömək göstərməkdən ibarətdir.

Sizin və Prezident Robert Koçaryanın Cenevrədə keçirdikləriniz təkbətək görüşlər Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində böyük əhəmiyyət daşıyır. Biz vasitəçilərsiz aparılmış bu danışıqları yüksək qiymətləndiririk. Hazırda bizi çox narahat edən bir problem varsa, o da əsirlər problemidir.

ATƏT-in bütün təsisatlarına Sizin göstərdiyiniz diqqət və qayğıdan çox razı qaldığımızı bildirirəm. Cənab prezident, Siz Azərbaycanda demokratiyanın daha da inkişaf etdirilməsi sahəsində mühüm işlər görürsünüz. Biz bunları yüksək qiymətləndiririk.

Heydər Əliyev: Biz ATƏT-lə münasibətlərimizə böyük əhəmiyyət veririk və bu əməkdaşlığın gələcək inkişafı və genişləndirilməsi barədə söylədiyiniz fikirlərə görə Sizə, ATƏT-in nümayəndəsinə təşəkkür edirəm.

Bilirsiniz ki, Azərbaycan 1991-ci ilin sonunda yenidən öz müstəqilliyini əldə etmişdir. Qısa bir müddətdə Azərbaycan müstəqil dövlət kimi Dünya Birliyində özünə layiq bir yer tutubdur. Ölkəmizdə demokratik islahatlar, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində böyük işlər həyata keçirilmişdir. Respublikamızda qanunvericilik bazasının daha da möhkəmləndirilməsi sahəsində də ciddi addımlar atılmışdır.

Biz bazar münasibətləri prinsipləri, dünya iqtisadiyyatına inteqrasiya əsasında iqtisadiyyatımızı yenidən qururuq.

Nəzərə çarpdırıram ki, ötən prezident seçkiləri zamanı ATƏT-lə ölkəmiz arasında əməkdaşlıq səmərəli olmuşdur. Biz bu beynəlxalq təşkilata öz təşəkkürümüzü bildiririk və bu əlaqələrin gələcəkdə daha da genişləndiriləcəyinə əmin olduğumu söyləyirəm.

Azərbaycan ilə ATƏT arasında imzalanmış memorandum ölkəmiz üçün böyük əhəmiyyət daşıyır.

Biz hazırda ATƏT-ə sədrlik edən Norveçin xarici işlər nazirinin ölkəmizə qarşıdakı səfərini gözləyirik. Doğrudur, biz arzu edirdik ki, o, respublikamıza bir neçə ay bundan əvvəl gəlsin. Çünki bizim onunla əlaqələrimiz, işimiz təkcə sizin büronun fəaliyyəti çərçivəsində deyildir. ATƏT-lə bizim əməkdaşlığımız daha çox Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məqsədi daşıyır. Biz ATƏT-lə bu sahədə sıx əməkdaşlıq edirik. Bu, bizi ATƏT-in əməkdaşlıq etdiyi başqa ölkələrdən fərqləndirən çox mühüm amildir. Biz sizinlə əməkdaşlığımızın genişləndirilməsi üçün Azərbaycan tərəfindən zəruri olan tədbirləri görürük və bundan sonra da görəcəyik.

ATƏT-in Ermənistan - Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupu da vardır. Bu münaqişənin aradan qaldırılması bizim üçün həyati əhəmiyyət daşıyır.

Biz ATƏT-lə sıx bağlıyıq və geniş əməkdaşlıq edirik. ATƏT-ə sədrlik edən Norveçin xarici işlər nazirinin Bakıya səfərinə böyük ümidlər bəsləyirik. Bir sözlə, Sizin qaldırdığınız bütün məsələlər barəsində biz əməkdaşlıq edirik və edəcəyik. Sizin tövsiyələrinizin hamısını həyata keçirməyə hazırıq.

Bələdiyyə seçkiləri haqqında bizim atdığımız addımı siz qiymətləndirdiniz. Çox sağ olun. Bu, Azərbaycanda ilk Bələdiyyə seçkiləridir. Burada çətinlik ondan ibarətdir ki, seçkilərin keçirilməsi eyni zamanda bələdiyyələrin yaranması deməkdir.

Təbiidir, bu sahədə çətinliklər çoxdur. Biz çalışacağıq ki, bu işin öhdəsindən mümkün qədər istənilən səviyyədə gələk. Sizinlə bu sahədə əməkdaşlıq bizim üçün çox əhəmiyyətlidir. Ümidvaram ki, qarşıdakı aylarda biz sizinlə daha sıx əməkdaşlıq yardımınızı alacağıq.

ATƏT-in Azərbaycanda nümayəndəliyinin açılması barədə fikri birinci dəfədir eşidirəm. Mən Xarici İşlər Nazirliyinə mütləq göstəriş verərəm, bununla məşğul olar. Hər halda ATƏT-in sədri Azərbaycana gələnə qədər bu məsələdə müəyyən aydınlıq meydana çıxacaqdır.

Siz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsinə toxundunuz. Həqiqətən, mən son vaxtlar Ermənistanın prezidenti ilə bilavasitə təkbətək görüşlər  keçirmişəm. Biz birinci görüşü Vaşinqtonda keçirdik. Sonrakı iki görüş isə sizin vətəninizdə - Cenevrədə oldu. Birinci dəfə də, ikinci dəfə də bu görüşlərin məhz Cenevrədə keçirilməsi mənim təşəbbüsümdür. Siz bunu Ermənistan prezidentindən soruşa bilərsiniz.

Mən hesab etdim ki, sizin ölkənizin bu sahədə yaxşı ənənəsi və təcrübəsi vardır. Orada hər iki dəfə görüşlərimizin keçirilməsi üçün yaxşı şərait yaradılmışdı. Mən bundan çox məmnunam. Ola bilsin ki, bu görüşlər gələcəkdə də davam etsin. Lazım olsa, biz bəlkə yenə də Cenevrədə görüşdük.

Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ probleminin həll olunması çox çətindir. Hər halda hamı bilməlidir ki, biz məsələnin sülh yolu ilə həll edilməsi üçün çalışmışıq və indi də çalışırıq. Ancaq Azərbaycanın milli mənafeləri qorunmalıdır.

Mən bəyan edirəm ki, hər iki tərəfdən müəyyən kompromislərə getməliyik. Ancaq bu kompromislərin nə olduğunu bilməyən müxalifət qüvvələri mənim təşəbbüslərimin əleyhinə çıxış edir, hətta guya mitinqlər keçirməyə hazırlaşırlar. Onlar həqiqətdən, bugünkü reallıqdan uzaqdırlar. Onların uzərində heç bir məsuliyyət yoxdur. Tənqid etmək, böhtan demək, yalan yazmaq, qəzetlər çıxarmaq, hakimiyyətin bütün işlərini pisləmək - bu, asan işdir. Amma ölkəni, dövləti idarə etmək, xalqın problemlərini həll etmək, onun qayğısına qalmaq - bunlar Azərbaycan kimi bir ölkədə çox asan bir məsələ deyildir. Reallıq bunu tələb edir ki, biz kompromisə getməsək heç bir şey əldə etməyəcəyik.

Mən beş il bundan öncə müharibəni saxlamışam. Amma onlar bu müharibənin yaranmasının səbəbkarlarıdır. Mən beş ildir atəşkəs rejimini qoruyub saxlayıram. Bu, asan məsələ deyildir. Bizim torpaqlarımızın 20 faizi işğal olunubdur. İnsanlar 6-7 ildir çadırlarda yaşayırlar. Onlar ümidlərini bizə - dövlətə bağlayıblar. Onların problemləri ilə biz məşğul oluruq, müxalifət məşğul olmur.

Biz öz siyasətimizi aparırıq və əminəm ki, məsələnin sülh yolu ilə həll edilməsinə nail olacağıq.

Sonra dövlətimizin başçısı əsirlərin dəyişdirilməsi məsələsinə toxunaraq dedi ki, Azərbaycan bu sahədə müvafiq tədbirlər görür. Təəssüf ki, bunu Ermənistan tərəfi haqqında demək mümkün deyildir.

Prezident Heydər Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə ölkəmizin əlaqələrinin səmərəli olduğunu söylədi və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümid etdiyini bildirdi.