"Milli Olimpiya Komitəsinin İdman - Sağlamlıq mərkəzinin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi" (Bakı, 21 oktyabr 2000-ci il) sənədinə tarixi arayış


2000-ci il oktyabrın 21-də Bakının Nərimanov rayonu ərazisində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) idman - sağlamlıq kompleksinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasim keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, MOK-un prezidenti İlham Əliyev, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq (hazırda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti) və bu təşkilatın baş katibi Mario Peskante çıxış edib.

Dünya standartlarının müasir tələblərinə cavab verən bu kompleks bir il ərzində dövlət büdcəsindən vəsait xərclənmədən tikilib. Bu kompleks MOK tərəfindən tikilib istifadəyə verilən ilk idman qurğusudur.

İdman kompleksi iki salondan ibarətdir. Burada müxtəlif idman növləri üzrə həm məşqlər, həm də turnirlər, çempionatlar, beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür.

1993-cü ildə ölkədə başlayan olimpiya hərəkatı hazırda özünün ən sürətli inkişaf mərhələsinə qədəm qoyub. 1997-ci ildə Azərbaycanın Milli Olimpiya Komitəsi yaranıb. Komitəyə prezident seçilən İlham Əliyevin təşəbbüsü ilə qısa vaxtda ölkənin bu sahədəki vəziyyəti və idmanla bağlı mövcud potensialı öyrənilib, bundan sonra görüləcək işlər müəyyənləşib. Azərbaycanın bir çox bölgələrində - Bakıda, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qubada, Şəkidə və digər bölgələrdə dünya standartlarının müasir tələblərinə cavab verən belə idman - sağlamlıq kompleksləri var. İndiyədək Azərbaycanda 13 belə idman qurğusu istifadəyə verilib. 

Azərbaycan idmançılarının XXVII Sidney (iki qızıl, bir bürünc medal), XXVIII Afina (bir qızıl, dörd bürünc medal) əldə etdikləri yüksək qələbələr ölkədə idmana olan marağı və bu sahəyə olan dövlət qayğısını daha da artırıb. Sonuncu - XIX Pekin Yay Olimpiya Oyunlarında isə azərbaycanlı idmançılar bir qızıl, iki gümüş, dörd bürünc medal qazanıblar.

İdman - sağlamlıq kompleksinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev idmançılarımızın bütün uğurlarını ölkənin müstəqilliyinin bəhrəsi olduğunu vurğulayıb.

Tarixi arayış 27 sentyabr 2008-ci ildə yeniləşdirlib.