Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federal Məclisi MDB Dövlət Başçıları Şurasının iclasında bəyanatı - Moskva, Kreml, Yekaterina salonu, 17 may 1996-cı il


Hörmətli sədr, hörmətli dövlət başçıları, hökumət başçıları. Mən Rusiyada islahatların dəstəklənməsi haqqında bəyanatın müzakirəyə verilmiş layihəsini tamamilə dəstəkləyirəm. Sovet İttifaqının süqutu qanunauyğun obyektiv tarixi proseslərin nəticəsidir. Əvvəllər Sovet İttifaqının tərkibində olmuş respublikaların dövlət müstəqilliyi və suverenlik əldə etməsi tarixi hadisədir, azadlıq və istiqlaliyyət qazanan hər bir xalqın milli sərvətidir. Buna görə də bizim məqsədimiz, vəzifəmiz bütün bunları qoruyub saxlamaqdan ibarətdir. İstər Rusiyada, istərsə də digər MDB ölkələrində siyasi və iqtisadi islahatlar aparılması, tamamilə yeni bir həyat qurulması Sovet İttifaqının süqutundan sonra gələcək həyatın əsasına çevrilmişdir. Bu baxımdan Rusiya ilk cığıraçandır, Rusiya nümunədir. İqtisadi və siyasi islahatlar məhz Rusiyada başlanmış və uğurla həyata keçirilir.

Bu islahatların aparılmasının təşəbbüsçüsü Rusiya prezidenti Boris Nikolayeviç Yeltsindir. Məhz bu, MDB-nin yaranması və mövcudluğu üçün əsas olmuşdur. Zənnimcə, bu həm də MDB-nin daha da möhkəmlənməsi və inkişaf etməsi, Rusiya ilə dövlət müstəqilliyi qazanmış digər MDB ölkələri arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafı üçün etibarlı əsas və təminatdır.

Buna görə də prezident seçkiləri ilə əlaqədar hazırda Rusiyada çox fəal proseslər getdiyi bir dövrdə biz buna biganə qala bilmərik, çünki Rusiyada nə baş verirsə, ölkələrimizdə, о cümlədən Azərbaycanda əksini tapır. Təbii ki, biz Rusiyada demokratik islahatlar aparılması xəttini fəal dəstəkləmişik və dəstəkləyirik. Bu, düzgün xətdir. O, hələlik nə Rusiyanı, nə də ölkələrimizi arzu edilən nəticələrə bəlkə də gətirib çıxarmamışdır, lakin bu nəticələr şübhəsiz, olacaqdır. Biz bu xəttə alternativ olan başqa bir xətt görmürük. Buna görə də bu gün Rusiyada aparılan islahatlar xəttini, Rusiyada prezident Boris Nikolayeviç Yeltsinin rəhbərliyi altında həyata keçirilən bütün tədbirləri Azərbaycan tamamilə dəstəkləyir. Zənnimcə, prezident seçkiləri məhz bu prinsiplərə əsaslanmalıdır.

Mən öz tərəfimdən, Azərbaycan xalqının rəyini ifadə edərək ümidvaram ki, Rusiya xalqı düz qərara gələcəkdir. Azərbaycanda biz bu xətti demokratiya xəttini, islahatlar xəttini, Boris Nikolayeviç Yeltsinin həyata keçirdiyi xətti dəstəkləyirik və dəstəkləyəcəyik.