Görkəmli müğənni və bəstəkar M. Maqomayevə "İstiqlal" ordeni təqdim edərkən Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi (6 sentyabr 2002-ci il) sənədinə tarixi arayış


Görkəmli Azərbaycan opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. O, Azərbaycan musiqi sənətində özünəməxsus yer tutan bəstəkar Əbdülmüslüm Məhəmməd oğlu Maqomayevin nəvəsidir.

Müğənni Müslüm Maqomayevin hələ gənc yaşlarından musiqiyə, piano ifaçılığına olan marağı onu Azərbaycan Dövlət Konservatoriyasının nəzdində 10 illik musiqi təmayüllü məktəbə gətirib. 1963-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Təhsilini İtaliyada - məşhur "La-Skala" opera məktəbində davam etdirib.

Müslüm Maqomayev 1969-cu ildə Sopotta və Kannda keçirilən beynəlxalq mahnı müsabiqələrində Azərbaycanı təmsil edərək oradan birinci mükafatla və qızıl valla qayıdıb.

Müslüm Maqomayevin sonrakı yaradıcılıq fəaliyyəti Moskva şəhəri ilə bağlı olub. Yaradıcılığında rus və dünya musiqi janrlarına tez-tez müraciət etsə də, repertuarında Azərbaycan mövzusu da mühüm yer tutub. Bu həm Üzeyir Hacıbəyovun iki romansı - "Sənsiz" və "Sevgili canan",eləcə də babası Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Aslan şahın ariyasıdır. Bəstələdiyi mahnıların sırasında isə "Ey əziz anam, Azərbaycan" mahnısı xüsusi yer tutur.

Müslüm Maqomayevin Azərbaycanla yaradıcılıq münasibətləri təkcə estrada - konsert münasibətləri ilə məhdudlaşmayıb. O həm də "Nizami" filmində dahi şairin obrazını yaradıb, eyni zamanda bir sıra Azərbaycan filmlərinə musiqi bəstələyib. Müslüm Maqomayev özünü həmçinin, publisistika sahəsində də sınayıb. Onun yazdığı "Dahi Lansa" və "Mənim məhəbbətim melodiya" kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.  

Dövlət tərəfindən Müslüm Maqomayev yaradıcılıq fəaliyyətinə görə SSRİ-nin və Azərbaycanın ən yüksək ad və ordenlərinə layiq görülüb. O, müxtəlif illərdə "Qırmızı Əmək Bayrağı Ordeni", Azərbaycan SSR xalq artisti, SSRİ xalq artisti, "Xalqlar Dostluğu" ordeni, "Şöhrət" ordeni ilə təltif edilib.

2002-ci il sentyabrın 6-da Müslüm Maqomayevin 60 illik yubileyi ilə əlaqədar ona "İstiqlal" ordeninin təqdim olunub. Təqdimetmə mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çıxış edib. O, Müslüm Maqomayevin dünya şöhrətli sənətkar olduğunu qeyd edərək onun oxuduğu mahnıların hamı tərəfindən sevildiyini deyib: "Müslümün incəsənətdə hər şeyi var və bu gün Müslüm özünün 60 illiyini qeyd edir. Daha doğrusu, biz qeyd edirik. Dünyada görkəmli müğənnilər çoxdur, amma belə səs heç kimdə yoxdur. Allah eləsin, bunların hamısı qorunub saxlansın". 

2007-ci ildə Moskvada dünya şöhrətli müğənninin 65 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçirilib. Mərasimdə Moskva ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yubiley münasibətilə Müslüm Maqomayevə təbrik məktubu göndərib. Məktubunda prezident müğənninin təkrarolunmaz istedadı sayəsində dünyanın hər yerində milyonlarla tamaşaçının kumirinə çevrildiyini, sovet dövrü mahnılarını misilsiz uğurla səhnəyə çıxardığını və çox populyar repertuarı olduğunu qeyd edib.

Müslüm Maqomayev 2008-ci il oktyabrın 24-dən 25-ə keçən gecə ürək tutmasından vəfat edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müslüm Maqomayevin vəfatı ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul edib. Qərara əsasən, 2008-ci il oktyabrın 28-də Moskvanın Çaykovski adına konser salonunda keçirilən vida mərasiminə Azərbaycanın rəsmi nümayəndə heyətinin göndərib, Müslüm Maqomayevin cənazəsi xüsusi təyyarə ilə Bakıya gətirilib.

Müslüm Maqomayev 2008-ci il oktyabrın 29-da birinci Fəxri Xiyabanda dəfn edilib.

Tarixi arayış 29 oktyabr 2008-ci ildə yeniləşdirilib.

***

Görkəmli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan tarixinin bütöv bir dövrünün rəmzi olaraq, bütün dünyada milyonlarla insanın rəğbət və məhəbbətini qazanıb, bəşər mədəniyyətində hadisəyə çevrilə bilib. Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub. Onun xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli “Azərbaycan” mahnısı ən gözəl əsərlərdəndir.

Keçmiş SSR İ-də klassik ariyaları və mahnıları estradaya məhz M.Maqomayev gətirib. Bütün bunlara görə ona 31 yaşında SSR İ xalq artisti adı verilib. M.Maqomayevin Azərbaycan milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.221