"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin heykəltəraş Ömər Eldarova təbrik məktubu" (Bakı, 20 dekabr 1997-ci il) sənədinə tarixi arayış


Azərbaycanın xalq rəssamı, Milli Elmlər Akademiyasının həqiqi üzvü, heykəltəraş Ömər Eldarov 1927-ci ildə Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən Ömər Eldarov mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.

Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958-1968-ci illərdə o Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltəraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib. Ömər Eldarov 1969-73-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə Ömər Eldarov müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib. Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.

Məşhur mədəniyyət və incəsənət xadimi, heykəltəraş Ömər Eldarovun yaradıcılığı və ictimai fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycanın ali dövlət mükafatı olan "İstiqlal" ordeni ilə təltif edilib.

Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin Fəxri Xiyabandakı qəbirüstü abidəsinin də müəllifi Ömər Eldarovdur. Abidə qranitdən hazırlanıb. Pyadestalla birlikdə abidənin hündürlüyü 4 metrdir. Heydər Əliyev ayaq üstə durmuş halda təsvir edilib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1997-ci il dekabrın 20-də heykəltəraş Ömər Eldarovun 70 illik yubileyi ilə bağlı təbrik məktubu göndərib. Məktubunda prezident Ömər Eldarovu Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış, dərin məzmunlu monumental əsərləri ilə heykəltəraşlıq məktəbini zənginləşdirən böyük sənətkar kimi xarakterizə edib: "Şəhərimizin küçə, meydan və xiyabanlarını bəzəyən abidələriniz xalqımızın mədəni irsinə ehtiram və məhəbbət duyğuları oyadan canlı muzeydir. Bu əsərlərlə Siz müstəqil Azərbaycanımızın mədəniyyət tarixində, sənətsevərlərin ürəyində özünüzə də həmişəyaşar bir abidə ucaltmısınız. İnanıram ki, yaradıcılığınızın müdrik dövrünüzü yaşadığınız indiki mərhələ sənət yolunuzun həm də ən məhsuldar mərhələsi olacaqdır və Siz Azərbaycanın təsviri sənətinin qızıl fondunu zənginləşdirən yeni əsərlər yaradacaqsınız".

Tarixi arayış 9 yanvar 2007-ci ildə tərtib edilib.