Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə səfirini qəbul edərkən görüşdə söhbətindən - 5 aprel 2002-ci il


Əhməd Ünal Çeviköz: Hörmətli Cümhur başqanım!

Biz burada çox gözəl çalışırıq. Türkiyə-Azərbaycan əlaqələrinin hər gün irəliyə getməsi üçün əlimizdən gələni edirik. Nümayəndə heyətlərimiz gəlib-gedirlər, görüşlər keçirirlər. Mədəniyyət sahəsində fəaliyyətimiz vardır. Ankara Dövlət Opera və Balet Teatrının bir sənətçisi Bakıya gəlmişdir. Sabah axşam Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində "Aida" operasında çıxış edəcəkdir.

Heydər Əliyev: Türkiyədən gəlibdir?

Əhməd Ünal Çeviköz: Bəli.

Heydər Əliyev: Bu, yaxşı işdir.

Əhməd Ünal Çeviköz: Bu yöndə fəaliyyətimiz davam edir. Azərbaycanın Türkiyə ilə əlaqələrinə nə qədər kömək edə bilirəmsə, bir o qədər məmnun oluram.

Heydər Əliyev: Elədir. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr çox genişdir, çox yaxşıdır və çox yüksək səviyyədədir. Ancaq güman edirəm, siz də belə düşünürsünüz, biz də belə düşünürük ki, bunlar nə qədər yüksək səviyyədə olsa da, daha da çox işləmək lazımdır, əlaqələri daha da yüksəklərə qaldırmaq, daha da genişləndirmək lazımdır.

Əhməd Ünal Çeviköz: Cənab prezident, bunun üçün çalışırıq.

Heydər Əliyev: Siz də çalışırsınız, biz də çalışırıq. Neçə aydır burada işləyirsiniz?

Əhməd Ünal Çeviköz: İndi beş ay tamam oldu.

Heydər Əliyev: Artıq buraya uyğunlaşdınız.

Əhməd Ünal Çeviköz: Hörmətli prezident, mənim heç bir sıxıntım yoxdur. Mən Azərbaycanı çox sevirəm. Azərbaycana ilk dəfə gəldiyim gündən özümü çox rahat hiss edirəm. Gəlməmişdən əvvəl də Azərbaycanı tanıyırdım. Həmişə məndən soruşurlar ki, türk diplomatı olaraq Azərbaycanda işləmək necədir? Deyirəm ki, çox rahat çalışıram. Mən burada özümü diplomat kimi deyil, öz vətənimdəki kimi hiss edirəm.

Heydər Əliyev: Elədir. Sadəcə, sizin diplomat kimi maşınınız var və bir də bayrağınız var. Ancaq bura sizin evinizdir, özünüzü evinizdəki kimi, öz torpağınızda, öz vətəninizdəki kimi hiss etməlisiniz.

Mən sizinlə telefonla danışmışdım. Siz Naxçıvana getmişdiniz, çox yaxşı bir təşəbbüs etmişdiniz. Bunu bir daha qeyd etmək istəyirəm. Sizin dövlət naziri birbaşa Türkiyədən Naxçıvana gəlmişdi. Bu, ilk dəfə idi. Mən bunu çox yüksək qiymətləndirdim və bu barədə məlumat alan kimi, siz Naxçıvandan dönən kimi sizə telefon etdim, öz razılığımı, təşəkkürümü bildirdim. Bu, çox yaxşı bir haldır. Çünki bizim Türkiyə ilə sərhədimiz təkcə Naxçıvandadır. Ona görə biz həm bu sərhədi qorumalıyıq, saxlamalıyıq, həm də bundan səmərəli istifadə etməliyik. Vaxtilə, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr bu qədər sıx olmadığı dövrdə, 1992-ci ildə biz orada bir körpü yaratdıq. Siz gedib o körpünü gördünüz. Orada oldunuz?

Əhməd Ünal Çeviköz: Hörmətli prezident, o körpüyə qədər getmədik. Dövlət nazirimiz və onu müşayiət edən heyət Naxçıvan tərəfə gəldilər. Mən körpünü uzaqdan gördüm.

Heydər Əliyev: Siz onları Naxçıvan tərəfdə qarşıladınız?

Əhməd Ünal Çeviköz: Bəli, onları Naxçıvan tərəfdə qarşıladıq. Sonra da iki gün ərzində bir yerdə olduq. Hörmətli Vasif Talıbovla görüşümüz oldu. Naxçıvanın baş naziri dövlət nazirimizi səfər müddətində yalnız buraxmadı. Məncə, bu çox faydalı bir səfər oldu. Sizin də vurğuladığınız kimi, biz Naxçıvanı heç bir şəkildə yalnız buraxmaq istəmirik. Ermənistanla Azərbaycan arasındakı münaqişə nəticəsində Naxçıvan blokada şəraitində qalmışdır və Azərbaycanla əlaqələri çox məhdudlaşmışdır. Ona görə də iqtisadi, ticarət baxımından Türkiyə ilə əlaqələri canlandırmaq gərəkdir.

Mən o zaman da Sizə bildirmişdim ki, Naxçıvanın meyvə-tərəvəz məhsullarının Türkiyədə dəyərləndirilməsi üçün çalışırıq. Naxçıvanın çox məhsuldar torpağı vardır. Oranın kənd təsərrüfatı məhsulları çox ləzzətlidir. Mən Şərurdan Ordubada qədər dövlət nazirimizlə birlikdə getdim. Xüsusilə Ordubad çox gözəldir, çox münbit əraziləri var. İnşallah, bunların hamısını dəyərləndirəcəyik və Naxçıvan əhalisinə yardım edəcək imkanları yaradacağıq.

Heydər Əliyev: Çox sağ olun. Təşəkkür edirəm. Mən bu təşəbbüsə görə bir daha minnətdarlığımı bildirirəm. Naxçıvan haqqında tamamilə doğru deyirsiniz. Siz mənim fikirlərimi söyləyirsiniz. Biz bunu dəfələrlə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdə xüsusi qeyd etmişik və Türkiyənin dövlət, hökümət başçıları ilə mənim görüşlərimdə həmişə bunu demişik.

Körpü çox gözəldir. Biz onu çox çətin bir dövrdə tikdik. O vaxt sovet ordusu hələ Azərbaycandan getməmişdi. Sovet sərhəd qoşunları Azərbaycandan getməmişdi. Amma biz o körpünü tikirdik və qısa bir müddətdə açdıq. Bu, böyük bir hadisə oldu. Hesab edirəm ki, Azərbaycan ilə Türkiyə arasında belə bir körpünün olması həqiqətən tarixi bir hadisədir. Ancaq bu körpüdən səmərəli istifadə etmək lazımdır. Yəni gərək burdan həm Türkiyəyə daha çox gediş-gəliş olsun, həm də Azərbaycana, Naxçıvana.

Siz Naxçıvanın meyvələri haqqında dediniz. Mən indi burada demək istəmirəm, amma bu barədə bəzi əngəllər olmuşdu. Ancaq onu demək istəyirəm ki, Azərbaycanın heç bir yerində Naxçıvanınkı kimi meyvə yoxdur. Türkiyədə xüsusən yoxdur. Çox ləzzətli meyvələrdir.

Ordubada getmisiniz. Ordubadın meyvələrinin ləzzəti tamamilə başqadır. Amma təkcə Ordubad deyil, yəqin bilirsiniz Naxçıvanın iqlimi, torpağı, havası. Orada xüsusi iqlim var, xüsusi hava var, çox təmiz hava var. Torpaq çox təmizdir, gözəldir. İqlim də görünür, belədir ki, orada təkcə meyvələr deyil, səbzə, - biz tərəvəz deyirik, - çox ləzzətli olur. Türkiyənin buna ehtiyacı var. Xüsusən Türkiyənin şərq tərəfi. Mən oranı görmüşəm. Orada hər yer çılpaqdır. Yəni yaşıllıq yox, meyvə yox, başqa şey yox. Ona görə Naxçıvanın meyvələrini o tərəfə mütləq daha çox aparasınız. Oraya lazımdır. Naxçıvana da lazımdır.

Biz Naxçıvanda islahatlar aparmışıq. Bütün Azərbaycanda aparmışıq. Amma mən Naxçıvan haqqında danışıram. Bütün hər şeyi şəxsi mülkiyyətə vermişik. Kolxozları dağıdandan sonra torpaqları şəxsi mülkiyyətə verəndən sonra Naxçıvanda kənd təsərrüfatı istehsalı xeyli artıbdır. Mal-qaranın sayı həddindən artıq artıbdır. Meyvə artıbdır, üzüm bağları artıbdır, taxıl, bütün hər şey artıbdır. Naxçıvanın əhalisi bunları istehsal edir, öz tələbatını ödəyir. Amma istehsal olunan məhsul Naxçıvan əhalisinin təlabatından iki-üç qat çoxdur. Onlar bunu xarici bazara çıxarmalıdır. Bakıya gətirə bilmirlər, çünki Bakıdan ayrı düşübdür. Onlar üçün xarici bazar Türkiyədir.

Əhməd Ünal Çeviköz: Bir az suvarma problemləri var. Bu problemi həll edə bildiyimiz təqdirdə istehsal daha da artacaqdır.

Heydər Əliyev: Əlbəttə, elədir.

Əhməd Ünal Çeviköz: Cənab prezident, Sizin buyurduğunuz kimi, Azərbaycanın 2001-ci ildə istehsalı çox artdı. Məndən daha yaxşı bilirsiniz ki, burada taxıl istehsalı 2 milyon tona çatdı. Bu, Azərbaycan tarixində ilk dəfə rastlaşan bir şeydir və fövqəladə önəmli bir inkişafdır. Eyni zamanda kənd təsərrüfatının digər sahələrində keçən ilə nisbətən çox yükəsək bir artım oldu. Azərbaycanın ticarətində də böyük bir artım oldu. Ticarətdəki artım Müstəqil Dövlətlər Birliyi ölkələrindən daha çox oldu. Bu da Azərbaycanın artıq dünyaya açılmasını, dünya iqtisadiyyatına qovuşmasını və ticarət imkanlarını genişləndirilməsini göstərir. Biz bunları çox yaxından izləyirik və qürur duyuruq. Azərbaycanın bu şəkildə irəliləməsindən, iqtisadi göstəricilərin artmasından şərəf duyuruq. Azərbaycan 2001-ci ildə xeyli inkişaf etmişdir. Bunlar çox önəmli göstəricilərdir.

Heydər Əliyev: Biz on ildir müstəqil olmuşuq. İndi geriyə baxanda görürük ki, bu on ildə nə qədər böyük məsafə keçmişik və bunu da həmişə Türkiyə ilə bərabər keçmişik. Türkiyə ilə həmişə yaxın, dost, qardaş olmuşuq. Ancaq mən bayaq dedim, bizim əlaqələr nə qədər yaxın olsa, onu da yüksəklərə qaldırmaq lazımdır.

Mən təkcə Naxçıvanı dedim. Hesab etmək lazım deyil ki, mən ancaq Naxçıvan haqqında düşünürəm. Bu, Türkiyə-Azərbaycan əlaqələri baxımından kiçik bir şeydir. Ancaq siz orada olmuşdunuz, ona görə mən söhbətimizi bu məsələdən başladım. Amma bir neçə başqa məsələlər var, istəyirəm, o barədə bir az söhbət edək.