"Azərbaycan" qəzetinin kollektivinə - 4 dekabr 1994-cü il


Əsası, 1918-ci ildə qoyulmuş "Azərbaycan" qəzeti müstəqil dövlətçilik tariximizdə öz yeri olan nəşrlərdəndir. Vaxtilə Azərbaycan Demokratik Respublikasının rəsmi qəzeti kimi nəşr olunmuş "Azərbaycan" xalqımızın istiqlal mübarizəsində mühüm xidmətlər göstərmişdir.

Məlum tarixi səbəblər üzündən ADR kimi, "Azərbaycan" qəzetinin də ömrü üzün olmamışdır. Xalqımız əsrin əvvəllərində itirdiyi müstəqilliyini əsrin axırlarında bərpa etdiyi zaman "Azərbaycan" qəzeti də yenidən fəaliyyətə başladı və müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət qəzeti kimi ictimai həyatda layiqli yerini tutdu.

Müstəqilliyimizə düşmən kəsilmiş daxili və xarici qüvvələr öz çirkin məqsədlərinə nail olmaq üçün bu gün də azğın niyyətlərindən əl çəkmirlər. Məlum oktyabr hadisələri onların mürtəce təbiətini bir daha aşkarladı. Amma Azərbaycan xalqı yekdilliklə ayağa qalxaraq öz qanuni prezidentini, müstəqil dövlətçiliyini müdafiə etdi. Fərəhli haldır ki, həmin həlledici məqamda "Azərbaycan" qəzeti öz sayıqlığını bir an belə itirmədi.

"Azərbaycan" qəzetinin 1000-ci sayının çapdan çıxdığı bu əlamətdar gündə sizi təbrik edir, müstəqil dövlətimizin həyatının işıqlandırılmasında yaradıcı heyətə uğurlar diləyirəm.

Heydər Əliyеv,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış