Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Baş naziri xanım Tansu Çillərlə Azərbaycan ictimaiyyəti nümayəndələrinin görüşündə nitqi - Respublika Sarayı, 11 iyul 1995-ci il


Hörmətli baş nazir, əziz bacımız xanım Tansu Çillər!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu gün Azərbaycan ictimaiyyətinin nümayəndələri buraya, Respublika sarayına əziz qonağımız, bacımız, hörmətli xanım Tansu Çillər ilə görüşmək üçün toplaşmışlar. Sizin hamınızın adından, Azərbaycan xalqı adından, respublikamızın bütün vətəndaşları adından Türkiyə Cümhuriyyətinin baş naziri, xalqımızın dostu, əziz bacısı hörmətli xanım Tansu Çilləri səmimi-qəlbdən salamlayıram, ona Azərbaycan xalqının hörmət və ehtiramını bildirirəm.

Baş nazir xanım Tansu Çillərlə birlikdə ölkəmizə qardaş Türkiyədən hörmətli qonaqlar gəlib. Onların hamısını salamlayıram. Xanım Tansu Çillərin və digər qonaqlarımızın şəxsində Türkiyənin bütün ictimaiyyətini salamlayıram. Türkiyə Cümhuriyyətinə və xalqına Azərbaycan xalqının qardaşlıq hörmətini və ehtiramını bildirirəm.

Mən bu salondan Azərbaycan xalqının böyük dostu, əziz qardaşımız Süleyman Dəmirələ səmimi salamlarımızı və ən xoş arzularımızı göndərirəm. Türkiyənin baş naziri, hörmətli xanım Tansu Çillər mənim dəvətimi, qəbul edib iki gündür ki, Azərbaycana rəsmi səfərə gəlibdir. İki gündür ki, biz bir yerdəyik və bu qısa müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsi, inkişaf etməsi üçün çox səmərəli danışıqlar aparılmış, fikir mübadiləsi edilmiş və çox dəyərli sazişlər əldə olunmuşdur.

Hörmətli xanım Tansu Çillərin respublikamıza gəlməsi, Azərbaycan ictimaiyyəti ilə görüşməsi və səfər zamanı bəzi gərəkli işlər görməsi ölkəmizin həyatında əlamətdar hadisədir. Biz bunu yüksək qiymətləndiririk. Eyni zamanda bu, Türkiyənin Azərbaycana nəzər-diqqətinin, hörmətinin və məhəbbətinin parlaq təzahürüdür. Bütün bunlara görə mən sizin adınızdan və öz adımdan hörmətli qonağımız xanım Tansu Çillərə təşəkkürümü bildirirəm, ona cansağlığı, səadət və böyük işlərində uğurlar arzulayıram. Türkiyə və Azərbaycan xalqları arasındakı dostluq əlaqələri çox böyük tarixə malikdir. Bir kökdən olan xalqlarımız əsrlər boyu bərabər yaşamışlar, böyük sınaqlardan birlikdə keçmişlər, əl-ələ verərək qarşılarına çıxan çətinliklərin öhdəsindən gəlmişlər. Onlar bu gün də bir yerdədirlər.

Bizim xalqları birləşdirən eyni kökdən olmağımız, eyni dinə mənsubluğumuz, dilimizin və adət-ənənələrimizin, mədəniyyətimizin bir-birinə bənzərliyi, birliyi və tarixən keçdiyimiz yolların oxşarlığıdır. Bunların hamısı böyük diqqətə layiq tarixi keçmişimizdir. Biz bunları bu gün bir daha yad edir, böyük hörmət və ehtiramla keçmişimizə minnətdarlığımızı bildiririk. Çünki Türkiyə ilə Azərbaycanın bugünkü dostluğu keçmiş əlaqələrimizin gözəl təməli üzərində qurulmuşdur. Türkiyə tarix boyu bizə kömək etmiş, arxa olmuşdur. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, həyatımızın çətin dövründə Türkiyənin bizə göstərdiyi dəstəyə, mənəvi dayağa görə minnətdar olacaqdır.

Biz Türkiyə Cümhuriyyətinin keçdiyi böyük tarixi və şərəfli yolu bilirik və yüksək qiymətləndiririk. 1918-22-ci illərdə türk xalqı ağır savaş içərisində olmuşdur. Yadelli qüvvələr o zaman Türkiyəni tamamilə dağıtmaq, türk xalqını məhv etmək qərarına gəlmişdilər. Ancaq türk xalqının qüdrəti, onun qəhrəmanlığı, qabaqcıl adamlarının səriştəsi xalqı birləşdirdi və türk xalqına qəsd edən qüvvələr məhv oldu, qurtuluş savaşı müvəffəqiyyətlə başa çatdı və 1922-23-cü illər Türkiyə Cümhuriyyətinin yaranması üçün böyük dönüş dövrü oldu. O zaman böyük. Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyə Cümhuriyyəti yarandı. Türk xalqı həmin vaxtdan bəri böyük Atatürkün qoyduğu yolu cəsarətlə gedir və bu gün Türkiyə Cümhuriyyəti dünyanın 60 milyonluq əzəmətli bir dövləti kimi beynəlxalq birlikdə özünə layiq yer tutmuşdur.

Biz bu gün dost və qardaş kimi böyük məmnuniyyət hissi ilə deyə bilərik ki, Türkiyə Cümhuriyyətinin yaranması, türk xalqına və onun siyasi xadimlərinin böyük Atatürkün vəsiyyətlərinə, qoyduğu yola sadiq olması indi Türkiyənin zirvələrə qalxmasının əsas səbəbidir. Son illərdə Türkiyə Cümhuriyyətinin həyatında böyük dəyişikliklər əmələ gəlmişdir. Cümhuriyyətin yarandığı dövrdən indiyə qədər türk xalqı dünyəvi dövlət, cəmiyyət qurmaq, sivilizasiyalı ölkələr səviyyəsinə qalxmaq uğrunda çalışmış və bu yolda böyük nailiyyətlər əldə etmişdir. Türk xalqı azadlıq, hürriyyət və demokratiya içərisində yaşamış və yaşayır. Məhz bu prinsiplərə görə türk xalqı, Türkiyə Cümhuriyyəti böyük nailiyyətlər əldə etmiş və dünyanın hörmətli ölkələrindən, dövlətlərindən biri olmuşdur. Bunların əsasında son illərdə Türkiyənin həyatında böyük dəyişikliklər əmələ gəlmişdir. Ölkənin iqtisadiyyatı böyük sıçrayış yolu keçərək, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının səviyyəsinə gəlib çatmış və türk xalqının rifahı yüksəlmişdir. Bu, şübhəsiz ki, türk xalqının zəkası, ağlı və əməksevərliyi nəticəsində olmuş, eyni zamanda Türkiyədə demokratik prinsiplərin daim həyata keçirilməsi və ölkənin görkəmli siyasi xadimlərinin, dövlət adamlarının uğurlu fəaliyyəti nəticəsində əldə edilmişdir.

Biz bu gün Türkiyənin həyatına baxarkən çox maraqlı bir mənzərə ilə rastlaşırıq. Bu mənzərəni türk xalqının özü yaratmışdır. Bu gün bu barədə danışarkən Türkiyənin mərhum prezidenti Turqut Özalı yada salırıq. Onun atdığı addımlar sayəsində Türkiyə Cümhuriyyətində iqtisadiyyat böyük sıçrayış yolu keçmişdir. Türkiyə Cümhuriyyətinin görkəmli siyasi xadimi, əziz dostumuz hörmətli Süleyman Dəmirəlin böyük fəaliyyəti nəticəsində ölkədə mühüm dəyişikliklər olmuşdur. Bu gün Türkiyə hökumətinə başçılıq edən əziz qonağımız, bacımız hörmətli xanım Tansu Çillərin dövlət və siyasi fəaliyyəti nəticəsində, hökumətin rəhbəri kimi apardığı böyük siyasətin və iqtisadi islahatların sayəsində Türkiyə Cümhuriyyəti mühüm nailiyyətlər əldə etmişdir. Bu gün burada biz və bütün azərbaycanlılar türk xalqının, Türkiyə Cümhuriyyətinin əldə etdiyi nailiyyətləri öz uğurlarımız kimi qəbul edir, sevinirik və bu nailiyyətlər münasibətilə öz qardaşlarımızı, Tlirkiyənin dövlət və hökumət başçılarını ürəkdən təbrik edirik.

Türkiyə ilə Azərbaycan arasında əlaqələr XX əsrin əvvəllərindən başlayaraq daha da inkişaf etmişdir. 1918-ci ildə Azərbaycanda ilk demokratik respublika yaranan zaman onun əsas dayaqlarından biri olan ilk demokratik cümhuriyyətimizi tanıyan və ona yardım edən ölkə olmuşdur. Sonrakı dövrlərdə ölkələrimiz arasındakı bu əlaqələrin bəzi səbəblərdən - Azərbaycanın Sovetlər Birliyinin tərkibində olması səbəbindən çətinləşməsinə baxmayaraq, xalqlarımızın bir-birinə olan hüsn-rəğbəti, münasibəti heç vaxt kəsilməyibdir. Bu illərdə biz Türkiyəyə böyük həsrətlə baxmışıq. Daim Türkiyə ilə maraqlanmışıq, qardaş ölkədə baş verən hadisələri qəlbimizdə hiss etmişik. Onun nailiyyətlərinə sevinmişik, həyatında baş verən faciələrə ağrımışıq, incimişik. Mən bunu deyərkən böyük Mustafa Kamal Atatürkün sözləri yadıma düşür. O deyirdi: Azərbaycan gülərsə biz də gülərik, Azərbaycan üzülərsə biz də üzülərik. Bu sözlər Türkiyə Cümhuriyyətinin Azərbaycana olan münasibətinin ən parlaq ifadəsidir.

Bu gün burada mən Azərbaycan xalqının iradəsini ifadə edərək deyirəm ki, Türkiyə gülərsə Azərbaycan da güləcək, Türkiyə inciyərsə, sıxılarsa, ağlayarsa Azərbaycan da inciyəcək, sıxılacaq, ağlayacaqdır. Bu sözlər son illərin sınağından keçib gəlmişdir. Azərbaycan Respublikasının başına böyük bəlalar gələn zaman, 1988-ci ildən Ermənistanın torpaqlarımıza təcavüzü başlayan gündən Türkiyə ictimaiyyətində, qardaş ölkənin hər yerində Azərbaycana olan münasibətlər coşmuş, artmış, Türkiyənin ürəyi Azərbaycanla bir döyünmüş, dost ölkədə respublikamızın həyatı ilə daim maraqlanmışlar. O illərdə Türkiyədə keçirilən mitinqlər, toplantılar yaxşı yadımızdadır. Türkiyəli gənclərin küçələrə, meydanlara çıxması, həyəcanlarının coşması, xalqımızla həmrəy olması, Azərbaycan xalqına qarşı edilən hərbi təcavüzə etiraz etmələri - bunların hamısı xalqımızın yaddaşına həkk olubdur. Biz bunları heç vaxt unutmayacağıq.

1990-cı ilin 20 Yanvar faciəsi - Azərbaycan xalqı öz suverenliyi uğrunda mübarizə apararkən, milli azadlığı uğrunda ayağa qalxarkən, müstəqillik qazanmaq üçün çalışdığı zaman Azərbaycana Sovet imperiyasının ordusu tərəfindən hərbi təcavüz oldu. Xalqımıza çox böyük zərbələr vuruldu. Azərbaycan kimi Türkiyə də bu faciəli hadisəyə görə ağladı, sızladı. Eyni zamanda, Azərbaycana edilmiş bu hərbi təcavüzə qarşı Türkiyənin hər bir guşəsində etiraz çıxışları oldu, qəzetlər bu barədə yazdı, televiziya və radioda bu haqda verilişlər getdi. Yəni Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinə Türkiyə dəstək verdi.

Ona görə də biz hər bir türk vətəndaşının Azərbaycana olan münasibətini yüksək qiymətləndiririk. Hər bir vətəndaşın münasibətindən Türkiyədəki siyasi partiyaların, dövlət və hökumət başçılarının münasibətləri yaranır. Biz bunları yüksək qiymətləndiririk. Ən başlıcası isə 1991-ci ilin sonunda Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi dünya dövlətləri içərisində birinci olaraq Türkiyə respublikamızın müstəqilliyini tanıdı və həmin dövrdən hər bir addımı atarkən ölkəmizə kömək etdi, yardımçı oldu. Bütün ölkələrin yanında, beynəlxalq aləmdə Azərbaycana əl tutan, kömək duran Türkiyə Cümhuriyyəti, onun səlahiyyətli nümayəndələri oldu. Bunu biz heç vaxt unutmayacağıq.

Yeddi ildən bəri davam edən müharibə zamanı Türkiyə bizimlə bir mövqedə durmuşdur. Ermənistanın bu təcavüzkarlığını pisləmişdir. Türkiyənin bu ölkəyə münasibəti Ermənistanın Azərbaycana olan münasibəti əsasında müəyyənləşdirilmişdir. Xatirimdədir, Parisdə beynəlxalq toplantı olarkən keçirilmiş mətbuat konfransında bir erməni müxbiri Türkiyə prezidenti hörmətli Süleyman Dəmirələ sual verdi: "Siz nə üçün Ermənistanla münasibətləri yaxşılaşdırmırsınız, axı biz qonşu ölkələrik". Süleyman Dəmirəl ona çox dəyərli cavab verərək dedi ki, "Siz nə vaxt Azərbaycan ilə münasibətləri normallaşdıracaqsınızsa, Türkiyə də o vaxt Ermənistan ilə öz münasibətlərini normallaşdıracaqdır".

Biz bunları yüksək qiymətləndiririk. Bu fikirlər bizim dünən və bu gün apardığımız danışıqların əsas mərkəzində dururdu. Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri, onların gələcək inkişaf yolları və istiqamətləri, respublikamızın ağır vəziyyətdən çıxması üçün görüləcək tədbirlər, münaqişənin sülh yolu ilə həll olunması barədə əziz qonağımız xanım Tansu Çillər öz mövqeyini bir daha qəti bildirdi - bu gün bunu mətbuat konfransında da ifadə etdi - və əminəm ki, onun mövqeyi Türkiyə xalqının, Türkiyə hökumətinin mövqeyi kimi daim belə olacaqdır.

Respublikamızın ən böyük problemi Ermənistanın ölkəmizə hərbi təcavüzüdür. Biz təcavüzdən xilas olmaq istəyirik. Azərbaycan üç il yarımdır ki, müstəqil dövlət kimi yaşayır və azadlığı yüksək nailiyyət və mənəvi sərvət kimi qiymətləndirir. Xalqımız, bütün ictimaiyyətimiz və mən bir prezident kimi Azərbaycanın müstəqilliyinin əbədi olması uğrunda çalışırıq və çalışacağıq. Biz öz müstəqilliyimizi və azadlığımızı heç vaxt əldən verməyəcəyik.

Bunun üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistanın respublikamıza qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizindən çoxu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Azərbaycan xalqının həyatında böyük itkilər olubdur. İşğal olunmuş ərazilərdən bir milyondan artıq vətəndaşımız didərgin düşüb, qaçqın vəziyyətindədir. İşğal altında qalan 700-dən artıq şəhər, qəsəbə, kənd, sənaye, kənd təsərrüfatı müəssisələri, xəstəxanalar, məktəblər, kitabxanalar, mədəniyyət obyektləri, insanların qurub-yaratdığı evlər, tarixi abidələr Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıbdır. Azərbaycan xalqına böyük zərbələr vurulubdur. Biz bu çətinliklərə dözürük.

Qaçqın düşmüş vətəndaşlarımız ağır vəziyyətdə yaşayırlar. Bu gün biz hörmətli qonağımız xanım Tansu Çillərlə birlikdə onlarla görüşərkən həmin adamların hörmətli qonağa sevgisinin, məhəbbətinin şahidi olduq. Eyni zamanda onların nə qədər ağır vəziyyətdə yaşadığını gördük. Biz bu ağır günlərdən çıxmaq istəyirik. Ona görə də biz keçən ilin mayında atəşkəs barədə saziş əldə etmişik. On üç aydan artıqdır ki, atəşkəs dövründə yaşayırıq. Biz bu müddətdən böyük sülhün əldə olunması üçün istifadə edirik. Etibarlı sülh əldə edilməsinə çalışırıq. Biz müharibəyə son qoyulmasına çalışırıq. Müharibə istəmirik, biz sülh istəyirik və bu münaqişəni sülh yolu ilə sona çatdırmaq istəyirik. Ona görə bir çox addımlar atmışıq və bundan sonra da atacağıq.

Bu məsələlər beynəlxalq təşkilatlar çərçivəsində, Minsk qrupu çərçivəsində həll olunur. Bu məsələlərin həlli üçün Türkiyə Cümhuriyyəti daim bizə dayaq olur, kömək edir. Ancaq bu gün mən bir daha demək istəyirəm ki, biz müharibə istəmirik. Bunu Azərbaycan xalqı bilir. Qoy dünya da bilsin. Biz heç bir ölkənin torpağına göz dikməmişik. Ancaq öz torpağımızın bir qarışını da başqasına verməyəcəyik. Torpaqlarımızın işğal olunmasına dözə bilmərik. Bu məsələnin sülh yolu ilə həll olunmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, respublikamızın sərhədlərinin toxunulmazlığının qorunmasını istəyirik. Biz çalışırıq ki, qaçqın düşmüş vətəndaşlarımız öz yurduna, elinə, obasına qayıtsınlar. Azərbaycan sülhsevər dövlətdir. Biz sülh yolu ilə gedirik. Xalqımız sülhsevər xalqdır. Ancaq bütün dünya da bilsin ki, biz torpaqlarımızın bir qarışını da heç kəsə verməyəcəyik və ərazilərimizin azad olunması üçün son damla qanımıza qədər çalışacaq və vuruşacağıq.

Əminəm ki, bizim bu ədalətli və haqq işimizdə türk xalqı, Türkiyə Cümhuriyyəti və ictimaiyyəti indiyə qədər olduğu kimi, bundan sonra da bizimlə olacaq, bizə dayaq duracaq və bu ağır şəraitdən çıxmağımız üçün əlindən gələni əsirgəməyəcəkdir.

Müstəqil dövlət olaraq biz Azərbaycan torpağında demokratik quruculuq yolu ilə gedirik. Respublikamızda sivilizasiyalı cəmiyyət qururuq. Azərbaycanın müstəqilliyini bu yolla inkişaf etdiririk. Azərbaycanın iqtisadiyyatında böyük dəyişikliklər əmələ gəlibdir. Bu, respublikamızın bazar iqtisadiyyatı yoluna keçməsi ilə əlaqədardır. Bir çox addımlar atmışıq. Ən böyük addım özəlləşdirmə barədə proqramın tamamlanmasıdır. Əminəm ki, bu proqramı yaxın vaxtlarda əməli olaraq həyata keçirməyə başlayacağıq. İqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar bölmədə də islahatlar aparırıq. Bunların hamısı Azərbaycanın iqtisadiyyatını böyük yola çıxaracaq, dünya iqtisadiyyatına bağlayacaqdır.

Biz bütün sahələrdə - həm dövlət quruculuğunda, həm də iqtisadi həyatda demokratik dəyişikliklər edirik. Bu yol sınaqdan çıxmış yoldur. Bu yolu Türkiyə Cümhuriyyəti, demokratiya və iqtisadiyyat sahəsində inkişaf etmiş ölkələr keçmişlər. Biz də həmin yolu gedirik. Bu yolda biz inkişaf etmiş ölkələrin, Türkiyənin təcrübəsindən istifadə edirik. Türkiyənin təcrübəsi bizim üçün çox əhəmiyyətli mənbədir.

Respublikamızın hər yerində demokratik prinsipləri bərqərar edirik və bundan sonra da edəcəyik. Bu il noyabrın 12-nə Azərbaycanda parlament seçkiləri təyin olunub. Həmin seçkilər tam demokratik şəraitdə hazırlanır və keçiriləcəkdir. Azərbaycanda çoxlu partiya fəaliyyət göstərir. Mətbuat azadlığı vardır. İnsan azadlığı tamamilə bərqərar olmuşdur. Bütün azadlıqlar təmin olunmuşdur. Siyasi plüralizm ictimai həyatımızın əsasını təşkil edir. Bu prinsiplər əsasında parlament seçkilərinə gedirik və müstəqil Azərbaycanın yeni, demokratik parlamentini yaradacağıq. Həmin gün həm də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın yeni, demokratik konstitusiyası qəbul olunacaqdır.

Şübhəsiz ki, bu addımlar Azərbaycan Respublikasını daha da irəliyə aparacaq və dünya miqyasında dövlətimizi demokratik, azad bir ölkə kimi daha yüksək səviyyəyə qaldıracaqdır. Əminəm ki, qarşımızda duran bu vəzifələri layiqincə yerinə yetirəcəyik və 1995-ci il bizim üçün böyük dəyişikliklər ili olacaqdır. Bu tədbirləri həyata keçirmək üçün dost ölkələrin, o cümlədən də Türkiyənin köməyinə ehtiyacımız vardır. Ümidvaram ki, biz həmişə bu köməkdən faydalanacağıq.

Bu gün mən bir daha qeyd etmək istəyirəm ki, Hörmətli xanım Tansu Çillərin Azərbaycana etdiyi rəsmi səfər zamanı biz mühüm məsələləri müzakirə etmişik və əhəmiyyətli razılığa gəlmişik. Bunların əsasında güman edirəm ki, ölkələrimiz arasında olan əlaqələr daha da inkişaf edəcəkdir. Biz Türkiyə Cümhuriyyəti üçün iqtisadi, eləcə də digər sahələrdə həm dost, həm də etibarlı tərəfdaş olmaq istəyirik. Güman edirəm ki, biz buna da nail olacağıq. Bunların hamısını bu gün burada bütün Azərbaycan ictimaiyyətinə çatdırarkən bir daha Türkiyə Cümhuriyyətinə və xalqına, onun çox görkəmli nümayəndəsi, əziz bacımız xanım Tansu Çillərə də bildirirəm. Bu gün şəhərimizin küçələrində sakinlər əziz qonağımızı böyük məhəbbətlə və sevgi ilə qarşılayırdılar. Mümkün qədər onu yaxından görməyə və salamlamağa çalışırdılar. Ona öz xoş münasibətini bildirmək istəyirdilər. Həmin bu baxışlar, görüşlər, insanların marağı Azərbaycanın Türkiyəyə, türk xalqına hörməti, məhəbbəti, sevgisi və istəyidir. Bu hörmətlə, bu məhəbbətlə və bu istəklə biz Türkiyədən gələn əziz qonaqlarımızı qəbul edir və eyni istəklə də əziz bacımız Tansu Çillərlə görüşürük. Bununla da bütün türk xalqına qarşısında duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayırıq.

Hörmətli bacımız, Azərbaycana etdiyiniz bu səfərə görə mən sizə bir daha təşəkkürümü bildirirəm. Sizə cansağlığı, xoşbəxtlik, səadət və böyük işinizdə uğurlar arzulayıram. Sağ olun!