Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yüksək səviyyəli ABŞ və Azərbaycan Respublikası nümayəndə heyətlərinin danışıqlarında çıxışından - Vaşinqton, Ağ ev, 1 avqust 1997-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli prezident cənab Bill Klinton!

ABŞ nümayəndə heyətinin hörmətli üzvləri!

Mən ilk öncə Amerika Birləşmiş Ştatlarına rəsmi dəvətə və qonaqpərvərliyə görə, Amerika-Azərbaycan əməkdaşlığının durmadan inkişaf etdirilməsinə göstərdiyi diqqətə görə cənab Bill Klinton Sizə təşəkkür edirəm və qeyd etmək istəyirəm ki, ölkələrimizin əlaqələrinin hazırkı vəziyyətindən tamamilə razıyam.

Nəzərinizə çatdırıram ki, Amerika-Azərbaycan əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və respublikamız ABŞ-la əlaqələrin sıxlaşdırılmasına həmişə böyük maraq göstərmişdir. Ölkələrimiz arasında münasibətləri mərhələ-mərhələ daha da möhkəmləndirmək sahəsində böyük işlər görülmüş və görülməkdədir.

Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üçün imzalanan müqavilələrdə ABŞ-ın ən nüfuzlu neft şirkətlərinin iştirakı bu mənada çox müsbət qiymətləndirilməlidir. Biz 1994-cü ilin sentyabrında ilk böyük müqavilə - "Əsrin müqaviləsi" adlanan müqaviləni imzalamışıq və bu müqaviləyə ABŞ-ın beş böyük şirkəti qoşulmuşdur. Hazırda bu müqavilə əməli surətdə həyata keçirilir.

Nefti xaricə - Qərbə aparacaq neft kəmərləri marşrutlarının müəyyənləşdirilməsi barədə cənab Bill Klintonla şəxsi görüşlərimdə və telefon danışıqlarımda indiyə qədər geniş müzakirələr aparmışam və bildirirəm ki, bu sahədə artıq müəyyən işlər görülmüşdür. Nefti Qərbə - dünya bazarına çıxarmaq üçün iki neft kəməri tikilir. Üçüncü böyük neft kəmərinin də tikintisinə bu yaxınlarda başlanacaq.

Eyni zamanda biz strateji cəhətdən çox əlverişli mövqedə yerləşən Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə dünya bazarı arasında əlaqələrin daha da sıxlaşdırılmasında mühüm rol oynaması amilini heç vaxt unutmamışıq və bu sahədə də respublikamızda çox önəmli işlər görülmüşdür. Artıq ABŞ-ın "Şevron" şirkətinin Qazaxıstanın "Tengiz" yatağından hasil etdiyi neft Xəzər dənizi vasitəsilə Bakıya çatdırılır, buradan isə dünya bazarına yola salınır. Hazırda bu prosesin daha yaxşı təşkili sahəsində geniş işlər görülməsi nəzərdə tutulur. Bu məqsədlə Xəzərin dibi ilə Bakıyadək neft kəməri çəkiləcəkdir.

Bilirsiniz ki, bu gün Av evdə ABŞ-ın "Şevron", "Eksson", "Mobil", "AMOKO" şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında yeni müqavilələr imzalanacaqdır. Heç şübhəsiz, bu müqavilələr Amerika-Azərbaycan iqtisadi əməkdaşlığının möhkəmləndirilməsinə yeni təkan verəcək, ölkələrimizin münasibətlərinin daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.

Bildirirəm ki, cənab Bill Klintonla şəxsi dostluq münasibətlərimiz Azərbaycan-Amerika əlaqələrinin durmadan inkişaf etməsi üçün möhkəm zəmin yaradır. Mən prezident cənab Bill Klintonun ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi sahəsindəki şəxsi təşəbbüslərindən məmnunluqla bəhs edərək bildirmək istəyirəm ki, biz bunu yüksək qiymətləndiririk. Cənab prezident, siz bu sahədə çox böyük işlər görürsünüz, biz sizin köməyinizi və dəstəyinizi daim hiss edirik.

Hamınıza məlum olduğu kimi, hazırda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupu çərçivəsində böyük iş aparılır. Bu sahədə ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Lissabon Zirvə görüşündə münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün qəbul edilmiş üç əsas prinsipin çox böyük əhəmiyyəti vardır. Biz razılıqla bildiririk ki, həmin prinsiplərin qəbul olunmasını ABŞ hökuməti dəstəkləmişdir.

Biz ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsi üçün göstərdiyi səyləri diqqətəlayiq hal kimi qiymətləndiririk. Biz, həmçinin, dünyanın üç nüfuzlu dövlətinin prezidentlərinin - Bill Klintonun, Boris Yeltsinin, Jak Şirakın Denverdə imzaladıqları birgə bəyanatın bu sahədə xüsusi əhəmiyyət daşıdığını nəzərə çatdırmaq istəyirik. Azərbaycan Minsk qrupu həmsədrlərinin bu münaqişənin həlli ilə əlaqədar irəli sürdüyü təklifləri əsas kimi qəbul etmişdir. Biz indi Ermənistanın bu təkliflərə münasibətini bildirməsini gözləyirik. Azərbaycan bu münaqişənin tezliklə həll olunmasına böyük ümidlər bəsləyir və inanır ki, yerindən-yurdundan didərgin düşmüş bir milyondan çox vətəndaşımız tezliklə öz torpaqlarına qayıdacaqdır. Biz əminik ki, Minsk qrupunun həmsədrləri münaqişənin Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında tezliklə həll edilməsinə lazımi kömək göstərəcək, münaqişənin bu ilin sonunadək aradan qaldırılmasına çalışacaqlar.

Biz bir daha qeyd etməyi lazım bilirik ki, ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi "Azadlığı müdafiə aktı"na 907-ci əlavə ədalətsiz qərardır və Azərbaycan-Amerika əlaqələrinin daha da canlandırılmasına müəyyən əngəllər törədir. Ona görə də bu düzəlişin tezliklə ləğv olunması vacibdir. Mən Vaşinqtonda konqresmenlərlə bu məsələ ilə əlaqəlar görüşlər keçirmiş və danışıqlar aparmışam. Əmin olduğumu bildirirəm ki, bu düzəlişin aradan qaldırılması üçün lazımi tədbirlər görüləcəkdir.

Avropada adi silahların məhdudlaşdırılmasına dair Cinah sazişinə Azərbaycan da qoşulmuşdur. Bununla belə, müəyyən edilmiş hüdudlar çərçivəsində ölkəmizin müstəqilliyinin, suverenliyinin, təhlükəsizliyinin qorunub saxlanılması sahəsində böyük işlər də görülür. Bir daha bəyan edirəm: Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir. Azərbaycanda heç bir xarici dövlətin qoşunları və hərbi bazaları yoxdur və indən belə də olmayacaqdır.

Bununla yanaşı, vurğulamaq istəyirəm ki, Rusiyanın Ermənistana qeyri-qanuni yolla bir milyard dollarlıq müasir silahlar göndərməsi regional təhlükəsizlik baxımından böyük narahatlıq doğurmuşdur.

Azərbaycan-Amerikanı özünün yaxın dostu və tərəfdaşı sayır. Bunu qeyd etməyi vacib bilirəm və eyni zamanda bildirirəm ki, ölkəmizdə ictimai-siyasi vəziyyət sabitdir, iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması üçün islahatlar aparılır, demokratiyanın inkişaf etdirilməsi, insan hüquqlarının qorunması sahəsində mühüm tədbirlər həyata keçirilir. Biz bu yolu gələcəkdə də davam etdirəcəyik. Azərbaycan iqtisadiyyatı dünya üçün, o cümlədən, Amerika investisiyaları üçün açıqdır.

Mən böyük məmnunluqla qeyd etməyi lazım bilirəm ki, Birləşmiş Ştatların və şəxsən prezident Bill Klinton cənablarının xarici və daxili siyasət sahəsindəki uğurları, o cümlədən, ölkədə sosial sahədə əldə edilən nailiyyətlər Azərbaycanda da rəğbətlə qarşılanır.

Sözümü bitirərkən mənə verilmiş imkandan lütfkarlıqla istifadə edərək ABŞ prezidenti cənab Bill Klintonu və vitse-prezident cənab Albert Qoru Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edirəm.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2003, 11-ci cild, səh.222-225