Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Çjan Siyunun etimadnaməsini qəbul edərkən söhbətindən - Prezident iqamətgahı, 30 mart 2002-ci il


Çjan Siyun: Cənab prezident!

Mənim Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin olunmağım haqqında Çin Xalq Respublikası sədrinin imzaladığı etimadnaməni bu gün Sizə təqdim etməkdən böyük şərəf duyuram.

Cənab prezident, mən sədr Tszyan Tszeminin səmimi salamını və ən gözəl arzularını Sizə çatdırmaq kimi xoş bir tapşırığı da yerinə yetirirəm.

Cənab prezident, Çin Azərbaycana özü üçün dost bir ölkə kimi baxır və qarşılıqlı münasibətlərimizi Azərbaycan tərəfi ilə birgə yeni səviyyəyə qaldırmağa hazırdır.

Cənab prezident, etimadnaməmi Sizə təqdim edərək, öz məsuliyyətimi tamamilə başa düşürəm və Sizi əmin edirəm ki, dövlətlərarası münasibətlərimizin daha da inkişafı naminə bütün səylərimi və bacarığımı əsirgəməyəcəyəm.

Sağ olun.

Heydər Əliyev: Hörmətli cənab səfir!

Çin Xalq Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə Sizi təbrik edirəm və gələcək işinizdə uğurlar arzulayıram.

Çin ilə Azərbaycan arasında dostluq münasibətləri, demək olar, bütün sahələrdə geniş əməkdaşlıq mövcuddur və biz bunu özümüz üçün çox vacib hesab edirik. Biz Çin Xalq Respublikasını özümüzə dost ölkə bilirik və münasibətlərimizi inkişaf etdirmək niyyətindəyik.

Çin Xalq Respublikası ilə müstəqil Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının bu günlər 10 ili tamam olur. Sizin bəxtiniz gətirmişdir ki, Çin Xalq Respublikasının səfiri kimi öz vəzifələrinizin yerinə yetirilməsinə bu münasibətlərin 10-cu ildönümünü qeyd etdiyimiz günlərdə başlayırsınız. Keçdiyimiz bütün dövr sizin üçün də, bizim üçün də böyük əhəmiyyətə malikdir, çünki biz onillik yolu keçərək bir-birimizi yaxşı tanıdıq və təbii ki, münasibətlərimizi daha geniş inkişaf etdirməyə imkanımız var.

Çin Xalq Respublikasının sədri cənab Tszyan Tszeminin salamını mənə yetirdiyinizə görə sizə təşəkkür edirəm. Xahiş edirəm, mənim dostluq salamımı, ən xoş arzularımı və yüksək dövləti fəaliyyətində uğurlar dilədiyimi ona yetirəsiniz.

Sizi bir daha təbrik edirəm.

Çjan Siyun: Sizin dövlətlərarası münasibətlərimizin inkişafına belə diqqət yetirməyinizi Çində çox yüksək qiymətləndirirlər. Bu münasibətlər müvəffəqiyyətlə inkişaf edir, biz məhz Sizin Çinə səfəriniz zamanı təməli qoyulmuş zəmində ikitərəfli əməkdaşlıq sahəsində yeni-yeni uğurlar qazanırıq. Sədr Tszyan Tszemin Sizinlə görüşlərini böyük səmimiyyətlə xatırlayır.

Sizi bir daha əmin etmək istəyirəm ki, Sizinlə cənab Tzsyan Tszemin arasında əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsi üçün var qüvvə ilə səy göstərəcəyəm.

Heydər Əliyev: Sağ olun. İndi Çin Xalq Respublikası ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər artıq qəti təşəkkül tapmışdır. Çin Xalq Respublikasının buradakı səfirliyi möhkəmlənmişdir, onun üçün yaxşı bina tikilmişdir.

Çjan Siyun: Sizin diqqətiniz sayəsində indi bizim yaxşı, gözəl binamız var.

Heydər Əliyev: Yeri gəlmişkən, mən cənab Li Pen ilə birlikdə səfirliyin bünövrəsinin qoyulması mərasimində iştirak etmişdim. Sonra isə onun açılışı olanda səfirin xahişi ilə təntənəli mərasimdə iştirak etdim.

Çjan Siyun: Bir halda ki, Siz mənim sələfimin xahişini yerə salmamısınız, onda səmimiyyətinizdən istifadə edərək, Sizi diplomatik münasibətlərimizin 10 illiyi münasibətilə aprelin 2-də səfirliyimizdə keçiriləcək tədbirə dəvət etmək istərdim.

Heydər Əliyev: Belə çıxır ki, biz çox tez-tez görüşəcəyik?

Çjan Siyun: Bu, dövlətlərimiz arasında sıx əlaqələr olduğuna dəlalət edən yaxşı əlamətdir.

Heydər Əliyev: Əlbəttə, mən bu barədə düşünəcəyəm. Hər halda, biz Çin Xalq Respublikası səfirliyinin burada, Azərbaycanda fəaliyyətindən çox razıyıq. Burada dövlət hakimiyyəti orqanları ilə, ictimai təşkilatlarla yaxşı münasibətlər yaranmışdır, ona görə də fəaliyət üçün yaxşı zəmin var. Görürəm, siz də təcrübəli diplomatsınız, bir çox illər Moskvada işləmisiniz, keçmiş Sovetlər İttifaqına, keçmiş İttifaqın respublikalarına, o cümlədən Azərbaycana da bələdsiniz. Ona görə də, zənnimcə, burada işləmək də, dövlət hakimiyyəti orqanları, ictimai təşkilatlar, ayrı-ayrı vətəndaşlar ilə ünsiyyət saxlamaq da sizin üçün çox asan olacaqdır. Bir sözlə, burada fəaliyyətiniz üçün çox əlverişli şərait olacaqdır.

Çjan Siyun: Cənab prezident, təyinatım haqqında məlumat alanda və biləndə ki, Azərbaycanda Çinin çoxlu dostu var, çox sevindim.

Yeri gəlmişkən, mən Sizinlə 1980-ci illərin ortalarında görüşmüşəm. Siz Sovet İttifaqının Moskvadakı səfirliyimizə gələn ilk rəhbərlərindən biri idiniz. O zaman mən gənc və indikindən bir qədər gözəl idim. Mən Sizin görüşünüzdə tərcüməçilik edirdim. Mənim əsas işim tərcüməçilik idi. Mən bunda da dostluq münasibətlərimiz üçün yaxşı zəmin görürəm, sələfim də çox işlər görmüşdür. Əlbəttə, Çin Xalq Respublikasının sədri və Siz, cənab prezident, bütün sahələrdə əməkdaşlığımızın inkişafına daim diqqət yetirirsiniz. Zənnimcə, burada bunun üçün yaxşı əsas var. Biz bu fikirdəyik ki, Sizin köməyiniz və diqqətinizlə, təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyindəki həmkarlarımın köməyi və dəstəyi ilə biz daha böyük uğurlar qazanacağıq.

Mən öz vəzifəmi mövcud nailiyyətləri inkişaf etdirməkdə və ikitərəfli yaxşı münasibətləri iqtisadi əməkdaşlığın real səviyyəsi ilə dolğunlaşdırmaqda görürəm.

Heydər Əliyev: Deməli, biz köhnə tanışlarıq. Mən Çinin Moskvadakı səfirliyinə getməyimi xatırlayıram. Əgər siz onda çox gənc idinizsə, deməli, indi də heç qoca deyilsiniz.

Çjan Siyun: Moskvadakı səfirliyimizə gəlməyiniz bizim üçün böyük hadisə oldu və bununla əlaqədar səfirimiz bütün əməkdaşlarına əməlli-başlı səliqə-sahman yaratmağı tapşırmışdı. Odur ki, Sizin səfirliyimizə gəlməyiniz təkcə bizim üçün deyil, həm də ikitərəfli münasibətlər üçün böyük hadisə idi. Zənnimcə, Sizin doğma Bakı şəhərində səfirliyimizə yenidən təşrif gətirməyiniz də böyük hadisəyə çevriləcək və Çin-Azərbaycan münasibətləri ilə məşğul olan bizləri yeni uğurlara ruhlandıracaqdır.

Heydər Əliyev: Bəli, siz razılıq almağı bacarırsınız. Bəli, səfirliyinizə gəlməyimi xatırlayıram. Həqiqətən, o zaman Sovetlər İttifaqı ilə Çin arasında münasibətlərdə heç də hər şey qaydasında deyildi. Belə görüşlər də az-az olurdu və ona görə də Siyasi Büro üzvünün, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavininin səfirliyə gəlməsi sizin üçün də, bizim üçün də hadisə idi. Çünki o zaman dövlətimizin siyasəti mövcud münasibətlərlə müəyyənləşdirilirdi. Lakin bunlar artıq keçmişdə qalmışdır. İndi Siz müstəqil Azərbaycandasınız, münasibətlər də bam-başqadır və hesab edirəm ki, Sovetlər İttifaqı və Çin arasındakı kimi deyildir. O zaman bu münasibətlər gah səmimi, gah da soyuq, hətta bəzən çox gərgin olurdu.

Çjan Siyun: Bizim aramızda isə ancaq yaxşı münasibətlər var.

Heydər Əliyev: Bizim isə diplomatik münasibətlərimiz elə qurulan andan yaxşıdır və belə də qalacaqdır. Çünki Azərbaycanın Çinlə mübahisə etməli bir məsələsi yoxdur, aramızda da heç bir problem mövcud deyildir. O vaxt isə Sovetlər İttifaqı ilə mübahisələr vardı, bəziləri bəlkə hələ bu günədək qalır.

Çjan Siyun: Mübahisələr həm bizim üçün, həm də Sovet İttifaqı üçün anlaşıqlı deyildi.

Heydər Əliyev: Bir sözlə, burada sizin probleminiz olmayacaqdır, çünki ölkələrimiz arasında dostluq münasibətləri yaranmışdır və bu münasibətlər davam və inkişaf edəcəkdir. Buna şübhə etməyə bilərsiniz. Burada sizin uğurla işləməyiniz üçün hər cür şərait yaradılacaqdır.


"Azərbaycan" qəzeti, 31 mart 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya