Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə səfəri zamanı Ankara universitetində nitqi - 16 mart 2001-ci il


Türkiyə Cümhuriyyətinin prezidenti zati-aliləri əziz dostum, qardaşım Əhməd Necdət Sezər!

Ankara Universitetinin hörmətli rektoru!

Hörmətli senatorlar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

Mən, Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostum, qardaşım Əhməd Necdət Sezərin dəvəti ilə mart ayının 12-də Türkiyə Cümhuriyyətinə rəsmi səfərə gəlmişəm. Bu, mənim Türkiyəyə ilk səfərim deyildir. 1992-ci ildən etibarən mən dəfələrlə Türkiyəyə gəlmişəm. Rəsmi səfərlər də, işgüzar səfərlər də olmuşdur. Sadəcə, görüşmək arzusunda olduğuma görə də gəlmişəm. Bunların hamısı mənim üçün qiymətlidir. Amma, həyat inkişaf etdiyi kimi, insanların dünyaya baxışı da inkişaf edir və hər yeni atılan addım, təbiidir ki, əvvəlkindən daha önəmli olur. Ona görə də mən bu səfəri çox yüksək qiymətləndirirəm. Birincisi, ona görə ki, burada biz hörmətli prezident, əziz dostumla bərabər çox ətraflı, dərin məzmunlu görüşlər keçirdik, danışıqlar apardıq. Türkiyə-Azərbaycan əlaqələrinin bugünkü vəziyyəti və gələcəyi haqqında fikirlərimizi paylaşdıq və bir daha hər ikimiz eyni fikri ifadə etdik ki, Türkiyə-Azərbaycan əlaqələri gündən-günə inkişaf edir. Bunlar dostluq, qardaşlıq əlaqələridir. Bunlar dərin tarixi köklərimizlə, milli-mənəvi dəyərlərimizlə bağlı əlaqələrdir. Bir dilə, bir dinə, bir mədəniyyətə mənsub olmağımızla bağlı əlaqələrdir. Bir millət, iki dövlət əlaqələridir. Əgər beynəlxalq, uluslararası dildə danışsaq, strateji tərəfdaşlıq əlaqələridir. Bu həm Türkiyə, həm də Azərbaycan üçün çox önəmlidir. Çünki dünya ağır bir dövr yaşayır. Dünyada çox mürəkkəb proseslər gedir. Bu proseslərin bir qismi də, bəlkə də ən ağırı, Türkiyə də daxil olmaqla, bizim bölgəmizdə - Qafqazda gedir. Burada həm savaş, həm münaqişələr, həm də çox həll ediləsi məsələlər vardır. Bütün bu proseslərdə, təbiidir ki, Türkiyə və Azərbaycan həmişə yan-yana, bərabər olmuş, bir yolla getmişlər. Mən məmnuniyyətlə deyə bilərəm ki, bu gün biz bu yolumuzun nə qədər doğru, düzgün olduğunu bir daha təsdiq etdik.

Bütün başqa görüşlər də mənim üçün əhəmiyyətli idi. Xüsusilə Türkiyənin çox hörmətli, mötəbər Böyük Millət Məclisində, millət vəkillərinə, yəni xalqın təmsilçilərinə müraciətim və orada fikirlərimi izah etməyim mənim üçün çox əhəmiyyətli idi.

Türkiyədə olduğum bu günlər mənim üçün də, Azərbaycan xalqı üçün də əzizdir. Bizim buradakı görüşlərimiz, danışıqlarımız televiziya vasitəsilə hər gün Azərbaycana çatdırılır. Oradan mənə daim məlumat verirlər ki, xalqımız, millətimiz bunları böyük ruh yüksəkliyi ilə, heyranlıqla, həvəslə izləyirlər. Hamı da bundan məmnundur. Çünki biz dövlət adamları ilə bərabər, xalqımız da bu qardaşlığın nə qədər əhəmiyyətli olduğunu bilir, anlayır və istəyir.

Buradakı danışıqlarımızın əsas mövzularından biri Qafqazda sülh, əmin-amanlıq, təhlükəsizlik yaratmaqdan ibarətdir. Bu barədə Türkiyənin də, Azərbaycanın da təşəbbüsü olmuşdur. Bu, xalqlarımız üçün, Qafqaz üçün, bəlkə də bütün dünya üçün çox önəmlidir. Ancaq bizim üçün, yəni Azərbaycan üçün bunun daha böyük əhəmiyyəti vardır. Çünki bilirsiniz ki, 1988-ci ildən Ermənistan-Azərbaycan münaqişəsi başlayıbdır. 1988-ci ildə Ermənistan Azərbaycanın qədim torpağı, ayrılmaz hissəsi olan Dağlıq Qarabağı öz əlinə keçirmək üçün iddialarla çıxış etmişdir. O vaxtlar Azərbaycan da, Ermənistan da sovetlər birliyinin tərkibində olmuşlar. Ancaq, təəssüflər olsun ki, sovetlər birliyinin hökuməti, onun rəhbərləri o vaxt ədalət yolu ilə getmirdilər. Ermənistana daha da çox dəstək verirdilər, Azərbaycana yox.

Sonra isə Azərbaycanın daxilində sabitliyin olmaması, xalqın birləşmək iradəsinin çatmaması, ölkənin belə ağır vəziyyətdə olduğu vaxtda ayrı-ayrı insanların hakimiyyət mübarizəsi ilə məşğul olması və silahlı dəstələrdən istifadə etməsi, təbiidir ki, o zaman bizim xalqımızı müəyyən qədər parçalamışdır. Bundan məharətlə istifadə edən ermənilər, əksinə, daxildəki bütün ziddiyyətlərin, ixtilafların hamısını kənara qoyaraq birləşmiş, Dağlıq Qarabağı ələ keçirmək üçün çalışmışlar. Məhz bu səbəblərdən Azərbaycan torpaqlarının iyirmi faizi Ermənistan tərəfindən işğal olunmuş, bu torpaqlardan bir milyondan artıq azərbaycanlı - sizin qardaşlarınız, bacılarınız yerindən-yurdundan zorla çıxarılmış, didərgin düşmüşdür və artıq 7-8 ildən çoxdur ki, çadırlarda yaşayırlar.

Biz 1994-cü ildə müharibəni dayandırdıq, atəşkəs haqqında saziş imzaladıq. Məsələni sülh yolu ilə həll etməyə çalışdıq. Bunun özü, hesab edirəm ki, böyük hadisə idi. Çünki müharibə nəticəsində həm qan tökülür, həm şəhidlər verilirdi, həm də ki, təəssüflər olsun, Azərbaycanın torpaqları əlindən çıxmışdı.

Artıq 1994-cü ildən sülh danışıqları gedir. Bu danışıqları da ATƏT-in yaratdığı Minsk qrupu aparır. Minsk qrupu 12 dövlətdən ibarətdir. Onlardan biri də Türkiyədir. Minsk qrupunun həmsədrləri var. Bunlar Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. Onların vasitəsilə, Türkiyənin bu işdə çox fəal iştirakı ilə biz insanlar öz yerlərinə qayıtsınlar, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı beynəlxalq hüquq əsasında təmin olunsun. Əsas məqsədimiz bundan ibarətdir.

Ermənilər isə həmişə torpaq iddiası ilə yaşayırlar, siz bunu bilirsiniz. Osmanlı imperatorluğu dövründə guya ermənilərə qarşı soyqırımı edilməsi haqqında son vaxtlar bəzi ölkələrdə çıxarılan qərarlar tamamilə əsassız uydurma, yanlış şeylərdir. Mən bunu Böyük Millət Məclisində də demişəm, bu gün də deyirəm - bu, olmayıbdır, bunu sadəcə, uydurublar.

Əgər o dövr, yaxud ondan sonrakı vaxt barədə danışsaq, əksinə, ermənilər azərbaycanlılara, türklərə qarşı soyqırımı ediblər. Dağlıq Qarabağ savaşında Ermənistanın Silahlı Qüvvələri, Rusiyanın 366-cı alayının iştirakı ilə, - bu alay onda Dağlıq Qarabağda yerləşirdi, - Xocalı şəhərinin əhalisini bir gecənin içərisində qırdılar. Budur soyqırımı. Əgər onlar 85 il bundan əvvəl "soyqırımı" haqqında danışırlarsa, bu isə indi, XX əsrin sonunda ermənilər tərəfindən azərbaycanlılara, türklərə qarşı edilən soyqırımıdır. Ona görə də soyqırım haqqında danışmağa onların haqqı yoxdur. Soyqırım haqqında danışmağa bizim haqqımız var.

Bununla onu demək istəyirəm ki, təəssüflər olsun, ermənilər Amerika Birləşmiş Ştatlarındakı, Fransadakı, Avropanın başqa ölkələrindəki diasporundan istifadə edərək, bax, bu cür qərarlar da çıxarda bilirlər. Onlar bizim sülh danışıqlarımızda da ədalət mövqeyində durmurlar. Torpaqlarımızı işğal etdiklərinə görə, bizim üçün uyğun olmayan şərtlər irəli sürürlər. Təbiidir ki, bu şərtləri də biz qəbul edə bilmirik. Ona görə də sülh danışıqları uzanır.

Bilirsiniz ki, yanvar ayında mən Parisdə olarkən Ermənistan prezidenti Koçaryanla iki dəfə görüşdüm. Sonra Fransa prezidenti Jak Şirak vasitəsilə, onunla bərabər, üçümüz bir yerdə görüşdük. Ancaq bu görüşlər də o qədər böyük nəticə vermədi. İndi, - düşünürəm ki, televiziyadan siz artıq bilirsiniz, - Amerika Birləşmiş Ştatlarının hökuməti Azərbaycan prezidentini və Ermənistan prezidentini ABŞ-a dəvət edibdir. Aprelin 3-də Floridada bizim aramızda danışıqlar olacaqdır. Kolin Pauell bu təşəbbüsdədir. Ancaq prezident Buş da bu işlə məşğuldur. Onların tərəfindən bizə verilən məlumata görə, bu görüş təkcə ABŞ-ın yox, həm də Minsk qrupunun həmsədrləri olan Rusiyanın, Fransanın təmsilçilərinin iştirakı ilə keçiriləcəkdir. İndi mən oraya getməliyəm. Arzu edirəm ki, biz orada irəliyə doğru hansısa addım ata bilək. Ermənistanla Azərbaycan arasında sülh yarada bilək. Əsas da ondan ibarətdir ki, işğal edilmiş torpaqlarımız azad olunsun.

Bunları mən sizə, sadəcə, məlumat kimi deyirəm. Ancaq eyni zamanda demək istəyirəm ki, bu mövzu bizim hörmətli cümhur başqanı ilə danışıqlarımızın əsas hissəsini təşkil edibdir. Çünki biz həmişə Türkiyə ilə bərabər olmuşuq. İndi də məsələnin həllinin bu mərhələsində yenə də Türkiyə ilə məsləhətləşmək, dövlət başçısı ilə, hökumət başçıları ilə fikir mübadiləsi aparmaq, bizim üçün çox lazımdır.

Mən bütün səfər haqqında danışmaq istəmirəm. Ancaq bu mövzunu sizə çatdırıram ki, görün, bizim bu görüşlərimizin, Türkiyəyə mənim rəsmi səfərimin Azərbaycan üçün nə qədər böyük əhəmiyyəti var.

Başqa məsələlər barədə də danışdıq. Məsələn, Bakı-Ceyhan neft boru xətti, - bilirəm ki, Türkiyədə bu, hamını maraqlandıran məsələdir, - haqqında da hər şeyin hazır olduğunu müəyyən etdik. Proqram tərtib olunubdur. Həmin proqram üzrə iş gedir. Bakı-Ceyhan boru xətti çəkiləcək, başa çatacaqdır. Azərbaycan nefti Türkiyəyə gələcək və buradan Ağ dənizə - Aralıq dənizinə çatdırılacaqdır.

Bilirsiniz ki, Azərbaycanda böyük qaz ehtiyatları vardır. Son vaxtlar biz onun Türkiyəyə satılması haqqında danışıqlar aparırdıq. Bu görüşlər, danışıqlar nəticəsində Azərbaycanın təbii qazının Türkiyəyə satılması haqqında burada anlaşmalar imzalandı. Başqa çox əhəmiyyətli məsələlər də oldu. Ona görə də mən bu səfərimdən çox məmnunam.

Bu səfərimin daha bir, özü də çox önəmli nöqtəsi mənim Ankara Universitetinə gəlməyim, bu universitetin mənə böyük hörmət göstərməsi, məni universitetin fəxri doktoru adına layiq görməsidir. Mən bundan qürur hissi duyuram. Çox fəxr edirəm və Ankara Universitetinin senatorlarına, rektoruna, bu qərarı çıxaranların hamısına səmimi qəlbdən təşəkkürümü bildirirəm. Çox sağ olun.

Ankara Universiteti Türkiyənin ən hörmətli, ən böyük universitetlərindən biridir. Mən əvvəlcə də bilirdim, ancaq məlumat gələndə ki, mənə fəxri doktor adı verilibdir, təbiidir, Ankara Universitetinin tarixi ilə bir də tanış oldum. Bu, məni çox sevindirdi. Çünki bütün başqa nailiyyətləri, uğurları ilə yanaşı, Ankara Universitetinin ən böyük iftixar mənbəyi ondan ibarətdir ki, o, böyük Mustafa Kamal Atatürkün qəbul etdiyi qərarla Türkiyədə yaradılmış ilk universitetlərdən biridir.

İkincisi, ondan ibarətdir ki, Ankara Universiteti böyük Atatürkün vəsiyyətlərini yerinə yetirir. Çünki mən orada oxuyuram... "Həyatda ən həqiqi mürşid elmdir". Mustafa Kamal Atatürkün bu sözləri Türkiyədəki bütün universitetlər, elm adamları, o cümlədən Ankara Universiteti üçün vəsiyyətdir. Yəni bu, o yoldur ki, həmin yolla getmək lazımdır. Ankara Universiteti də bu yolla gedir.

Ankara Universiteti ilə Azərbaycan arasındakı əlaqələr də məni çox sevindirir. Çünki rektor artıq söylədi ki, Azərbaycandan burada 150 tələbə təhsil alır, 7 müəllim dərs deyir. Bu da çox önəmlidir.

Ankara Universiteti Azərbaycanın universitetləri ilə elm və təhsil sahəsində əlaqələr yaradıbdır. Bakı Dövlət Universiteti, - bu universitetin 81 yaşı vardır, - 1919-cu ildə yaranıbdır və çox böyük təhsil ocağıdır. Ondan sonra, dediniz ki, Naxçıvan Universiteti və Lənkəran Universiteti, Elmlər Akademiyası ilə əlaqələr yaradıbdır.

Azərbaycan Elmlər Akademiyası çox böyük bir elm mərkəzidir. Bilirsinizmi, bu, vaxtilə sovetlər birliyinin yaratdığı bir qurumdur. Yəni, Türkiyə kimi dövlətlərdə keçmişdə də, indi də belə bir mərkəz elm mərkəzi, Elmlər Akademiyası olmayıbdır. Bu, keçmiş rus imperatorluğundan qalmış ənənədir. Amma sovetlər birliyində Elmlər Akademiyası ən yüksək elm mərkəzi idi. Sovetlər Birliyinin müsbət və mənfi cəhətlərinin hamısını biz bilirik, mənfi cəhəti daha çoxdur, nəinki müsbət cəhəti. Ancaq elm sahəsində çox işlər görübdür. Məsələn, hələ keçmişdən mövcud olan Elmlər Akademiyasının sonralar inkişaf etməsi, sovetlər birliyinə daxil olan 15 müttəfiq respublikanın hər birində, - onlardan biri də Azərbaycan idi, - akademiyanın yaradılması. Azərbaycanda Elmlər Akademiyası 1945-ci ildə yaranıbdır və o, çox işlər görübdür. Doğrudur, indi, keçid dövründə onun problemləri vardır. Amma biz bu problemlərin də hamısını çözəcəyik. Mən çox məmnunam ki, Ankara Universiteti Azərbaycanın Elmlər Akademiyası ilə bağlıdır. Çünki Azərbaycanda Elmlər Akademiyası təhsillə məşğul deyildir.

Onlar elmi tədqiqatlarla məşğuldur. Buna görə də bu əlaqələr çox əhəmiyyətli və önəmlidir.

Azərbaycanda elm adamları, elm mərkəzləri, universitetlər Türkiyə ilə, türk dünyası ilə bağlı olan bir çox məsələlər barədə araşdırmalar, tədqiqatlar aparırlar. Bunlar öz yerində. Mənim təşəbbüsümlə Azərbaycanda böyük Atatürkün irsinin öyrənilməsi, araşdırılması mərkəzi yaradılıbdır. Bu mərkəz müstəqil bir təşkilat olacaqdır. Həm Elmlər Akademiyasının, həm də ölkəmizin bütün universitetlərinin bu sahədə ən bilikli adamları buraya toplaşacaqdır. Mən də - Azərbaycan prezidenti də, bu mərkəzin fəxri başqanıyam. Güman edirəm ki, bu mərkəz Azərbaycan ilə Türkiyə arasında tarixi əlaqələrin nə qədər sıx olduğunu bir daha elmi-nöqteyi nəzərdən araşdıracaq və meydana çıxaracaqdır. Bu, geniş işbirliyi yaratmaq üçün bir daha imkanlar verəcəkdir.

Mən çox məmnunam ki, sizin universitet Azərbaycan Elmlər Akademiyası ilə birbaşa bağlıdır. Ona görə də mən arzu edirəm ki, Ankara Universiteti mənim başqanlıq etdiyim mərkəzlə Atatürk irsinin araşdırılması, türk xalqlarının tarixinin və tarixi birliyinin tədqiq olunması sahəsində də iş görsün.

Bilirsinizmi, əziz dostlar, mən həyatımda çox mükafatlar almışam. Burada həyatım haqqında qısa məlumatlar verildi, hər halda, həyatımda çox işlər də görmüşəm, çox problemlərlə də rastlaşmışa. Ancaq mükafatlar çox almışam, həm sovetlər birliyinin, həm də bir çox ölkələrin mükafatlarını almışam. Bu mükafatlar içərisində mənim üçün ən yüksək mükafat 1999-cu ildə Türkiyə tərəfindən verilmiş Atatürk Beynəlxalq Sülh mükafatıdır. Mən bunu özüm üçün böyük şərəf hesab edirəm və bu adı həyatımın sonuna qədər böyük fəxrlə daşıyacağam.

Universitetlər də mənə çoxlu belə fəxri adlar veriblər. Məsələn, 250 illik tarixi olan Moskva Dövlət Universiteti üç ay bundan öncə, - heç mənim bundan xəbərim olmayıbdır, - mənə oranın fəxri doktoru adını veribdir. Məni Moskvaya dəvət edibdir ki, gedib onu alım. Əgər gedə bilməsəm, onlar özləri Azərbaycana gələcəklər.

Mən vaxtilə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən, bütün sovetlər birliyinin elm və təhsil işlərinə başçılıq edirdim. O vaxt sovetlər birliyində 800-dən artıq universitet, Elmlər Akademiyası və sair var idi. Mən onlarla çox yaxın təmaslarda olmuşam. Amma o vaxtlar onlar bu adı verməyiblər. Çünki sovetlər birliyi zamanı belə şeylər bir qədər qadağan idi. Amma neçə illərdir ki, mən oradan ayrılmışam, - indi mən Azərbaycan kimi müstəqil bir dövlətin başçısıyam, - amma 250 illik tarixi olan Moskva Dövlət Universiteti mənə fəxri doktor adı veribdir.

Mən Türkiyədə də bəzi universitetlərdən bu adı almışam. Ancaq Ankara Universitetinin, böyük Atatürkün qərarı ilə yaradılmış universitetin və bu qədər inkişaf etmiş bir təhsil ocağının, bu qədər çoxlu kadrlar hazırlamış universitetin fəxri doktoru adı mənim üçün çox yüksəkdir. Bir də ona görə ki, Türkiyənin bir çox dövlət adamları sizin universitetin məzunudur, - millət vəkilləri, nazirlər Amma Türkiyənin bugünkü 10-cu cümhur başqanı, mənim əziz dostum və qardaşım Əhməd Necdət Sezər də sizin universitetdə təhsil alıbdır. Buradan həyata atılıbdır və siz ona o qədər yaxşı bilik vermisiniz və burada o qədər yaxşı təhsil alıbdır ki, artıq bu gün gəlib Türkiyənin cümhur başqanı səviyyəsinə çatıbdır.

Ona görə də mən bu gün burada hörmətli cümhur başqanı ilə bir yerdə olmağımdan çox məmnunam. Əziz dostum, mən sizi də təbrik edirəm ki, sizin təhsil aldığınız bir universitet indi bu qədər yüksək səviyyədədir. Düşünürəm ki, cümhur başqanı kimi siz təhsil aldığınız bu universitetə daha çox yardım edəcəksiniz.

Əziz dostlar, mən sizə bir daha təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, Ankara Universitetinin fəxri doktoru adını şərəflə daşıyacağam. Bu, mənim üzərimə böyük vəzifələr qoyur. O da ondan ibarətdir ki, Türkiyə və Azərbaycan arasında elm, təhsil sahəsində əlaqələrin inkişaf etməsində daha çox işlər görək. Əmin ola bilərsiniz ki, mən bunu da edəcəyəm. Sizin hər birinizi Azərbaycanda görməkdən məmnun olacağam.

Sizə təşəkkür edirəm. Universitetə, hamınıza - universitetin həm müəllimlərinə, həm də tələbələrinə cansağlığı, səadət və yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 27 mart 2001-ci il