Azərbaycan Prezidenti Heydər Əliyevin Polşa Seyminin marşalı (sədri) Yusef Zix ilə görüşdə söhbətindən - Varşava, Parlament sarayı, 27 avqust 1997-ci il


Hörmətli cənab Zıx!

İlk öncə səmimi görüş və xoş sözlər üçün təşəkkür edirəm. Şübhə etmirəm ki, Polşa torpağında keçirdiyim görüşlər və apardığım danışıqlar, imzalanmış sənədlər Polşa-Azərbaycan münasibətlərinin sıxlaşmasında və yaxınlaşmasında mühüm rol oynayacaqdır.

Qeyd edim ki, Polşaya ilk rəsmi səfərimin birinci günü prezident Aleksandr Kvasnevski ilə görüşüm zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər barədə ətraflı fikir mübadiləsi aparılmış, nümayəndə heyətlərinin danışıqları keçirilmişdir. Bir çox ikitərəfli sənədlər, o cümlədən Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi haqqında bəyannamə imzalanmış, beləliklə, ölkələrimizin əlaqələrini genişləndirmək üçün hüquqi-normativ baza yaradılmışdır.

Bildirirəm ki, Azərbaycan Avropa strukturlarına inteqrasiya olunmağa böyük əhəmiyyət verir, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramını imzalayıbdır. Belə bir fikri də vurğulayıram ki, hər bir müstəqil dövlət öz iradəsi ilə hərəkət etməlidir. Bu baxımdan Azərbaycan Polşanın mövqeyini yükəsk qiymətləndirir və ona Avropada özünün mühüm tərəfdaşı kimi baxır. Xatırladıram ki, bu cəhətləri nəzərə alaraq, mən Madrid görüşündəki çıxışımda Polşanın NATO-ya qəbul edilməsini dəstəkləmişəm.

Polşa Seyminin marşalı kimi Sizə məlumat vermək mənim üçün xoşdur ki, biz Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qururuq. İki il öncə ölkəmizdə ilk demokratik konstitusiya qəbul edilmiş, ilk demokratik, çoxpartiyalı parlament seçilmişdir. Prezident ilə parlament arasında münasibətlər çox yaxşıdır. Hazırda ölkəmizdə geniş miqyaslı iqtisadi islahatlar aparılır, özəlləşdirmə həyata keçirilir. Azərbaycan dünya iqtisadiyyatına qovuşmaq yolu ilə gedir və bu sahədə xeyli iş görülmüşdür.

Müstəqillik dövründə respublikamızın qarşılaşdığı ən ağırılı problemlərdən biri - Ermənistan - Azərbaycan münaqişəsi hələ də qalmaqda davam edir. Qonşu respublikanın hərbi təcavüzü ölkəmizə çox böyük fəlakətlər gətirmiş, ərazimizin 20 faizi işğal olunmuşdur. Bununla belə, biz məsələnin sülh yolu ilə həllinə çalışırıq. Bu isə yalnız ATƏT-in Lissabon Zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında olmalıdır. Təcavüzkar Ermənistan isə bu prinsipləri, habelə Minsk qrupu həmsədrlərinin son təkliflərini qəbul etməkdən boyun qaçırırıq. Indi isə, gəlin mövcud vəziyyəti xəritə üzərində açıqlamağa səy göstərim. Xəritədən bir daha aydın olur ki, Dağlıq Qarabağdan başqa Azərbaycanın daha 7 bölgəsini işğal etmiş Ermənistan həqiqətən beynəlxalq hüquq normalarını kobudcasına pozan təcavüzkar dövlətdir və Dünya Birliyi ölkələri, beynəlxalq təşkilatlar bu təcavüzü mütləq qətiyyətlə pisləməlidir. Ümidvaram ki, münaqişənin həllini öz üzərinə götürülmüş ATƏT-in Minsk qrupu və onun həmsədrləri olan üç böyük dövlətin - ABŞ, Rusiya və Fransanın səyləri müsbət nəticələr verəcəkdir. Görüşün sonunda Seymə qarşıdakı seçkilərin uğurlu keçməsini arzulayıram və Polşaya, polyak xalqına yaxşı münasibət bəslədiyimi bir daha vurğulayıram. Cənab Zıx, mən Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - 12 cild Azərnəşr, Bakı - 2004, səh.57