Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Azərbaycandakı səfiri Qədri Ecvet Tezcanı qəbul edərkən söhbətindən - Prezident sarayı, 26 avqust 1999-cu il


Heydər Əliyev: Biz indi sizinlə söhbətə başlayarkən hər dəfə "keçmiş olsun" demək lazımdır, başsağlığı vermək lazımdır. Zəlzələ baş verəndən indiyə qədər, məlumdur, - fəlakət o qədər böyükdür ki, bu, həm Türkiyə üçün fəlakətdir, həm Azərbaycan üçün fəlakətdir, həm də bütün türk dünyası üçün ağır fəlakətdir. Ona görə də bunun ağrısı-acısı hələ uzun müddət insanların qəlbindən, insanların fikrindən çıxmayacaqdır. Odur ki, bir daha deyirəm - keçmiş olsun. Vəfat edənlərə Allah rəhmət eləsin, yaralananlar tezliklə sağalsın.

Ümidvaram ki, Türkiyə Cümhuriyəti qüdrətli, iqtisadi cəhətdən çox böyük imkanlara malik olan bir dövlət kimi bu zəlzələnin vurduğu bütün zərəri tezliklə aradan qaldıracaqdır. Yəni mən hesab edirəm ki, uçulan evlər də, dağılan başqa qurğular da bərpa olunacaqdır. Məsələn, orada böyük bir neft emalı zavodu yanıbdır, - o da bərpa ediləcəkdir. Amma insanları geri qaytarmaq mümkün olmayacaq. Bu itkilərin içərisində insanların itkisi çox ağır bir şeydir. Ancaq bizim xalqlarımız tarix boyu çox belə şeylərə dözüblər. Güman edirəm, biz buna da dözəcəyik.

Qədri Ecvet Tezcan: Hörmətli cümhur başqanım, birinci, məni qəbul etdiyinizə görə Sizə minnətdaram. Sizə Türkiyə dövləti adından, Türkiyədə, Anadoluda yaşayan 60 milyon türkün adından və bir də Azərbaycanda yaşayan 5 min türkün adından minnətdarlığımı çatdırmaq istəyirəm.

Başda zati-aliləriniz olmaqla Azərbaycan xalqının Türkiyədə baş vermiş bu zəlzələ nəticəsində fəlakətə uğrayan insanların acısına göstərdiyi yaxınlığa görə mən Sizə minnətdarlığımızı çatdırmaq istəyirəm.

Hörmətli cümhur başqanım, bu zəlzələ 17 avqust gecə saat 3-də baş verdikdən çox az bir zaman keçdikdən sonra başda zati-aliləri, Siz olmaqla, baş nazir, onun müavinləri, nazirlərin hamısı, zavodların direktorları, komitələrin sədrləri, deputatlar, tanınmış ziyalılar, yüzlərlə kişi, xanım, Dövlət Əmlak Komitəsinin sədri səfirliyə gələrək bizə başsağlığı verdilər. Onlara dedim ki, mən də sizə başsağlığı verirəm. Çünki bu, iki eyni millətdir, iki qardaş və dost dövlətdir.

Hörmətli cümhur başqanım, mən 18-19 aydır ki, burada səfir kimi işləyirəm. Buraya gəlməmişdən əvvəl və buraya gəldikdən sonra da bu iki qardaş dövlətin, millətin bir-birinə olan məhəbbətinin rəmzlərini görmüşdüm. Amma iki millətin bir-birinə bu qədər məhəbbəti olduğunu bu dəfə öz gözlərimlə gördüm. Zati-aliləriniz başda olmaqla dövlətin yüksək vəzifəli şəxslərinin başsağlığı verməsi, yardım, kömək göstərməsi bu yerdə təbii bir işdir. Amma mən Sizə məlumat vermək istəyirəm ki, artıq zəlzələdən 9 gün keçməsinə baxmayaraq bizim səfirliyin telefonları hələ də susmayıbdır. Minlərlə insan - ağsaqqal, qadın, uşaq, kişi, xanım - hamısı səfirliyimizə özləri gələrək başsağlığı verdilər. Bununla bərabər minlərlə insan qan, pul vermək üçün bizə müraciət etdi. Bizə ən çox təsir göstərən o oldu ki, bəzi insanlar dedilər ki, bizim pulumuz yoxdur, amma icazə verirsinizsə, biz fəhlə kimi gedib Türkiyədə zəlzələnin dağıntıları altında qalmış insanları xilas etmək, çıxarmaq istəyirik. Balaca qızlar, oğlanlar gəldilər. Onlar yaxın günlərdə məktəbin açılışı ilə əlaqədar özlərinə aldıqları geyimləri, dəftər-qələmləri, məktəb ləvazimatlarını Türkiyədə zərər çəkən kiçik uşaqlara ərmağan etmək üçün gətirib bizə verdilər. Bəzi uşaqlar içərisinə pul yığdıqları qutuları "Türkiyəyə göndərin" deyə bizə bağışladılar. Belə halların sayı-hesabı yoxdur. Mən bunları təsvir etməkdə acizəm. Bu, bir məhəbbətin göstəricisidir.

Zati-aliləri, yəqin ki, televiziyada görmüsünüz, - müxtəlif ölkələrdən, 50-dən artıq ölkədən Türkiyəyə yardım göstərildi. Amma mən heç sanmıram ki, Bakıda olduğu kimi, başqa yerlərdəki səfirliklərimizdə bu qədər sayda insan özü müraciət etsin. Məncə bu, iki dövlətin, iki millətin bir-birinə olan ən gözəl ifadəsidir. Bu baxımdan, bir daha zati-alilərinizin şəxsində Azərbaycan xalqına öz minnətdarlığımı və millətimin minnətdarlığını çatdırmaq istəyirəm.

Mən bu barədə Türkiyədəki televiziyalara və qəzetlərə də müsahibə verdim.

Hörmətli cümhur başqanım, Sizin buyurduğunuz kimi, hesab edirəm ki, orada rəhmətə gedən insanları geriyə qaytarmaq mümkün deyildir. Amma yerdə qalanlara Azərbaycan xalqının bu qədər yaxın olması onların acılarını, kədərlərini hər halda bir az aşağı endirmişdir.

Hörmətli cümhur başqanım, icazənizlə onu da deyim ki, bu fəlakətə duçar olan insanlara kömək etmək üçün Sizin tapşırığınızla baş nazirin müavini Abid Şərifovun başçılığı ilə bir təyyarə həkimin və xilasetmə işlərinə kömək etmək üçün gedən hərbçilərin Türkiyədə etdikləri yardımlara görə Sizə təkrar təşəkkür etmək istəyirəm. Məndə olan məlumata görə, 40-dan artıq insanı dağıntıların arasından xilas edib həyata yenidən qaytarmış o insanların göstərdikləri yardım inanılmaz dərəcədədir. Yenə Sizin tapşırığınızla göndərilən 2 min ton yanacaq bu gün Batumi limanına çatmışdır. Güman edirəm ki, sabah Türkiyədən gələn gəmi onu lazımi yerə çatdıracaqdır.

Hörmətli cümhur başqanım, Sizə özəl bir təşəkkür də etmək istəyirəm. Bunu daxili işlər nazirinə özüm demişəm. Amma Sizə də çatdırmaq istəyirəm. Bilirsiniz ki, neft emalı zavodunda böyük bir yanğın baş vermişdi. Bu yanğına texniki baxımdan bəzi ölkələrdən yardım da gəldi. Amma Azərbaycandan Yanğın Təhlükəsizliyi İdarəsinin bir briqadası getmişdi. Mən oradakı zavodun sədri ilə görüşdüm. O mənə dedi ki, bu briqadanın üzvləri canlarından keçərək, özlərini yanğının içinə ataraq ən böyük şücaəti göstərmişlər. Mən Sizə bu sahədə də minnətdarlığımı bildirmək istəyirəm. Bu, çox böyük bir işdir. Dedilər ki, onlar ancaq öz məmləkətlərində bu qədər qəhrəmanlıq göstərə bilərdilər.

Məlumat verim ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu gün dərmanlardan, paltarlardan və digər əşyalardan ibarət yardım təyyarə ilə Türkiyəyə göndərilmişdir. Hörmətli cümhur başqanım, bundan başqa, eşitmişəm ki, Müdafiə Nazirliyinin, Dövlət Yol Polisinin, Elmlər Akademiyasının əməkdaşları, Bakı Dövlət Universitetinin professorları, Respublika Prokurorluğunun, Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin bütün işçiləri, eləcə də ayrı-ayrı adamlar və mənim bilmədiyim minlərlə insan müxtəlif banklarda açılan hesablara öz əmək haqlarından Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara yardım üçün pul köçürmüşlər. Bundan əlavə, siyasi partiyalardan, qadın cəmiyyətlərindən, rayonlardan yüzlərlə insan səfirliyə başsağlığı verməyə gəldi.

Mən duyğularımı Sizə çatdırmaqda acizəm. Bunun üçün bir daha zati-alilərinizin şəxsində Azərbaycan xalqına təşəkkürlərimi bildirirəm. Dostlar, qardaşlar belə gündə tanınır.

Hörmətli cümhur başqanım, bir şeyi də demək istəyirəm. Türkiyə televiziya kanallarına baxdıqda içimdən belə bir duyğu keçdi ki, türk milləti harada olursa-olsun belə çətin günündə mütləq dözümlülük göstərir, bir araya gəlir. Arzu edirəm ki, təkcə çətin gündə deyil, yaxşı gündə də bir-birimizə belə kömək edək, sevgimizi göstərək, məhəbbətimizi bu şəkildə ifadə edə bilək.

Mən zati-alilərinizi yüz faiz əmin edirəm ki, türk xalqı bunun altından qalxacaq. Biz üç min illik tariximizdə neçə belə faciələr keçirmişik. Bizim Anadolu türkcəsində gözəl bir məsəl vardır. Deyirlər ki, hər müsibətdən bir nəticə çıxarmaq lazımdır. Güman edirəm ki, dövlətimiz bu bəladan mütləq bir nəticə çıxaracaq, dərs alacaqdır. İstərdim ki, bundan sonra heç bir yerdə belə bir fəlakət olmasın. Amma əgər olarsa da, bu qədər insan itkisi olmasın. Tam əminəm ki, türk dövləti, milləti bu ağır vəziyyətdən çıxacaqdır. Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Mənə verdiyiniz məlumatlara və bu münasibətlə, zəlzələnin vurduğu ziyanın aradan qaldırılmasında Azərbaycan xalqının gördüyü işlərə verdiyiniz qiymətə görə təşəkkür edirəm.

Bilirsiniz, bu, təbiidir. Çünki bizim xalqımız bir xalqdır, mən bunu dəfələrlə demişəm. İnsanların hər birinin, o cümlədən bütün xalqın qəlbində olan duyğular, hissiyyatlar, məhəbbət məhz belə günlərdə, belə vaxtlarda özünü büruzə verir.

Biz dəfələrlə demişik, - Azərbaycan öz dövlət müstəqilliyini alandan sonra bizim imkanlarımız var idi bir müstəqil dövlət kimi deməyə, - dəfələrlə demişik, hər dəfə də təkrar edirik: Türkiyə-Azərbaycan dostluğu əbədidir, sarsılmazdır. Mən bu sözləri Ankarada da demişəm, İstanbulda da demişəm, bu sözləri burada da demişəm. Bu sözləri təkcə mən demirəm, bizim xalqımız deyir. Eyni zamanda bu sözləri Türkiyə xalqı deyir, Türkiyənin dövlət başçıları deyir. Bax, bunlar buna sübutdur. Yəni artıq bu, söz deyil, real həqiqətdir ki, doğrudan da bizim dostluğumuz, qardaşlığımız həqiqi dostluqdur, həqiqi qardaşlıqdır. Bu, dövlətlərarası əlaqələrdən qat-qat üstün bir şeydir. Bu günlərdə bunun hamısı özünü büruzə verdi, hamısı özünü göstərdi və nümayiş etdirildi.

Doğrudan da, bizim dövlət tərəfindən nə lazımdır, dərhal mən etdim. Siz bunu bilirsiniz. Ancaq mənim dövlət başçısı kimi atdığım addımları xalq nəinki dəstəklədi, kim özü nə mümkündür onu da etdi. Siz bunların hamısını gözəl ifadə etdiniz. Mən hesab edirəm ki, bu, bizim qardaşlıq borcumuzdur. Başqa cür də ola bilməzdi.

Məsələn, iki gün bundan öncə mən əziz dostum, hörmətli cümhur başqanı Süleyman Dəmirəl ilə telefonla danışırdım. Mən Cenevrədən dönəndən sonra o, mənə telefon etmişdi. Mənə söylədi ki, 60-dan çox ölkədən yardım, nümayəndələr gəlmişdir. Bu, təbiidir, çünki fəlakət böyükdür. Dünyada insanlar, ölkələr bir-birinə münasibətdən asılı olmayaraq belə fəlakət zamanı bir-birinə kömək edirlər. Bu 60 dövlətin içərisində bizim köməyimizin miqdarının nə qədər olduğunu deyə bilmərəm, ancaq bu işə səmimi, ürəkdən, candan yardım edən, bu işə qoşulan, yəni orada hər bir işi öz ailəsinin işi kimi, öz xalqının işi kimi görən, şübhəsiz ki, Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir. Mən başa düşürəm, burada siz bu sözləri deyirsiniz və mən də bunu məmnuniyyətlə qəbul edirəm. Ancaq eyni zamanda bunun əvəzində, bunun müqabilində mən dedim ki, bu, bizim borcumuzdur və başqa cür ola da bilməzdi.

O ki qaldı bizim oraya gedən rəsmi adamlara, məndə də çox məlumatlar var ki, onlar orada çox işləyiblər, yaxşı işlər görüblər. O neftayırma zavodunda yanğının söndürülməsinə köməyi siz dediniz. O yanğını ilk dəfə biz bilmədik. Çünki mən birinci təyyarədə əsas lazım olan adamları, bir də həkimləri göndərdim. Bizim baş nazirin müavini Abid Şərifovun üzərinə vəzifə qoydum ki, sən get, bu işi təşkil et.

Mən başa düşürəm, orada belə hallarda çox çətin olur. Çünki dövlətdir, hökumətdir, hökumət orqanlarıdır - bunlar hərəsi öz işi ilə məşğuldur. Amma kənardan gələn bir adamı buraya qatmaq bir qədər çətindir. Ona görə də mən bş nazirin müavinini bu işə təyin etdim. Onlar da getdilər, tezliklə əlaqələr qurdular və kömək etdilər. Amma sonra mənə xəbər verdilər ki, yanğınsöndürənlər lazımdır və o yanğını söndürmək üçün bir çox ləvazimatlar lazımdır. Biz dərhal onları da göndərdik.

Məsələn, əgər bilsəydik ki, o yanğınsöndürənlər həmin gün lazımdır, o gün də göndərə bilərdik. Biz bunu sonra bildik və onları da göndərdik. Bunlar hamısı bizim borcumuzdur və bundan sonra da nə mümkün olacaq, fəlakətin yaratdığı bütün çətinlikləri aradan qaldırmaq üçün Azərbaycan əlindən gələni edəcək və Azərbaycan mənəvi cəhətdən daim türklərlə bərabər olacaqdır. Biz heç vaxt bu hissiyyatlardan ayrılmayacağıq.

Məsələn, siz danışdınız. Bunların çoxunu bəlkə mən bilmirəm ki, sadə insanlar gəlib sizə öz yardımlarını göstərirlər. Ola bilər, o işin həll olunması üçün bu yardımın o qədər də gücü yoxdur. Amma bu, insanların münasibətini göstərir. Yəni bu, mənim üçün çox sevindirici haldır. Onu ki, dövlət etdi, hökumət etdi - o aydındır. Amma onu ki, hər bir vətəndaş edir, hər bir azərbaycanlı edir, - bu, mənim üçün ən qiymətlidir. Çünki müstəqil Azərbaycanın dövlət başçısı kimi mənim Türkiyə ilə Azərbaycan arasındakı dostluq əlaqələrində apardığım siyasətin konkret göstəricisi bax, budur. Yəni bu, söz deyildir. Bu, şüar deyildir. Bu, kiməsə xoş gəlmək üçün deyildir. Budur bizim xalqımızın daxilində olan hissiyyatlar. Mənim də bir dövlət başçısı kimi bu hissiyyatları bilərək onları təmsil etmək, dünyaya bildirmək borcumdur və mən də bunu edirəm. Yəni mən bunu təkcə özümün fikirlərimlə yox, xalqımın fikrini ifadə edərək deyirəm.

Yenə də deyirəm, gərək bəla olmasın, fəlakət olmasın. Ancaq belə hallarda insanlar çox böyük sınaqlardan keçirlər. Həm dövlət sınaqdan keçir, həm hökumət sınaqdan keçir, hər bir insan sınaqdan keçir, həm də ki, dostlar sınaqdan keçir. Bu dostluğun, necə deyərlər, ən gözəl, səmimi, həqiqi olmasını sübut edən, bax, bu ağır vaxtda olan əlaqələrdir. Ona görə, mən bir daha deyirəm ki, keçmiş olsun. Bundan sonra da biz nə lazımdır edəcəyik və güman edirəm, Türkiyə hökuməti bu ağır dövrü yaşayıb keçəcəkdir.

Əziz dostum, cümhur başqanı Süleyman Dəmirəl mənimlə danışanda bunu xüsusi qeyd etdi. Dedi ki, sizin yardımınız Türkiyədə çox yararlı oldu. O da mənə xüsusən neftayırma zavodundakı yanğının söndürülməsini, həkimlərin işlərini dedi. Onların çoxunu bilir. Bunları xüsusi qeyd etdi və təşəkkürünü bildirdi. Mən də çox məmnunam ki, biz bu günlər bir yerdəyik və bundan sonra da bir yerdə olacağıq.

Qədri Ecvet Tezcan: Axır qəminiz olsun.

Heydər Əliyev: Sizin də son qəminiz olsun. Bir daha deyirəm, keçmiş olsun. Sağ olun.

"Azərbaycan" qəzeti, 27 avqust 1999-cu il.