Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Rəisi, ordu generalı İsmayıl Haqqı Qaradayı ilə görüşdəki söhbətindən - İstanbul, "Ceylan interkontinental" oteli, 14 fevral 1998-ci il


İsmayıl Haqqı Qaradayı: Cənab prezident, xoş gəlmişsiniz. Bu gün mən Sizinlə görüşməyimdən böyük şərəf duyuram. Sizi "Dünyada ilin adamı" fəxri adına və digər yüksək mükafatlara layiq görülməniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Hörmətli Heydər Əliyev, Siz dünya ictimaiyyəti içərisində tanınmış və çox hörmət qazanmış şəxsiyyətsiniz. Siz bütün Türk dünyasında böyük və layiqli nüfuz qazanmışsınız.

Heydər Əliyev: Xoş və səmimi sözlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Türkiyəyə səfərimiz zamanı biz burada çox böyük qonaqpərvərlik və insanpərvərlik gördük. Xüsusən əziz dostum və qardaşım Süleyman Dəmirəlin böyük qayğısı, xüsusi diqqəti məni heyran etdi.

İsmayıl Haqqı Qaradayı: Bizim ölkələrimiz - Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir.

Heydər Əliyev: Xalqlarımızın birliyinin, qardaşlıq və dostluq əlaqələrinin çox qədim tarixi kökləri vardır. Əsrlər boyu xalqlarımız bir olmuş, çiyin-çiyinə vermişlər. Türkiyəyə ən yaxın dost və qardaş olan Azərbaycan Respublikası indi müstəqil bir dövlətdir. Azərbaycan bəşəri dəyərlər əsasında demokratik hüquqi dövlət quruculuğu yolu ilə gedir. Azərbaycanın iqtisadiyyatı azad iqtisadiyyat yolu ilə gedəcəkdir. Azərbaycan dünyada sınanmış, artıq öz müsbət nəticələrini vermiş olan iqtisadi-sosial və ictimai-siyasi sistem yolu ilə gedəcəkdir.

İsmayıl Haqqı Qaradayı: Cənab prezident, Türkiyə Cümhuriyyətinin tarixinə nəzər salarkən qeyd edim ki 1923-cü ildə Türkiyədə demokratik cümhuriyyət yaradılmışdı. Sonralar bir neçə il lazım oldu ki, Mustafa Kamal Atatürkün rəhbərliyi ilə yeni-yeni islahatlar keçirildi. Türkiyədə həqiqi demokratik cəmiyyət quruldu. Demokratik dövlətə xas olan bütün cəhətlər mərhələ-mərhələ yaradıldı.

Heydər Əliyev: Bu bizim üçün, Azərbaycan Respublikası üçün təcrübə məktəbidir. Siz bilirsiniz ki, keçmiş Sovetlər Birliyinin indi öz müstəqilliyini əldə etmiş digər respublikaları kimi, Azərbaycan da dərin iqtisadi-sosial böhran içərisindədir. Bu böhran ona görədir ki, Azərbaycan müharibə şəraitindədir. Ermənistanın silahlı qüvvələri Azərbaycan torpaqlarının bir qismini işğal edib. Sizə bildirmək istəyirəm ki, Azərbaycan Respublikası sülhsevər siyasəti aparır. Biz Ermənistanla olan bu müharibəyə son qoymaq, xalqımızı bu müharibədən xilas etmək istəyirik. Əmin ola bilərsiniz ki, biz erməni işğalçılarını öz torpağımızdan qovmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Şübhəsiz ki, biz bundan sonra da sülh, barışıq yolu ilə, danışıqlar yolu ilə məsələni həll edib erməni işğalçılarının Azərbaycan torpaqlarından çıxmasına çalışacağıq. Büna görə də biz ordu quruculuğuna fikir veririk, ordumuzu möhkəmləndiririk. Ordumuz torpaqlarımızı müdafiə etməyə, işğal olunmuş ərazilərimizin hamısını geri qaytarmağa qadirdir. Ancaq biz çalışırıq ki, məsələni beynəlxalq təşkilatların, eyni zamanda ATƏT-in Minsk qrupunun çərçivəsində həll edək.