Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyədə layiq görüldüyü "Dədə Qorqud", "İnsan haqları" mükafatlarının, "İpək yolu" vaqfinin fəxri üzvü diplomunun və mükafatının təqdimetmə mərasimində çıxışı - Prezident sarayı, 5 sentyabr 1998-ci il


"Dədə Qorqud" mükafatı mənim üçün əzizdir. Çünki Dədə Qorqud bizim hamımızın babamızdır, atamızdır. Azərbaycanda Dədə Qorqud adı hamı üçün əzizdir. Türkiyədə məlumdur ki, mən "Dədə Qorqud" dastanının, əfsanəsinin 1300 illik yubileyini keçirmək məqsədi ilə mühüm qərarlar qəbul etmişəm, yubiley komissiyası təşkil olunubdur. Biz bunu YUNESKO ilə birlikdə beynəlxalq səviyyədə keçirəcəyik:

Bayqurtluların bu təşəbbüsləri bizim hamımızın müştərək işimizin bir hissəsidir. Onların Dədə Qorqud simasını bu heykəldə əks etdirməsi və bu mükafatı mənə verməsi mənim üçün çox əhəmiyyətlidir.

Azərbaycanda insan haqlarının qorunması həm dövlətin, həm də ictimaiyyətin fəaliyyətində əsas yer tutur, demokratik, hüquqi, dünyəvi dövlət quran Azərbaycanda insan haqlarının qorunması sahəsində çox işlər görülmüşdür, ölkəmizdə ölüm hökmünün ləğv olunması bu sahədə çox ciddi və dəyərli bir addım kimi qiymətləndirilir. İnsan haqları ilə əlaqədar 1948-ci ildə qəbul olunmuş bəyannamənin 50 illik yubileyinin BMT tərəfindən keçirilməsində Azərbaycan da iştirak etmiş və bu barədə ölkəmizdə bir çox tədbirlər görülmüşdür. Bu sahədə görülən işlərə İzmirdə verilən yüksək qiymətə görə minnətdarlığımı bildirirəm.

Qədim Böyük İpək yolunun bərpası tarixi hadisə olmuşdur. Bunun üçün Azərbaycanda xeyli iş görüldüyünü nəzərə çarpdırmaq istəyirəm. Azərbaycan İpək yolu xəttində mühüm yer tutur. Keçmişdə Böyük İpək yolu mövcud olan zaman Azərbaycan burada öz əhəmiyyətli rolunu oynayıbdır. Bu gün onun bərpasında da Azərbaycan fəal iştirak edir. Bu sahədə görülən işlər dünyada məlumdur. Azərbaycanın təşəbbüsü ilə Avropa Komissiyası ilə birlikdə sentyabrın 7-8-də Bakıda Böyük İpək yolunun bərpasına dair beynəlxalq konfrans keçiriləcəkdir. Bu tədbirin yüksək səviyyədə keçəcəyinə ümidvar olduğumu bildirirəm. Bunun üçün xeyli hazırlıq işləri görüldüyünü və konfransda mühüm sənədlər qəbul ediləcəyini vurğulayıram.

Türkiyənin "İpək yolu" Vaqfı bu sahədə Azərbaycanda görülən işlərə diqqət yetirdiyinə və məni bu münasibətlə mükafatlandırdığına görə təşəkkür edirəm. Mən bu mükafatı məmnuniyyətlə qəbul edirəm. Bunlar, yəni mənim fəaliyyətimə göstərilən bu qayğı, diqqət Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişaf etməsinə bundan sonra da xidmət edəcəkdir və bu sahədə bizim müştərək işlərimiz üçün çox böyük əhəmiyyətə malikdir. Rica edirəm ki, Bayqurt və İzmir bələdiyyələrinin rəhbərlərinə, İpək yolu Vaqfının nümayəndələrinə və bütün Türkiyə vətəndaşlarına minnətdarlığımı, salamımı, ən xoş arzularımı, hörmət və ehtiramımı çatdırasınız.