Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beyləqan rayonunda ictimaiyyətin nümayəndələri ilə görüşdə və hərbçilərin müşavirəsində çıxışları - 9 aprel 1994-cü il


Əziz həmvətənlər, siz buraya mənim gəlişim münasibətilə toplaşmısınız. Yəqin mənimlə görüşmək, öz sözlərinizi demək istəyirsiniz. Eyni zamanda bunu belə başa düşürəm ki, mənə öz münasibətinizi bildirmək niyyətindəsiniz. Sizi ürəkdən salamlayıram, buraya toplaşdığınıza görə hamınıza təşəkkür edir, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Bu gəlişimdən əsas, birinci məqsəd bölgədə vəziyyəti öyrənmək, burada yaşayan qaçqınlarla görüşmək, onların şəraiti ilə yaxından tanış olmaqdır. Azərbaycan torpaqlarını müdafiə edən ordumuzun dayandığı yerlərdə işlərlə də tanış olmaq və ordunun qayğıları ilə məşğul olmaq fikrindəyəm. Respublikamız öz tarixinin çox ağır bir dövrünü yaşayır. Bir tərəfdən iqtisadi böhran, iqtisadi çətinliklər, digər tərəfdən isə bizim üçün ən ağır cəhət respublikamızın müharibə şəraitində olması, torpaqlarımızın bir qisminin işğal edilməsidir. Ona görə də orduya qayğı, hörmət, onun bütün problemlərini vaxtında həll etmək, eyni zamanda, ordunun daxilində quruculuq işini, nizam-intizamı möhkəmləndirmək hamımızın və xüsusən dövlətin, o cümlədən bir prezident kimi mənim əsas borcum və əsas vəzifəmdir. Mən bu gün səhər bölgədəki hərbi hissələrə getmişəm, səngərlərdə əsgər və zabitlərimizlə görüşmüşəm, vəziyyətlə tanış olmuşam.

İndi sizin Beyləqan rayonu, demək olar ön cəbhədədir. Yadınıza salın, vaxtında lazımi tədbirlər görməsəydik, yəqin ki, camaat Beyləqan rayonundan da köçmüş olardı. Əgər köçənlər varsa, onlar səhv edirlər. Torpağı unutmaq, atmaq olmaz. Torpağı qorumaq, torpaq uğrunda həlak olmaq insan üçün böyük şərəfdir. Torpağını, elini-obanı, yurdunu-yuvanı qoyub qaçmaq isə yaramaz haldır!

Yadımdadır, bir dəfə, buraya mərmi düşmüşdü. Bizə xəbər gəldi ki, beyləqanlılar da yerindən qopub köçmək istəyirlər. Mən dərhal orduya əmr verdim ki, lazımi tədbirlər görsünlər. Eyni zamanda rayon rəhbərlərinə xəbərdarlıq etdim ki, bu fitnəkarlığın, təxribatın qarşısı alınmalıdır.

Yaxşı ki, o vaxtlar bu halların qarşısı alındı, siz öz yerinizdə qalıb yaşadınız. Sizi əmin edirəm ki, arxayın yaşaya bilərsiniz. Qoy heç kəs narahat olmasın, heç kəs!

Bu gün mən Füzuli rayonuna gedib, ön cəbhədə, ermənilərin bir kilometrliyindəki səngərlərdə oldum. Hərbi hissələrə getdim, hər şeyə baxdım, yoxladım. Bildiyiniz kimi, mən buraya bir dəfə də gəlmişdim. Onda da Füzuli rayonuna getdim, səngərlərdə oldum. Amma ordumuz həmin kəndlərdən, həmin səngərlərdən Horadizə doğru 40 kilometr irəliləmişdir. Bəli, 40 kilometr!

Oradan erməniləri qovublar, kəndlər boşalıbdır. İrəliLəyiş tək orada olmayıb, başqa istiqamətlərdə də irəliləmişik. Bəzi yerlərdə 40 kilometr, digər yerlərdə 30 kilometr. Ümumiyyətlə, götürsək, görərik ki, ordumuz cəbhə xəttinin 120 kilometri boyunca irəliləmişdir.

Bu gün mən əsgərlərlə də, zabitlərlə də danışdım. Ordumuz orada möhkəm, etibarlı dayanmışdır. Narahat olmayın. Beyləqan, edəcə də Azərbaycanın bütün bu ərazisi etibarlı müdafiə edilir və ediləcəkdir. Bilirsinizmi, ortadakı təxribatçılar, araqarışdıranlar Azərbaycanın bəlasıdır. Belələri dünən də olublar, bu gün də var, həmişə olublar. Lakin siz onların dediklərinə, əməllərinə uymayın, onlara fikir verməyin. Yenə də deyirəm, torpağını qoruyub, öz yurdunda həlak olmaq, torpağını qoyub qaçmaqdan qat-qat şərəflidir.

Məsələn, Füzuli rayonunun bir çox kəndləri azad edilibdir. Amma bu kəndlər boşdur. Üzüm bağlarına baxıram, hamısı başlı-başına qalıb. Biz vaxtilə o üzüm bağlarını böyük əzab-əziyyətlə saldırmışdıq. İndi oradan, ön cəbhədən, səngərlərdən gələndə baxıram, - bu bağlar necə də kimsəsiz qalıb. Bəs gedib o bağlara qulluq etmək, becərmək, oradan məhsul götürmək lazım deyilmi?

Torpağı da belə unutmaqmı olar? Belə yaramaz axı! Bəs necə olur ki, ermənilər

Leninakandan, Yerevandan, Kirovakandan gəlib burada vuruşur, həlak olurlar? Bu gün Füzuli rayonunda olarkən əsgərlərimiz, zabitlərimiz mənə dedilər ki, əsir tutulmuş ermənilərdən haradan olduqlarını soruşublar. Biri deyib ki, Leninakandanam, biri deyib ki, Kirovakandanam... Onlar burada yaralanır da, əsir də düşür. Amma biz burada öz yerimizi, kəndimizi qorumayaq. Buna nə ad vermək olar?! Yaxud da ki, kəndlər azad edilibdir, amma evlər boşdur. Gedib orada yaşamaq, təsərrüfatları bərpa etmək lazımdır. Nəyi gözləyirsiniz?

Buna görə də mən sizə bildirmək istəyirəm ki, birincisi, - beyləqanlılar rahat yaşaya bilərlər. Öz işlərinizlə, təsərrüfatla məşğul olun, səmərəli iş görün və heç nədən nigarançılıq keçirməyin. İkincisi isə, bu gün mən Füzuli rayonunun rəhbərləri ilə danışacağam. Rayonun kəndlərinin çoxusu azad edilibdir, amma boş qalır. Təsərrüfatlar viran olublur. Gedib bağlara, əkinlərə, təsərrüfatlara baxmaq lazımdır. Dediyim kimi, buraya gəlişimdən əsas məqsəd cəbhədəki əsgər və zabitlərimizlə görüşməkdir. Biz onlarla bu gün də görüşdük, sabah da görüşəcəyik. Gərək hamımız orduya kömək edək. Hamımız! Hər bir kəs gərək orduya kömək etsin! Orduya qayğı göstərmək lazımdır. Hər bir əsgərə, hər bir zabitə hörmət etmək görəkdir. Ordu xalqımızın bir hissəsidir. Döyüşçülərimiz bizi müdafiə edən, özünü şəhid edən, özünü güllə qabağına verən adamlardır. Şübhəsiz ki, onlara xüsusi hörmət, xüsusi ehtiram, xüsusi qayğı lazımdır. Məsələn, dekabr ayından bu vaxtadək bir briqadada 160 adam həlak olub, bir neçə yüz nəfər yaralanıb və müalicədədir. Axı bu insanların qanı tökülüb, onlar sizi, bizi, bu vətəni, bu torpağı qoruyarkən həlak olublar. Bəziləri şikəst olub, bəzilərinin isə yarası yüngüldür. Onlar müalicədən sonra ya orduya qayıdacaq, ya da başqa sahələrdə çalışacaqlar. Amma gedən gedibdir. Dediyim kimi, bir hissədən 160 nəfər həlak olubdur. Düzdür, o tərəfdə erməni quldurlardan, erməni

silahlı qüvvələrindən 3-4 dəfə çox qırılıb. Lakin bizim üçün hər bir şəhidimiz, vətən yolunda çan qoyan hər bir adam əzizdir.

Əgər adamlarımız səngərdə ağır şəraitdə vuruşursa, özünü şəhid edirsə, qanını tökürsə, həlak olursa, demək bu, bizim Azərbaycan xalqının başucalığıdır. Odur ki, belə adamlara, bütövlükdə ordumuza hamı qayğı göstərməlidir, hamı kömək etməlidir. Hər birvətəndaş, xüsusən rayon rəhbörləri, vəzifəli şəxslər. Bu gün mənə dedilər ki, oradakı batalyonların döyüşçülərinin əksəriyyəti Beyləqan və İmişli rayonlarının nümayəndələridir. Amma fərarilər də çoxdur. Əksəriyyəti də yenə Beyləqan və İmişli rayonlarındandır.

Bu gün mən cəbhədəki döyüşçüləri - Azərbaycan oğullarını gördükdə ürəyim dağa döndü. Onların arasında sizin Beyləqandan da, İmişlidən də, habelə Astaradan, Xaçmazdan, Bakıdan, başqa yerlərdən də olanlar var. Onlar gəlib vuruşurlar. Halbuki onların da öz ev-eşiyi, ailəsi var, hərəsi 30-35 yaşındadır. Onlar mənim ötən il noyabr ayındakı çağırışıma qoşulub gəliblər, burada qulluq edirlər.

Amma belə oğullarla yanaşı, qaçanlar da var. Silahı götürüb qaçanlar da az deyildir. Fərarilik edənlər var. Fürsətdən istifadə edib demək istəyirəm ki, Beyləqan rayonundan, eləcə də İmişli rayonundan olan fərarilər də var. Siz özünüz səngərlərə çox yaxın olduğunuz halda, övladlarınızı oraya - Vətəni, eli-obanı qorumağa göndərməyəcəksinizsə, bəs sizi kim qoruyacaqdır? Yoxsa, buradan çıxıb qaçmaq istəyirsiniz? Belə şeylər yaramaz.

Buna görə də sizə müracət edirəm, o fərarilərə müraciət edirəm. Onlar çox səhv yoldadırlar. Xalqın bu ağır günündə qaçıb gizlənmək olmaz. Belə yaşamaq heç də yaşamaq deyildir. O fərarilərin validenylərinə üz tuturam: Ayılın, başa düşün, bilin - xalqımız, Vətənimiz böyük təhlükə qarşısındadır. Biz ya erməni silahlı qüvvələrini vurub torpaqlarımızdan çıxarmalıyıq, ya da əgər belə olmasa və hərə bir tərəfə qaçsa, fərarilik etsə - onda, şübhəsiz, torpaqlarımız əldən gedəcək, onda nə Azərbaycan olacaq, nə siz olacaqsınız, nə də mən.

Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır. necə ola bilər ki, belə bir həlledici mərhələdə, Azərbaycanın müstəqil dövlət olduğu, xalqın azadlığa çıxdığı bir dövrdə öz torpaqlarımızı müdafiə etməyə qadir olmayaq? Bizim öz torpaqlarımızı qorumaq imkanlarımız var! Buna Azərbaycan xalqının qüdrəti, rəşadəti tamamilə imkan verir. Ordumuz da qurulur, möhkəmlənir. Bu ordu daha keçən ilin yayındakı, yazındakı ordu deyildir. Daha heç kəs erməni tankı görən kimi pərən-pərən düşüb qaçmır. Biz erməni silahlı qüvvələrinin hücumunu dayandırdıq, bundan sonra ordumuz düşmənə sarsıdıcı zərbələr vurdu, onu geri oturtdu. Füzuli rayonunda torpaqlarımızın bir qismi geri alınıbdır, erməni işğalçıları oradan qovulubdur. Lakin bu, işin yalnız başlanğıcıdır Qarşıda Füzuli rayonunun digər hissələri var, Cəbrayıl var, Zəngilan, Qubadlı var, o yandan Ağdam, digər rayonlar var. Bunların hamısını ancaq biz azad etməliyik. Kənardan heç kəs gəlib bu işləri bizim yerimizə görməyəcəkdir. Ona görə də mən sizə müraciət edirəm. Orduya daim diqqət, qayğı göstərilməlidir, hərbi xidmət etməli olan adamlar orduda olmalıdır. Sizin hər biriniz fərariləri üzə çıxarmalı, onları utandırmalı, başa salmalı, lazım gələrsə, cəzalandırmalısınız. Elə siz özünüz, valideynlər, qohum-qonşu belələrini gərək utandırasınız, deyəsiniz ki, sənin yerin səngərdədir, ön cəbhədədir. Sən oraya getməlisən ki, torpağın erməni tapdağına çevrilməsin, işğalçıların əlinə keçməsin.

Sən getməlisən ki, erməni işğalçıları torpaqlarımızdan rədd olub çıxsınlar. Qarabağ azad edilsin, Şuşa, Füzuli, Ağdam azad olsun. Bunu biz etməliyik. Mən bilirdim ki, burada fərarilər var, amma onların bu qədər olduğunu bilmirdim. Bu məni çox incitdi, çox narahat etdi. Sizə üz tuturam, bir daha deyirəm ki, Beyləqan, İmişli rayonlarından fərarilərin həddindən çox olması məni təəccübləndirir və belə hesab edirəm ki, bu hal sizə də hörmət qazandırmır, sizin üçün başucalığı deyildir.

Yəqin ki, respublikada gedən proseslər barədə mətbuatdan, radio və televiziyadan xəbərdarsınız. İqtisadiyyatda çətinliklər var. Lakin bütün bunlarla yanaşı, xalqımız yaşayır, dövlətimiz müstəqil dövlətdir və Azərbaycan xalqı öz taleyinin sahibidir. Gərək bu ağır dövrdə hərə öz sahəsində var qüvvə ilə işləsin. Sizin Beyləqan rayonu böyük kənd təsərrüfatı rayonudur, pambıqçılıq rayonudur. Bu yaxınlarda biz kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirdik. Daha sonra pambıqçılıq rayonları rəhbərlərinin müşavirəsini çağırdıq. Çiyid səpini artıq başlanmışdır. Səpini də, digər kənd təsərrüfatı işlərini də yaxşı, səmərəli aparmalısınız ki, bol məhsul götürək. Əks halda iqtisadiyyatda vəziyyət bu il daha da pisləşəcəkdir. Belə olan halda isə əhalinin yaşayışı, dolanacağı da ağır olacaqdır. Mən sizin hamınızı yaxşı işləməyə çağırıram, hamınızı respublikanın möhkəmlənməsi naminə gərgin fəaliyyətə dəvət edirəm. Qoy xalqımız, cəmiyyətimiz yekdil olsun, həmrəy olsun. İçimizdə olan təxribatçıları, araqarışdıranları ifşa etmək lazımdır, onları sıralarımızdan çıxarmaq lazımdır.

Azərbaycanda sağlam siyasi-ictimai şərait yaranmışdır. Lakin bu şəraiti möhkəmləndirmək görəkdir. Bütün bunlar sizli-bizli hamımızın, bütün Azərbaycan vətəndaşlarının əl-ələ verib birgə çalışmasından asılıdır, vətəndaş həmrəyliyindən, milli həmrəylikdən asılıdır. Mən sizi buna dəvət edirəm. Bir daha hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, siz mənim bu sözlərimi düzgün başa düşəcək və çalışacaqsınız ki, həm ordunu möhkəmləndirək, həm orduya qayğını artıraq, həm də təsərrüfat işlərini yaxşı aparaq.

* * *

Müharibədə kim güclüdürsə, o da qalib gəlir. Güclü olmaq üçün Azərbaycanın da imkanları çoxdur. Bu imkanlardan indiyədək lazımınca istifadə olunmayıb. Son vaxtlar ordu quruculuğu işi müvəffəqiyyətlə davam edir, ordumuz formalaşır. Bu işdə zabitlərimizin də, əsgərlərimizin də üzərinə mühüm vəzifələr düşür.

Sərəncamınızda olan texnikanın bütün gücündən istifadə etmək sizin borcunuzdur.

Ancaq texnika onu idarə edən adamlarsız elə bir şey deyil. Mənə verilən məlumata görə siz bu texnikadan istifadə etməyi bacarırsınız. Buna görə çox sağ olun.

Torpaqlarımızı, Vətənimizi, müstəqil Azərbaycanımızı qorumaq sizin şərəfli borcunuzdur. Siz bu borcunuzu düşmənlə üzbəüz olan bir nöqtədə yerinə yetirirsiniz. Vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü qorumaqdır. Dövlət səviyyəsində bunun üçün müxtəlif tədbirlər görülür. Biz çalışırıq ki, siyasi vasitələrdən istifadə edək. Ordunun borcu isə ondan ibarətdir ki, dövlətin siyasətini səmərəli etmək üçün öz gücünü artırsın. Bu gücün artması siyasi tədbirlərin, danışıqların müsbət nəticə verməsinə mühüm kömək edər.

Azərbaycanın gənc övladları, torpağımızın keşiyində duran Azərbaycan balaları, mən sizi gördükcə ürəyim fərəhlə döyünür. Burada erməni işğalçılarına qarşı möhkəm durduğunuzu gördükcə həm mən, həm də bütün Azərbaycan vətəndaşları sevinir. Əminəm ki, siz həm ata-ananızın, doğma torpağınızın, həm də Azərbaycan xalqının ümidlərini doğruldacaqsınız.

Tarixi arayış