Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türk dövlət və topluluqlarınn IX Dostluq, Qardaşlıq və İşbirliyi qurultayına müraciəti - Bakı şəhəri, 19 dekabr 2001-ci il


Hörmətli qurultay iştirakçıları!

Sizi - Türk dövlət və topluluqlarının İstanbulda keçirilən növbəti qurultayının iştirakçılarını ürəkdən salamlayır, hamınıza ən səmimi arzu və diləklərimi yetirməkdən böyük məmnunluq duyuram.

Ortaq tarixi keçmişə, eyni etnik soy-kökə və mili-mənəvi dəyərlərə malik olan xalqlarımızın dəyərli təmsilçilərinin bir araya gəlməsi 1993-cü ildən başlayaraq mütərəqqi ənənəyə çevrilmişdir. Xalqlarımızı birbirinə daha da yaxınlaşdıran, türk dünyasının milli-mənəvi bütövlüyünə xidmət edən belə toplantıları ölkələrimizin həyatında əlamətdar hadisə kimi qiymətləndirirəm.

Ötən yüzillikdə türk xalqları keşməkeşli bir tarix yaşamışlar. Lakin XX əsrin sonlarında nəhəng sovet imperiyasının dağılması və qardaş xalqlarımızın azadlığa, dövlət müstəqilliyinə qovuşması bizim hər birimizin, ümumən türk dünyasının möhtəşəm nailiyyəti, tarixi qələbəsidir. Artıq on ildir ki, qardaş ölkələrimiz dünyanın siyasi xəritəsində özünə layiqli yer tutaraq müstəqilliyin çətin, lakin şərəfli yolu ilə öz böyük gələcəyinə doğru inamlı, qətiyyətli addımlar atmaqdadır. Biz tarixin verdiyi bu imkanı - çağdaş siyasi gercəkliyi, yeni dünya nizamını aydın dərk etməli, müstəqilliyimizi və birliyimizi daha da möhkəmləndirərək xalqlarımızın azadlığını daim yaşatmağı. bacarmalıyıq. Bunun üçün ortaq milli-mənəvi dəyərlərimizi, elmi-intellektual və mədəni potensialımızı, siyasi-iqtisadi gücümüzü türk dünyasının birliyi və bütövluyu kimi müqəddəs məqsədə səfərbər etməliyik. Bu şərəfli işin tarixi məsuliyyəti turk dünyasının siyasət və fikir adamlarının üzərinə düşür. Hazırda dünyada gedən qloballaşma və inteqrasiya proseslərində uğurlarımız müstəqil dövlətlərimizin sıx əməkdaşlıq etməsindən çox asılıdır. Yeni tarixi şəraitdə bu siyasi zərurət Azərbaycan Respublikasının beynəlxalq munasibətlərində, o cümlədən qardaş türk ölkələri ilə əlaqələrində prioritet xətt təşkil edir. Biz bundan sonra da bu mövqeyə sadiq qalaraq türk dunyasının siyasi, iqtisadi və mədəni tərəqqisi üçün səylərimizi, xalqlarımızın ümumi mənafeyinə xidmət edən əməkdaşlığımızı daim davam etdirəcəyik.

Əziz dostlar! əmin olduğumu bildirirəm ki, Türk dövlət və topluluqlarının IX qurultayı Avrasiya məkanında mühüm coğrafi-strateji mövqelərə malik olan dövlətlərimizin və xalqlarımızın XXI yüzillikdə qarşıda duran problemlərinin çözülməsi və əməldə, fikirdə birlik ideyasının gercəkləşməsi işində öz layiqli sözünü deyəcəkdir. Türk dünyasının tərəqqisi və böyük gələcəyi naminə bu xeyirxah fəaliyyətinizdə hər birinizə böyük uğurlar, cansağlığı və xoşbəxtlik arzulayıram. Yaşasın türk xalqlarının sarsılmaz birliyi və həmrəyliyi!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.