Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Böyük Millət Məclisinin deputatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvü Necati Çətinqayanın rəhbərliyi ilə bu ölkədən gəlmiş müşahidəçilərdən ibarət nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 4 noyabr 2000-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz, öz vətəninizə xoş gəlmisiniz! Çox məmnunam ki, bizim dost, qardaş Türkiyənin Böyük Millət Məclisindən belə mötəbər nümayəndə heyəti gəlibdir və seçkilərdə müşahidəçi olacaqdır. Sizin əldə etdiyiniz demokratiyadan biz nə qədər istifadə edə bilmişik, onu görəcəksiniz. Bizə nəyisə öyrədəcəksiniz, biz nəyisə sizdən öyrənəcəyik. Ona görə sizin ölkədən, Türkiyədən belə mötəbər heyətin gəlməsi bizim üçün xüsusilə əhəmiyyətlidir. Təşəkkür edirəm.

Necati Çətinqaya: Hörmətli prezidentim, demokratiyanın ən gözəl örnəklərindən biri olan parlament seçkiləri ilə əlaqədar Bakıya gəlmişik. Öz vətənimizdə olduğu kimi, bizi səmimi qəbul etdiyiniz üçün Sizə bütün həmkarlarım adından ehtiramımı ərz edirəm.

Sizin söylədiyiniz kimi, həqiqətən biz bir millət, iki dövlətik. Bizdə və qardaş Azərbaycanda belə bir atalar sözü var: Ət dırnaqdan ayrılmaz.

Heydər Əliyev: Doğrudur.

Necati Çətinqaya: Biz ətlə dırnaq kimiyik, bir-birimizdən ayrılmağımız mümkün deyildir. Buna heç kim inanmaz. Onun üçün sizin məsələləriniz, Azərbaycanın problemi bizim məsələmizdir, problemimizdir.

İstədik ki, bu imtahanda sizinlə bərabər olaq. Qardaş Azərbaycan demokratiyanın bu çox önəmli qapısını açarkən və XXI əsrə girərkən bütün həmkarlarım və türk xalqı adından deyirəm və inanıram ki, sabah Azərbaycan bu imtahanı çox demokratik və gözəl verəcəkdir. Bu, xalqın getdikcə demokratikləşməsi sahəsində və Azərbaycanın gələcəyi üçün son dərəcə önəmli bir imtahandır. Dünəndən bəri görürük ki, sabah hər tərəfdə vətəndaşlar rahatlıqla, heç bir əngəl olmadan səs verməyə gedəcəklər, öz borclarını yerinə yetirəcəklər.

Təbiidir ki, bu, Sizin təcrübəniz, gərgin əməyiniz nəticəsində yaratmış olduğunuz bir şəraitdir. Buraya gələrkən Böyük Millət Məclisinin sədri hörmətli Ömər İzginin, bütün partiya sədrlərinin ayrı-ayrı salamlarını və ehtiramlarını sizə gətirmişəm. Xahiş edirəm qəbul edəsiniz.

Heydər Əliyev: Təşəkkür edirəm.

Necati Çətinqaya: Bu gün buraya sabahkı günü görmək üçün gəlmişik. Buraya Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasından, ATƏT-dən və Avropa Şurasından, müxtəlif ölkələrdən nümayəndə heyətləri gəlmişlər. Sabah nümayiş ediləcək demokratiya ilə Azərbaycandakı inkişafın nə şəkildə olduğu görünəcəkdir. Məhz bu demokratiya Sizin memarı olduğunuz, öndərliyinizlə qorunub möhkəmlənmiş, 9 il müstəqil olan Azərbaycanın inkişafını bütün dünyaya nümayiş etdirəcəkdir. Sabah Azərbaycandakı inkişafı, demokratiyanı müşahidə edəcəyik.

Demokratiya insan həyatında son dərəcə önəmli rol oynayır. Dünya ölkələrində, Müstəqil Dövlətlər Birliyi ölkələrində demokratiya ayaq açıbdır. Amma qardaş olan bir ölkədə bu, bizim üçün daha da gözəl hadisədir.

Cənab dəyərli prezidentim, Sovetlər Birliyinin dağılmasından sonra yaranmış dost və qardaş cümhuriyyətlərin, xüsusilə Azərbaycanın bu günə gəlməsində Sizin böyük zəhmətiniz vardır. Biz buraya hər gəlişimizdə bunu müşahidə edirik.

Altı ay bundan öncə buraya gəlmişdik, bizi qəbul etmişdiniz. Cənab İhsan Doğramacı ilə də gəlmişdik. Hər gəlişimizdə gözəl işlərin şahidi oluruq. Bakıda, Azərbaycanda həqiqətən iqtisadi sahədə fövqəladə inkişafı görürük. Bu önəmli inkişaf zati-alilərinizin çox böyük təcrübəsinin və göstərdiyi aydın yol ilə xalqın hərəkət etməsinin nəticəsidir. Bunlar Sizin qardaşlarınızı da son dərəcə məmnun edir. İstəyimiz Qafqazda inkişaf edən bu qardaş ölkənin günəş kimi parlamasıdır. Bunu qəlbən istəyirik. İnşallah, zati-alilərinizin liderliyi ilə bunu Azərbaycan, hamımız və bütün dünya görəcəkdir. Bunu görmək hamımızın arzusudur. Çünki Azərbaycan nə qədər inkişaf edirsə, qardaşları o qədər məmnun olacaqdır. Azərbaycanın birinci qardaşı Türkiyədir. Ona görə də, inşallah, bu gözəl günləri qısa zamanda görməyi Allah bizə nəsib edəcəkdir. Bu yolda Sizə cansağlığı, səadət, uzun ömür diləyirik ki, Azərbaycan bunları qısa zamanda görsün.

Türkiyə hər sahədə sizin yanınızdadır. Türkiyə Qarabağ məsələsinin zati-alilərinizin düşündüyü kimi həll olunmasına tərəfdardır. Siz necə düşünürsünüzsə, biz də elə düşünürük. Soyqırım məsələsi tamamilə uydurmadır, saxtadır. Keçmişi ortaya qoyaraq olmamış şeyləri göstərmək əsl həqiqəti dünyaya göstərməmək deməkdir. Bu gün Azərbaycanın bir çox yerlərini haqsız şəkildə işğal edən Ermənistan həmin yerləri boşaltmayınca, bizim onları işğalçı kimi tanımağımızı, Azərbaycanın və Türkiyənin haqlı olduğunu bütün dünya bilir.

Çünki ədalətsizliyə görə bu qədər insan - bir milyona yaxın qaçqın və məcburi köçkün yerinə-yurduna, evinə-eşiyinə, bağına-bağçasına, doğulduğu torpaqlara həsrətdir. Dünya bunu görməlidir və işğalçı qüvvələrin XXI əsrə getməsinə yol verilməməlidir. Həmin torpaqlar öz sahiblərinə, qardaş Azərbaycan qaçqınlarına qaytarılmalı və onlar geri dönməlidir.

Hörmətli prezidentim, iki qardaş ölkə dünyanın gözü qarşısında siyasi sahədə həqiqətən çox gözəl şəkildə, çiyin-çiyinə hərəkət etmişdir. Son illər ticarət sahəsində bir zəifləmə baş verdi. İnanıram ki, yenə də Sizin diqqətiniz bu məsələni həll edəcəkdir. Yəni digər dünya ölkələri ilə müqayisədə, bizim iqtisadi əlaqələrimizdə zəifləmə meylləri görünür. İnanırıq ki, bu sahədə mövcud olan bəzi problemləri həll edəcəksiniz.

İndiyədək 20 neft müqaviləsi imzalanıbdır. Bunun içində Türkiyənin yüzdə dörd faiz payı vardır. Bu da zati-aliləriniz tərəfindən edildi. Amma bunu daha da artırmaq olar. Çünki biz iqtisadi baxımdan bir-birimizə bağlı olmalıyıq. Zati-alinizin qarşısında bunları söyləməyi lüzumsuz hesab edirəm. Çünki Siz bu sahədə fövqəladə təcrübəyə maliksiniz. İki qardaş ölkənin bir-birinə dəstək verməsi Azərbaycan ilə Türkiyənin qısa zamanda daha da inkişafına səbəb olacaqdır.

Heydər Əliyev: Amma yüzdə dörd faiz deyil, yüzdə otuz beş, otuz altıdır. 1994-cü ildə müqavilə hazırlanarkən Türkiyənin payı 1,75 faiz idi. Müqavilə imzalanandan sonra mən Azərbaycanın payından 5 faiz Türkiyəyə verdim. Beləliklə, birinci müqavilədə 6,75 faiz oldu. Ondan sonrakı müqavilələrdə, məsələn, "Şahdəniz"də, - orada böyük qaz ehtiyatı var, - Türkiyənin payı 10 faizdir. Başqa müqavilələr də var, hamısı birlikdə 35-36 faizdir. Görün, 1,75 faizdən haraya qaldırdım.

Necati Çətinqaya: Hörmətli cümhur başkanım, bunların hamısı Sizin qayğınızla olmuşdur, inşallah, yenə də böyük diqqət və dəstəyinizlə Bakı-Tbilisi-Ceyhan boru xətti də qısa zamanda gerçəkləşəcəkdir. Bunun gerçəkləşməsi Azərbaycan neftinin dünyaya daşınmasını təmin edəcəkdir. Bu da iqtisadi baxımdan böyük canlanmaya səbəb olacaqdır.

Azərbaycanda, Bakıda ticarətlə məşğul olmaq, buraya sərmayə qoymaq istəyən digər türk iş adamları da Azərbaycan iqtisadiyyatına faydalar vermək istəyirlər. Bu, iki ölkə üçün yararlı olacaqdır.

Siz bunları çox yaxşı bilirsiniz. Mən bunu təkrar etmək istəyirəm. Bu sahədə bizə göstərdiyiniz dəstəyə görə təşəkkür edirik. Qardaş ölkənin hörmətli cümhur başkanı Heydər Əliyevin adı Türkiyədə hər kəsin ürəyində sevinc yaradır və öz ölkəsinin prezidenti kimi sevgi bəsləyirlər.

Sizin məsələniz bizim məsələmizdir. Sizin inkişafınız bizi məmnun edir. Sabah göstərəcəyiniz demokratiya havası Azərbaycanın XXI əsrə güclü bir ölkə kimi qədəm qoyacağını təsdiqləyəcəkdir. Sabah keçiriləcək parlament seçkilərinin Azərbaycan xalqına xeyirli olmasını, bu ölkənin XXI əsrə daha güclü, demokratik bir ölkə kimi daxil olmasını arzulayıram.

Cənab prezident, bizi qəbul etdiyinizə görə bütün həmkarlarım, xalqımız adından Sizə bir daha təşəkkür edirəm, hörmət və ehtiramımı bildirirəm.

Heydər Əliyev: Təşəkkür edirəm. Sizin Azərbaycana gəlməyinizdən bir daha məmnun olduğumu bildirmək istəyirəm. Siz, dost, qardaş Türkiyənin nümayəndələri, təbiidir ki, həmişə olduğu kimi, indi də Azərbaycan dünya qarşısında imtahan verdiyi zaman da bizim yanımızdasınız. Mən bunu çox yüksək qiymətləndirirəm.

Azərbaycan gənc dövlətdir. Biz doqquz il bundan öncə müstəqilliyimizi bəyan etmişik. Ancaq doqquz ildə Azərbaycan çox ağır, çətin yollar keçibdir və beş il bundan öncə biz ilk Konstitusiyamızı qəbul edə bildik. Beş il bundan öncə müstəqil dövlətin birinci parlamentini, Milli Məclisini seçə bildik. Beş il ötübdür. Yeni parlament seçirik. Bu, böyük hadisədir. Yəni müstəqil dövlətik, müstəqilliyimizi gücləndirmişik, möhkəmləndirmişik, parlament demokratik seçilib, öz işini sona çatdırıbdır. İndi yeni parlament seçilir.

Təbiidir, qısa müddətdə demokratiyanın hamısını mənimsəmək olmaz. Demokratiya elə bir şey deyil ki, haradasa var, götür, istifadə et. Ya bir avtomobildir, get, al, istifadə et. Yaxud da bahalı evdir, paltardır, filandır. Demokratiya insanların beynində psixoloji dəyişiklik deməkdir. Əgər səhv etmirəmsə, sizin ölkə 50 ildir demokratiya yolu ilə gedir. Elədir, yoxsa yox?

Necati Çətinqaya: Bəli.

Heydər Əliyev: İndi sizin ölkə çox demokratik ölkədir. Seçkiləriniz də demokratik keçir. Amma tez-tez seçkilər edirsiniz. Biz beş ildən bir edirik, siz bəzən iki ildən bir edirsiniz. Bu da sizin xüsusiyyətinizdir. Təbiidir. Bunların hamısını normal qiymətləndiririk. Ancaq bir var 50 il, bir də var 9 il yox 5 il. Ona görə də bu reallığı bilmək lazımdır. Siz bu reallığı bilirsiniz. Çünki biz bir-birimizə çox yaxınıq, millətimizin mentalitetini, xüsusiyyətini, mənəvi dəyərlərini, adətlərini, ənənələrini çox yaxşı bilirik. Çünki bunların əksəriyyəti eynidir. Siz bunu yaxşı bilirsiniz. Amma bəzi Qərb ölkələri, hansının ki, 200 illik demokratiya tarixi var, bəzi adamlar, müşahidəçilər hesab edir ki, Azərbaycanda da belə olmalıdır. Bu, mümkün deyildir.

Keçmiş Sovetlər İttifaqının 15 müttəfiq respublikasının indi hamısı müstəqildir. Heç biri hələ o səviyyəyə gələ bilməz. Amma biz bu yol ilə gedirik. Başqa yolumuz yoxdur. Başqa yol da olmayacaqdır. Əsas budur.

Mən bu gün dörd-beş saatdır bütün nümayəndə heyətləri ilə görüşmüşəm. Ona görə görüşləri bir saat etmirəm, yarım saat da çox olur. Ona görə siz də orda gözləməli oldunuz. Çox ölkələrdən adamlar gəlibdir. ATƏT-dən 200 adam gəlibdir. Ondan əlavə, Avropa Şurasından adamlar gəlib, ATƏT-in Parlament Assambleyasından gəlib, Amerika Birləşmiş Ştatlarının Demokratiya İnstitutundan böyük bir dəstə gəlibdir. Bundan əlavə, Rusiyadan, Müstəqil Dövlətlər Birliyindən bir dəstə gəliblər. Hətta İrandan da gəliblər. Biz bunu müsbət qiymətləndiririk. Çünki gəlsinlər, görsünlər. Bir var görmədən, haradasa, Qərb ölkəsində yazırlar ki, Azərbaycanda demokratiya yoxdur, filandır. Amma qoy gəlsin, görsün!

Doğrudur, görənlərin bəzisi obyektiv, ədalətli olmur. Ancaq necə də olsa, bir hissəsi obyektiv, ədalətli olur. Ona görə biz müşahidəçilərin gəlməyinə çox şadıq, sevinirik və sizin gəlməyinizə xüsusi sevinirik.

Mən dəfələrlə demişəm ki, Azərbaycan müstəqil dövlət kimi bütün sahələrdə Türkiyənin tarixi nailiyyətlərindən təcrübə götürməlidir. Atatürkdən təcrübə götürməlidir. Ondan sonrakı dövrdən təcrübə götürməlidir. Çünki hər bir yeni dövlət özü heç bir şey icad etmir. Dünyada mövcud olan dövlətlərin sistemindən bəhrələnir.

Məsələn, biz demokratiya yolu ilə gedəndə təcrübə üçün bir var Fransa, bir var İngiltərə, bir var İtaliya, yaxud Amerika, bir də var Türkiyə. Bizim dilimiz, dinimiz, tariximiz, kökümüz birdir. Yəni bizim xalqlarımızın mentaliteti birdir. Ona görə də sizin ölkədən təcrübəni götürmək bizim üçün daha realdır və daha da faydalıdır, nəinki başqa bir ölkədən. Təbiidir, o ölkələrin təcrübəsindən də istifadə edirik. Amma Türkiyənin cümhuriyyət dövrünün inkişafı, - bu günlərdə 77-ci ildönümünü bayram etdik, - Azərbaycan üçün əsas təcrübə mənbəyidir və örnəkdir. Ona görə də siz həm müşahidə edəcəksiniz, həm də bizə kömək edəcəksiniz. Baxacaqsınız, harada nə qüsurlarımız var. Sonra onları bizə deyəcəksiniz ki, gələcəkdə nə etmək lazımdır, onu bilək.

Mən heç də iddia etmirəm ki, seçkilərdə demokratiyanın zirvəsinə çatacağıq. Yox. Ancaq böyük bir addım atacağıq. Biz də istəyirik ki, o addımla ölkəmizdə demokratiyanın inkişafı təmin olunsun. İkincisi də başqa ölkələr görsünlər ki, bəli, biz irəliyə böyük addım atdıq. Zaman lazımdır ki, yenə də bir addım ataq. Buna zaman lazımdır.

Türkiyə-Azərbaycan münasibətləri elədir ki, bunun haqqında saatlarla danışmaq olar. Amma bəzən düşünürsən ki, heç danışmağa da ehtiyac yoxdur. Çünki o qədər məlumdur, o qədər dostluq əlaqələri vardır.

Məsələn, son vaxtlar bizi, Türkiyəni daim narahat edən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir. Bu, bizim ölkənin əsas problemidir. 12 il bundan öncə Ermənistan Azərbaycana təcavüz edibdir. Sovetlər Birliyinin içərisində olduğumuz son dörd ildə Ermənistan Azərbaycanın torpaqlarını işğal edibdir. Azərbaycan müstəqillik əldə edəndən sonra, 1993-cü ilə qədər bu torpaqların işğalı davam edibdir. Biz 1994-cü ildə müharibəni dayandırdıq, atəşkəs sazişi imzaladıq. Məsələni sülh yolu ilə həll etmək istəyirik. Amma indiyə qədər həll edə bilməmişik. Çünki Ermənistan bu barədə qeyri-konstruktiv mövqe tutur. Ermənistan torpaqlarımızı işğal edibdir. Ona görə də üstünlüyündən sui-istifadə edir və elə tələblər ortaya qoyur ki, biz bunu qəbul edə bilmərik. Dağlıq Qarabağa müstəqillik statusu istəyirlər. Biz bunu edə bilmərik.

Bütün bu dövrdə, əvvəldən indiyə qədər Türkiyə həmişə Azərbaycanla bir yerdədir. Yəni Azərbaycanın bu problemi eyni zamanda Türkiyənin problemidir. Türkiyənin bu barədə dəstəyi, köməyi həmişə bizim üçün böyük bir şeydir. Ona görə də bütün beynəlxalq təşkilatlarda məsələlər müzakirə olunan zaman Türkiyə bizim yanımızdadır, bizim istədiyimizə səs verir.

Ermənilər indi soyqırım məsələsini ortaya çıxarıblar. Bu, uydurma bir şeydir. Bu, yalandır. Amma erməni lobbisi, erməni diasporu o qədər güclüdür ki, məsələn, Amerika kimi böyük bir dövlətin Konqresinə təsir edirlər. Orada müzakirələr gedəndə biz burada çox böyük təlaş içində idik. Mən açıq etirazlar bildirdim ki, heç bir soyqırım yoxdur. Əksinə, həmişə ermənilər türkləri qırıbdır. Azərbaycanda nə qədər qırğınlar etdilər. 1905-ci ildə, 1918-ci ildə, elə indi 12 ildir bu qırğınları edirlər. Bizim torpaqlarımızı işğal ediblər.

Amma orada, Amerikada deyirlər, nə bilim, Azərbaycanda bir adamın hüququ pozuldu. Bir şəxsin hüququnun pozulması da, təbiidir ki, olmamalıdır. Amma burada bütün xalqın hüququ pozulubdur. Millətin hüququ pozulubdur. Bir milyon insanın hüququ pozulubdur, onlar evindən, torpağından məhrum olublar, çadırlarda yaşayırlar. Dünya buna qiymət vermir, indi ədalət yoxdur. Çünki ədalət olsa, gərək Amerika Konqresi bizi dəstəkləsin. Amma əksinə, 1992-ci ildə Amerika Konqresi Azərbaycana qarşı ayrı-seçkili qərar - 907-ci düzəliş qəbul edibdir. Guya Azərbaycan Ermənistanı blokadaya alıbdır. Ona görə də Amerikanın Azərbaycana hər cür yardımına qadağan qoyulubdur. İndi Ermənistan, Gürcüstan yardım alır. Orta Asiya ölkələri, Ukrayna yardım alır, amma biz almırıq. İş bu yardımda deyildir. Bu illər yardımsız da yaşamışıq. Amma iş bunun siyasi mənasındadır. Həmin 907-ci düzəlişin müəllifi, onu Konqresdə keçirən konqresmen Smit indi də soyqırım haqqında layihənin müəllifidir.

O, layihəni əvvəlcə yardımçı komitədən keçirdi, sonra da Konqresin müzakirəsinə çıxardı. Allaha şükür olsun ki, orada müzakirədən çıxarıldı. Amma mən dünən bildim ki, indi buna Fransa parlamenti baxmaq istəyir. Türkiyə çox ciddi təkzib veribdir. Mən televiziya ilə dinlədim. Hörmətli cümhur başkanı Əhməd Necdət Sezər bəyanat veribdir. Digər hökumət nümayəndələri də bəyanatlar veriblər.

Ermənilər, görürsünüz, orada alınmadı, burada etmək istəyirlər, burada alınmadı, orada etmək istəyirlər. İndi bunları hər yerdə dəstəkləyirlər. Demək, ədaləti dəstəkləmirlər. Bilirsiniz, ədaləti dəstəkləmirlər. Ona görə də Azərbaycan və Türkiyə bu barədə eyni vəziyyətdədir. Ona görə də bizim bir yerdə olmağımız həm Türkiyə üçün, həm də Azərbaycan üçün ən əsas məsələdir. Biz bir yerdəyik, bir yerdə də olacağıq.

Məsələn, Bakı-Ceyhan neft boru kəmərini həyata keçirmək üçün altı ildir çalışırıq. Nə qədər çətinliklər, nə qədər təzyiqlər oldu. Ancaq əvvəldən dedim, məsələni axıra qədər də çatdırdıq. Bunun böyük iqtisadi əhəmiyyəti vardır. Xəzər dənizindən neft çıxarılacaq, miqdarı da çox olacaqdır. Bunların hamısı Gürcüstan ərazisindən keçib Türkiyəyə gedəcək və Aralıq dənizinə çıxacaqdır. Türkiyə özü bundan istifadə edəcəkdir. Təbiidir ki, o, dünya bazarına da çıxarılacaqdır.

İndi böyük bir qaz yatağı kəşf etmişik. O yataq var idi. Orada bir neçə şirkətlərin, o cümlədən Türk Petrolları Şirkətinin də 10 faiz payı vardır. Oradan bir trilyon kubmetrdən artıq qaz alınacaqdır. Məsələn, biz ildə 30 milyard kubmetr qaz ixrac edə biləcəyik. Bunu da birinci növbədə Türkiyəyə etmək istəyirik. Bir-iki ildən sonra bu, mümkün olacaqdır. İndi Türkiyə bəzi yerlərdən qaz alır. Siz Rusiyadan "mavi axın" xətti çəkirsiniz. Bilmirəm, "mavi axın" xətti olacaq, ya olmayacaqdır. Şəxsən mən buna o qədər də inanmıram. Ancaq edirsiniz edin, öz işinizdir. Amma qazımızı Türkiyəyə verəndə artıq bu, etibarlı olacaqdır.

Məsələn, Türkmənistanın çoxlu qazı var. O istəyir ki, bir neçə bazara çıxarsın. Amma Rusiya onu istənilən vaxt bağlayır. Hər yerə çıxa bilmir. Bilirsiniz ki, anlaşma var idi. Biz onu 1998-ci ildə Ankarada imzaladıq. Türkmənistan prezidenti ilə Türkiyənin prezidenti imzaladılar ki, qaz borusu buradan, Xəzərdən, Azərbaycandan, Gürcüstandan keçib Türkiyəyə gəlsin. Amma sonra bunu etmədilər. Çünki Türkmənistana mane oldular, o da bunu etmədi. İndi bilmir bu qazı hara çıxarsın. Bizə də mane olmaq istəyənlər, bizə də təzyiq etmək istəyənlər var idi. Biz öz iradəmizdən dönmədik. Demək, bax, bunlar bizi daha da bağlayacaqdır.

Bunlar təkcə iqtisadi məsələ deyildir. Bunlar bizi bir-birimizlə əsrlər boyu bağlayacaqdır. Bu, eyni zamanda bölgədə təhlükəsizliyi təmin edəcəkdir. Bir çox başqa məsələləri də demək olar. Ona görə də əlaqələrimiz dostluq, qardaşlıq əlaqələridir. Bu əlaqələr əbədidir. Bunu heç kəs sarsıda bilməz. Erməni xalqına qarşı heç bir soyqırım olmayıbdır. Əksinə, ermənilər türkləri, azərbaycanlıları qırıbdır.

Mən Ərzurumda, İqdırda olanda vaxtilə ermənilərin qırdığı türklərin məzarlarını gördüm. İqdırda bir abidə də ucaldılıbdır.

Həqiqət bundan ibarətdir.

Biz də burada Türkiyənin şəhidlərinə, - 1918-ci ildə türk qardaşlarımız şəhid olmuşlar, - onların şərəfinə böyük abidə ucaltmışıq.

Necati Çətinqaya: Cənab prezident, getdik, gördük.

Heydər Əliyev: Onlar nə üçün şəhid olublar? Onlar gəlib Azərbaycanı ermənilərdən xilas edirdilər. Azərbaycanı ermənilərdən qoruyurdular. Ona görə də canlarını verdilər, həlak oldular. Əgər ermənilər bizə hücum etməsəydilər, onlar bizi qırmasaydılar, buna ehtiyac yox idi. Demək, onlar soyqırım ediblər.

Məsələn, bilirsiniz, Xocalı Qarabağda şəhərdir. Ermənilər orada bir gecənin içində insanların hamısını qırıblar. Uşaqlara da, qadınlara da imkan verməyiblər ki, çıxsınlar. Soyqırım budur. Özü də bu, 1992-ci ildə olan soyqırımdır. Amma onlar 85 il bundan öncəki, özü də olmayan bir məsələni ortaya atırlar. Bu məsələdə biz sizinləyik. Heç nə ola bilməz. Siz də bizimləsiniz.

Bir sözlə, sizin gəlməyinizdən çox məmnunam. Çox təşəkkür edirəm. Hesab edirəm ki, siz çox faydalı iş görəcəksiniz. Həm bizim demokratiyaya qiymət verəcəksiniz, həm də bizə kömək edəcəksiniz.

"Azərbaycan" qəzeti, 5 noyabr 2000-ci il.