Azərbaycan Respulikasının Prezidenti Heydər Əliyevin Moskva şəhərinin meri Yuri Lujkov ilə görüşü - 25 yanvar 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev Kremldə, onun üçün ayrılmış dövlət iqamətgahında Moskva şəhərinin meri Yuri Lujkovu qəbul etmişdir.

Dövlətimizin başçısı ilə görüşdən çox məmnun qaldığını bildirən Yuri Lujkov Prezident Heydər Əliyevin Rusiya Federasiyasına səfərinin Azərbaycan–Rusiya əməkdaşlığının daha da inkişaf etdirilməsində böyük əhəmiyyəti olduğunu vurğuladı.

Azərbaycan Prezidenti Heydər Əliyev RF Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya dövlət səfərinə gəlməsindən çox məmnun olduğunu söylədi, Moskva ilə ölkəmiz arasında yaranmış qarşılıqlı surətdə faydalı əlaqələrin durmadan inkişaf etməsinin xüsusi əhəmiyyət daşıdığını bildirdi.

Görüşdə Azərbaycanla Moskva şəhəri arasında iqtisadi, mədəni və elmi-texniki əməkdaşlığa dair birgə komissiyanın işindən razılıqla bəhs edildi, bu komissiyanın fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyi vurğulandı.

Mehribanlıq və səmimilik şəraitində keçən görüşdə hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

“Azərbaycan” qəzeti, 30 yanvar 2002-ci il