Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Baş nazirinin müavini, Dövlət Baxçəli ilə görüşdə söhbətindən - Ankara, "Çankaya köşkü", 10 yanvar 2000-ci il


Heydər Əliyev:  Hörmətli dostum Dövlət Baxçəli, mən sizinlə görüşməyimdən məmnunam. Bilirsiniz ki, mən cümhur başkanı Süleyman Dəmirəlin dəvəti ilə Türkiyəyə qısamüddətli işgüzar ziyarətə gəlmişəm. Sizinlə görüşüb yaxından tanış olmağımdan çox məmnunam. Mən sizi Ramazan bayramı, yeni il - 2000-ci il münasibətilə təbrik edirəm. Sizin şəxsinizdə Türkiyə Cümhuriyyətinin hökumətini, xalqını, sizin partiyanın üzvlərini və Türkiyənin bütün vətəndaşlarını Türkiyənin ən yaxın dostu olan Azərbaycan xalqı, vətəndaşları adından təbrik edirəm. Arzu edirəm ki, 2000-ci il Türkiyə üçün, Türkiyə xalqı üçün daha da uğurlu olsun.

Biz görürük ki, Türkiyənin yeni hökuməti çox yaxşı nəticələr əldə edir, bu hökumətin böyük nailiyyətləri vardır. Arzu edirəm ki, belə nailiyyətlər davam etsin, hökumətiniz apardığı işləri sona qədər davam etdirə bilsin və daha yeni nailiyyətlər qazansın.

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sizə məlumdur. Bu dostluq, qardaşlıq münasibətləri Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır və ön sırada durur. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra qardaş Türkiyə ilə əlaqələr daim inkişaf etmiş, möhkəmlənmişdir. Türkiyə dövlətinin hörmətli prezidenti, Baş naziri, Baş nazirin müavinləri, millət vəkilləri həmişə Azərbaycana dostluq, qardaşlıq münasibətləri göstərirlər. Azərbaycanda da Türkiyəyə dost və qardaş münasibəti bəsləyirlər. Ona görə də Azərbaycan xalqı Türkiyəni həmişə sevir və sevəcəkdir. Mən bu xoş arzularımı sizə bildirmək istəyirdim.

Dövlət Baxçəli:  Hörmətli prezident, mən Sizinlə görüşümdən böyük şərəf duyduğumu bildirirəm. Zati-aliləri, mən Sizi və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqını müqəddəs Ramazan bayramı və 2000-ci il münasibətilə təbrik edirəm, Azərbaycan xalqına səadət arzulayıram.

Zati-aliləri, mən onu da deməliyəm ki, bizim qəlbimizdə Azərbaycanın xüsusi yeri vardır. Azərbaycan müstəqil bir dövlət olduqdan sonra respublikanızda gedən demokratik prosesləri və sizin rəhbərliyinizlə hüquqi demokratik dövlət quruculuğu sahəsində görülən işləri biz yüksək qiymətləndiririk. Türkiyə hər zaman Azarbaycanla bərabər olmağı arzulamışdır və bundan sonra da həmişə olacaqdır.

Bizim Azərbaycanda könül bağımız, xan bağımız vardır. Zati-alinizin cümhur başkanlığı dövründə Azərbaycanda irəliyə doğru çox böyük addımlar atılmışdır. Biz cənab Heydər Əliyevin xidmətləri sayəsində İstanbulda imzalanmış Bakı-Ceyhan əsas ixrac neft boru kəməri barədə sazişi yüksək dəyərləndiririk və hesab edirik ki, bu kəmər ölkələrimiz arasındakı əməkdaşlığı daha da möhkəmləndirəcək, bölgədə sülhün, əmin-amanlığın bərqərar edilməsinə kömək göstərəcəkdir.

Zati-aliləri, mən Sizi Türkiyədə görməkdən məmnunluq duyduğumu bir daha bildirmək istəyirəm.

Heydər Əliyev:  Səmimi sözlərə görə Sizə təşəkkür edirəm, cənab Baxçəli. Sizə məlumdur ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal atındadır. Bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır şəraitdə yaşayır. Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar aparılır.

Dövlət Baxçəli: Qafqazda baş verən hadisələr bizi çox narahat edir. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi olduqca vacibdir.

Heydər Ə1iyev: Bu, doğrudan da mühüm şərtdir. Biz sülh yolunu üstün tuturuq. Biz xalqlarımızın rifahı naminə hələ çox işlər görməliyik. Bakı-Ceyhan əsas ixrac neft boru kəmərinin tikintisi sürətləndirilməlidir. Quruculuq planlarımız çoxdur. Lakin biz ilk növbədə torpaqlarımızın qaytarılmasını, problemin sülh yolu ilə həll olunmasını istəyirik. Əziz dostum Dövlət Baxçəli, səmimi söhbətimizdən razı qaldığımı biıdirirəm və bir daha Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Dövlət Baxçəli: Cənab prezident Heydər Əliyev! Dəvətə görə minnətdarlığımı bildirirəm və dəvəti məmnunluqla qəbul edirəm.