Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun şərəfinə verilmiş rəsmi ziyafətdə çıxışı - "Gülüstan" Sarayı, 27 may 1996-cı il


Zati-aliləri, hörmətli Özbəkistan Respublikasının prezidenti, cənab İslam Kərimov! Möhtərəm qonaqlar, xanımlar və cənablar!

Bu gün səhər Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun Azərbaycana rəsmi dövlət səfəri başlanmışdır. Bu, Özbəkistan Respublikası. prezidentinin ölkəmizə ilk səfəridir və o, son on beş ildə Özbəkistandan Azərbaycana gələn ali qonaqdır. Bu, Azərbaycanın həyatında, Özbəkistan ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdə mühüm hadisədir. Biz Özbəkistan Respublikasının prezidenti, dostumuz İslam Kərimovu və onu müşayiət edən şəxsləri səmimi salamlayırıq və bu səfərə görə, bu gün görülmüş böyük və səmərəli işə görə öz minnətdarlığımızı bildiririk.

Bu gün rəsmi dövlətlərarası danışıqlar aparıldı, nümayəndə heyətlərinin üzvləri arasında çox ətraflı söhbət, Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin geniş dairəsi barədə fikir mübadiləsi oldu. Mən dostumuz prezident İslam Kərimovla həm Özbəkistanı, həm də Azərbaycanı maraqlandıran məsələlər, bir çox digər məsələlər barəsində təkbətək söhbət etmək imkanına malik oldum.

Ümumiyyətlə, danışıqlar, söhbətlər zamanı Özbəkistan ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin geniş dairəsi barədə ətraflı fikir mübadiləsi oldu. Biz beynəlxalq ictimaiyyəti narahat edən problemlər, regionumuzun həyatına aid bir çox problemlər barəsində də fikir mübadiləsi apardıq. Məmnunluqla deyə bilərəm ki, əslində bütün məsələlərdə baxışlarımız uyğun gəldi, bir çox məsələlər barəsində yekdil rəydə olduq. Bu isə böyük razılıq hissi doğurur.

Danışıqlarımızın və söhbətlərimizin nəticələrinə əsasən dövlətlərarası sənədlər imzalandı. Özbəkistan və Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi vaxtdan bəri ilk dəfə olaraq sənədlərin böyük bir paketi, 19 saziş imzalandı. Onların hamısı çox böyük əhəmiyyətə malikdir və əməkdaşlığımızı daha da inkişaf etdirmək, dostluğumuzu möhkəmləndirmək üçün yaxşı müqavilə - hüquqi bazadır. Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin xüsusi əhəmiyyəti var. Bu sənəddə gələcək əməkdaşlığımızın böyük bir proqramı öz əksini tapmışdır.

Başlıcası isə, ölkələrimiz, xalqlarımız arasında əlaqələrin çoxəsrlik tarixi ərzində ilk dəfə olaraq biz belə müqavilə imzalamışıq. Bütün bunlar bir çox yüzilliklər və minilliklər ərzində böyük sınaqlardan keçən Özbəkistan - Azərbaycan münasibətlərini əmələ gətirən fundamental bazaya əsaslanır. Bu gün biz daha da yaxınlaşdıq. Bütün bunlar əcdadlarımız, əvvəlki nəsillər tərəfindən qoyulmuş bünövrə üstündədir. Bütün bunlar ona görə mümkün olur ki, biz bir kökdən olan xalqlarıq, millətik. Tarixi köklərimiz bizi bir-birimizə möhkəm bağlamışdır. Bir dilə, bir dinə mənsubiyyət, ənənələrimizin, adətlərimizin, mədəniyyət və ədəbiyyatımızın oxşarlığı, yaxınlığı və ya eyniliyi - bütün bunlar elə bir baza, elə bir bünövrədir ki, indi Özbəkistan - Azərbaycan münasibətləri onların üzərində qurulur.

Bu gün özbək və Azərbaycan xalqlarının tarixi əlaqələrindən çox danışmaq olar. Bu barədə çox deyilib. Dostumuz İslam Kərimov Bakı Dövlət Universitetinin professor-müəllim heyəti ilə, tələbə nümayəndələri ilə görüş zamanı bu barədə çox parlaq və inandırıcı danışdı. Amma Özbəkistan prezidentinin səfəri ilə bağlı böyük səmərəli işi başa çatdırarkən daha bir neçə söz demək istərdim. Bir daha təkrar edirəm, tarixi köklərimiz bizi birləşdirmişdir və birləşdirir. Bu gün biz dünya sivilizasiyasına çox sanballı töhfə vermiş olan Xarəzmi, Fərabi, Biruni, İbn Sina, Uluq bəy kimi Şərqin, Özbəkistanın görkəmli mütəfəkkirlərinin, filosoflarının, alim və şairlərinin adlarını dərin ehtiram hissi ilə çəkirik. Bu gün biz özbək klassik ədəbiyyatının banisi Əlişir Nəvainin, Özbəkistanın bir çox digər alimlərinin, mütəfəkkirlərinin, filosof və şairlərinin adlarını dərin ehtiram hissi ilə xatırlayırıq. Lakin bununla bərabər, bu gün biz böyük sevinc hissi ilə xatırlayırıq ki, tarixi köklərimiz Özbəkistanın və Azərbaycanın mütəfəkkirləri, şairləri, alimləri arasında çox sıx dostluq telləri üçün əsas olmuşdur. Onlar bir-birinə təsir göstərmiş, öz yaradıcılığı ilə bir-birinə kömək etmişlər. Böyük Azərbaycan şairi Nizami Gəncəvi XII əsrdə görkəmli əsərlər yazmış və bu əsərlər dünya sivilizasiyasını zənginləşdirmişdir. Bunlar "Xəmsə" və bir çox digər əsərlərdir. Tarixdən bilirik ki, artıq XIV əsrdə özbək şairi Qütb Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri altında "Fərhad və Şirin" poemasını yazmışdır. XV əsrdə özbək şairi Mir Heydər Nizaminin "Sirlər xəzinəsi" poemasının fikir və duyğularını əks etdirərək "Bağın sirri" adlı bu cür poema yazmışdır. Nizami Gəncəvi kimi, Əlişir Nəvai də "Xəmsə" və digər diqqətəlayiq əsərlər yaratmışdır. Bu əsərlərdə o, Nizami yaradıcılığının fikir və duyğularını əks etdirmişdir. Əlişir Nəvai Nizami, Gəncəvini şairlər şairi, Gəncə şairlərinin şahı adlandırırdı. Öz növbəsində, biz Əlişir Nəvainin əsərlərinin Füzuli yaradıcılığına, habelə digər özbək şairlərinin yaradıcılığına böyük təsir göstərdiyini görürük. Tarixdə minlərlə belə faktlar var, onlar tarixi, mədəni, ədəbi əlaqələrdən xəbər verir. Biz hələ onu demirik ki, xalqlarımızın əlaqələri min bir tellə çulğalanmışdır.

XX əsrdən danışarkən sevinc və iftixar hissi ilə demək olar ki, xalqlarımız öz aralarındakı əlaqələri daha yüksək səviyyəyə qaldırmışlar. Əsrimizin başlanğıcında özbək və Azərbaycan xalqlarının dostluğunu və əməkdaşlığını sübut edən çoxlu fakt var. Yeri gəlmişkən, о illərdə Azərbaycan xalqının görkəmli oğlu bir neçə il Moskvada Şərqin işləri ilə məşğul olmuş Nəriman Nərimanov çox iş görmüşdür. Buna görə də təsadüfi deyil ki, indiyədək neçə-neçə məktəb və müəssisə Nəriman Nərimanovun adını daşıyır. Yadımdadır, rəhmətlik Şərəf Rəşidov mənə deyirdi ki, o, Nəriman Nərimanovun adını daşıyan məktəbdə oxumuşdur. Görünür, bu hisslərin təsiri altında 70-ci illərin axırlarında - 80-ci illərin əvvəllərində Daşkənd yaxınlığında böyük bir kompleks, gərək ki, motorqayırma zavodu tikilərkən orada şəhər salındıqda Şərəf Rəşidov təşəbbüs irəli sürmüş və bu şəhərə Nəriman Nərimanovun adını vermişdir. О özünün bu təşəbbüsü barədə mənə demiş, mənimlə məsləhətləşmişdir. Təbii ki, mən bunu çox böyük hörmət hissi ilə qarşıladım. Bütün bunlar və bir çox digər işlər inandırıcı surətdə göstərir ki, biz bir-birimizə çox yaxınıq, biz bir-birimizlə sıx bağlıyıq. Bu gün bu barədə dostum

İslam Kərimov da danışdı. Mən demək istəyirəm ki, Qafur Qulamla Səməd Vurğunun dostluğu özbək və Azərbaycan xalqları arasında dostluğun çox parlaq səhifəsidir.

Yaxşı məlumdur ki, Azərbaycan musiqisi klassiklərinin əsərləri Özbəkistanda böyük məhəbbətlə ifa olunmuşdur və ifa edilir. Məsələn, məşhur "Arşın mal alan" operettası hələ çox-çox illər qabaq, müharibədən əvvəlki illərdə Özbəkistanda da Azərbaycandakı kimi böyük müvəffəqiyyətlə göstərilmişdir. Azərbaycan şairləri və yazıçıları özbək ədəbiyyatı klassiklərinin, demək olar, bütün əsərlərini ana dilinə tərcümə etmişlər. Bu əsərlər kütləvi tirajla nəşr olunmuşdur. Çox diqqətəlayiq bir fakt gətirmək istəyirəm, Azərbaycan yazıçısı Mirzə İbrahimov və başqaları rəhmətlik Şərəf Rəşidovun romanlarını tərcümə etmişdilər. Bu romanlar 70-ci illərdə Azərbaycanda kütləvi tirajla buraxılmışdır. Azərbaycan ədəbiyyatı və incəsənətinin nümayəndələri Özbəkistanda müvəffəqiyyətlə çalışmışlar. Bu barədə dostumuz İslam Kərimov da danışdı. Mən də iftixar hissi ilə demək istəyirəm ki, soydaşımız, azərbaycanlı Maqsud Şeyxzadə özbək ədəbiyyatının klassiki olmuşdur, əsərlərini özbək dilində yazırdı. Bir görün, o, özbək xalqına nə kimi əsərlər qoyub getmişdir! Bunlar həm özbək xalqı üçün, həm də Azərbaycan xalqı üçün iftixardır.

Görkəmli rejissorumuz Firidun Səfərov uzun illər ərzində Daşkənd Opera Teatrında işləmişdir, ola bilsin, orada indi də işləyir. Nəhayət, 70-ci illərin axırlarında mühüm hadisə baş verdi. İstedadlı Azərbaycan bəstəkarı Arif Məlikov mərhum Şərəf Rəşidovla birlikdə "İki qəlbin əfsanəsi" adlı gözəl balet yaratdı. Bu balet Şərəf Rəşidovun povesti əsasında yazılmışdı. Sonra isə onun özü baletə liberetto yaratdı. Balet Daşkənd Opera və Balet Teatrında böyük müvəffəqiyyətlə göstərildi. Yadımdadır, rəhmətlik Şərəf Rəşidov, Arif Məlikov buna çox sevinirdilər. Buna mən də sevinirdim, çünki bu, qardaşlıq münasibətlərimizi, əlaqələrimizi bir daha təsdiqləmişdi.

Nəhayət, bir dövlət xadimi kimi Şərəf Rəşidovun özbək və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində oynadığı böyük roldan ayrıca danışmaq istəyirəm. O, Azərbaycanda dəfələrlə olmuş, bizim bir çox yazıçı və şairlərimizlə əlaqə saxlayırdı. Məni də onunla böyük şəxsi dostluq telləri bağlayırdı. Xatirimdədir, 80-ci ildə burada, bu salonda biz onunla bir stol arxasında əyləşmişdik və Azərbaycan xalqının böyük bayramını qeyd edirdik. Şərəf Rəşidov bizim əziz qonağımız idi.

Bunların hamısı tarixdir. Müəssisələrimizin, xüsusən pambıqçılarımızın çoxsaylı əlaqələri də bu zəngin tarixə sübutdur. Hər il payız özbək pambıqçıları nümayəndə heyətlərinin gəlişi böyük sevinc doğururdu. Elə bir il olmurdu ki, mən onlarla görüşməyim. Özü də təkcə mən yox, Azərbaycanın bütün rəhbərliyi də onlarla görüşürdü. Bütün bunlar dostluğumuzu möhkəmlədir və inkişaf etdirirdi. Bütün bunlar elə bir zəmindir ki, indi münasibətlərimiz onun üzərində qurulur. Lakin bu gün malik olduqlarımız keçmişdəki münasibətlərimizdən qat-qat üstündür. Çünki indi münasibətlərimiz elə bir şəraitdə qurulur ki, Özbəkistan da, Azərbaycan da müstəqil dövlətdir. Biz dostumuz, yoldaşımız, Özbəkistan prezidenti, Özbəkistan Respublikasının ilk prezidenti İslam Kərimovu və onunla birlikdə gələn şəxsləri ilk dəfə olaraq qəbul edirik.

Müstəqilliyin dörd il yarımı ərzində ölkələrimiz böyük yol keçmişlər. Başlıca nailiyyət budur ki, Özbəkistan və Azərbaycan öz dövlət müstəqilliyini möhkəmlətmişlər. Bu gün biz bəyan edirik ki, Azərbaycanın müstəqilliyi dönməzdir. Bu, bizim üçün tarixi müvəffəqiyyət, tarixi nailiyyətdir və biz öz müstəqilliyimizi heç vaxt əldən verməyəcəyik. Biz həyatımızın çətin bir dövrünü keçirik və bu, xarici təcavüzlə, keçid dövrünün bir çox çətinlikləri ilə bağlıdır. Bu çətinliklər yaxın keçmişdə Azərbaycanın daxili-siyasi həyatını mürəkkəbləşdirmişdir. Lakin bütün bunlara baxmayaraq dövlət müstəqilliyi, milli azadlıq bizim üçün hər şeydən ucadır və biz buna böyük ehtiramla yanaşırıq və heç vaxt yol vermərik ki, kimsə onlara qəsd etsin. Bu gün, danışıqlar və söhbətlər zamanı biz bu məsələdə Özbəkistan prezidenti ilə Azərbaycan prezidenti arasında, ölkələrimizin nümayəndə heyətləri arasında tam yekdillik olduğunu aşkara çıxardıq və bu, çox vacibdir. Bu, ona sübutdur ki, biz keçmişdəki kimi yenə də eyni mövqe tuturuq.

Bu gün biz prezident İslam Kərimovun çıxışından müstəqil Özbəkistanın iqtisadi, sosial sahədə və digər sahələrdə qazandığı nailiyyətlər barədə məlumat aldıq. Biz buna hörmətlə yanaşırıq ki, Özbəkistanda demokratik dövlət qurulur, demokratik cəmiyyət yaradılır, bazar iqtisadiyyatı əsasında iqtisadi islahatlar aparılır, Özbəkistan Dünya Birliyində layiqli yer tutmuşdur, bu qısa zaman ərzində öz taleyinin sahibi olan özbək xalqı ən əvvəl iqtisadi sahədə, dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələr yaradılmasında, bir çox ölkələrlə əmtəə dövriyyəsində elə nailiyyətlər qazanmışdır ki, əvvəllər o, belə nailiyyətə malik olmamışdır. Bunlar bizi bir dost kimi sevindirir və bununla əlaqədar mən dostumuz İslam Kərimovu və Özbəkistandakı bütün qardaşlarımızı bir daha təbrik edirəm.

Bir daha demək istəyirəm ki, çətinliklərə baxmayaraq, Azərbaycan dövlət müstəqilliyi yolu ilə gedir, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu yolu ilə gedir, hüquqi, demokratik cəmiyyət yaradır. Bu, bizim böyük nailiyyətimizdir ki, ötən ilin noyabrında biz müstəqil Azərbaycan Respublikasının gələcəyə yolu göstərən ilk konstitusiyasını qəbul etdik, habelə müstəqil Azərbaycan Respublikasının ilk parlamentinə demokratik seçkilər keçirdik.

Parlamentimiz artıq formalaşmışdır və fəaliyyət göstərir. Biz öz ölkəmizi xarici sərmayələrin üzünə açmışıq, dünyanın bir çox sərmayədarları ilə, bir çox iri şirkətləri ilə əlaqələr yaratmışıq və bu şirkətlərlə Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsi haqqında "Əsrin müqaviləsi" adlanan müqavilə imzalamışıq. Bu əməkdaşlığımız davam edir, ikinci müqavilə imzalanıb, üçüncü müqavilə imzalanmağa hazırlanır. Əcnəbi sərmayədarlarla bir çox digər əlaqələrimiz də var. Bunların hamısı inandırıcı şəkildə göstərir ki, azad sahibkarlıq üçün, bazar iqtisadiyyatı üçün, bütün ölkələrlə, dünyanın ən iri şirkətləri ilə qarşılıqlı surətdə faydalı iqtisadi münasibətlər qurulması yolu ilə Azərbaycanın dünya iqtisadiyyatına qovuşması üçün bizdə şərait yaradılmışdır. Bütün bunlarda da baxışlarımızın, mövqelərimizin yenə də uyğun gəldiyi özünü büruzə verir.

Əlbəttə, belə bir cəhət Özbəkistan üçün vacibdir ki, o, dövlət müstəqilliyi qazandığı vaxtdan bəri burada daxili ictimai-siyasi sabitlik üçün şərait yaradılmışdır. Bu, müstəqil Özbəkistan dövlətinin, Özbəkistan prezidentinin böyük nailiyyətidir. Biz buna şadıq. Təəssüf ki, biz bir çox çətinliklərlə qarşılaşmışıq. Bizim üçün ən böyük müsibət Ermənistan Respublikası tərəfindən edilən hərbi təcavüzdür. Artıq səkkiz ildir davam edən bu təcavüz nəticəsində ərazilərimizin 20 faizi işğal olunub, bir milyondan çox sakinimiz öz yurd-yuvalarından didərgin salınıb və onlar çox ağır şəraitdə yaşayırlar. Bayaq dedim ki, iki il əvvəl biz barışığa razılıq verdik. Biz hərbi əməliyyatlara yenidən başlanmasını istəmirik, beynəlxalq təşkilatların imkanlarından, böyük dövlətlərin vasitəçilik səylərindən istifadə edərək, bu məsələnin dincliklə nizama salınmasına çalışırıq. Biz daxili siyasi proseslərlə bağlı çətinlikləri aradan qaldırdıq. 1993-cü ildə biz vətəndaş müharibəsinin qarşısını aldıq, Azərbaycanın müxtəlif hissələrə parçalanmasının qarşısını aldıq, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişləri cəhdlərinin qarşısını aldıq, hər cür terror hərəkətlərinin qarşısında möhkəm dayandıq və indi Azərbaycanda daxili siyasi vəziyyət sabitdir. Əminəm ki, biz bu sabitliyi qoruyub saxlamağa və möhkəmlətməyə qadirik.

Görünür, bu sabitlik elə bir əsasdır ki, bu gün biz Özbəkistan ilə Azərbaycan arasında bu qədər mühüm sənədlər imzaladıq. Görünür, bu sabitlik elə bir əsasdır ki, bir müddət əvvəl Türkmənistanda biz Transqafqaz magistralı haqqında, Özbəkistan yüklərinin Türkmənistan, Azərbaycan və Gürcüstan vasitəsilə Qara dəniz limanlarına və geriyə nəql edilməsi haqqında mühüm saziş imzaladıq və beləliklə, Avropanı Asiya ilə, Mərkəzi Asiya ilə birləşdirən son dərəcə əhəmiyyətli bir magistral yaratdıq. Biz bu daxili-siyasi sabitliyi bundan sonra da möhkəmləndirəcək və qoruyacağıq. Buna görə də dostluğa ehtiyacımız var. Bu gün Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında yenidən bu cür dostluğun və əməkdaşlığın bünövrəsi qoyulur.

Bütün bunlarda hörmətli qonağımız, dostumuz, Özbəkistan prezidenti İslam Kərimovun böyük xidməti var. Bu gün Özbəkistanın dövlət müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, respublikada azad iqtisadi inkişaf üçün şərait yaradılmasında onun olduqca böyük xidmətlərindən də danışmaq lazımdır. Mən onun xidmətlərini xüsusilə yüksək qiymətləndirirəm ki, o, özbək xalqının milli mənlik şüurunun inkişafı və möhkəmlənməsi üçün, Özbəkistanda milli ruhun dirçəlməsi üçün, Şərəf Rəşidovun vəfatından sonra 80-ci illərdə Özbəkistanın qarşılaşdığı çox böyük çətinliklərin, ola bilsin, çox böyük faciənin aradan qaldırılması üçün İslam Kərimov çox işlər görmüşdür. Bu gün mən universitetdə dedim, burada da demək istəyirəm: İslam Kərimovun məhz mərdliyi, insaniliyi elə bir əsasa çevrilmişdir ki, bu əsas özbək xalqının doğru-düzgün tarixini, Özbəkistanın görkəmli adamlarının, о cümlədən də dostumuz, mərhum Şərəf Rəşidovun təmiz adını bərpa etməyə imkan vermişdir.

Bu insanilik, bu mərdlik və müdriklik ən yüksək qiymətə layiqdir. 1983-cü ildən ta Özbəkistana İslam Kərimov başçılıq edən vaxtadək ölkənin necə bir faciəyə məruz qaldığı yadımızdadır. İslam Kərimov Özbəkistan rəhbəri kimi bu respublika hələ dövlət müstəqilliyi əldə etməzdən əvvəl çox işlər görmüşdü. Keçmiş Sovet İttifaqı rəhbərlərindən Özbəkistana qarşı gördükləri ədalətsiz tədbirlər barədə onun 90-cı ilin əvvəlində verdiyi bəyanat da mənə yaxşı məlumdur, özbək xalqının tarixini, Özbəkistan tarixini keçmiş Sovet İttifaqı rəhbərlərinin cinayətkarcasına, vicdansızcasına Özbəkistana yağdırdıqları çirkabdan təmizləmək üçün həyata keçirdiyi tədbirlər də. Əslinə qalsa, bütün bunlar, görünür, elə bir əsasdır ki, prezident İslam Kərimov Özbəkistanda belə böyük nüfuza və hörmətə malikdir, öz dövlətinin müstəqil siyasətini sərbəst şəkildə aparır, o, Dünya Birliyində böyük nüfuz və hörmət qazanmışdır.

Mən bütün bunlar barəsində həm özbək xalqının tarixinə, həm də müstəqil Özbəkistan Respublikasının bugünkü nailiyyətlərinə dərin ehtiram hissi ilə danışıram. Bu hisslərlə mən müstəqil Özbəkistanın şərəfinə, Özbəkistan Respublikası şərəfinə, özbək xalqının şərəfinə, Özbəkistan prezidenti, dostumuz İslam Kərimovun şərəfinə, bizə gəlmiş bütün qonaqların şərəfinə, Özbəkistan ilə Azərbaycan arasında qardaşcasına dostluğun və əməkdaşlığın daha da möhkəmlənməsi naminə, sizin sağlığınıza badə qaldırıram!